Xüms

Xüms

Son vaxtlar internet saytlarında, sosial şəbəkələrdə bir qrup insan batil iddialarla çıxış edərək, möminlərin qəlbinə şübhə salmaqla məşğuldurlar. Onlar iddia edirlər ki, müctehidlərə təqlid etmək caiz deyil. Allah təbarəka və təalanın sonsuz lütf və inayəti sayəsində bu yazılarımızla onlara cavab verməyə çalışacağıq.
İlk öncə bunu qeyd edək ki, həmin şəxslər çox uzun bir məqalə yazmış və orada müxtəlif mövzulara toxunmuşlar. Toxunduqları mövzuları isə təqlid etməyin haram olması məsələsinə səbəb kimi irəli sürmüşlər. Onlardan biri də xüms məsələsidir.
Həmin şəxslər iddia edirlər ki, İmam Zaman (ə.f.) ağanın böyük qeybəti dövründə şiələrə xüms kimi bir öhdəlik vacib deyildir. Yəni hər il malının xümsünü çıxarmaq heç kəsə vacib deyildir. Onların bu barədə yazdıqlarını olduğu kimi qeyd edirik:
Müctəhidlər özlərinin heç bir hüquq və səlahiyyətləri olmadan və indiki zamanda (yəni böyük-qeybət dövründə) və Müqəddəs nahiyə tərəfindən və ya başqa dil ilə desək, İmam Qaimul-Məhdi (ə) tərəfindən heç bir şəri icazələri olmadığı təqdirdə sadə və sıravi şiə müsəlmanlarından xüms kimi şəri dini ödənclər (və ya vergilər) yığırlar.
Halbuki İmam Qaimul-Məhdi (ə) zühura qədər öz şiələrini xüms kimi dini vergiləri ödəməkdən azad edib. Bu haqda belə bir hədis var:
İshaq ibni Yaqub İmam Mehdinin (ə) şiələrindən olub. Məhəmməd ibni Yaqub əl-Kuleyninin nəql etdiyi (bu şəxs şiə hədis alimlərin ən məşhurlarından və klassiklərindən biri olub və hamının da tanış olduğu məşhur “Kafi” kimi kitabın müəllifidir) kimi bu insan (yəni İshaq ibni Yəqub) elə onun özünün dediyi kimi onu narahat edən bəzi məslələrlə bağlı olaraq İmam Mehidəyə (ə) məktub yazır və bu məktubu ikinci naib olan Məhəmməd ibni Osman ibni Səid Əmri ilə İmam Mehdiyə (ə) göndərir.O bu məktubda İmam Mehdiyə (ə) bəzi suallar verir, İmam Mehdi (ə) isə bu sualların cavabını həmin məktubda verirdi. İmam Mehdi (ə) ona göndərilən məktuba özünün mübarək dəsti-xəttilə cavab məktubu yazır. Həmin məktubda İmam Mehdi əz-Zaman (ə) belə buyurur:
“….Xümsün ödənilməsinə gəlincə, artıq o (yəni xümsün ödənilməsi) bizim şilərimiz üçün mübah edilmişdir və bizim işimizin zahir olacağı vaxta qədər (yəni İmam Mehdi əz-Zamanın (ə) mübarək zühuruna qədər) bu işdə halallıqdadırlar (yəni icazə verilir ki, ödənilməsin), bu onun üçündür ki, onların viladəti (yəni doğuşu) təmiz olsun, çirkli olmasın (yəni haramzadə olmasınlar)….”.

