Al-verin hökmləri

Al-verin hökmləri

Məsələ 2007: Kəsb edən (alver edən) şəxs, gərək al-verin, gündəlik qarşıya çıxan halların hökmlərini öyrənsin. Hətta əgər öyrənmədiyinə görə harama düşməsi, yaxud vacibi tərk etməsi gözlənilirsə, hökmü öyrənmək lazımdır. Həzrət İmam Sadiqdən (ələyhis-səlam) rəvayət olunur: Al-ver etmək istəyən şəxs, gərək onun hökmlərini öyrənsin və əgər onun hökmlərini öyrənməzdən əvvəl al-ver etsə, batil və şübhəli müamilələrin vasitəsilə həlakətə düşər.

Məsələ 2008: İnsan bir məsələni bilmədiyi üçün etdiyi al-verin düzgün, yaxud batil olduğunu bilməsə, nə aldığı nə də təhvil verdiyi maldan istifadə edə bilməz. Üstəlik məsələni öyrənməli, ya da hətta razılaşma yolu ilə olsa belə, ehtiyat etməlidir. Amma hərçənd müamilə batil olsa belə tərəfin onun o malı istifadə etməsinə razı olduğunu bilərsə, istifadə etməsi caizdir.

Məsələ 2009: Malı olmayan və vacib xərcləri olan şəxs (ailə və uşağının xərcləri kimi), işləyib qazanc əldə etməsi lazımdır. Ailənin yaşayışını daha da firavan etmək və fəqirlərə əl tutmaq və bu kimi müstəhəb işlər üçün, kəsb etmək müstəhəbdir.

AL-VERDƏ MÜSTƏHƏB OLAN ŞEYLƏR

Bir neçə şey alqı-satqıda müstəhəbb sayılmışdır:
1. Gərək şəxs malın qiymətində müştərilər arasında fərq qoymasın. Lakin fəqir və yoxsullar istisnadır.
2. Ticarət üçün oturmasının əvvəlində kəlmeyi-şəhadəti, müamilə etdikdə isə təkbir desin.
3. Satdığı şeyi artıq versin, aldığını az götürsün.
4. Müamilə etdiyi adam peşman olduqda və müamiləni pozmaq istədikdə, müamiləni pozmağa hazır olsun.

MƏKRUH MÜAMİLƏLƏR

Məsələ 2010: Müamilə də bir neçə şey məkruhdur. Onların bəziləri bunlardır:
1.Mülk satmaq; onun pulu ilə başqa bir mülk alıdığı təqdirdə məkruh deyil;
2.Qəssablıq (heyvan başı kəsməyi özü üçün sənəd seçmək);
3. Kəfən satmaq;
4. Şəxsiyyətsiz adamlarla al-ver etmək;
5. Sübh azanından gün çıxan vaxtadək olan al-ver;
6. Buğda, arpa və s. kimi şeylərin al-veri ilə məşğul olmaq;
7. Başqasının almaq istədiyi bir şeyi almaq üçün müamiləyə daxil olmaq.

HARAM MÜAMİLƏLƏR

Məsələ 2011: Haram müamilələr çoxdur. Bunlardan bəziləri aşağıdakılardır:
1. Kefləndirici içkiləri, ov iti olmayan it, donuz və həmçinin nəcisin murdarını alıb-satmaq ehtiyat-vacibə əsasən haramdır; Bundan qeyri hallarda əgər eyni nəcisdə halal istifadə etmək mümkün olarsa, məsələn; nəcis ğaitin gübrə kimi alqı-satqısı caizdir.
2. Qəsbi malın al-veri; əgər onda təhvil verib təhvil almaq kimi təsərrüf olsa;
3. Müqabil tərəfin nəzəri cəlb olunmadığı halda etibardan düşmüş, yaxud qəlp (saxta) pullarla al-ver etmək; Amma əgər saxta və ya etibarsız olduğunu bilsə, müamilə caizdir.
4. Büt, xaç, haram musiqi və qumar alətləri kimi müəyyən formada hazırlanan və adətən yalnız haram yolda istifadə olunan və dəyəri onun haram istifadəsi səbəbi ilə olan bir şeyin al-veri;
5. Tərkibində ğəşş (aldatma) olan müamilə; Həzrət Rəsulullah (səlləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: «Müamilə edərkən müsəlmanlara ğəşş edən (onları aldadan), şəxs bizdən deyildir. Kim öz müsəlman qardaşı ilə ğəşş etsə, Allah-təala onun ruzisinin bərəkətini çəkər, onun qazanc yolunu bağlayar və onu öz ixtiyarına buraxar».
Ğəşşin bir neçə müxtəlif növləri var:
1-Yaxşı malı pis mala, yaxud başqa bir şeyə qatmaq, məsələn, südə su qatmaq.
2-Olduğunun əksinə olaraq zahirini gözəl cilvələndirmək, məsələn, köhnəlmiş göyərtilərə su vurub təzə göstərmək.
3-Bir malı başqa mal kimi göstərmək; məsələn, müştərinin xəbəri olmadan bir şeyin yalnız üzünə qızıl çəkmək.
4- Müştərinin, satıcının ondan heç nəyi gizlətməməsinə arxayın olduğu halda malın eybini gizlətmək.

