Dəstəmazın hökmləri

Dəstəmazın hökmləri

Məsələ 235: Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön hissəsinə və ayaqların üzərinə məsh çəkmək vacibdir.

Məsələ 236: Üz, (dəstəmaz üçün olan uzunluq miqdarına görə), gərək alının yuxarı hissəsindən (tüklərin bitdiyi yerdən) çənənin axırına qədər yuyulsun. Eni isə, gərək baş barmaqla orta barmağın tutduğu miqdarda yuyulsun. Əgər bu miqdardan hətta azacıq yuyulmasa, dəstəmaz batildir. Bu miqdarın tamamilə yuyulmasına yəqin etmək üçün, gərək onun ətrafından da bir az yusun.

Məsələ 237: Əgər bir kəsin üzü və ya əli, normal insanların üzü və ya əlindən böyük və ya kiçik olsa, camaat arasında normal adamın üzünü haraya qədər yuduğuna diqqət etməli, o da oraya qədər yumalıdır. Həmçinin əgər alnında tük çıxarsa və ya başının önündə tük olmazsa, alnını normal miqdarda yumalıdır.

Məsələ 238: Qaşlarında, gözünün və ya dodaqlarının kənarında suyun keçməsinə mane olacaq çirk və ya başqa bir şeyin olduğuna ehtimal verirsə və bu ehtimal camaatın nəzərində düzgün bir ehtimaldırsa, dəstəmaz almamışdan əvvəl yoxlamalı, əgər varsa aradan qaldırmalıdır.

Məsələ 239: Əgər üzün dərisi, tüklərin arasından görünərsə, gərək suyu dəriyə çatdırsın. Amma görünməsə, tükləri yumaq kifayətdir və suyun tüklərin altına çatdırılması lazım deyil.

Məsələ 240: Üzün dərisinin tüklərin arasından görünüb-görünmədiyində şəkk edərsə, ehtiyat-vacibə əsasən saqqalı yumalı, üzün dərisinə də suyu çatdırmalıdır.

Məsələ 241: Burnun içini və qapadığı zaman göz və dodaqların görünməyən yerini yumaq vacib deyil. Amma əgər insan yuyulması vacib olan miqdarın yuyulmasına əmin deyilsə, buna yəqin etməsi üçün onlardan bir miqdarını yuması vacibdir. Bu hökmü bilməyən şəxs əvvəlcə almış olduğu dəstəmazda vacib olan miqdarı yuyub-yumadığını bilməzsə, o dəstəmazla qılmış olduğu namaz səhihdir; sonrakı namaz üçünsə yenidən dəstəmaz alması lazım deyil.

Məsələ 242: Ehtiyat-lazıma əsasən qollar və üz gərək yuxarıdan aşağıya doğru yuyulsun. Aşağıdan yuxarı doğru yusa, dəstəmaz batildir.

Məsələ 243: Əgər əlini isladıb üzünə və qollarına çəkərsə, əlinin nəmliyi onları isladacaq miqdarda olarsa, kifayətdir. Bu halda onların üzərindən su axıdılması lazım deyil.

Məsələ 244: Üzü yuyandan sonra sağ qolunu, daha sonra isə sol qolunu dirsəklərdən barmaqların ucuna qədər yumalıdır.

Məsələ 245: Əgər insan dirsəyi bütünlüklə yuduğuna əmin deyilsə, buna yəqinlik hasil etməsi üçün gərək dirsəyindən bir az yuxarıdan yusun.

Məsələ 246: Üzünü yumamışdan əvvəl əllərini biləklərinə qədər yuyan bir şəxs dəstəmaz alarkən qolunu dirsəkdən barmaqlarının ucuna qədər yumalıdır. Əgər təkcə biləklərinə qədər yusa, dəstəmazı batildir.

Məsələ 247: Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamam olur. Məsələn əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Həmçinin dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. Lakin ikinci yumada niyyətin vacib olması nəzəri işkalsız deyil. Ehtiyat-lazıma əsasən birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox yumamalıdır.