Əvvəla bunu deyək ki, hədisin mətninə dair verdikləri mənbə səhvdir. Belə ki, yuxarıda qeyd olunan hədisin ünvanını bu cür göstərmişlər:

1. Şeyx Cəlil Əbu-Mənsur Əhməd ibni Əli ibni Əbu-Talib Təbərsinin “Əl-Ehticac” kitabı, c.2, səh.590-591, hədis: 344 (bəzi çaplarda c.2, səh.281-284 və ya səh.469)
Nəşr: Darul-kitab əl-İslamiyyə, Tehran şəhəri, Nəşr tarixi: 1384 (hicri şəmsi ilə)
2. Şeyx Hürr Amili “Vəsiluş-şiə”: c.18, səh.101 və c.27, səh. 140 (bəzi çaplarda c.18, səh.65 və 66, kitəbul-qəza, əbvabu sifəti-qazi, bab: 8, hədis: 50 və 53)
3. Şeyx Səduq “Kəmaluddin”: c.2, səh.236, bab: 45, hədis: 3 (bəzi çaplarda hədis: 4 səh.483-484)
4. Şeyx Səduq “Mən lə yəhzuruhul-fəqih”: c.4, səh.420, bəbun-nəvadir, hədis: 5919
5. Şeyx Səduq “Kitəbul-Əmali”: səh.109, hədis: 4
6. Şeyx Səduq “Uyuni əxbarur-Riza”: c.2, səh.37, hədis: 94
7. Şeyx Səduq “Məanil-əxbar”: c.2, səh.374, bab: 423
8. Şeyx Tusi “Əl-Ğeybət”: səh.180 (bəzi çaplarda səh. 177 və ya 247)
9. Əllamə Məclisi “Biharul-ənvar”: c.2, səh.25 , kitəbul ilm, bab: 8, hədis: 83
10. Mərhum Şeyx Nuru “Mustədrəkul-vəsail”: kitəbul-qəza, əbvabu sifəti-qazi, bab: 8, hədislər: 10, 11, 48, 52
11. “Muntəhal-amal”: c.2, səh.896
12. Əllamə Müttəqi Hindi “Kənzul-ummal”: c.10, səh.229, kitəbul ilm-min qismil-əvqal, bab: 3, hədis: 29209

Lakin yaxşı olardı ki, gələn dəfə məqalə yazarkən diqqətli olsunlar. Əllərinə verilmiş yazıları düzgün kopiya etməyi bacarsınlar. Çünki bu mənbələrin bəzisi başqa bir hədisə aiddir. O hədis isə budur:
Peyğəmbərimiz (s) buyurdu: “Ey Allahım, mənim xəlifələrimə rəhm et.” Soruşdular: “Ya Rəsulallah (s) sənin xəlifələrin kimdir?” Həzrət (s) buyurdu: “Məndən sonra gəlib hədis və sünnəmi camaata nəql edənlər.”
Verilən mənbələrin digər bir qismində isə ümumiyyətlə bu hədisi tapa bilmədik. Görünür cənablar mənbənin çoxluğu ilə gözdən pərdə asmaq istəmişlər.

Xümsün böyük qeybət dövründə vacib olmaması iddiasına cavab
Əvvəlcə yuxarıda qeyd olunan hədisin düzgün mənbəsini qeyd edək:
1. Şeyx Səduq “Kəmal əl-din və tamam əl-nimə” səh. 483 (bu mənbəni qeyd ediblər);
2.Hürr Amuli “Vəsail əl-Şiə” cild 6, səh. 383, bab 4, əbvabu ənfal və ma yəxtəssu bil-imam hədis 16.
وأما الخمس فقد أبيح لشيعتنا وجعلوا منه في حل إلى أن يظهر أمرنا، لتطيب ولادتهم
İmam Zaman (ə.f.) buyurur:
“Xümsə gəlincə, o, bizim şiələrimizə halal edilmişdir. Onlar bu məsələdə əmrimiz zahir olana qədər (zühura qədər) halallıqdadırlar. Bu ona görədir ki, onlar pak dünyaya gəlsinlər.”
Onlar bu hədisə əsaslanaraq deyirlər ki, imamların (ə) dövründə xümsün vacib olmasına baxmayaraq, İmam Zaman ağanın (ə.f.) böyük qeybət dövründə bu vacibat şiələrin boynundan götürülmüşdür. İddiaçılar yazır:
Elə buna görə də xüms kimi şəri vergiləri verməyi İmam Qaimul-Məhdi (ə.f.) tərəfindən ta zühura qədər bütün şiələrə halal edilib.
Yəni böyük qeybət dövrünə qədər imamların (ə) zamanında xüms vermək vacib idi. Lakin sonradan mübah edilmişdir. Bu iddialarında isə yuxarıda qeyd olunan hədisə əsaslanırlar.
