Zühurdan öncəki çətinliklər

Zühurdan öncəki çətinliklər

1.Muəmmar ibn Xəlladdan nəql edilir: Əbul-Həsən Rzanın(ə) yanında Qaimdən(ə) danışıldı. İmam(ə) buyurdu: “Bu gün siz həmin günkündən daha qayğısızsınız.”
Dedilər: “Bu necə ola bilər?”
İmam(ə) buyurdu: “Bizim Qaimimiz(ə) qiyam etdikdə qan-tər içində olacaq, yəhər üstündə yatacaqsınız. Qaimin(ə) libası qalın, yeməyi qurudur.” (İsbatul-Huda,3/543 / Muntəxəbul-əsər,səh307)

2.Səlamə ibn Məhəmməd İmam Cəfər Sadiqdən(ə) nəql edir: Nuh(ə) Rəbbindən qövmünə əzab nazil etməsini istədi. Allah ona bir xurma tumu əkməyi vəhy etdi və bildirdi ki, o xurma tumu böyüyüb meyvə verdikdə və Nuh(ə) da onun meyvəsindən yedikdə, onun qövmünü həlak edib üzərlərinə əzab nazil edəcək. Elə ki uzun müddətdən sonra ağaclar gövdə bağlayıb boy atdı, budaq açaraq meyvə verdilər, Nuh(ə) Allahdan Öz vədəsini həyata keçirməsini istədi. Lakin Allah ona göstəriş verdi ki , bu ağacların toxumunu əksin və yenidən səbr edib səy göstərsin və höccəti öz qövmünə tamam eləsin.O da Allahın ona əmr etdiyi kimi ona iman gətirmiş tayfalara çatdırdı. Lakin onlardan üç yüz nəfəri dindən çıxaraq dedi: “Əgər Nuhun dedikləri doğru olsaydı, Allahının verdiyi sözlərdə xilaf baş verməzdi.”
Ondan sonra hər dəfə Allah göstəriş verirdi ki, həmin toxumları əksin. Beləliklə Nuh(ə) onları yeddi dəfə əkdi. Hər dəfəsində ona iman gətirənlərin bir qismi ondan ayrıldı. Axırda yanında səksənə yaxın adam qalmışdı. O zaman Allah Təala belə vəhy etdi: “Ey Nuh! İndi qaranlıq gecənin ardından işıqlı sübh açıldı. Həqiqət aydınlaşdı. Xalis və saf olmayanlar ondan ayrıldı. Fitnəkarlar dindən çıxdılar. Əgər Mən kafirləri aradan aparıb dindən çıxmış bu tayfaları diri saxlasaydım, ixlasla tövhid və sənin peyğəmbərliyinə iman gətirmiş möminlərə qarşı vəfasızlıq etmiş olardım. Çünki Mən söz vermişdim ki, onları yer üzünün canişini edim, dinlərini möhkəmlədim və qorxularını əmin-amanlığa çevirim ki, şəkk-şübhə onların ürəklərindən getməklə Mənə etdikləri ibadət xalisləşsin.
Bu canişinlik necə baş verə , dinləri necə möhkəmlənə və qorxuları necə əmin-amanlığa çevrilə bilərdi ki, dindən çıxanların imanının zəifliyi , nifaqlarının nəticələrindən biri olan bədzatlıqlarını və onların yollarını azacaqlarını bilirdim. Möminləri yer üzünün canişini edib səltənət taxtına çıxardığım və onların düşmənlərini aradan apardığım zaman onlar bu səltənətin ətrini duysaydılar , qəlblərindəki nifaqları daha da artacaq qardaşlarına qarşı düşmənçiliklərini aşkar edəcək, ağalıq və hakimiyyət uğrunda onlarla vuruşacaqdılar. Fitnə baş qaldırdığı və onlar arasında müharibə getdiyi bir dövrdə dini möhkəmlətmək və möminlərin məqamını yüksəltmək necə mümkün ola bilərdi? Xeyr! Mümkün deyildi! İndi nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt.” (Biharul-ənvar,cild11,səh339,hədis76)

 

3.Yunis ibn Ribatdan nəql edilir: İmam Cəfər Sadiqdən(ə) belə buyurduğunu eşitdim: Haqq əhli mövcud olduqları gündən daim sıxıntı içərisində olmuşlar. Bilin ki, bu yaxın bir müddətə qədər belədir. Daha sonra uzun bir firavanlıq olacaq. (İsbatul-Huda,3/543,hədis527)