Məsələ 2012: Yuyulması mümkün olan, nəcis olmuş pak bir şeyi satmağın eybi yoxdur, palaz-xalça və qab kimi. Həmçinin yuyulması mümkün olmasa da, amma onun halal və adi olan mənfəəti neft kimi pak olmaqla şərtlənməməlidir, hətta əgər pak olmasına bağlı olsa da, əgər halal və etina olunacaq mənfəəti olsa, yenə də satmaq caizdir.

Məsələ 2013: Əgər bir şəxs nəcis bir şeyi satmaq istəsə, gərək onun nəcis olduğunu alıcıya o halda desin ki, əgər deməsə, alıcı harama düşə, yaxud vacibi tərk edə bilər, məsələn; nəcis suyu, dəstəmaz və qüsl almaqda işlədər, onunla vacib namazını qılar və ya nəcis şeydən yemək və içməkdə istifadə edər. Əlbəttə deməyin faydası olmadığı şəxslərə; məsələn, nəcasət və paklığa riayət etməyən laqeyd bir şəxs olsa bildirməsi lazım deyildir.

Məsələ 2014: İçməli olan və içməli olmayan nəcis dərmanları alıb-satmağın caiz olduğuna baxmayaraq, onun nəcis olduğunu əvvəlki məsələdə verildiyi kimi, gərək müştəriyə desinlər

Məsələ 2015: Qeyri islami ölkələrdən gətirilən yağların nəcis olduğu məlum olmazsa, alınıb-satılmaların eybi yoxdur. Amma heyvanın ölməsindən sonra ondan alınan yağ, jelatin kimi və sair maddələr kafirin əlindən alınsa və ya qeyri-islami ölkələrdən gətirilsə, əgər şəri üsullara əsasən kəsilmiş olan bir heyvana aid olduğuna ehtimal verilərsə, alqı-satqısı caiz və pakdır. Amma yeyilməsi haramdır və satıcının müştəriyə onun keyfiyyətini deməsi lazımdır. Əgər deməsə, 2013-ci məsələdə deyildiyi kimi, onun harama düşməsi, ya vacibi tərk etməsi ehtimalı vardırsa, satıcı vəziyyəti ona söyləməlidir.

Məsələ 2016: Şəriətdə təyin edilən göstərişə görə kəsilməyən və ya özü ölmüş olan tülkü və buna bənzər heyvanın dərisinin alqı-satqısı ehtiyata əsasən icazəli deyildir. Amma əgər şəkk olunsa, işkalı yoxdur.

Məsələ 2017: Qeyri islami ölkələrdən gətirilən və ya kafirin əlindən alınan dərinin, şəri göstərişə görə kəsilmiş olan bir heyvana aid olduğuna ehtimal verilirsə, onun al-veri caizdir. Həmçinin onda namaz qılmaq da səhihdir.

Məsələ 2018: Heyvanın ölməsindən sonra ondan əldə edilən yağ və sair maddələr və ya dəri müsəlmanın əlindən alınıbsa və insan onun, şəri göstərişə görə kəsilmiş olan heyvana aid olub-olmadığını araşdırmadan bir kafirdən aldığını bilirsə, hərçənd onun paklığına və alqı-satqısının caiz olmasına hökm olsa da, o yağı və bu kimi şeyləri yemək icazəli deyil.

Məsələ 2019: Şərab və sair məstedici içkilərin müamiləsi haram və batildir.

Məsələ 2020: Qəsbi malı satmaq batildir, amma sahibi icazə versə, düzdür və satıcı gərək alıcıdan aldığı pulu ona (sahibinə) qaytarsın.

Məsələ 2021: Əgər alıcı ciddi müamilə etmək qəsdi olduğu halda, aldığı şeyin pulunu verməmək niyyətində olarsa, onun bu niyyəti müamilənin səhih olmasına bir zərər yetirməz, amma o şeyin pulunu satıcıya verməsi gərəkdir.

