Pul tapmağın hökmləri

Pul tapmağın hökmləri

Sual: Mömin şəxsin bildiyi halda, malının az bir hissəsi haramla qarışarsa, bunun hökmü nədir?
Cavab: Əgər haram malın miqdarını bilirsə, lakin sahibinin kim olduğunu bilmirsə, həmin miqdarda sahibinin adından sədəqə çıxarmalıdır.
Sual: Bir şəxs yerə düşmüş müəyyən məbləğdə pul tapmış və həmin malı götürüb xərcləmişdir. Onun olmayan malın öhdəsində olan haqqını ödəmək üçün nə etməlidir?
Cavab: Əgər malın sahibini tanımaq üçün hər hasnı əlaməti yoxdursa, onu mülkiyyətinə keçirə bilər. Əks təqdirdə, vacib ehtiyata əsasən, onun miqdarında sədəqə verməlidir.
Sual: Həcc və ümrə vaxtı namaz qılanların və təvaf edənlərin başmaqları bir-birinə elə qarışır ki, bir-birindən seçə bilmirik və yaxud hərəmin təmizlik işçiləri onları kənara atdığı üçün qarışıır. Belə olan halda hər hansı bir başmağı geyinməyə icazə verirsinizmi? Onsuz da sonda həmin başmaqlar atılır.
Cavab: Əgər sahibinin ondan imtina etdiyinə əmin olarsa, götürmək icazəlidir. Həmçinin onu tapacağına əmindirsə belə etməlidir. Yalnız bu halda əgər başmağın dəyəri varsa, onun dəyərində sədəqə verməlidir.
Sual: “Rəddul-məzalim” (öhdədə qalması ehtimal oluna biləcək haqlar) üçün bir şəxsə illik xərclərindən artıq bir dəfəyə sədəqə vermək olarmı?
Cavab: Bu işin düzgün olması şübhəlidir. Ehtiyat tərk olunmamalıdır.
Sual: Sahibi məlum olmayan məbləği mömin fəqirlərə və onların yetimlərinə sərf etməyimizə icazə verirsinizmi? Həmçinin sahibi məlum olmayan pulları mömin fəqirlərə və onların yetimlərinə yardım edən, onlar üçün sığınacaq tikmək, müalicə olunmaları üçün xəstəxana inşa etmək, təhsil almaları üçün məktəb tikmək kimi xeyriyyəçiliklə məşğul olan cəmiyyətlərə sərf etməyəimizə icazə verirsinizmi?
Cavab: Sahibi məchul olan mal yalnız fəqirlərə sərf olunmalıdır. Onu xeyriyyə işlərinə sərf etmək olmaz. İxtiyarınızda olan belə malı sədəqə verə bilərsiniz.
Sual: “Məzalimul-ibad” ilə “sahibi məchul olan mal” arasında nə fərq var? Onlar hökmdə bir-birindən fərqlidirmi?
Cavab: “Məzalimul-ibad” məlum olmayan insanların haqlarının öhdədə olmasıdır. “Sahibi məchul olan mal” isə müəyyən məchul bir şəxsə aiddir. Haq sahibini tapmaqdan ümidsiz olduqdan sonra sədəqə verilməsi baxımından hər ikisinin hökmü eynidir.
Sual: Bir nəfərə atasından miras olaraq ev qalmışdır. O, evin əvvəlki sahiblərini tanımır. Sonra varislərin payını bir şəxs satın almış və basdırılmış bir küp qızıl tapmışdır. Bunun hökmü nədir? Həmin xəzinə sahibi məchul olan əmlak sayılırmı və xümsünü verdikdən sonra yerdə qalan ona məxsus olurmu? Bu tapıntıda onunla yanaşı varislərin də haqqı varmı?
Cavab: Xəzinənin evə aid olması və onun mülkiyyətində olmasına görə xəzinənin vəfat edən ataya məxsus olduğu ehtimal edilərsə, mərhumun digər əmlakının hökmünü daşıyır. Bundan başqa halda isə qeyd etdiyimiz iki şərtə əsasən – xəzinənin onun olması ehtimalı və onun mülkiyyətində olmasını dəqiqləşdirdikdən sonra evin əvvəlki sahibi araşdırılmalı və ondan soruşulmalıdır. Əgər ona məxsus olduğunu iddia edərsə, ona verilməlidir. Əgər onun olmasını inkar edərsə, evin daha əvvəlki sahibi araşdırılmalıdır. Bu cür davam etdirilməlidri. Əgər hamısı xəzinənin onlara məxsus olduğunu inkar edərlərsə, “Minhacus-salihin” kitabı 1-ci cild, 1115-ci məsələdə qeyd olunan hökm icra edilməlidir.
Sual: Cənabınız tərəfindən bütün müqəllidləriniz üçün sahibi məchul olan malı almaq barədə ümumi və ya belə bir tələbdə olana xüsusi icazə verilibmi?