Əvvəla xahiş edirik ki, sünnəni düzgün və dəqiq araşdırasınız. Bacarmırsınızsa ümumiyyətlə bu işə girişməyin və camaatı haqq yoldan azdırmayın. Əgər həmin hədisə əsaslanaraq qeybət dövründə xümsün mübah olduğunu deyirsinizsə, bəs o zaman bu hədislərə nə deyirsiniz?
Zürarə İmam Muhəmməd Baqirin (ə) bu cür dediyini nəql edir:
إن أمير المؤمنين عليه السلام حللهم من الخمس – يعني الشيعة – ليطيب مولدهم
Əmirəl-möminin Əli (ə) şiələrə xümsü halal etmişdir ki, dünyaya gətirdikləri övladlar pak olsunlar. [1]
Haris bin Muğeyrə deyir:
عن أبي عبد الله عليه السلام قال: ” قلت له: إن لنا أموالا من غلات وتجارات ونحو ذلك، وقد علمت أن لك فيها حقا، قال: فلم أحللنا ذلك لشيعتنا إلا لتطيب ولادتهم
İmam Sadiqə (ə) dedim: “Əlimizdə dənli bitkilərdən, alverdən və bu kimi şeylərdən əldə etdiyimiz mallar var. Bilirəm ki, sənin haqqın onların içindədir.” İmam (ə) buyurdu: “Biz bu şeyləri şiələrimizə yalnız ona görə halal etmişik ki, övladlarını pak halda dünyaya gətirsinlər.”[2]
İmam Əli (ə) buyurur:
هلك الناس في بطونهم وفروجهم، لأنهم لم يؤدوا إلينا حقنا، ألا [و] إن شيعتنا من ذلك وأبناءهم في حل
“İnsanların həlakəti qarınlarında və ayıb yerlərindədir. Çünki onlar bizim haqqımızı vermirlər. Amma şiələrimiz və onların övladları bu məsələdə halallıqdadırlar.”[3]
İmam Cəfər Sadiq (ə) buyurur:
قال: إن أشد ما فيه الناس يوم القيامة أن يقوم صاحب الخمس، فيقول: يا رب خمسي، وقد طيبنا ذلك لشيعتنا لتطيب ولادتهم
Qiyamət günündə insanlar arasında olan ən şiddətli şey xüms sahibinin ayağa durub belə deməsi olacaq: “Ey mənim Rəbbim! (Hanı) mənim xümsüm?!” (Daha sonra Həzrət (ə) buyurdu:) “Amma biz bu məsələni şiələrimiz üçün təmiz (halal) etmişik ki, dünyaya pak övlad gətirsinlər.” [4]
Bu məzmunda olan hədislərin sayını çoxaltmaq da olar. Lakin biz qeyd etdiklərimizlə kifayətlənərək iddiaçılara irad edib deyirik:
Siz İmam Zaman (ə.f.) ağadan nəql olunmuş hədisə əsasən İmamın (ə) böyük qeybət dövrünə çəkilməsindən sonra xümsün şiələrə mübah edildiyini deyirsiniz. Halbuki digər imamlarımızın (ə) dövrünə aid olan eyni və oxşar məzmunlu hədislər də var (yuxarıda qeyd etdiklərimiz). O zaman gərək həmin hədislərə əsasən deyəsiniz ki, ümumiyyətlə şiələr üçün xüms heç bir zaman vacib olmayıb. Çünki digər hədislərin məzmunu bunu tələb edir. Bu hədisləri boşlayıb yalnız İmam Zaman (ə.f.) ağadan nəql olunmuş hədisdən hökm çıxarıb fətva verməyə isə heç bir ixtiyarınız yoxdur. Çünki dəlilgətirmə məqamında bu hədisin faydası onunla eyni məzmunda olan digər hədislərin faydasından çox deyil. Beləliklə siz aşağıdakı yollardan birini seçməlisiniz:
1.Ümumiyyətlə xüms heç bir zaman vacib olmayıb.