Məsələ 248: Hər iki əl yuyulduqdan sonra, gərək əldə qalan dəstəmaz suyunun yaşı ilə başın üstünə məsh çəksin. Ehtiyat-müstəhəb budur ki, sağ əlin içi ilə məsh çəkilsin və məsh yuxarıdan aşağıya doğru olsun.

Məsələ 249: Başın, alnın qabağında yerləşən dörd hissəsindən biri məsh yeri hesab edilir. Bu hissənin hər yerinə və hər nə qədər məsh çəkilsə kifayətdir. Hərçənd ehtiyat-müstəhəb budur ki, uzunluğu bir barmaq və eni üç bağlı barmaq qədəri olsun.

Məsələ 250: Məshin başın dərisinə çəkilməsi lazım deyil, başın ön hissəsindəki tüklərə də məsh çəkilməsi düzgündür. Amma başın qabağının tükü darananda üzə tökülərsə, yaxud başın o biri hissəsinə çatarsa, onda tüklərin dibinə məsh çəkilməlidir. Əgər üzünə tökülən, yaxud başın başqa yerinə çatan tükləri başın qabağında bir yerə yığıb onlara məsh çəksə və ya başın başqa yerlərinin qabağa gələn tüklərinə məsh çəksə, batildir.

Məsələ 251: Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın üstünə barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Ehtiyat-müstəhəb budur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin.

Məsələ 252: Ayağa çəkilən məshin eni hər ölçüdə olsa kifayətdir. Amma daha yaxşısı budur ki, üç bağlı barmağın eni qədəri olsun, hətta ayağın bütün üstünə məsh çəkilməsi daha yaxşıdır.

Məsələ 253: Ayağın məshində, sağ əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın üzərinə çəkməsi lazım deyil. Əli bütünlüklə ayağın üzərinə qoyub, azacıq məsh çəkə də bilər.

Məsələ 254: Ayağa və başa məsh edərkən, əli onların üzərinə çəkməlidir. Əgər əli saxlayıb başı və ya ayağı ona çəksə, dəstəmaz batildir. Amma əli çəkdiyi vaxtda ayaq, yaxud baş azacıq hərəkət etsə, eybi yoxdur.

Məsələ 255: Məsh çəkilən yer quru olmalıdır. Əgər əlin nəmliyi ona təsir etməyəcək qədər yaş olarsa, məsh batildir. Amma əgər nəm olsa və ya onda olan nəmlik əlin rütubətində itəcək qədər az olarsa, eybi yoxdur.

Məsələ 256: Əgər məsh etmək üçün, əlin içində yaşlıq olmasa, ayrı bir su ilə əlini islada bilməz. Gərək öz saqqalının yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri yerdən yaşlıq götürüb onunla məsh etmək işkallıdır.

Məsələ 257: Əlin içində yalnız başa məsh çəkmək qədər yaşlıq olsa, ehtiyat-vacib budur ki, başa həmən yaşla məsh çəksin və ayağa məsh çəkmək üçün öz saqqalının yaşlığından nəmlik götürsün.

Məsələ 258: Corab və ayaqqabının üstündən məsh çəkmək batildir. Amma şiddətli soyuqdan, oğrudan, yırtıcı heyvandan və bu kimilərdən qorxmaq üzündən corab və ayaqqabını çıxarda bilməsə ehtiyat-vacib budur ki, corab və ayaqqabının üzərindən məsh çəksin və həmçinin təyəmmüm də etsin. Əgər təqiyyə halında olsa, corab və ayaqqabının üzərindən məsh çəkmək kifayət edər.

Məsələ 259: Əgər ayağın üstü nəcis olsa və ona məsh çəkmək üçün suya çəkə bilməsə, təyəmmüm etməlidir.

İRTİMASİ DƏSTƏMAZ

Məsələ 260: İrtimasi dəstəmaz, insanın üzü və əllərini dəstəmaz niyyəti ilə suya salmasına deyilir. Ehtiyata zidd olmasına baxmayaraq, zahir odur ki, isrimasi olaraq yuyulan əlin nəmi ilə məsh etməyin eybi yoxdur.

