Qeyb dövründə insanların vəzifələri
Qeyb dövründə insanların vəzifələri
1.Mufəzzəl ibn Ömər Cufi, İmam Cəfər Sadiqin(ə) belə buyurduğunu nəql edərək yazır: “Məbadə yayıb məşhur edəsiniz. Bilin ki, Allaha and olsun, imamınız illərlə sizdən qeybdə qalacaq. O həddə qədər ki, hətta “ölüb, yoxsa həlak olub, ya hansı vadiyə gedib” deyəcəklər. Möminləri gözləri ona ağlayacaq, gəmi dənizlərin dalğaları arasında yırğalandığı kimi onlar da yırğalanacaqlar. Bu zaman yalnız Allahın əhd aldığı və Özündən olan bir ruhla gücləndirdiyi şəxslər nicat tapacaq. On iki şübhəli bayraq qalxacaq ki, hansının hansından oldu bilinməyəcək.”
Mən bunları eşidəndə ağladım.
İmam(ə) dedi: “Ey Əbu Abdullah, səni ağladan nədi?”
Dedim: “Necə ağlamayım? Halbuki, hər birinin hansından olduğu bilinməyən on iki bayraq qalxacaq deyirsən. Bəs biz belə olanda nə edək?”
İmam(ə) bu zaman evin içəriyə günəş düşən pəncərəsinə baxıb buyurdu: “Ey Əbu Abdullar, bu günəşi görürsən? Allaha and olsun ki, bizim işimiz bu günəşdən daha aydındır.”
2.Ubeyd ibn Zurarə, İmam Cəfər Sadiqdən(ə) belə nəql edir: “Camaat öz imamlarını əldən verəcəklər. Həmin imam Həcc mövsümündə iştirak edib, onları görəcək, ancaq insanlar onu görməyəcək.”
3.Əli ibn Cəfər, qardaşı Musa ibn Cəfərdən(ə) belə nəql edir: “Ondan, Allah Təalanın, “De: Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?!” ayəsinin təvilinin nə olmasını soruşdum.”
İmam(ə) buyurdu: “İmamınızı itirdikdə və onu görmədikdə nə edəcəksiniz?!”
4.İsa ibn Abdullah Ələvi, İmam Cəfər Sadiqdən(ə) nəql edir: Mən ona dedim: “Sənə qurban olum, əgər bir hadisə baş versə, Allah o günü mənə göstərməsin, kimi imam bilim?”
O. əli ilə Musanı(ə) göstərdi.
Mən soruşdum: “Birdən Musa(ə) vəfat etsə, kimi imam bilim?”
Buyurdu: “Onun övladını.”
Dedim: “Birdən övladı ölsə və özündən sonra bir böyük qardaş, bir də kiçik oğul qoyub getsə, bu zaman kimi imam bilim?”
Dedi: “Övladını . Ardınca həmişə belədir.(yəni qardaşa yox, oğula keçəcək.)”
Dedim: “Birdən mən onu tanımasam, onun yerini bilməsəm, nə edim?”
İmam(ə) buyurdu: “De ki, İlahi, mən üzümü dünyasını dəyişən imamın övladlarından olan , Sənin höccətindən qalan kəsə doğru tuturam. Şübhəsiz ki bu sənə kifayət edəcək.”
5.Cəfər ibn Məhəmməd ibn Mənsur, Ömər ibn Əbduləziz adlı birindən, İmam Cəfər Sadiqin(ə) belə buyurduğunu nəql edir: ”Əgər birdən səhəri açıb gecəyə çıxsan, lakin ardınca gedəcəyin bir imam görməsən, Allah Təala sənin imamını aşkar edənə qədər , daha öncələr sevdiklərini sev və daha öncələr inkar etdiklərini inkar et.”
6.Abdullah ibn Sinan deyib: Mən və atam İmam Sadiqin(ə) yanına daxil olduq. Dedi: “Bir hidayət imamı , aşkar bayraq görmədiyiniz, habelə yalnız ğəriq duası oxuyan şəxsin nicat tapacağı bir hala düşdükdə halınız necə olacaq?”
Atam soruşdu: “Əgər belə bir gecə baş versə nə edək?”
İmam(ə) buyurdu: “Sənə gəlincə, bu baş verincə sən o zamanı görməyəcəksən. İş sizin üçün aydın olanadək əlinizdəkilərdən yapışın.”
7.Zurarə, İmam Cəfər Sadiqdən(ə) belə buyurduğunu nəql edir: “Camaat elə bir zamanla qarşılaşar ki, imamları qeybə çəkilər. Bu məsələ onlara aydın qalana qədər, üzərində durduqları işlə məşğul olarlar.”
8.Hani Təmmar İmam Cəfər Sadiqin(ə) belə buyurduğunu nəql edir: “Həqiqətən bu işin sahibinin bir qeyb vardır ki, orada dinin yapışan kəs, tikanlı kolu yolan şəxs kimidir. Bu işin sahibinin bir qeybi vardır ki, bu müddət ərzində bəndələr Allahdan qorxmalı və öz dinindən möhkəm yapışmalıdırlar.”
*Qeyd: Bu mövzuda qeyd edilən hədislər, Əbul-Həsən Əli ibn Huseyn ibn Babaveyh Qumminin “Əl-İmamətu vət-təbsirətu minəl-heyrət” adlı kitabındandır.