Təvəlla və Təbərra

Təvəlla və Təbərra

Bismillahir-Rəhmanir-Rəhim

İslam dini Təvəlla və Təbərra təməli prinsipi üzərində qurulmuş bir dindir. Çünki bu dinin əvvəli təbərra ilə yəni Allahın düşməni və Allahın düşmənlərinin tapındığı şeylərdən bizi uzaq durmağa səsləməklə başlayır. Buna misal olaraq İmam Sadiq (ə.s)-ın buyurmuş olduğu bir gözəl kəlamı qeyd edirik. İmam Sadiq (ə.s) belə buyurur:

“Bir kəs “La ilahə illəllaha” iman etsə; bu şəxs düşməni tanıdıqdan sonra dosta yönələr. “La ilahə” yəni: “heç bir ilah yoxdur” deməklə bütün bütləri inkar edirsən. İnkardan sonra deyirsən ki: “İlləllah” yəni: “Yalnız Allah var”. Xəstəliyin keçdisə artıq sağlamsan. “La ilahə”-dən sonra “İlləllah”-ın dəyəri vardır.

Və sonra “Muhəmmədən rəsulullah” yəni: Belə bir Allahın bir də Rəsulu vardır.

Və sonra da “Əliyyən vəliyyullah” yəni: Bu peyğəmbərin bir də vəsisi, höccəti vardır. Ümmətini başlı-başına buraxmadı, Vəsisini tanıtdı…”

Elə buna görə də İmam Rza (ə.s) buyurur ki: “Din, dostluq və düşmənçilikdən ibarətdir.”

Yəni yuxarıdakı hədisdən gördüyümüz kimi din, ilk öncə Allahdan qeyri ilahlar sayılan məbudları inkar etməkdir. Yəni dinin əvvəli inkardır, bütləri, Allahın düşmənlərini inkar etməkdir, daha sonra isə tək olan Allahı ibadətə layiq olan yeganə məbud kimi qəbul etməkdir. Yəni din, Allahı, Allahın dostlarını qəbul etmək və Allahdan qeyri məbud sayılan ilahları və Allahın düşmənmlərini inkar etməkdən ibarətdir. Yəni din “Təvəlla” və “Təbərra”-dan ibarətdir. (Yəni Allaha görə dost olmaq və Allaha görə düşmən olmaqdan ibarətdir.)

Əgər bu gün biz deyiriksə ki, Əhli-Beyti sevir və Əhli-Beytin yolu ilə gedirik gərək Əhli-Beytin düşmənlərini yaxşı tanıyaq və onlardan uzaq duraq. O düşmənlər ki, Peyğəmbərə (s) və onun pak Əhli-Beytinə əzab əziyyətlər çəkdirmiş, Onları incitmiş və narahat etmiş, haqlarını qəsb edərək onlara məxsus olanı onlardan oğurlamışdırlar, Allahu-Təala onlara lənət oxuduğu kimi, biz də gərək onları düşmənimiz olaraq bilək və onlara lənət oxuyaq, necə ki, Allahu-Təala Qurani-Kərimdə buyurur:
“Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş (Öz rəhmətindən qovmuş) və onlar üçün həqarətli bir əzab hazırlamışdır!” (Əhzab 57)

Əslində hədislər və ayələr bizlərə hər şeyi bəlli edir, hansı mövqeydə duracağımızı və nə etməli olduğumuzu açıq bir şəkildə bəyan edir. Lakin bu mövzularda yazmaq və Əhli-Beytin düşmənlərinə lənət oxumaq bəzilərinin xətrinə dəyir, bildi bilmədi hər kəs vəhdətdən danışır. Lakin vəhdətin nə olduğunu və nə zaman və harada gərəkli olduğunu bilmir. Və Əhli-Beytin düşmənlərinə lənət oxuduğuna görə və bu dırnaq arası vəhdəti qorumadığına görə sənə elə bir münasibət göstərir ki, bilmirsən bu dostundur yoxsa düşmənin. Axı bu vəhdət dediyin şey nədir? Vəhdət dediyin şey əgər mənim əqidəmə, inanclarıma, dəyərlərimə edilən həqarətlərə göz yümmaqdırsa, yeri gəldikdə öz əqidədaşıma “sus, belə həqiqətləri demə! Qarşı tərəf inciyər” budursa, o zaman mən sizin inandığınız vəhdətə inanmır və bu batil vəhdəti lənətləyirəm!

Məgər Allah Qurani-Kərimdə buyurmurmu ki: “Siz bilə bilə haqqı batillə qarışdırmayın və haqqı gizlətməyin?”

Haqqı gizlətmək nədir? Məgər haqqı gizlətməyin nəticəsi bu deyilmi ki, haqq batillə qarışıb tanınmaz hala gəlir?

Buna görə də İmam Rza (ə.s), özünü Əhli-Beyt yolunda sanan bu kimi insanlara xitabən belə buyurur: “Biz Əhli-Beytin sevgisinə sarılan (sarıldığını iddia edən) bəziləri vardır ki, onlar şiələrimiz üçün Dəccaldan daha təhlükəlidirlər!