Cavab: Mömin qardaşlarımıza – Allah-taala onları razı olduğu işlərdə müvəffəq etsin! – icazə vermişik ki, hökumət və qeyri-hökumət müəssisələrindən qanuni yollarla aldıqlarını onlara sədəqə vermək məqsədilə fəqir vəkillərimizə verib sonra onlardan alsınlar və öz mülkiyyətlərinə çevirsinlər. Bu aldıqları məvacibin hökmüdür. Amma banklar və bu kimi yollarla əldə olunan mənfəətə gəlincə, yarısını sədəqə niyyəti ilə fəqir möminlərə vermək şərtilə qeyd etdiyimiz yolla digər yarısını mülkiyyətlərinə aid etmələrinə icazə vermişik.
Sual: Xüsusi hökümət orqanlarından sahibi məchul olan torpaq əraziləri almaq və ya icarəyə götürmək icazəlidirmi?
Cavab: Sahibi məchul olan torpaq ərazilərinin hökmü digər sahibi məchul olan əmlakların hökmü kimidir. Sahibini axtarmaq, tapdıqda isə onu razı salmaq vacibdir. Əgər onu tapacağından ümidsiz olarsa, oradan istifadənin düzgünlüyü üçün şəriət hakiminə və ya onun vəkilinə müraciət etmək vacibdir.
Sual: Bizim dəmir və işlənmiş taxtaların satışı obyektimiz var. Tanımadığımız şəxslərdən böyük həcmdə taxta və dəmir alırıq. Bilirik ki, aldıqlarımızın sahibi məchul şəxsdir. Bunları almaq və alış-verişini etmək icazəlidirmi?
Cavab: Ehtiyata əsasən, şəriət hakimindən icazə almaqla yanaşı dəyərini sədəqə olaraq vermək məqsədi olmadan heç kimin sahibi məchul olan əmlakı satmağa haqqı yoxdur.
Sual: Bizə sahibi məchul olan bəzi yerlərdə telefondan istifadə etmək, sənədlərin surətini çıxarmaq kimi işləri görmək və istifadə etmək xüsusunda icazə verirsinizmi?
Cavab: İslam ölkələrində hökumətin malından qanunsuz yolla şəxsi maraq üçün hər hansı növ istifadəyə icazə vermirik.
Sual: Sahibi məchul olan malın sahibini axtardıqdan və tapılmasından ümidsiz olduqdan sonra sədəqə verilmiş, lakin sahibi ortaya çıxmışdır. Bu halda hökm nədir?
Cavab: Əgər sədəqə verilməsinə razı olmasa və malının əvəzini tələb edərsə, vacib ehtiyata əsasən, ona malının əvəzi verilməlidir.
Sual: Rejim süquta uğradıqdan sonra (söhbət İraq Respublikasından gedir) zalimlərin birinin evindən qızıl zinət əşyaları götürdüm. Maddi imkansızlıq üzündən məişət problemlərimizin həlli üçün onu sərf etdik. Bunun hökmü nədir?
Cavab: Xüsusi mülkiyyətə məxsus olan mallar sahibinə qaytarılmalıdır. Tələf olduqda isə onun əvəzinin qaytarılması vacibdir. Ümumi mülkiyyətə gəlincə isə, onu və ya dəyərini fəqir möminlərə sədəqə olaraq vermək lazımdır.
Sual: Sahibi məchul olan, bilinməyən torpaq ərazisi vardı. Bir nəfər möminlərdən birinə müəyyən məbləğ müqabilində həmin topağı onun adına qeydiyyatdan keçirəcəyini dedi. Bu, icazəlidirmi?
Cavab: Əgər həmin torpaq ərazisi sahibinin əhəmiyyət verməyəcəyi və abadlaşdırılması nəzərdə tutulmayan növdəndirsə, vacib ehtiyata əsasən, əvvəlcə sahibi axtarılmalıdır. Onu tapılmasından ümidsiz olduqdan sonra həmin torpaq ərazisini şəriət hakimindən (bütün şərtləri özündə cəm edən müctəhiddən) satın almalı və fəqirlərə paylaması üçün qiymətini ona verməli, yaxud onun icazəsi ilə özü fəqirlərə paylamalıdır.
Sual: Bir şəxs (iş yenrində verilən) nahar payını qeyri-qanuni olaraq götürüb satmışdır. O, nahar payının həqiqi qiymətində olan məbləği, yoxsa satdığı məbləğin dəyərində sədəqə verməlidir?
Cavab: Onun qiymətində olan məbləği şəriət baxımından müstəhəq (haqqı çatan) fəqirlərə sədəqə olaraq verməlidir.
Sual: Malı haram mal ilə qarışan və bunu bilən möminin hökmü nədir?
Cavab: Əgər haramın miqdarını bilərsə, lakin sahibini tanımırsa, həmin miqdarı onun adından sədəqə olaraq verməlidir.
Sual: Xüsusi torpaq mülkiyyəti olan müsalman şəxsin həmin torpaqda olan neft, qızıl və bu kimi insanların arasında bərabər bölünən və ümumi mülkiyyət hesab olunan yeraltı sərvətlərə mülkiyyət haqqı varmı?
Cavab: Yeraltı mədənlər torpaq sahəsinin mülkiyyətinə aid deyil və torpağın abadlaşdırılması ilə mülkiyyətə daxil olmaz.
