Vədiənin (əmanətin) hökmləri

Vədiənin (əmanətin) hökmləri

Məsələ 2294: Bir şəxs malını başqa birisinə verib, ona «bu sənin yanında əmanət qalsın» deyərsə və o da qəbul edərsə, ya da mal sahibi heç bir şey söyləmədən malını saxlamaq üçün ona verdiyini başa salarsa, o da saxlamaq məqsədi ilə alarsa, sonra söyləniləcək olan əmanət hökmlərinə görə hərəkət etməlidir.

Məsələ 2295: Əmanətçi və malını əmanət verənin hər ikisi gərək ağıllı və baliğ olsunlar. Başqa birisi tərəfindən də məcbur edilməməlidirlər. Buna görə əgər insan bir malı dəlinin və ya uşağın yanına əmanət qoyarsa, yaxud dəli və ya uşaq malı bir şəxsin yanında əmanət qoyarsa, səhih deyildir. Lakin ağlıkəsən uşağın başqasının malını onun icazəsi ilə bir şəxsin yanında əmanət qoyması caizdir. Həmçinin əmanət qoyan şəxsin səfeh və ya müflis olmaması da lazımdır. Amma əgər müflis olmasına baxmayaraq, əmanət qoyduğu mal istifadəsi onun üçün qadağan olunmuş mallardan olmazsa, eybi yoxdur. Həmçinin əmanəti qorumaq əmanətçinin öz malından istifadə etməsini yaxud malın tələf olub aradan getməsini gərəkli etdiyi halda əmanətçinin də səfeh və ya müflis olmaması gərəkdir.

Məsələ 2296: Əgər bir uşaqdan mal sahibinin izni olmadan bir şeyi əmanət olaraq alarsa, o şeyi sahibinə verməlidir. Əgər əmanət aldığı o şey uşağın öz malıdırsa, onu uşağın vəlisinə çatdırmalıdır. Belə ki, o şey onlara təhvil verməzdən öncə tələf olarsa, əvəzini verməlidir. Amma əgər o malın xarab olub aradan getməsindən qorxduğu üçün onu sahibinə çatdırmaq qəsdi ilə uşaqdan alıb və onu qorumaq və çatdırmağa da səhlənkarlıq etməzsə və icazə verilməyən təsərrüf etməzsə, zamin deyildir. Əmanət qoyan şəxs dəli olsa da, eyni hökmü daşıyır.

Məsələ 2297: Əmanəti qorumağa qadir olmayan şəxs, əmanət qoymaq istəyən şəxsin onun vəziyyətindən xəbəri yoxdursa, əmanəti qəbul etməməlidir. Əgər qəbul etsə və tələf olsa, zamindir.

Məsələ 2298: İnsan, mal sahibinə onun malını qorumağa hazır olmadığını başa salsa və malı əmanətə götürmədiyi halda mal sahibi malı qoyub gedərsə və o mal tələf olarsa, əmanəti qəbul etməyən şəxs zamin deyildir. Amma ehtiyat-müstəhəb budur ki, mümkün olduğu təqdirdə o malı qoruyub saxlasın.

Məsələ 2299: Bir şeyi əmanət qoyan şəxs istədiyi vaxt əmanət qərarını poza bilər. Həmçinin əmanəti qəbul edən şəxs istədiyi vaxt əmanət qərarını poza bilər.

Məsələ 2300: Əgər insan əmanəti qorumaq fikrindən dönüb əmanət əqdini pozarsa, mümkün qədər tez bir zamanda o malı sahibinə, ya sahibinin vəkilinə, ya da vəlisinə çatdırmalıdır, yaxud malı qorumağa hazır olmadığını onlara xəbər verməlidir. Əgər üzrsüz olaraq malı onlara çatdırmazsa, xəbər də verməzsə, o mal tələf olduğu təqdirdə əvəzini ödəməlidir.

Məsələ 2301: Əmanəti qəbul edən şəxsin əmanəti qorumaq üçün münasib bir yer yoxdursa, münasib bir yer tapmalıdır və əmanəti camaatın onu qorumaqda «səhlənkar davrandı» deməyəcəyi bir şəkildə qorumalıdır. Əgər bu mövzuda qüsurlu davransa və əmanət tələf olsa, əvəzini ödəməsi lazımdır.

Məsələ 2302: Əmanəti qəbul edən bir şəxs onun qorunmasında səhlənkarlıq və israfçılıq (yəni icazə verilməyən istifadə) etmədiyi halda təsadüfən əmanət tələf olarsa, zamin deyildir. Amma əgər onu qorumaqda səhlənkarlıq etsə, məsələn; onu bir zalımın xəbərdar olub götürə biləcəyi yerə qoyarsa və ifrata vararsa, (yəni o maldan sahibinin icazə vermədiyi şəkildə istifadə edərsə) məsələn; paltarı geyərsə və ya heyvana minərsə, tələf olduğu təqdirdə bunun əvəzini sahibinə verməlidir.

Məsələ 2303: Əgər mal sahibi malının qorunması üçün müəyyən bir yer təyin edərsə və əmanəti qəbul edən şəxsə «bu malı burada saxlamalısan, tələf olacağına ehtimal versən belə, başqa bir yerə qoymamalısan» deyərsə, onu başqa bir yerə qoya bilməz. Əgər başqa bir yerə qoyarsa və zay olarsa, zamindir. Amma əgər malın orada tələf olacağına yəqin etsə, bu halda daha möhkəm yerə aparması caizdir.

Məsələ 2304: Əgər mal sahibi malının qorunması üçün müəyyən bir yer təyin edərsə, amma sözündən o yeri təyin etməsinin o yerin onun nəzərində xüsusi əhəmiyyət daşıdığından deyil, sadəcə qoruma yerlərindən biri olduğu üçündürsə, əmanəti qəbul edən şəxs onu malından daha yaxşı olan və ya əvvəlkinin bənzəri olan başqa bir yerə qoya bilər. Bu halda mal orada zay olsa da, zamin deyildir.

Məsələ 2305: Əgər mal sahibi həmişəlik olaraq dəli və ya bihuş olarsa, əmanət əqdi batil olur və əmanəti qəbul edən şəxs dərhal əmanəti onun vəlisinə verməli və ya onu xəbərdar etməlidir. Bundan qeyri hallarda mal tələf olduğu halda onun əvəzini ödəməsi gərəkdir. Amma əgər mal sahibinin dəlilik və ya bihuşluğu hərdənbir olursa, bu halda da ehtiyat-vacibə görə həmin işi etməlidir.

Məsələ 2306: Əgər mal sahibi ölərsə, əmanət əqdi batil olur. Bu halda o mal başqasının bir haqqı deyilsə və meyyitin varislərinə keçirsə, əmanətçinin onun varislərinə verməsi, ya da xəbər çatdırması gərəkdir. Bundan qeyri halda əgər o mal tələf olarsa, zamindir. Amma əgər meyitin başqa varisinin olub-olmadığını, ya varisinin kim olmasını öyrənmək üçün malı saxlasa bu səbəbdən də mal tələf olarsa, zamin deyildir.

Məsələ 2307: Əgər mal sahibi ölərsə və mal onun varislərinə keçərsə, əmanəti qəbul edən şəxs, o malı meyyitin bütün varislərinə, ya da bütün varislərin vəkilinə verməlidir. Əgər o biri varislərin icazəsi olmadan malın hamısını varislərin birinə verərsə, qalanların payına zamindir.

Məsələ 2308: Əgər əmanəti qəbul edən şəxs ölərsə və ya həmişəlik olaraq dəli ya da bihuş olarsa, əmanət əqdi batil olur və onun varis və ya vəlisi mümkün qədər tez mal sahibinə vəziyyəti xəbər verməli, ya da əmanəti ona çatdırmalıdır. Amma əgər onun dəlilik və ya bihuşluğu hərdənbir olursa, bu halda da ehtiyat-vacibə görə həmin işi etməlidir.

Məsələ 2309: Əgər əmanəti qəbul edən şəxs, özündə ölüm əlamətləri görməyə başlarsa, mümkün olduğu halda ehtiyat-vacibə görə əmanəti ya onun sahibinə, ya vəli, ya da vəkilinə yetirməli, ya da xəbər verməlidir. Əgər mümkün deyilsə, onun ölümündən sonra malı sahibinə çatdırılacağına əmin olduğu bir şəkildə əməl etməlidir. Məsələn; şahid tutub vəsiyyət etməli və vəsiyyət etdiyi şəxsə və şahidə mal sahibinin adını, malın cinsini, xüsusiyyətlərini və yerini söyləməlidir.

Məsələ 2310: Əgər əmanətçi üçün bir səfər qarşıya çıxsa, əmanəti öz əhl-əyalının yanında saxlaya bilər. Amma əgər onun qorunması həmin şəxsin onun yanında olmasına bağlıdırsa, bu halda ya səfərdən qalmalı, ya da onu sahibinin vəlisinə, ya vəkilinə qaytarmalıdır, ya da vəziyyəti ona xəbər verməlidir.

Paylaş:
Baxış sayı: 9331

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.