İbrət , zöhd və hikmət

İbrət , zöhd və hikmət

İmam Səccad (ə) buyurur:
Allah bizi və sizi zalımların hiyləsindən, həsəd aparanlann zülmündən və zülmkarların sərtliklərindən qorusun. Ey möminlər, sizləri tağutlar və onların dünyaya rəğbət bəsləyən davamçıları, ona meyl edənlər, məftun olanlar, qucaq açanlar, sabah isə yox olacaq mal və solub gedəcək otlarına meyl edənlər aldatmasın. Allahın çəkindirdiyindən çəkinin və meyl etməyinizi istəmədiyi şeylərə meyl etməyin. Bu dünyaya, onu özünə davamlı və əbədi yurd zənn edənlərə güvənməyin. And olsun Allaha, dünyadakı nemətlərdə, günlərinin dolanmasında, dəyişməsində, cəzalarında və əhliylə oynamasında sizlər üçün dəlil vardır. Çünki o, axmaqları ucaldır, şərəfliləri alçaldır və sabah bəzi qövmləri Cəhənnəmə götürür. Onda ağıl sahibi üçün ibrət, imtahan və qoruma vəsiləsi vardır. Gecə–gündüz qarşılaşdığmız məsələlərdə fitnələrin zülməti, yeni bidətlər, zülmün yolları, zamanın müsibətləri, sultanın qorxusu və şeytanın vəsvəsəsi var. Bütün bunlar Allahın qoruduğu kimsələrdən başqa qəlbləri niyyətlərindən (hədəflərindən) uzaqlaşdırar. Haqq əhlini və hidayət yolunu tapmaq üçün sizlərə mane olar. Allahın qoruduğu kimsələr, hidayət yolunu tutanlar, o yolda addımlayanlar, bunun üçün zahidlikdən yardım alanlar, təkrar düşünənlər, ibrət alan və çəkinənlər, dünyanın gəlib–gedən gözəlliklərinə meyl etməyənlər, onun ləzzətlərindən ayrılanlar, axirətin daimi nemətlərinə rəğbət bəsləyənlər, onları əldə etməyə çalışanlar, ölümü izləyənlər (ölümü daim xatırlayanlar), zalımlarla yaşamağı sevməyən kimsələrdən başqa heç kim onun günlərinin keçməsini, hallarının dəyişməsini və fitnəsindəki aqibətin zərərini bilməzlər. O zaman belə kimsələr dünya nemətlərinə kəskin baxışlarla baxar, yeni fitnələri, bidətlərin dəlalətini və zalım hakimlərin zülmünü yaxşı görürlər.
Canıma and olsun ki, keçmiş günlərdə aramızda üst-üstə yığılmış fitnələr buraxdınız, onunla azğın, bidətçi, zalım və fəsad törədən kimsələrdən uzaqlaşmaq yolunu tapacaqsınız. Allahdan yardım diləyin, Onun və itaət edilməsi layiq olanın itaətinə qayıdın.
Peşmançılıq duymazdan, həsrət çəkməzdən və Allahın hüzurunda dayanmazdan öncə qorxub çəkinin. Allaha and olsun ki, günah işlədən heç bir qövmün Allah əzabından başqa çıxış yolu yoxdur. Dünyanı axirətdən üstün tutan qövmün dönüş yeri bədbəxtçilikdən başqa bir yer olmayıb. Allahı tanımaq və Ona itaət etmək bir-birindən ayrılmayan iki ülfətdir. Allahı tanıyan Ondan qorxar Və qorxu onu Allahın itaətinə əməl etməyə sövq edər. Çünki həqiqi elm sahibləri Allahı tanıyan, Ona rəğbət göstərən, Onun üçün əməl edən tabeçilərdir: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”. (Fatir surəsi: 28)
Allaha qarşı günah etməklə bu dünyada heç bir şey əldə etməyə çalışmayın. Bu dünyada Allaha itaətlə məşğul olun və günlərinizi qənimət bilin, Sabah sizə Allahın əzabından nicat verəcək şeylərə tərəf tələsin. Çünki bunun acı nəticələri daha az, üzr istəməyə daha yaxın və qurtuluş üçün daha əlverişlidir. Odur ki, hər bir işdə Allahın əmrinə tabe olun, Ona və itaəti vacib olanlara itaət edin. Heç zaman hər bir işdə Allahın əmrinə tabe olmağı, Ona və itaəti vacib olanlara itaət etməyi kənara buraxıb tağutlara itaət etməyin və dünya nemətlərinin fitnələrinə uymayın. Bilin ki, biz də sizin kimi Allah qullarıyıq. Sabah O, bizə və sizə hökm edəcək. Bizi durdurub sorğu–sual edəcək. Dayandırılmazdan, sorğu-suala çəkilməzdən və Allahın hüzurunda dayanmazdan öncə cavab hazırlayın. O gün heç kim izn verilmədən danışmayacaq. Bilin ki, Allah yalan danışanı doğruçu, doğruçunu yalançı çıxarmayacaq. Üzrlünün üzrünü rədd edib, üzrsüzün üzrünü qəbul etməyəcək. Çünki Allahın peyğəmbərlərindən sonra Öz məxluqatı üzərindəki höccəti Onun vəsiləridir. Allahdan çəkinin, özünüzü islah etməyə, Allaha itaət və itaəti vacib olanlara itaət etməyə yönəlin. Bəlkə də dünən Allahın haqqında təfrit edən və Onun haqlarını zay edən kimsə peşman oldu. Allaha istiğfar edin və Ona tövbə edin. Çünki O, tövbəni qəbul edəndir. Pislikləri əfv edən və etdiklərinizi görəndir. Günahkarlarla yoldaşlıq etməyin, zalımlara kömək etməyin və fasiqlərlə qonşu olmayın. Onların fitnələrindən ehtiyatlı olun və əhatələrindən uzaq olun. Bilin ki, Allah dostuna xilaf çıxan, Onun dinindən başqa dini seçən və valisinin əmri qarşısında zorakılıq çıxaran Cəhənnəmin alovlu atəşinə atılacaq. Elə bir atəş ki, (ruhu çıxmış) bədənləri yeyər, əzabları onlara qalib gələr. Ey ağıl sahibləri ibrət alın və hidayət etdiyi şeylərə qarşılıq olaraq Allaha həmd edin. Bilin ki Allahın qüdrətindən çıxıb başqasının qüdrətinə sığına bilməyəcəksiniz. Allah etdiyiniz əməlləri görür və sonra Ona doğru həşr olunacaqsınız. Öyüddan faydalanın və saleh bəndələrin ədəbiylə ədəblənin.

Şeyx Əbu Muhəmməd Həsən ibn Əli ibn Hüseyn ibn Şöbə əl-Hərrani, Tuhəful-Uqul ən Alir-Rəsul, səh-261,262.

Paylaş:
Baxış sayı: 12879

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.