İmam Hüseyn (ə) ziyarətində müstəhəbb və məkruh əməllər

İmam Hüseyn (ə) ziyarətində müstəhəbb və məkruh əməllər

Allah Mütəal, İmam Hüseyn (ə)-a bir sıra məxsusi xüsusiyyətlər əta etmişdir. Və bu qeyd etdiyimiz xüsusiyyətlər təkcə İmam Hüseynə (ə) aiddir. Baxmayaraq ki, Kərbəlada İmam Hüseyn (ə.s) öz dilinin iqrarı ilə buyurur:
“Babam (İslam Peyğəmbəri (s) ) məndən daha fəzilətlidir. Atam (Əli ibn Əbu Talib (ə.s) ) məndən daha fəzilətlidir. Anam (Xanım Zəhra (s.ə) ) məndən daha fəzilətlidir. Qardaşım (İmam Həsən (ə.s) ) məndən daha fəzilətlidir.”

Lakin İmam Hüseyn (ə.s)-a verilən bir sıra özəlliklər vardır ki, bu xüsusiyyətlər heç bu uca şəxsiyyətlərə də əta edilməmişdir. Onlardan biri də İmam Hüseynin (ə) ziyarətinə verilən əhəmiyyətdir. Sair İmamların ziyarətləri haqqında gələn rəvayətlərin ümumi möhtəvası bizə bunu bildirir ki;
“Hər kəs Əhli-Beyt (ə.s) İmamlarından birini ziyarət edərsə, elə bil Peyğəmbəri (s) ziyarət etmişdir.”

Eləcə də Allah Rəsulunun (s) ziyarəti haqqında gələn rəvayətlərdə O Həzrətdən belə nəql olunur ki;
“Hər kəs məni ölümümdən sonra ziyarət edərsə sanki, sağlığımda ikən ziyarət etmişdir.” Yəni o kəsə, məni sağlığımda ikən ziyarət etmiş kəsin savabı verilər…

Lakin İmam Hüseyn (ə.s)-ın ziyarəti haqqında gələn saysız hədislərdə buyururlur ki;
“Hər kəs İmam Hüseyni ziyarət edərsə, sanki ərşdə Allahı ziyarət etmişdir.”
Bu isə təkcə İmam Hüseyn (ə.s)-ın ziyarətinə aid edilən və məxsuslaşdırılan bir məqamdır.

O cümlədən İmam Hüsseyn (ə.s)-ın ərbəin günü ziyarət edilməsi Əhlibeyt (ə) xanədanı tərəfindən icra edilən və tövsiyyə edilən bir əməldir. Hətta hədislərdə möminin ümdə xüsusiyyətlərindən biri olaraq qeyd edilmişdir. Belə ki, İmam Həsən Əskəri (ə.s) buyurur:
“Möminin əlaməti beş şeydir: 51 rükət namaz qılmaq, “Ərbəin” ziyarəti, sağ ələ üzük taxmaq, alnını torpağa qoymaq, (namaz zamanı) “Bismillahir-Rəhmənir-Rəhim”i yüksək səslə demək”.

İndi isə İmam Hüseyn (ə.s)-ın ziyarəti yolunda, əimmeyi-əthardan (ə.s) tövsiyyə edilən bir sıra hədis və rəvayətləri qeyd edəcəyik:

İmam Sadiq (ə.s), İmam Zeynul-Abidin (ə.s)-ın, atası İmam Hüseyni (ə.s) necə ziyarət etdiyi haqqında buyurur:
“İmam Hüseynin ziyarətinə çıxmazdan öncə üç gün oruc tut. Çərşənbə, cümə axşamı və cümə günü oruc tut. Cüməyə keçən gecə, gecə namazı qıl. Sonra ayağa qalxaraq səmaya tərəf bax. Həmən gecə şam namazından qabaq qüsl al və sonra təharətli halda yat…” (“Təhzibul-Əhkam”, c.6, s.76)

Əslində bu kimi rəvayətlərlə əimmeyi-əthar (ə.s) bizlərə bu ziyarətin adab və qaydalarını izah edir və eləcə də bu hədis bizə öyrədir ki, ilk öncə bu ziyarətin əvvəli, hələ evimizdə ikən bir sıra əməllərə riayət etməklə başlanır. Ona görə də bu tövsiyyə və əmrləri yaxşı öyrənməli və bu ziyarət yolunda bu adabı qoruyub saxlamalı və bu dəsti-xətt ilə bu ziyarəti yerinə yetirməliyik.