2. Xüms böyük qeybət dövrünə qədər vacib olub, daha sonra İmam (ə.f.) tərəfindən halal edilib.
3. Xüms həmişə vacib olub, indi də vacibdir.
Əgər birinci yolu seçsəniz, öz dediklərinizin əksini demiş olarsınız. Çünki bu sözlərin sahibi sizsiniz:
Elə buna görə də xüms kimi şəri vergiləri verməyi İmam Qaimul-Məhdi (ə.f.) tərəfindən ta zühura qədər bütün şiələrə halal edilib.
Əgər ikinci yolu seçsəniz (necə ki, yazılarınızda bunu təsdiq edirsiniz), yuxarıda qeyd etdiyimiz irada cavab verməlisiniz. Hansı əsasla bir hədisi qəbul edirsiniz lakin, onunla eyni məzmunda olub, digər imamların (ə) dövründə xümsün mübah olmasına dəlalət edən hədisləri qəbul etmirsiniz?!
Qalır üçüncü yol. `Bunu isə heç zaman qəbul edə bilməzsiniz. Çünki, əziyyət çəkib o boyda məqalə yazmısınız. Belə çıxır ki, bütün zəhmətiniz hədər olub?! Əslində isə qəbul etməli olduğunuz yol, elə üçüncü yoldur.
Məsələnin araşdırılması
Gördüyünüz kimi bir qrup hədislər ümumiyyətlə xümsün şiələr üçün mübah olduğuna dəlalət edir. Yəni malın xümsünü vermək şiələrə vacib deyildir. Görəsən bu doğrudan da belədirmi? Bu hədisləri müstəqil şəkildə yəni heç bir ayə və hədislərlə qarşılaşdırmadan qəbul etməliyikmi?
Cavab: Bu hədisləri müstəqil şəkildə qəbul edə bilmərik. Yəni xüms barəsində olan digər dəlillərə göz yumub yalnız bu hədisləri qəbul etmək düzgün deyildir. Dediklərimizə bir neçə cəhətdən dəlil gətirə bilərik.
Birinci dəlil. Bu hədislər Quran ayəsinin və xümsün həmişə vacib olmasını deyən hədislərin məzmunu ilə ziddiyət təşkil edir. Həmin ayəni və hədisləri qeyd edirik:
Allah-təala buyurur:
وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ
“Bilin, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır.”[5]
Abdullah bin Bukeyr İmam Sadiqin (ə) belə buyurduğunu deyir:
عبد الله بن بكير عن الصادق عليه السلام قال: إني لآخذ من أحدكم الدرهم وإني لمن أكثر أهل المدينة مالاً، ما أريد بذلك إلا أن تطهروا
“Mən Mədinənin ən varlı adamı olduğum halda sizdən pul götürürəm. Bunu yalnız sizin paklanmanız üçün edirəm.” [6]
Muhəmməd bin Zeyd deyir:
قدم قوم من خراسان على أبي الحسن الرضا عليه السلام، فسألوه أن يجعلهم في حل من الخمس، فقال: ما أمحل هذاتمحضونا بالمودة بألسنتكم، وتزوون عنا حقًّا جعله الله لنا وجعلنا له وهو الخمس!! لا نجعل، لا نجعل، لا نجعل لأحد منكم في حل
Xorasandan olan bir dəstə insan İmam Rzanın (ə) yanına gəlib, xümsü onlara halal etməsini istədilər. İmam (ə) buyurdu: “Bu nə sözdür?! Dildə bizi sevdiyinizi deyirsiniz, amma haqqımızı vermək istəmirsiniz? Onu (haqqımızı) Allah bizim üçün qərar vermişdir, biz də onu Allah üçün qərar vermişik. O xümsdür. Onu sizlərdən heç kəsə halal etmirik, etmirik, etmirik!!”[7]
Sumaə deyir:
سألت أبا الحسن عليه السلام عن الخمس، فقال عليه السلام: في كل ما أفاد الناس من قليل أو كثير
İmamdan (ə) xüms barədə soruşdum. Həzrət (ə) buyurdu: “İstər az olsun istər çox insanların fayda əldə etdiyi hər şey(in xümsü vacibdir).”[8]
İmamın (ə) şiələrindən biri ona yazır: Sənə fəda olum. Fayda nədir onu mənə öyrət! Onun həddi nə qədərdir? … (onu mənə öyrət) ki, harama düşməyim. İmam (ə) buyurdu:
الفائدة ما يفيد إليك في تجارة من ربحها، وحرث بعد الغرام أو جائزة
Fayda ticarətdən əldə etdiyin qazancdır. Həmçinin ziyan yaxud mükafatdan sonra topladığın mal da (faydadır).
İbn Əbi Nəsr deyir:
كتبت إلى أبي جعفر عليه السلام: الخمس أخرجه قبل المؤونة أو بعد المؤونة ؟ فكتب: بعد المؤونة
İmam Muhəmməd Baqirə (ə) yazdım: “Xümsü illik xərcdən əvvəl çıxardım ya sonra?” Həzrət cavabında mənə yazdı: “İllik xərcdən sonra.”[9]
Muhəmməd bin Həsən Əşəri deyir: Şiələrdən bəziləri İmam Muhəmməd Baqirə (ə) xümsün necə çıxarılması haqqında yazdılar. Həzrət öz dəsti xətti ilə belə yazdı:
الخمس بعد المؤنة
“Xüms illik xərcdən sonra (çıxardılmalıdır).” [10]
Bu məzmunda olan hədislərin sayı çoxdur. Lakin biz qeyd etdiklərimizlə kifayətlənirik. Hədislərdən açıq-aşkar görünür ki, xüms heç kəsə halal edilməmişdir.
Deməli Quran ayəsi (ənfal 41) mütləq şəkildə xümsün vacib edildiyini deyir. Onun hər hansı bir topluma halal edilməsindən söhbət açmır. Sünnəyə müraciət etdikdə isə qeyd etdiyimiz kimi qarşımıza iki qrup hədis çıxır. Onlardan biri xümsün şiələrə halal edildiyini, digəri isə xümsün mütləq şəkildə vacib olmasını bildirir. Bəs indi bizim vəzifəmiz nədir? Hansı qrup hədisləri əsas götürməliyik? Bu sualımıza cavab tapmaq üçün yenə də sünnəyə müraciət etməli oluruq. Sünnənin göstərişi isə belədir:
Əziz Peyğəmbərimiz (s) buyurur:
فما وافق كتاب الله فخذوه وما خالف كتاب الله فدعوه
“Allahın kitabı ilə uyğun gələni götürün, uyğun gəlməyəni isə tərk edin.”[11]
Deməli Peyğəmbərimizin (s) göstərişinə əsasən biz Quranla uyğun gələn hədisləri əsas götürməliyik. Quranla uyğun gələn hədislər isə xümsün mütləq şəkildə vacib olmasını deyir. Məhz bu səbəbdən xümsün vacib olmadığını deyən hədisləri əsas tutub, digər dəlillərə göz yuma bilmərik.
İkinci dəlil. Xümsün vacib olmadığını qəbul etmək, onun vacib olma səbəbləri ilə uyğun gəlmir. Belə ki, hədislərə nəzər saldıqda görürük ki, xümsün vacib olma səbəblərindən biri belə göstərilir:
إنّ اللّه لمّا حرّم علينا الصدقة أنزل لنا الخمس ، فالصدقة علينا حرام ، والخمس لنا فريضة
“Allah-təala bizlərə sədəqəni (zəkatı) haram etdikdə, xüms hökmünü bizim üçün nazil etdi. Yəni bizə sədəqə (zəkat) vermək haram, xüms vermək isə vacibdir.” [12]
Mötəbər mənbələrdə bu məzmunda nəql olunmuş çoxsaylı hədislərə diqqət etdikdə məlum olur ki, xüms haşim övladlarına (seyyidlərə) zəkat haram edildiyi üçün vacib edilmişdir. Bu xümsün vacib edilmə səbəblərindən biridir. Əgər indiki dövrümüzdə xümsün vacib olmadığını desək, gərək zəkatın seyyidlərə halal olduğunu deyək. Xümsün vacib olmağına səbəb zəkatın seyyidlərə haram olmasıdırsa, o zaman xümsün vacibliyi aradan getdikdə zəkatın da haramlığı aradan getməlidir. Lakin seyyidlərə zəkatın haram olması isə şəriətimizdə qəti olaraq sabit olmuş məsələlərdəndir.