Məsələ 2022: Əgər alıcı zimmə ilə aldığı malın pulunu sonradan haram maldan vermək istəsə, müamilə səhihdir. Amma ona borclu borcunu halal maldan verməlidir ki, borcu ödənmiş olsun.

Məsələ 2023: Haram əyləncə alətlərinin al-veri, icazəli deyil. Amma müştərək alətlər, məsələn; radio, maqnitofon, video kimi əşyaların alıb-satmağın maneəsi yoxdur. Özü və ailəsinin onlardan haram yolda istifadə etməyəcəyinə əmin olan şəxs üçün onları saxlamaq caizdir.

Məsələ 2024: Əgər halal istifadəsi mümkün olan bir şeyi haramda işlətmək qəsdi ilə satsa, məsələn, üzümü, şərab istehsal etmək üçün satsa, istər müamilə zamanı bunu qərara almış olsun, istərsə ondan əvvəl və müamiləni də o əsasda yerinə yetirsələr, bu müamilə haramdır. Amma bu qəsd ilə satmasa, sadəcə bilsə ki, müştəri üzümdən şərab düzəldəcək, müamilənin eybi yoxdur.

Məsələ 2025: Canlıların heykəlini düzəltmək ehtiyata əsasən, haramdır, amma onları alıb-satmağın maneəsi yoxdur. Canlıların şəklini çəkmək caizdir.

Məsələ 2026: Qumardan, oğurluqdan və ya batil müamilədən əldə edilmiş şeyi, onda təsərrüf etməyi tələb edirsə, almaq haramdır və bir kəs onu satandan alsa, gərək onu əsl sahibinə qaytarsın.

Məsələ 2027: Piy ilə qarışdırılmış bir yağı satan şəxs, əgər onu müəyyən edərsə, məsələn; «bu iki batman yağı satıram» deyərsə, onda olan piy ona yağ deyilməyəcək qədər çoxdursa, müamilə batildir və əgər onda olan piy, ona piy ilə qarışdırılmış yağ deyiləcək qədər azdırsa, müamilə səhihdir. Amma müştəri, nöqsanlığa görə müamiləni ləğv etmə haqqına sahibdir və öz pulunu geri ala bilər. Amma əgər yağ piydən ayrılsa (seçilirsə), yağın tərkibindəki piyin miqdarına mütənasib olaraq müamilə batil olur və satıcı o piy üçün aldığı pul müştərinin malı və piy satıcının malıdır və müştəri onun tərkibində olan xalis yağın müamiləsini də poza bilər. Amma əgər onu müəyyən etməsə və zimməsində olan iki batman yağı satsa, sonra piy ilə qarışmış yağı versə, müştəri o yağı geri qaytarıb və xalis yağı tələb edə bilər.

Məsələ 2028: Əgər malın bir miqdarını, çəki ya peymanə ilə satsalar, həmin maldan daha çox miqdarına satarsa, məsələn; bir batman buğdanı bir batman yarım buğdaya satsa, riba və haramdır. Hətta əgər iki maldan biri salim, o biri eybli, ya malın biri yaxşı, o biri pis olsa, ya qiymətdə bir-biri ilə fərqli olsalar, belə ki, verdiyi miqdardan çox alsa, yenə də riba və haramdır. Əgər sınıq olmayan misi verib və ondan çox sınıq mis alsa, ya uzun düyünü verib, ondan çox yumru düyü alsa, ya düzəlmiş qızılı verib, ondan çox düzəlməmiş qızıl alsa, riba və haramdır.

Məsələ 2029: Əgər artıq aldığı şey satdığından başqa bir şey olsa, məsələn; bir batman buğdanı, bir batman buğdaya və bir qəpik (riyal) pula satsa, yenə də riba və haramdır. Hətta artıq bir şey almasa, amma şərt etsə ki, alıcı onun üçün bir iş görsün, riba və haramdır.

Məsələ 2030: Əgər miqdarı az verən şəxs bir şey əlavə etsə, məsələn; iki batman buğda və bir dəsmalı iki batman yarım buğdaya satsa, eybi yoxdur. Belə ki, onların qəsdi bu olsa ki, dəsmal o çox miqdarın müqabilində olsun və həm də müamilə nəqd olsun. Həmçinin hər iki tərəfdən bir şey artırsalar, məsələn; bir batman buğdanı və bir dəsmalı bir batman yarım buğdaya və bir dəsmala satsa, belə ki, qəsdləri bu ola ki, birinci tərəfdə dəsmal və yarım batman buğda, ikinci tərəfdəki dəsmalın müqabilində olsa, eybi yoxdur.