Həmçinin başqa bir hədisdə isə bu ziyarət yolunda bir sıra ədəb qaydalarına riayət edərək və müəyyən konteksləri gözləyərək bu ziyrəti yerinə yetirmək tövsiyyə olunur.

Mühəmməd ibn Müslim belə nəql edir: İmam Sadiq (ə)-dan soruşdum: “Yəbnə Rəsulillah! Mən sənin cəddinin ziyarətinə gedirəm. Kərbəlaya da həccə gedən şəxslər kimi gedim?”
Həzrət buyurdu: “Bəli. Necə həccə gedirsənsə, eləcə də Kərbəlaya get.
Sonra Həzrət həmin səfərin ədəb-ərkanını açıqlayaraq buyurdu: “Yol-yoldaşlarına qarşı bəd əxlaq olma. Xoş sözlərdən başqa heç bir şey söyləmə. Bacardığın qədər Allahı zikr et. Təmiz paltarla ziyarətə get. Ziyarətə başlamazdan öncə qüsl et. Qəlbində xüzu və xuşu olan halda ziyarətə yollan. Nə qədər bacarırsan, bir o qədər hərəmdə dua və namaz qıl. Peyğəmbər və ali Peyğəmbərə çoxlu salavat de. Vaxtını sənə lazım olmayan şeylərə sərf etmə. Gözünü haram baxışlardan qoru. Əgər yolda birinin nəyəsə ehtiyacı olsa, dayan və köməklik göstər. Getdiyin mömin qardaşlarınla cibiniz bir olmalıdır. Yolda təqiyyə lazım olsa, təqiyyə et. Allahın haram buyurduqlarının hamısından çəkin. Əgər dediyim kimi ziyarət etsən, onda sən düzgün ziyarət etmisən. Əgər insan ömründə bir dəfə belə bir ziyarət etsə, bu ziyarət onun bütün ömrünə bəs edər. Qeyd olunan fəzilətlərin hamısını Allah bu şəxsə verər.”

Eyni zamanda o tövsüyyələrdən biri də, bu ziyarətə ayaqla getmək və buna verilən savab və əhəmiyyətlə bağlıdır.

Belə ki, Hüseyn ibn Suveyr, İmam Sadiq (ə.s)-dan belə nəql edir;
“Ey Suveyr, İmam Hüseynin qəbrini ziyarət etmək məqsədi ilə evindən çıxan şəxsin, ayaqla atdığı hər bir addıma, Uca Allah bir savab yazar və bir günahını məhv edər. Hairə (İmamın hərəminə) çatdığı zaman, Allah onu nicat tapanlardan və qazananlardan qərar verər. Ziyarətini tamamladıqda Allah onu feyzə çatanlardan edər. Geriyə dönmək istədikdə isə, Allah ona bir mələk göndərər. Və mələk həmən şəxsə belə səslənər: Peyğəmbər (s) sənə salam söyləyir və sənə belə buyurur; Əməllərinə yenidən başla, artıq keçmişdəki günahların bağışlandı.” (“Kamiluz-Ziyarat”, s.253)

Və eləcə də bu gedişin necəliyini və keyfiyətini bəyan edərək İmam Sadiq (ə.s) buyurur:
“İmam Hüseyn (ə)-ın ziyarətinə gedərkən, ürəyi sınıq, təvazökaranə, qəmli və qüssəli halda ac və susuz getməlisən. Çünki o həzrət ac və susuz şəhid oldu. Həzrət torpaq üstündə şəhid oldu. Belə halla get ziyarət et, hacətlərini istə və qayıt gəl. Orada qalıb oranı özünə vətən etmə!”