Deməli ən azı iki səbəbə görə xümsün vacib olmadığını deyən hədisləri müstəqil şəkildə qəbul edə bilmərik:
1. Bu hədislər Quran ayəsi və çox sayda nəql olunmuş mötəbər hədislərlə ziddiyyət təşkil edir.
2. Xümsün mübah olduğunu demək, onun vacib olma səbəbi ilə ziddir.
Ziddiyətin əlacı
Yuxarıda qeyd etdik ki, bir-biri ilə zidd məzmunlu olan iki hədisdən Qurana uyğun gələni seçməliyik. Buna görə də Quran və sünnəyə əsasən böyük qeybət dövründə xümsün vacib olması inkarolunmaz bir məsələdir. Lakin burada qarşımıza bir sual çıxır ki, digər hədisləri tamamilə tərkmi etməliyik? Həmin hədisləri qəbul etmək üçün bir yol varmı? Qısa da olsa bu məsələni araşdıraq.
Yuxarıda iki qrup hədis qeyd etdik. Məlum olduğu kimi birinci qrup hədislər xümsün vacib olmamasını, ikinci qrup hədislər isə xümsün vacib olduğunu bildirir. Lakin burada üçüncü bir qrup da var. Bu qrup hədislər Quran ayəsi və ikinci qrup hədislərlə ziddiyət təşkil edən birinci qrup hədisləri izah etmə səlahiyyətinə malikdir. Həmin hədislərdən birini oxucuların diqqətinə çatdırırıq.
Yunus bin Yəqub deyir:
جعلت فداك تقع في أيدينا الأموال والأرباح وتجارات نعلم أن حقك فيها ثابت وإنا عن ذلك مقصرون ، فقال أبو عبد الله عليه السلام ما أنصفناكم إن كلفناكم ذلك اليوم
“İmam Cəfər Sadiqdən (ə) soruşdum: “Sənə fəda olum! Bizim əlimizə qazancdan, alverdən və digər yerlərdən müxtəlif mallar gəlir. Onların içində sizin haqqınız (xüms) olduğunu bilirik. Lakin biz bu işi görməkdə (həmin malların xümsünü verməkdə) acizik.” İmam (ə) buyurdu: “Bu gün (bu halda) sizi bu işə mükəlləf etsək, sizinlə insaflı davranmış olmarıq.”[13]
Bu hədisə diqqət estək, görərik İbn Yəqub “əlimizə qazancdan, alverdən və digər yerlərdən müxtəlif mallar gəlir”-deyə soruşur. Daha sonra isə “Onların içində sizin haqqınız (xüms) olduğunu bilirik” deyir. Bu iki ifadədən belə məlum olur ki, sual verən başqasından alınmış xümsü verilməmiş mal haqqında soruşur. İmamın (ə) sözündən isə məlum olan budur ki, şiələrin əlinə xümsü verilməmiş bir mal yetişərsə onun xümsünü vermələri vacib deyildir. Digər hədislərin də mənası elə budur. Yəni hədislərdə “bizim şiələrə xüms halaldı” deyildikdə, başqa şəxsdən alınmış xümsü çıxardılmamış mallar nəzərdə tutulur. Buna görə də İmam Zaman ağanın (ə.f.) ümumi naibi olan fəqihlərimiz (Allah hamısından razı olsun) belə bir fətva verirlər: Əgər on iki imam şiəsi olan bir müsəlman xümsü verilməmiş bir malı satın alsa, onun xümsü satıcının boynundadır və alıcının üzərinə düşmür.
Nəticə
İddiaçılar İmam Zaman (ə.f.) ağadan xümsün vacib olmaması barədə nəql olunmuş bir hədisi əsas tutaraq, böyük qeybət dövründə xümsün İmam (ə.f.) tərəfindən halal edildiyini deyirlər. Biz isə, həmin hədislə eyni məzmunda olan, lakin İmam Zamandan (ə.f.) yox, digər imamlardan (ə) nəql olunmuş hədisləri göstərərək onlara belə bir sualla müraciət etdik ki, “əgər İmamın (ə.f.) bu hədisinə əsasən xümsün qeybət dövründə vacib olmadığını deyirsinizsə, o zaman digər hədislərə əsasən ümumiyyətlə heç bir zamanda xümsün şiələrə vacib olmadığını da deməlisiniz.” Halbuki bunu özləri də qəbul etmirlər.