Məsələ 261: İrtimasi dəstəmazda da, gərək üz və əllər yuxarıdan aşağıya doğru yuyulsun. Əgər üz və əlləri dəstəmaz məqsədilə suya batırsa, gərək üzü alın tərəfdən, əlləri isə dirsək tərəfdən suya salsın.

Məsələ 262: Əgər dəstəmaz üzvlərindən bəzilərini irtimasi, bəzilərini isə qeyri-irtiması yolla yerinə yetirsə, eybi yoxdur.

DƏSTƏMAZ VAXTI MÜSTƏHƏB OLAN DUALAR

Məsələ 263: Müstəhəbdir ki, dəstəmaz alan şəxs, suyu gördükdə desin:
Bismillahi və billahi vəl-həmdu lil-lahilləzi cəələl-maə təhurən və ləm yəcəlhu nəcisa.
“Allahın adı ilə. Həmd olsun O Allaha ki, suyu paklayıcı qərar verib, onu nəcis qərar vermədi.”

Dəstəmazdan qabaq əllərini yuyanda desin:
Əllahumməcəlni minət-təvvabinə vəcəlni minəl-mütətəhhirin.
“İlahi! Məni tövbə edənlərdən, pak olanlardan qərar ver!”

Ağzında suyu dolandıranda (yəni məzməzə edəndə) desin:
Əllahummə ləqqini huccəti yovmə əlqakə və ətliq lisani bizikrikə.
“İlahi! Səninlə görüşdüyüm gün höccətimi mənə təlqin et və dilimi Sənin zikrinlə danışdır !”

İstinşaq (yəni suyu buruna çəkdiyi) vaxtı desin:
Əllahummə la tuhərrim ələyyə riyhəl-cənnəti, vəcəlni mimmən yəşummu riyhəha və rəvhəha və tiybəha.
“İlahi! Mənə cənnət iyini haram etmə və məni cənnətin iyini iyləyənlərdən qərar ver!”

Üzünü yuyanda desin:
Əllahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vücuh və la tusəvvid vəchi yəvmə təbyəzzu fihil-vücuh.
“İlahi! Üzlərin qara olduğu gün, mənim üzümü ağart və üzlərin ağ olduğu vaxt mənim üzümü qaraltma!”

Sağ əlini yuyanda desin:
Əllahummə ətini kitabi bi yəmini vəl-xüldə fil-cənani biyəsari və hasibni hisabən yəsira.
“İlahi! Mənim əməl kitabımı sağ tərəfdən əta et və cənnətlərdə əbədi qalmağı əta et və mənim hesabımı yüngül hesablardan qərar ver!”

Sol əlini yuyanda desin:
Əllahummə la tutini kitabi bi şimali və la min vərai zəhri və la təcəlha məğlulətən ila unuqi və əuzu bikə müqəttiatin-niyran.
“İlahi mənim əməl kitabımı sol əlimə və arxa tərəfdən vermə və əməl kitabımı boynumdan asılı halda qərar vermə! Mən odun parçalarından Sənə pənah aparıram!”

Başına məsh çəkdiyi vaxt desin:
Əllahummə ğəşşini birəhmətikə və bərakatikə və əfvikə.
“İlahi ! Məni Öz rəhmət, bərəkət və əfvinlə ört!”

Ayağına məsh edəndə desin:
Əllahummə səbbitni ələssirati yovmə təzillu fihil-əqdamu vəcəl səyi fima yurzikə ənni, ya zəl-cəlali vəl-ikram.
“İlahi! Qədəmlərin lərzəyə gəlib sürüşdüyü gün, məni Siratda sabit qədəm et və səyimi Sənin məndən razı olduğun şeylərdə qərar ver, ey Cəlal və İkram sahibi!”

Paylaş:
Baxış sayı: 12808

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.