4.Mufəzzəl ibn Ömərdən nəql edilir: Təvafda Əbu Əbdullahın(ə) yanında idim. Həzrət mənə baxıb dedi: Ey Mufəzzəl, nə olub ki, səni fikirli və rəngi dəyişmiş görürəm?
Dedim: Bəni-Abbasa və onların əllərində olan bu mülkə, hakimiyyətə və qüdrətə baxıram. Əgər bunlar sizin olsaydı biz də sizinlə birgə olub bunlardan istifadə edəydik.
İmam(ə) buyurdu: Ey mufəzzəl, bu iş baş verdiyi zaman gecənin siyasəti , gündüzün səfərlərilə birgə olacaq. Quru yemək və kobud paltarla olacaq. Möminlərin Əmiri(ə) kimi olacaq. Əks halda nəticəsi od olar. İndi isə bu iş bizdən alınıb və buna görə yeyib-içirik. Heç elə bir zülm görmüsən ki, Allah onu bunun kimi nemətə çevirsin? (Biharul-ənvar,cild52,səh358,hədis127)

5. Əhməd ibn Məhəmməd ibn Səid ibn Uqdə, Bəşirdən nəql edərək dedi: Mədinəyə gəldiyim zaman İmam Məhəmməd Baqirin(ə) mənzilinə yollandım. Gördüm ki, qatırı qapıya bağlayıb. Mən evin qabağında əyləşdim. Həzrət çıxdı və mən ona salam verdim. Qatırı buraxıb mənə tərəf gəldi və buyurdu: Haradansan?
Dedim: Murciə
Dedi: Vay olsun bu Murciələrin halına. Sabah bizim Qaimimizin qiyam etdiyi zaman görəsən kimə sığınacaqlar?
Dedim: Onlar deyirlər ki, bu iş baş verdiyi zaman biz də, siz də ədalət baxımından eyni olacağıq.
Dedi: Kim tövbə etsə Allah onun tövbəsini qəbul edər. Kim nifaq da israr edərsə Allah onu rəhmətindən uzaq edər. Kim bir şey izhar edərsə Allah onun qanını tökər. Allaha and olsun ki, qəssab qoyunun başını kəsdiyi kimi o da onların başını kəsəcək.
Bu deyən zaman əli ilə boğazına işarə etdi.
Dedim: Onlar deyirlər ki, bu iş baş verən zaman(qiyam zamanı) işlər onun üçün öz-özünə düzələcək. O bir həcəmət qanı qədər qan axıtmayacaq.
Dedi: Xeyr! Elə deyil. Canım əlində olana and olsun ki, bizlər və sizlər qanı və təri siləcəyik.
Bunu deyib alnını işarə etdi. (İsbatul-Huda,3/543 / Biharul-ənvar,cild52,səh356)

 

6.Əbu Suleyman nəql edir: Əbu Əbdullahın(ə) evində həzrətin yanında idim. Ev camaatla dolu idi. Camaat gəlir sullar verirdi, o da bir-bir cavablandırırdı. Mən evin bir küncündə ağlamağa başladım. İmam(ə) mənə dedi: Nədis səni ağladan?
Dedim: Sizə fəda olum,necə ağlamayım? Bu ümmət arasında sizin kimi biri varmı? Amma üzünüzə qapı bağlanıb. Üstünüzə pərdə asılıb.
İmam(ə) buyurdu: Ağlama Ey Əmr! İndi biz daha yaxşı yemək yeyirik, yumşaq libas geyinirik. Sənin dediyin şey baş verdiyi zaman quru yemək yeməklə, kobud paltar geyinməklə olacaq. Möminlərin Əmiri Əli ibn Əbu Talib(ə) kimi . Əks halda cəzası Cəhənnəmdə zəncirlənmək olacaq. (Biharul-ənvar,cild52,səh360,hədis928)

7.Əli ibn Əhməd əl-Bəndənici nəql edir: Əba-Əbdillah Cəfərin(ə) Qaimdən(ə) danışdığını eşitdim. Ona dedim: “Mən ümid edirəm ki, onun işi asanlıq içində olar. İmam(ə) buyurdu: Qanınızı və tərinizi silmədən bu iş baş verməyəcək.” (Biharul-ənvar,cild52,səh358)

Paylaş:
Baxış sayı: 13983

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.