Sileyi rəhm

Sileyi-rəhm – Qohumlarla əlaqəni möhkəmləndirmək

Sileyi-rəhm, yəni qohumlarla əlaqəni qorumaq və möhkəmləndirmək, İslamda böyük əhəmiyyət kəsb edən əxlaqi və dini vəzifələrdən biridir. Qurani-Kərimdə və hədislərdə sileyi-rəhmin əhəmiyyəti vurğulanmış və onu tərk etməyin mənfi nəticələri bildirilmişdir.

Allah-Təala Qurani-Kərimdə buyurur: “Allahdan qorxun və qohumluq əlaqələrini kəsməkdən çəkinin. Həqiqətən, Allah sizin üzərinizdə nəzarətçidir.” (ən-Nisa, 1)

Sileyi-Rəhmin fəziləti haqqında hədislər

            1.         İmam Əli (ə) buyurur: “Sileyi-rəhm mal-dövləti artırar və ömrü uzadar.” (Ğurar əl-Hikəm, 2803)

            2.         İmam Cəfər Sadiq (ə) buyurur: “Sileyi-rəhm edin, hətta sizə qarşı pis rəftar edən qohumlarla da. Çünki qohumlarla əlaqəni qorumaq əxlaqı gözəlləşdirər, mal-dövləti artırar və ömrü uzadar.” (Əl-Kafi, c.2, səh. 151)

            3.         İmam Məhəmməd Baqir (ə) buyurur: “Sileyi-rəhm etdikdə ölüm asanlaşar, hesab yüngülləşər və insanın ömrü uzanar.” (Biharül-Ənvar, c.71, səh. 85)

            4.         Peyğəmbər (s) buyurur: “Sileyi-rəhmi tərk edən insanın ruzisi azalar və həyatı qısalar.” (Biharül-Ənvar, c.74, səh. 94)

            5.         İmam Əli (ə) buyurur: “Qohumlarla əlaqəni kəsmək, iman zəifliyinin nişanəsidir.” (Ğurar əl-Hikəm, 2440)

            6.         İmam Cəfər Sadiq (ə) buyurur: “Sileyi-rəhmi tərk edən Allahın rəhmətindən uzaqdır.” (Biharül-Ənvar, c.71, səh. 86)

Sileyi-rəhmi necə qorumaq olar?

            •          Qohumlarla əlaqəni qorumaq üçün onlara baş çəkmək, hal-əhval tutmaq və ehtiyacları varsa, kömək etmək lazımdır.

            •          Əgər bir qohum insanı incitsə belə, İslam əxlaqına uyğun olaraq onunla əlaqəni tamamilə kəsilməməlidir.

            •          Maddi və ya mənəvi dəstək vermək, bayram və əlamətdar günlərdə onları xatırlamaq sileyi-rəhmin əsas hissəsidir.

Sileyi rəhmə riayət etməmək

İmam Əli (ə) isə belə buyurur: “Bəzən bir ailənin üzvləri mənəviyyatdan yoxsul insanlar olsalar da, bir arada yaşadıqlarına, bir-birlərinə qarşı xeyirxah olduqlarına görə uca Allah onlara ruzi bəxş edir. Başqa bir ailənin üzvləri isə təqvalı olmağa çalışsalar da, bir-birlərindən uzaqlaşdıqlarına, əlaqələrini kəsdiklərinə görə Allah (c.c.) ruzisini onlardan əsirgəyir”. (Usul əl-kafi, c.2, səh.348)

İmam Baqirdən (ə) nəql olunan bir hədisdə isə belə oxuyuruq: “Əlinin (ə) kitabında göstərilmişdir ki, üç xislətə sahib olan şəxslər onların nəticəsini görməyincə dünyadan köçməyəcəklər: zülm (haqsızlıq), qohumlarla əlaqəni kəsmək və yalan and (şahidlik). Belə şəxslər sanki Allahla mübarizəyə qalxmışlar. İbadətlər arasında ən tez mükafatlandırılanı qohumlarla sıx əlaqələrin bərpasıdır. Bəzən mənəviyyatdan yoxsul insanlar belə bir-biri ilə sıx və səmimi əlaqələr qurduqlarına görə zəngin insanlara çevrilirlər. Yalan andlar və əlaqələrin kəsilməsi isə məmləkətləri sakinsiz xarabalığa çevirir”. (Usul əl-kafi, c.2, səh.347)

Şəriətdə sileyi rəhm

 Qohumlarla əlaqəni kəsmək haramdır, hətta həmin qohum özü daha öncə münasibətlərə son versə də, namaz qılmasa da, şərab içsə də, hicab kimi İslamın bəzi hökmlərinə qarşı laqeydlik nümayiş etdirsə də, hətta xeyirxahcasına nəsihət və tənbeh cəhdləri belə ona təsir etməsə də. Yalnız bu şərtlə ki, onunla münasibətlərin bərpası haram (qəbahətli və günah) işlərinə dəstək və təşviq xarakteri daşımamalıdır.

Sevimli peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurur: “Ən üstün fəzilətlər (ali mənəvi keyfiyyətlər) insanın onunla əlaqəsini kəsən qohumu ilə əlaqə saxlaması, onu məhrum edən şəxsdən əlindəkini əsirgəməməsi və ona qarşı haqsızlıq edəni bağışlamasıdır”.( Cami əs-səadat, c.2, səh.260.)

Başqa bir hədisdə isə belə buyurduğunu oxuyuruq: “Qohumlarınla əlaqəni kəsmə, hətta onlar sənin münasibətlərinə son versələr də”.( Usul əl-kafi, c.2, səh.347)

Müsəlmanın qohumlarla sıx əlaqələrin bərpası üçün görə biləcəyi ən sadə iş onlarla imkan daxilində görüşmək, onları ziyarət etmək, yaxud uzaqdan da olsa belə hal-əhval tutmaq, vəziyyətlərindən xəbərdar olmaqdır.

   Nəticə: Sileyi-rəhm yalnız qohumlarla xoş münasibətdə olmaq deyil, həm də insanın ömrünü uzadan, ruzisini artıran və axirətdə ona savab qazandıran bir əməldir. Hətta qohumlar arasında inciklik olsa belə, İslam bu əlaqələrin qorunmasını tövsiyə edir. Bu işin əksi isə, insanın dünyada ruzi bərəkətinə , Axirətdə isə peşmançılıq da daxil, çox mənfi təsirləri vardır.

Şəriət güzgüsü kitabından

Paylaş:
Baxış sayı: 11573

Digər Məqalələr..

2 Responses

  1. Abuzər dedi ki:

    Çox sağ olun. Allah razı olsun sizdən

  2. Nəsib dedi ki:

    Allah razı olsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir