Ulul-əmr kimlərdir?!

Ulul-əmr kimlərdir?!

Ulul əmr gərək məsum olsun!

“Ey iman gətirənlər! Allaha, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə (Əhli beytə (ə)) itaət edin! …”
Əvvəla bunu qeyd edim ki, şübhəsiz ki, insanların zahiri keyfiyyətlərlə qiymətləndirib, seçdikləri heç bir şəxs səhv və günah ehtimalından uzaq deyil. Çünki biz insanlar bir-birimizin batinini görmək, qəlbindən xəbər verməyə qadir deyilik. Bəzən insanları tanımaqda elə böyük səhflərə yol veririk ki, illərlə peşmançılıq çəkirik. Bəz Allah-Təala səhf və günah ehtimalı olunan bir şəxsin (ehtimal az olsa belə) itaətini öz itaəti qədərində vacib edə bilərmi?
Əlbətdə ki, Allah-Təala günahkar şəxslərə itaəti vacib bilməz. Çünki bir şəxs bir günah əməl etsə, başqalarını o günah əməldən çəkindirə bilməz və buna görə də mütləqdir ki, itaəti vacib olunan əmr sahibləri gərək məsum olsunlar. Bəs o günahsız olan əmr sahibləri kimlərdir ki, Allah onlara itaət etməyi Rəsuluna (s) itaət etməklə bərabər saymış və bunu vacib buyurmuşdur? Görəsən günahsız, tərtəmiz, itaəti bizlərə vacib edilən şəxslər Peyğəmbərin (s) Əhli-beytindən başqaları ola bilərmi?
1. Abdullah ibn Cabir belə nəql edir: “Allaha, Rəsuluna və əmr sahiblərinə itaət etməyin vacib olduğunu bildirən ayə nazil olduğu gün Peyğəmbərdən soruşdum: “Allah və Rəsulunu tanıyırıq, amma əmr sahiblərinin kimlər olduğunu bilmirik. Onlar kimlərdir?” Həzrət belə cavab verdi: “Onlar mənim xəliflərimdir. Onların birincisi Əli ibn Əbutalib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibn Hüseyn, sonra da “Tövrat”da “Baqir” deyə adlandırılmış Məhəmməd ibn Əlidir. Ey Cabir! Sən onu görəcəksən və gördüyün zaman Mənim salamımı ona yetirərsən. Ondan sonra Cəfər ibn Muhəmməd əs-Sadiq, sonra Musa ibn Cəfər, sonra Əli ibn Musa, sonra Muhəmməd ibn Əli, sonra Əli ibn Muhəmməd, sonra Həsən ibn Əli və ən sonuncusu Allahın yer üzündəki höccəti olacaq və Mənim adımı və künyəmi daşıyacaq olan Həsən ibn Əlinin oğludur.” (“Müntəxəbul-Əsər səh:101”, “Yənbəul-Məvaddə səh: 114, 117, 494”, “Şəvahitut-Tənzil Hakim əl-Haskani əl-Hənəfi” cild 1, səh: 148, “Təfsirir-Razi cild 3, səh: 357”, “Fəraidus-Simteyn cild 1, səh: 314” )
2. Buxari öz səhihində, Cabir ibn Səmurədən belə nəql edir: “ Allah Rəsulunun belə buyurduğunu eşitdim: “Sizin aranızda 12 əmr sahibi olacaqdır.” Daha sonra bir söz söylədi amma mən anlamadım və atamdan soruşdum. Atam isə Həzrəti Peyğəmbərin (s) belə buyurduğunu söylədi: “Onların hamısı Qureyşdəndir.”
3. Müslüm öz səhihində, Cabir ibn Səmurədən belə nəql edir: “Atamla birlikdə Həzrəti Peyğəmbərin (s) hüzuruna gəldik. Həzrəti Peyğəmbər belə buyurdu: “Bu əmr sizə on iki xəlifə gəlib keçməyənə qədər sona yetməz.”
4. “Yənbəul-Məvaddət” kitabının müəllifi şeyx Süleyman Hənəfi Qunduzi özünün “Mənaqib” kitabında Süleym ibn Qeysdən belə nəql edir: “Bir gün bir kişi Həzrəti Əlinin (ə) yanına gəlib soruşdu: “İnsanı möminlərin, yaxud kafirlər və azğınların sırasına qatan ən kiçik əməl hansıdır?” İmam (ə) buyurdu: “İnsanları azğınların dəstəsinə qatan ən kiçik əməl, vilayəti vacib olan ilahi höccəti tanımamaqdır.” O kişi dedi: “Ya Əmirəl Möminin! Onları (İlahi höccətləri) mənə tanıtdır!” Əli (ə) buyurdu: “Allah Təala onları özü və Peyğəmbərlə (s) birgə qərar verərək buyurmuşdur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!”
Bu hədis çox aydın surətdə əmr sahiblərinin camaatın seçdiyi şəxslər deyil, ilahi höccət və nümayəndə olduqlarını göstərir. “Burhan” təfsirində də bu ayə ilə bağlı Əhli-Beytdən (ə) nəql olunan bir çox rəvayətlərdə deyilir ki, “Ulul-əmr” ayəsi Əli (ə) və Əhli-Beytdən olan digər imamlar haqqında nazil olmuşdur. Şeyx Süleyman Hənəfi “Yənbəul-Məvaddə” kitabında isə elə yazır: “Peyğəmbər (s), Həzrəti Əlini (ə) Mədinədə canişin təyin edəndən sonra bu ayə Əlinin barəsində nazil oldu.”
Məşhur təfsirçi alim Hakim Həskani bu ayənin təfsirində beş hədis nəql etmişdir ki, onların hamısında “Əmr sahibləri” ünvanı İmam Əliyə (ə) şamil olunmuşdur.
I-hədis imamın özündən nəql edilir: “Peyğəmbər (s) “Mənim (ümmətə rəhbərlikdə) şəriklərim o kəslərdir ki, Allah-Taala onları özünə və mənə yaxın etmişdir.” Deyə buyurduğu zaman, “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin” ayəsi nazil oldu. Mən Həzrətdən soruşdum: “Ya Rəsulallah! Əmr sahibləri kimlərdir?” Həzrət belə buyurdu: “Sən onların birincisisən!””
II-hədis məşhur təfsirçi Mücahiddən belə nəql edilir: “Bu ayə Əmirəl-Möminin Əli (ə)-ın haqqında nazil olmuşdur. Bu Peyğəmbər (s) (Təbuk muharibəsinə gedərkən) Mədinədə onu özünə canişin seçdiyi zaman idi.”
III-hədis İmam Baqir (ə) və dördüncü hədisi Səd bin Vəqqasdan nəql edərək belə yazır: “Peyğəmbər (s) “Təbuk” muharibəsinə gedərkən (Mədinənin yaxınlığındakı) Curut adlı məntəqəyə çatdı. Əli (ə) Həzrətin arxasınca gedirdi və əlində silah yox idi. O Peyğəmbərə (s) dedi: “Ey Allahın Rəsulu! Məni öz yerinə qoydun (məni özündən ayırdın) halbuki, mən heç bir muharibədə səndən ayrılmamışam. Münafiqlər şayə yayıblar ki, məni Mədinədə ona görə saxlamısan ki, yanında olmağımı istəmirsən.” Səd deyir “Öz qulağımla eşitdim ki, Allah Rəsulu (s) buyurdu: “Ya Əli razı olmazsanmı ki, səninlə mənim nisbətim, Harunla Musanın nisbəti kimi olsun? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur. (yəni, Sən Harun kimi Peyğəmbərlikdən başqa bütün məqamlara sahibsən!) Buna görə də geri qayıt və öz əhli-əyalın arasında canişin ol!” (və Mədinəni münafiqlərin şərindən qoru!)”
Buna oxşar beşinci hədis yenə imam Əli (ə)-dan nəql edilmişdir. Əbu-Həyvan Əndəlusi Məğribi “Əl-Bəhrul-muhit” təfsirində “Əmr sahibləri” ilə bağlı (3 təfsir alimi) Muqatil, Meymun və Kəlbidən nəql edir ki, onda məqsəd “Səraya əmirləri” yaxud Əhli-beyt imamlarıdır. Sonra isə ayənin imam Əli (ə) haqqında nazil olduğuna qarşı çıxaraq müxtəlif iradlar irəli sürüb:
1. Əli (ə) bir nəfər olduğu halda, necə ola bilər ki, cəm formasında buyurulan “Əmr sahibləri” ona aid olsun?
Əvvəla bunu qeyd edək ki, Qurani-Kərimdə və eləcə də ərəb ədəbiyyatında cəm əvəzliyinin bir nəfərə şamil olma halları çoxdur. Məsələn: “Mumtəhinə” surəsinin 1-ci ayəsindəki xitab ümumi olsa da, Hatib ibn Ubey Bəltəə haqqında nazil olmuş, “Munafiqun” surəsinin 8-ci ayəsinin şəxs əvəzliyi cəm formasında işlənsə də, məqsəd Abdullah bin Ubeyddir. Bir çox hədis və rəvayətlərə əsasən “Bəqərə” surəsinin 274-cü ayəsi imam Əlinin (ə) haqqında nazil olmuş onun bütün şəxs əvəzlikləri isə cəm formasında gəlmişdir. İndi görəsən bu ayələrdə məqsəd bir nəfər olduğu halda, onun əvəzlikləri nə üçün cəm formasında işlənmişdir? Ola bilsin ki, səbəb nəzərdə tutulan şəxsə hörmət, bəzən isə başqalarının həmin şəxslə bir fikirdə olmasıdır. Ayələrə diqqət yetirdikdə bunu (ehtiram və ya eyni fikirdə olmağı) bir-birindən ayırd etmək olar. Bundan əlavə Qurani-Kərimin əksər aylərində Allah-Taala özü haqqında söz açdıqda, əvəzlikləri cəm formasında işlədir, halbuki, Onun müqəddəs Zatı mütləq mənada “Əhəd” və Şəriksizdir.
Burada diqqəti cəlb edən əsas məsələ budur ki, Hakim Həskani “Şəvahidut-Tənzil” kitabında eləcə də digər alimlər bu ayənin nazil olma səbəbini açıqlayan müxtəlif rəvayətlər nəql edərkən demişlər ki, o imam Əlinin (ə) xilafətinə aiddir. O cümlədən məşhur alim Əbubəkr ibn Mumin Şirazi “Etiqad” risaləsində (Kaşinin “Mənaqib” kitabına istinadən) ibn Abbasdan nəql edir ki, “Ulul-Əmr” ayəsi Əlinin (ə) haqqında nazil olmuşdur.

“Ulul əmr” gərək məsum olsun!

Biz ki, əvvəldən qeyd etdik əmr sahibləri gərək məsum olsunlar. Bu məsum şəxslər isə şübhəsiz ki, Əhli-beyt İmamlarıdır ki, Qurani-Kərimin “Əhzab” surəsinin 33-cü ayəsi onların məsumiyyətinin ən böyük dəlilidir. Beləliklə Allah-Taala Qurani-Kərimdə buyurur: “…(Siz) Ey (Peyğəmbərin) ev əhli! Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tərtəmiz (pak) etmək istər.” Qeyd etdiyimiz bu ayə haqqında çoxlu sayda hədis və rəvayətlər nəql edilmişdir. Biz burada tarixdə “kisa” adı ilə məşhur olan bir hədisi nəql etmək istəyirik. Bu hədis “Əvalim” kitabında mötəbər sənədlə Cabir ibn Abdullah Ənsaridən belə nəql edilir. Cabir ibn Abdullah xanım Zəhranın (s.ə.) belə buyurduğunu deyir: “Bir gün atam Rəsulullah (s) evimə gəldi və buyurdu: “Salam olsun sənə ey Fatimə!” Dedim: Əleykəs-Salam ey Rəsulallah! Buyurdu: “Mən özümdə yorğunluq hiss edirəm.” Dedim: “Sənin bu yorğunluğundan Allaha pənah aparıram.” Buyurdu: “Ey Fatimə! Yəmən əbamı gətir, üstümə sal!” mən yəmən əbasını gətirib üstünə saldım. Sonra üzünə baxmağa başladım. Üzü on dörd gecəlik ay kimi nur saçırdı. Bir az keçmədi ki, oğlum Həsən (ə) yanıma gəlib dedi: “Salam olsun Sənə ey ana!” dedim “Əleykəs-Salam ey gözlərimin nuru! Ey qəlbimin meyvəsi! Oğlum dedi: anacan mən Sənin yanında ətirli bir qoxu hiss edirəm, sanki babam Rəsulallahın ətridir.” Dedim: “Bəli, baban əbanın altındadır.” Həsən (ə) əbaya tərəf gedib dedi: “Salam olsun Sənə ey babam! Ey Rəsulallah! İcazə verirsənmi ki, Səninlə birlikdə əbanın altında olum?” Buyurdu: “Əleykəs-salam ey oğlum! Ey (Cənnətdəki Kövsər) Hovuzun sahibi! Sənə icazə verdim.” Oğlum Həsən əbanın altına daxil oldu. Çox keçmədi ki, oğlum Hüseyn (ə) da gəlib dedi: “Salam olsun sənə ey ana!” dedim: “Əleykəs-Salam, ey oğlum! Ey qəlbimin meyvəsi!” dedi: “Anacan! Sənin yanında xoş ətirli qoxu hiss edirəm, elə bilirəm ki, babam Rəsulallahın ətridir.” Dedim: “Bəli, baban və qardaşın əbanın altındadır. Hüseyn də əbaya tərəf yaxınlaşıb dedi: “Salam olsun sənə ey babam! Ey Allahın seçdiyi! İcazə verirsənmi ki, sizinlə birlikdə əbanın altında olum?” Rəsulullah buyurdu: “Əleykəs-salam ey oğlum! Ey ümmətimin şəfaətçisi! Sənə icazə verdim.” Hüseyn də əbanın altına daxil oldu. Bu zaman Əbul-Həsən Əli ibn Əbutalib evə gəldi və dedi: “Salam sənə ey Rəsulallahın qızı!” dedim: “Əleykəs-Səlam ey Əbəl-Həsən! Ey Əmirəl-Muminin!” dedi: Ey Fatimə! Mən sənin yanında ətirli bir qoxu hiss edirəm. Elə bil qardaşım və əmim oğlu Rəsulallahın ətridir. Dedim: “Bəli, o, iki oğlanlarınla birlikdə əbanın altındadırlar.” Əli (ə) əbaya tərəf gedib dedi: “Salam olsun sənə ey Rəsulallah! İcazə verirsənmi sizinlə birlikdə əbanın altında olum?” Atam buyurdu: “Salam olsun sənə ey qardaşım! Ey canişinim! Ey bayraqdarım! Sənə icazə verdim.” Əli (ə) da əbanın altına daxil oldu. Sonra mən də onlara tərəf gəlib dedim: “Salam olsun sənə ey atam! Ey Rəsulallah! İcazə verirsənmi mən də sizinlə birlikdə əbanın altında olum?” Atam buyurdu: “Əleykis-Salam ey bədənimin bir hissəsi! İcazə verirəm.” Mən əbanın altına daxil oldum. Elə ki, hamımız əbanın altına toplaşdıq, atam Rəsulallah əbanın iki tərəfindən tutub, sağ əli ilə asimanı işarə edib dedi: “İlahi, bunlar mənim Əhli-Beytimdir, ən yaxın və xass adamlarımdır. Ətləri ətim, qanları qanımdır. Onlara əziyyət verən mənə əziyyət verir, onları qəmgin edən məni qəmgin edir. Mən onlara qarşı muharibə edənlə muharibə edən, onlarla barışıq edənlə də barışıq edənəm. Düşmənləri ilə düşmən, dostları ilə dostam. Onlar məndən, mən də onlardanam. Öz səlavat, bərəkət, rəhmət, məğfirət və razılığını mənə və onlara əta et. Onlardan zahiri və batini çirkinlikləri aparıb, pak-pakizə qərar ver! Allah buyurdu: Ey Mənim mələklərim! Ey asimanda sakin olnlar! Mən bina olunmuş asimanları, döşənmiş yerləri, nurlu ayı, işıq verən günəşi, dövr edən fələyi, coşub çağlayan dəryaları, seyr edən gəmiləri yalnız əbanın altında olan o beş nəfərin məhəbbəti xatirinə xəlq etmişəm.” Cəbrail Əmin (ə) soruşdu: “Ey Rəbbim! Əbanın altında olnlar kimlərdir?” Allah-Taala buyurdu: “Onlar Fatimə, Onun atası, əri və oğlanlarından ibarət nubuvvət Əhli-Beyti, risalət mədənidirlər.” Cəbrail (ə) ərz etdi: “Ey Rəbbim! İcazə verirsənmi onların altıncısı olam?” Allah buyurdu: “Bəli, sənə icazə verirəm!” Cəbrail-Əmin nazil olub dedi: “Salam olsun sənə ey Rəsulallah! Ey Əliyyu əla! Allah sənə salam göndərir. Səni təhiyyətə, ikrama məxsus edir və buyurur ki, “And olsun İzzət və Cəlalıma! Mən ucalmış səmanı, döşənmiş yeri, nurlu ayı, işıq verən günəşi, dövr edən fələyi, axan dəryaları, seyr edən gəmiləri yalnız sizin məhəbbətiniz xatirinə yaratmışam” mənə icazə verdi ki, sənin yanına daxil olum. Ey Rəsulallah icazə verirsənmi?” Rəsuli Əkrəm (s) buyurdu: “Salam olsun sənə ey Allahın vəhy əmanətdarı!” Əlbətdə sənə icazə verirəm. Cəbrail (ə) əbanın altına daxil oldu və atama dedi: “Həqiqətən Allah sizə vəhy edib buyurur:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً

“…(Siz) Ey (Peyğəmbərin) ev əhli! (Həqiqətən) Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”
Əli ibn Əbu Talib atama dedi: “Ya Rəsulallah! Əbanın altında oturmağımızın Allah yanında nə kimi fəziləti var?” Rəsulullah(s) buyurdu: “And olsun məni haqq olaraq nübuvvətə məbluğ edib, nicat verən bir şəxs kimi risalətə seçənə, bizim bu xəbərimiz yer əhlinin məclislərindən hər hansı birində xatırlansa və o məclisdə bizi sevənlər olsa hökmən onlara rəhmət nazil olar. Mələklər onları əhatə edər və onlar bu məclisdən dağlışana qədər onlar üçün Allahdan bağışlanma diləyərlər.” Əmirəl-Möminin Əli ibn əbu Talib dedi: “Belə isə and olsun Kəbənin rəbbi Allaha ki, biz və bizim şiələrimiz nicat tapdılar.” Allah Rəsulu (s) buyurdu: “And olsun məni haqq olaraq nübuvvətə məbluğ edib, nicat verən bir şəxs kimi risalətə seçənə ki, bizim bu xəbər yer əhlinin məclislərinin hər hansı birində zikr olunsa və o məclisdə bizim şiələrdən və bizi sevənlərdən bir neçə nəfər olsa Allah Taala hökmən onların qəmlərini dağıdar, qüssələrini aradan aparar, hacəti olanların hacətin qəbul edər. Əli ibn Əbu Talib dedi: “Belə isə and olsun Allaha ki, nicat tapdıq və səadətə yetişdik. Həmçinin şiələrimiz də nicat tapıb dünya və axirət səadətinə çatdılar.””
Burada diqqət yetirmək lazımdır ki, bu hədis Müslimin “Səhih” kitabında Aişədən, Hakimin “Müştərək”, Suyutinin “Əd-Durulmənsur”, Hakim Həskaninin “Şəvahidut-Tənzil”, Tirmizinin “Səhih” kitabında isə Əmir ibn Ummu Sələmədən nəql olunmuşdur. Fəxri-Razi “Mubahilə” (“Ali-İmran” surəsinin 61-ci) ayəsinin təfsirində bu hədisi (“kisa” hədisini) nəql etdikdən sonra yazır: “Bu rəvayət səhih və düzgündür, təfsir və hədis alimlərinin səhih saydıqları hər hansı bir rəvayətlə heç bir fərqi yoxdur!” Həmçinin bu hədis Əhməd bin Hənbəl “Müsnəd” kitabında müxtəlif ravilərin dilindən nəql edilmişdir. Rəvayətlərin bir qismində deyilir ki, “Təthir” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay, (bəzi rəvayətlərdə 6, bəzilərində 7, bəzilərində isə 8 və ya 9 ay) sübh namazına gedərkən Fatimeyi-Zəhranın (s.ə) evinin yanından keçərkən uca səslə deyirdi: “Ey Əhli-Beyt namaz (vaxtıdır)!” sonra isə bu ayəni tilavət edərdi: “…(Siz) Ey (Peyğəmbərin) ev əhli! (Həqiqətən) Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”
Bu hədis məşhur təfsir alimi Hakim Əskaninin “Şəvahidut-tənzil” kitabında Ənəs ibn Malikdən, başqa bir hədisdə Əbul-Həmradan nəql edilmişdir. Peyğəmbərin (s) bu işi yeddi ay, (Əbu Səid Xudridən edilən rəvayətdə isə) 8 ay davam etmişdir. Rəvayətdəki ifadələrin bir-birindən fərqlənməsi təbiidir. Mümkündür ki, bu rəvayəti Ənəs ibn Malik 6 ay, Əbu Səid Xıdri 8 ay, Əbul-Həmra 7 ay və ibn Abbas 9 ay müşahidə etmiş olsun. Beləliklə rəvayətlərdə heç bir ziddiyyət yoxdur və hər kəs öz gördüyünü nəql etmişdir. Ümumiyyətlə bu işin Peyğəmbər (s) tərəfindən nə qədər davam etməsi onun yüksək əhəmiyyətini göstərir. O Həzrət bununla kimsədə şək-şübhə qalmasın deyə, bildirmək istəyirdi ki, Əhli-Beyt yalnız bu kəslərdir və “Təthir” ayəsi məhz onların şəninə nazil olmuşdur. Burada təəccüb doğuran məsələ budur ki, Peyğəmbər (s) göstəriş vermişdir ki, özünün və həzrət Əlinin (ə) qapısından başqa, məscidə açılan bütün qapılar bağlansın! Məlum olduğu kimi, oradakıların bir qrupu namaz vaxtı Peyğəmbərin (s) “Ey Əhli-Beyt namaz vaxtıdır.” Çağırışını eşidirdilər. Lakin buna baxmayaraq bəzi təfsirçilərin bu ayəni Peyğəmbərin (s) zövcələrinə də aid etməsi qəribə deyilmi?! Halbuki, Peyğəmbər (s) zamanın cüzi hadisələrini açıqlayan Aişə nəinki özünü “Təthir” ayəsinə aid etmir, hətta deyir ki, Peyğəmbər (s) mənə buyurdu: “Sən onlardan deyilsən!”
Doğrudan da bizə gəlib çatmış bir çox mötəbər hədis və rəvayətlərdə bu fakt öz təsdiqini tapır və bildirilir ki, Peyğəmbərin (s) xanımları Əhli-Beytə daxil deyildilər.
Tirmizi “Səhih” kitabında öz sənədi ilə Peyğəmbərin (s) oğulluğu Ömər ibn Əbu Sələmədən belə rəvayət edir: “Əhzab” surəsinin 33 (Təthir) ayəsi nazil olan zaman Peyğəmbər (s) Fatiməni, Həsəni və Hüseyni çağırdı. Əli (ə) da Peyğəmbərin (s) arxasında dayandı Peyğəmbər (s) əbasını onların üzərinə saldı və dedi: “Ey mənim Allahım! Bunlar mənim Əhli-Beytimdir. Sən onlardan çirkinliyi apararaq pak et.” Bu zaman Ummu Sələmə dedi: “Ey Allahın
Peyğəmbəri! Mən də onlarlayammı?” Rəsulullah buyurdu: “Sən öz yerindəsən və xeyirləsən.” (“Səhihi-Tirmizi, cild 2, səh 209”)
Əgər Peyğəmbərin (s) zövcələri Əhli-Beytə daxil idilərsə, bəs onda Peyğəmbər (s) niyə demirdi ki, “Bəli, sən də onlarlasan”? deyirdi ki; “Sən öz yerindəsən və xeyirləsən…”
Ummu Sələmə rəvayət edir ki: “Mən Rəsulullahın (s) evinin qapısında ikən bu ayə nazil oldu. “… Ey (Peyğəmbərin) Əhli-Beyti! (Həqiqətən) Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tərtəmiz pak etmək istər!” (Əhzab 33). Evdə Rəsulullah (s), Əli, Fatimə, Həsən və Hüseyn var idi, Onlara bir örtük bürüdü və “Allahım! Bunlar mənim Əhli-Beytimdir, bunlardan çirkinliyi yox et və bunları təmizlə” dedi. Mən atılıb: Ya Rəsulallah! Mən Əhli-Beytdən deyiləmmi? “Sən xeyirdəsən, Sən Rəsulallahın zövcəsisən!” deyə cavab verdi.” (Tirmizi, Manaqib (3870.))
Bu hədisdə biz konkret adlar görürük: Əli, Fatimə, Həsən və Hüseyn. Peyğəmbər (s) buyurur: “Allahım! Bunlardır mənim Əhli-Beytimdir.” O, nə zövcələri haqqında danışır, nə də ki, onlardan hansınısa öz yanına çağırır. Aişə deyir: “Peyğəmbər (s) səhər tezdən evdən çıxdı və əynində qara əbası var idi. O, Həsəni öz əbası altına aldı, sonra Hüseyni, sonra Əlini və sonra da Fatiməni. Sonra dedi: “Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tərtəmiz pak etmək istər!” (Əhzab 33)”
Bu rəvayətlərdə Peyğəmbər (s) aydın şəkildə deyir ki, “Məhz bunlar mənim Əhli-Beytimdir” bunlardan savayı heç kimin məsumiyyəti üçün dua etmir. Peyğəmbər (s) burada Allahdan onun Əhli-Beytini pak etməyi xahiş edir, başqa birisini yox. Peyğəmbər (s) dəqiq göstərir ki, “Əhzab” surəsinin 33-cü ayəsi kimə aiddir.
Sonda Peyğəmbərin (s) öz Əhli-Beyti haqqında buyurduğu hədislərdən bir neçəsini qeyd edirik:
1) “Həqiqətən sizin aranızada iki ağır əmanət qoyub gedirəm. Əgər onlara söykənsəniz bir daha yolunuzu azmayacaqsız. Bunlar Allahın kitabı və itrətim olan Əhli-Beytimdir.”
2) “Sizin aranızda elə bir əmanət qoyuram ki, ona yapışdığınız müddətdə azmazsınız: Allahın kitabını, O, Allahın göydən yerə uzanan bir ipidir və itrətim olan Əhli-Beytimi. Onlar (Cənnətdə) hovuz başında mənə yetişməyənə qədər bir-birlərindən ayrılmazlar. Baxın məndən sonra onlarla necə davranacaqsınız.”
3) “Mənim Əhli-Beytimin aranızdakı misalı Nuhun gəmisi kimidir. Ona minən qurtular, minməyən isə həlak olar.”
4) “Ulduzlar yer üzərindəki insanların qərq olmaması üçün bir nişanədir. Mənim Əhli-Beytim də ümmətimin ixtilafa düşməməsi üçün bir nişanədir. Hər hansı bir ərəb qəbiləsi onlara muxalifət edərsə, İblisin dəstəsindən olar.”
5) “Ey Ənsar camaatı! Sizə üzünüzü tutduğunuz təqdirdə, heç bir zaman yolunuzu azmayacağınız birini tövsiyyə edimmi? O, Əlidir. Onu məni sevdiyiniz kimi sevin, Mənə verdiyiniz dəyəri ona da verin.”
6) “Əlini sevmək, ocaq odu yandırdığı kimi günahları yandırar.”
7) “Ey Əli! Səni möminlərdən başqaları sevməz və Sənə munafiqlərdən başqaları kin bəsləməz.”
8) “Mənə itaət edən Allaha itaət etmiş olar, Mənə itaətsizlik edən isə Allaha itaətsizlik etmiş olar. Əliyə itaət edən isə Mənə itaət etmiş olar, Ona itaətsizlik edən isə Mənə itaətsizlik etmiş olar”
9) “Kim Mənim kimi yaşayıb, mənim kimi ölməyi və Allahın mənə vəd etdiyi əbədi Cənnətə daxil olmaq istəyirsə, Əli və ondan sonrakı zurriyyətini özünə vəli bilsin. Çünki heç bir zaman onlar sizi hidayət qapısından çıxarıb, zəlalət qapısına yönəltməz.”
On iki imam: Qeyd etdiyimiz bütün bu hadisə və rəvayətlərdən anlaşılır ki, yer üzü imamsız qalmaz. İmamlar məsumdur. Quranı, şəriəti, İslami elmləri haqqıyla bilən Onlardır. İnsanların Onlara itaəti mütləq vacibdir.
On iki imam bunlardır:

1. İmam Əli (ə)
2. İmam Həsən (ə)
3. İmam Hüseyn (ə)
4. İmam Zeynul-Abidin (ə)
5. İmam Muhəmməd Baqir (ə)
6. İmam Cəfər əs-Sadiq (ə)
7. İmam Museyi-Kazım (ə)
8. İmam Rza (ə)
9. İmam Muhəmməd Təqi (ə)
10. İmam Əli ən-Nəqi (ə)
11. İmam Həsən Əskəri (ə)
12. İmam Məhdi (ə.c.f)

Əssəlamu əleykum və Rəhmətullahi və Bərəkətuh.
Müəllif: Hoccətulislam Seyyid Mirəddin Haşimi

Paylaş:
Baxış sayı: 13733

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.