Məsələ 2031: Parça kimi metrə və zira ilə satılan bir şeyi və ya qoz və ya toyuq yumurtası kimi ədədlə satılan bir şeyi satıb müqabilində daha artıq alarsa, eybi yoxdur. Amma hər ikisi də eyni cinsdən olarsa və müamilə də müddətli olarsa, onun səhih olması bu halda işkallıdır. Məsələn, on ədəd qozu nağd verib bir aydan sonra on iki qoz alarsa. Kağız pulu da satmaq bunun kimidir, məsələn; manatı digər cinsdən olan dinar, ya dollar kimi kağız pula nəqd, yaxud müddətlə satsa, maneəsi yoxdur. Amma əgər istəsə ki, öz cinsinə satsın və çox götürsün, gərək müamilə müddətli olmasın və belə olmadıqda onun səhih olması işkallıdır. Məsələn; 100 manat nəqd verib, altı aydan sonra 110 manat alması kimi.

Məsələ 2032: Şəhərlərin çoxunda və ya bir şəhərdə çəki və peymanə ilə, bəzi şəhərlərdə isə ədəd ilə satılan malların, ədəd ilə müamilə olunan şəhərdə artığına satmağı caizdir.

Məsələ 2033: Çəki ya peymanə ilə satılan şeylərdə, əgər bir şeyi satarsa və əvəzini bir maldan olmayan şeydən götürsə və müamilə nəqd olsa, çox götürməyin eybi yoxdur, amma müamilə müddətli olsa, işkallıdır. Deməli, əgər bir batman düyünü iki batman buğdaya bir aya qədər satsa, o müamilənin səhihliyi işkalsız deyil.

Məsələ 2034: Yetişmiş meyvəni, yetişməmiş meyvə ilə artığına müamilə etmək icazəli deyil. Əgər bərabər olsalar və nəqdi olsa, məkruhdur. Əgər nisyə olsa, işkallıdır.

Məsələ 2035: Arpa və buğda, faiz (riba) xüsusunda bir cinsdən hesab edilir; Belə ki, bir batman buğda verib əvəzində bir batman iki yüz əlli qram arpa alarsa, riba və haramdır. Həmçinin xərmən vaxtı on batman buğda vermək qəsdi ilə on batman arpa satın alarsa, arpanı nəqd alıb, buğdanı bir müddət sonra verdiyi üçün çox almış kimi olur və haramdır.

Məsələ 2036: Ata və oğul, qadın və əri bir-birlərindən faiz (riba) ala bilərlər. Həmçinin müsəlman bir şəxs İslamın mühafizəsi altında olmayan bir kafirdən faiz ala bilər; amma İslamın mühafizəsi altında olan kafirlə faizli müamilə etmək haramdır. Müamilə tamam olduqdan sonra əgər faiz vermək onun şəriətində caizdirsə, ondan faiz ala bilər.

Məsələ 2037: Ehtiyat-vacibə görə, üzü (dibdən) qırxmaq və buna görə zəhmət haqqı almaq icazəli deyil. Zərurət (çıxılmaz) halı, eləcə də onun tərk edilməsi (qırxılmaması) adətən dözüləsi olmayan bir çətinlik və ya zərər törədərsə, hərçənd başqalarının istehza və təhqir etməsi cəhətində olsa belə, bu iki hal istisnadır.

Məsələ 2038: Ğina haramdır. Ğina dedikdə məqsəd, ləhv-ləəb (kef) məclislərinə məxsus olan tərzdə avazla oxunan batil mətləblərdir. Həmçinin, Quran, dua və bu kimi şeyləri də o cür oxumaq icazəli deyil. Ehtiyat-vacibə görə qeyd olunanlardan başqa sözlər də gərək bu səslə (ğina ilə) oxunmasın. Həmçinin ğinaya qulaq asmaq da, eləcə də ğina üçün əmək haqqı (ücrət) almaq da haramdır. O, alsa belə, alanın mülkü olmur. Onu öyrətmək və öyrənmək də icazəli deyil. Musiqi də, yəni xüsusi musiqi alətlərində çalmaq da əgər ləhv-ləəb məclislərinə məxsus olacaq tərzdədirsə, haram, əks təqdirdə haram deyil. Haram musiqi çalmaqla ücrət almaq da haramdır, alanın mülkü olmur, onu öyrənib öyrətmək də haramdır.

Paylaş:
Baxış sayı: 9506

Digər Məqalələr..

2 Responses

  1. Sadiq dedi ki:

    Salam aleykum
    Hərrracın hökmü nədir? Şəxs özü hərracedə bilərmi, və ya hərracdaiştirak edə bilərmi?
    Çox sağ olun. Allah razı olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.