Həmçinin dedik ki, hər hansı bir şəri məsələni ələ gətirərkən Quran və sünnədə olan dəlillərə bir kontekst içində baxılmalıdır. Ona görə də xümsün hər zamanda vacib olmasını bildirən hədisləri qeyd edərək, onların iddiaçıların gətirdikləri hədislə ziddiyət təşkil etdiyini göstərdik. Belə olduğu təqdirdə isə Qurana uyğun olan hədislərin seçilməsinin gərəkli olduğunu bildirərək, Quran və sünnəyə əsasən xümsün hər zamanda vacib olduğunu sübut etdik.
Daha sonra iddiaçıların gətirdiyi hədisi, həmçinin onunla eyni məzmunda olan digər hədisləri izah etmə qüvvəsinə malik olan başqa bir hədis gətirdik. Həmin hədisə əsasən də sübut etdik ki, xüms şiələrə vacib deyil dedikdə, başqasından alınmış və xümsü verilməmiş mal nəzərdə tutulur.
Beləliklə iddiaçıların nə qədər boş, mənasız və dəlilsiz söz danışdıqları məlum oldu. Onların məqsədi düzgün yolda olan müsəlmanları azdırmaqdan ibarətdir. Bunun isə ən effektiv yolu onları müctehidlərdən yəni fəqihlərdən, alimlərdən ayırmaqdır. Çünki alim qəbul etməyən şəxsin dinin çətin məsələlərində müraciət etdiyi kəs yalnız və yalnız İblisdir.
Onlar müctehidlərin ümumi naib olması, fiqhi dəlillərdə icma və əqlin mötəbər sayılması kimi məsələlərə də toxunmuşlar. Bu mövzular barədə isə digər məqalələrimizdə söhbət açacağıq.

Əli Abdullah
[1] Şeyx Səduq “İləl əl-şərae” səh. 377; Hürr Amuli “Vəsail əl-Şiə” cild 6, səh. 383, bab 4, əbvabu ənfal və ma yəxtəssu bil-imam hədis 15
[2] Hürr Amuli “Vəsail əl-Şiə” cild 6, səh. 381, bab 4, əbvabu ənfal və ma yəxtəssu bil-imam, hədis 9
[3] Hürr Amuli “Vəsail əl-Şiə” cild 6, səh. 379, bab 4, əbvabu ənfal və ma yəxtəssu bil-imam, hədis 1
[4] Hürr Amuli “Vəsail əl-Şiə” cild 6, səh. 380, bab 4, əbvabu ənfal və ma yəxtəssu bil-imam, hədis 5
[5] Ənfal 41
[6] Şeyx Səduq “Mən la yəhzuruhu əl-fəqih” cild 2, səh. 27; Hürr Amuli “Vəsail əl-Şiə” cild 6, səh. 337
[7] Əllamə Kuleyni “Əl-kafi” cild 1, səh. 548; Şeyx Tusi “Əl-istibsar” cild 2. səh.60, “Təhzib” cild 4, səh.140
[8] Əllamə Kuleyni “Əl-kafi” cild 1, səh. 545; Hürr Amuli “Vəsail əl-Şiə” cild 6, səh. 348
[9] Əllamə Kuleyni “Əl-kafi” cild 1, səh. 545
[10] “Təhzib” cild 4, səh. 123; Hürr Amuli “Vəsail əl-Şiə” cild 6, səh. 348
[11] Əllamə Kuleyni “Əl-kafi” cild 1. səh.69
[12] Hürr Amuli “Vəsail əl-Şiə” cild 9, səh. 483, bab 1, əbvabu ma yəcibu fihi əl-xums, hədis 2
[13] Hürr Amuli “Vəsail əl-Şiə” bab 4, əbvabu ənfal, hədis 6

Paylaş:
Baxış sayı: 13840

Digər Məqalələr..

2 Responses

  1. Anonim dedi ki:

    Salam biz ayda 500 m birde gorursen ondan awagi maaw aliriq ona xums ya zekat duwur ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.