Bir hədisdə İmam Sadiq (ə)-dan bu ziyarət yolunda ət yemək və bəzənməklə bağlı bir sıra qadağalar nəql olunmaqdadır. Belə ki, O Həzrət buyurur:
“İmam Hüseynin ziyarətinə çıxmazdan öncə üç gün oruc tut. Çərşənbə, cümə axşamı və cümə günü oruc tut, sonra Kərbəlaya doğru üz tut. (Çatdıqda) yükünü orada yerləşdir. Bədəninə yağ sürtməyi, gözünə sürmə çəkməyi və ət yeməyi orada olduğun müddətcə tərk et.” (“Biharul-Ənvar”, c.98, s. 175)

Bu ziyarət yolunda hansı zikrlərin deyilməsi və nəcür başlanılması ilə bağlı İmam Saiq (ə.s) yenə gözəl bir şəkildə bunu bizə bəyan edir və buyurur:
“Kərbəlaya tərəf yola çıxdıqda Allaha təkbir (Əllau əkbər), təhlil (La ilahə illəllah) və həmd etməyi, Peyğmbərə salavat deməyi, eləcə də İmam Hüseynə salavat deməyi məxsusi olaraq çoxalt. Onu qətlə yetirənlərə və ona edilən zülümlərin əsasın qoyanlara, (xilafəti qəsb edənlərə) lənət de və onlardan təbərra et, onlarla düşmənçiliyini izhar et.”
“Təhzibul-Əhkam”, c.6, s.76

İmkan olduğu halda İmam Hüseyn (ə.s)-ın ziyarətini tərk etmək, hədislərdə məzəmmət edilmiş və Əhlibeyt (ə.s)-a edilən etinasızlıq kimi dəyərləndirilmişdir. Belə ki, Hələbi, İmam Sadiq (ə.s)-dan nəql edilən uzun bir hədisdə belə nəql edir:
İmam Sadiq (ə.s)-a belə ərz etdim: “Canım sənə fəda olsun, Hüseynin qəbrini ziyarət etməyə gücü yetdiyi halda onu tərk edən kəs haqqında nə deyə bilərsən?”
Həzrət (ə) belə buyurdu: “Həmin şəxs haqqında deyirəm ki, o şəxs, Peyğəmbərə (s) və Bizə itaətsizlik etmiş və onun üçün xeyirli olan bir işə səhlənkarlıqla yanaşmışdır.”
“Kamiluz-Ziyarat”, B.69, H.3

Buna bənzər digər bir hədisdə isə İmam Sadiq (ə) belə buyurur:
“Əgər sizlərdən hər biriniz bütün ömrünüzü həcc ehramı bağlasanız, ancaq İmam Hüseyni (ə) ziyarət etməsəniz, Rəsulallahın (s) haqqını tərk etmiş olarsınız. Çünki Hüseynin (ə) haqqı – İlahi vacibat və hər bir müsəlmana vacibdir”.

Sonda isə bu ziyarəti tamamlayıb geri qayıtmaqda olan şəxs haqqında İmam Sadiq (ə.s)-ın buyurmuş olduğu bu hədisi qeyd edirik. Belə ki, O Həzrət (ə.s) belə buyurur:
“İmam Hüseynin (ə.s) qəbri yanından ayrıldıqda münadi elə nida edir ki, əgər onun nə dediyini eşitsəydin, ömrün boyu O Həzrətin qəbrinin kənarında qalardın. Belə ki, münadi belə nida edir:
“Xoş sənin halına ey bəndə. Qəniməti (cənnəti) əldə etdin və salamat qaldın, (yəni özünü atəşdən xilas etdin). Artıq sənin bütün günahların bağışlandı. Yenidən əməllərinə başla…”
“Kamiluz-Ziyarat”, s.167

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Müəllif: Hoccətulislam Seyyid Mirəddin Haşimi

Paylaş:
Baxış sayı: 13273

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.