Sual: Dükan işlədən bir şəxsin dükanına bir nəfər gəlib malını orada unudur. Əgər sahibi ortaya çıxmasa dükan işlədən şəxs həmin malı mənimsəyə bilərmi? Əgər bu icazəlidirsə, mal sahibi ortaya çıxmasa onun öhdəsində vacib bir əməl varmı?
Cavab: Sahibinini tapacağından ümidsiz olanadək malı saxlamalı, sonra isə həmin malı və ya dəyərində olan məbləği sədəqə olaraq verməlidir. Vacib ehtiyata əsasən, bunun üçün şəriət hakimindən icazə almalıdır.
Sual: Əgər bir insanın xurma və ya hər hansı meyvə ağacı, yaxud bostan yanından keçərkən oradan bir şey yeməsi icazəlidirmi? Əgər yeməsi icazəlidirsə, oradan bir şey götürüb apara bilərmi?
Cavab: Yemək icazəlidir, lakin yığıb aparmaq icazəli deyil.
Sual: Sahibi məchul olan malın yarısını və ya hamısını sədəqə olaraq verməyin vacib olmasının şərti nədir?
Cavab: Mal hökumətə və ya hökumətin də səhmi olan banka məxsus olduğu halda insan heç nə sərf etmədən həmin mala sahib olarsa, yarısını sədəqə olaraq verməlidir. Amma hamısını sədəqə olaraq verməyin vacib olduğu hala gəlincə, bu, riba (faiz) ilə fəaliyyət göstərən və halal fəaliyyət növü olmayan bankın orada səhmi olan şəxsə verdiyi qazanc kimi haram olan mala aiddir.
Sual: Yaz fəslində bal arıları müstəqil yuva qurmaq üçün iki dəstəyə bölünür. Nəticədə bir dəstə uçaraq pətəkləri tərk edir və müəyyən bir yerə toplaşır. Əgər həmin arıların filankəsə məxsus olduğunu bilirəmsə, bal saxlayanların təbiri ilə desək onları qovuram. Başqasının bu arıları mənimsəməsinin hökmü nədir? Əgər sahibi bəlli deyilsə, onu mənimsəməyin hökmü nədir?
Cavab: Əgər kiminsə mülkiyyətindədirsə və sahibi ondan imtina etməyibsə, onu mənimsəmək üçün sahibindən icazə almaq və ya onunla razılaşmaq vacibdir. Əgər sahibi bəlli deyilsə, mənimsəmək olar. Baxmayaraq ki, sahibi məchul olan malın hökmünü tətbiq etmək müstəhəb ehtiyatdır.
Sual: Müəyyən məbləğdə pul, kitab, paltar və digər əşyalarım itdikdə “kim taparsa, mən onu Allah xatirinə sədəqə hesab edirəm” deməyim düzgündürmü?
Cavab: İcazəlidir.
Sual:
1. Tapılmış əşyanın hökmü sədəqə vermək olduqda sahibi meydana çıxıb sədəqə verilməsinə razı olmasa, həmin əşyanı ona qaytarmağa zamin olurammı?
2. Sahibi məchul olan malın hökmü sədəqə vermək olduqda sahibi meydana çıxıb sədəqə verilməsinə razı olmasa, həmin əşyanı ona qaytarmağa zamin olurammı?
3. Bir şəx mənim yanımda müəyyən əşya qoyub gedib. Uzun zaman keçdiyi üçün onun geri qayıdacağına ümidim qalmayıb. Onu sədəqə verdikdən sonra sahibi ortaya çıxarsa və razı olmasa, zamin olurammı?
Cavab: Bəli, qeyd olunan bütün bu hallarda sən zaminsən. Hətta ehtiyata əsasən, sahibi məchul olan malın da zəmanətini daşıyırsan. Bununla yanaşı ehtiyata əsasən, şəriət hakiminin icazəsi olmadan həmin malı sədəqə verməməlisən.
Sual: Mən televizor təmiri və peyk antenaları quraşdırmaqla məşğul oluram. Dükanımda qanuni sahiblərinin bir ildən artıq müddətdə tərk etdikləri çoxlu sayda televizorlar var. Onların qayıdacaqlarını da bilmirəm. Baxmayaraq ki, həmin televizorların bəzilərini təmir etmişəm, lakin əl muzdumu almamışam. Bəzilərinin isə təmir olunması qeyri-mümkündür. İndi peşəmi dəyişmək istəyirəm. Dükanım bu qədər sayda (100 ədəd) cihazları saxlamaq üçün yetərli deyil. Çünki sahəsi kiçikdir. Bu problemden xilas olmaq istəyirəm. Şəriət baxımından bu problemi necə həll etmək olar?
Cavab: Sahibini tapmağa ümid olmadıqda muzdunu götürməklə qalanını fəqir möminlərə sədəqə olaraq vermək olar. Amma hansı əmlakın sahibi ilə əlaqə yaratmaq mümkün olarsa, həmin əşyaları satıb əl muzdunu almaq və ya gəlib öz əmlaklarını götürmələri barədə onlarla razılaşmaq vacibdir.

Paylaş:
Baxış sayı: 12423

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.