Ravi deyir: “Soruşdum ki; bu necə olur ey Ağam?!”

Buyurdu ki: “Bizim düşmənlərimizi dost tutarlar, dostumuza düşmən olarlar. Belə olduqda haqq ilə batil qarışar. İşlər dolaşar və mömin ilə münafiq bir-birindən ayırd edilə bilməz.”

And olsun Allaha ki. Əhli-Beyt bizə hər şeyi bəyan edir, yetərki Quran və Əhli-Beytdən həqiqətən sarılasan. Belə etdikdə Əhli-Beytin dostunu da, düşmənini də haqqıyla tanıyarsan! İmam Muhəmməd Baqir (ə.s), Cabir ibn Abdullah Ənsariyə xitabında buyurur ki:

“Ey Cabir! Düşmənlərimizdən hacət istəmə! Hətta bir qurtum su belə istəmə. Əks halda cəhənnəmdən keçərkən, “ey filankəs, mən sənə filan yerdə yaxşılıq etmədimmi?” – deyər və sən də çətin vəziyyətdə qalarsan.”

Bu hədisdə İmam Baqir (ə.s) bizi düşmənlərdən o dərəcədə uzaq olmağa səslədi ki, hətta onlardan bir qurtum su belə istəməməyi bizə söylədi, lakin İmam Cəfər Sadiq (ə.s) daha kəskin bir ifadəylə bunu bəyan edir və buyurur ki: “Əgər bizimləsinizsə düşmənlərimizlə nə işiniz var? Əgər bizimləsinizsə düşmənlərimizin qapısına niyə gedirsiniz? Bir rənginiz və bir şəkliniz olsun.”

Deyək ki, indi İmam Zəman Əleyhissəlamın hüzurundayıq. Biz desək ki, Ey Fatimə (s.ə)-nın oğlu, bir ömürdür ki, “Yəbnəl-Həsən” – deyə səslənirik, nəyə görə cavabımızı vermirsiz? Nəyə görə bizi qəbul etmirsiniz?
İmam Zəman əleyhis-səlamın cavabı da Cəddinin cavabı olmayacaqdırmı?

“Əgər bizimləsinizsə düşmənlərimizlə nə işiniz var? Əgər bizimləsinizsə düşmənlərimizin qapısına niyə gedirsiniz?.”

Buyurmayacaqdırmı ki: <<Vəhdət adı altında sarılıb qardaşlıq elan etdiyiniz kəslər kimlərdir? Düşmənlərimizin dostları ilə nə işiniz var? Bu nə sözlərdir ki, bizim vilayətimizə inanan və düşmənlərimizdən təbərri edənləri qınayır və lənətləyirsiniz, “bizdən deyilsiniz” deyirsiniz? Cəddim Əli ibn Əbi Talib Əleyhis-səlamın düşməninə “ana” deyirsən və eyni ağızla da Nənəm Zəhra (s.ə)-nın adı ilə məni səsləyirsən? >>

Bütün bunlar Əhli-Beytə olan naqis etiqaddan və cəhalətdən qaynaqlanır! Necə Əhli-Beyti sevirsən ki, düşmənlərinə də məhəbbət bəsləyirsən…?

Yenə İmam Cəfər Sadiq (ə.s) belə buyurur: “Bizi sevdiyini söylədiyi halda düşmənlərimizdən bəraət etməyən (onlardan uzaqlaşmayan) kəs (iddiasında) yalançıdır.”

Yenə İmam Cəfər Sadiq (ə.s) başqa bir hədisdə isə onlara qarşı vəhdət deyil, bəraət etməyin bizə vacib olduğunu bildirərək buyurur ki:

“Allahın vəlilərinin vilayət və məhəbbəti və onların düşmənlərindən bəraət (uzaq durmaq) vacibdir! Ali-Muhəmmədə sitəm edənlərdən, onların hörmətini çeynəyənlərdən, Fədəki və Həzrəti Fatimə (s.ə)-nın mirasını zorla alıb, İmam Əli (ə.s)-ın haqqını yağmalayanlardan, Həzrəti Fatimə (s.ə)-nın qapısını yandırmaq üçün qərar qəbul edib, sitəm binasının əsasını sağlamlaşdırmaq, zəlalət və sapqınlığın öndərləri olan Ənsab və Əzlamdan, zülm və sitəm bayraqdarlarından, birincisindən sonuncusuna qədər bəraət etmək (yəni onlardan uzaqlaşmaq və onlarla düşmən olmaq) vacibdir!!!”

Hətta İmam Sadiq (ə.s) dualarında belə Allahdan istəyir ki, qiyamət günü Onu Ali-Muhəmmədin düşmənlərindən bəraət edən olaraq onu həşr etsin, vəhdət və onlara qarşı məhəbbət bəsləyən halda deyil! Necə ki, O Həzrətin Mübahilə günü belə dua etdiyi nəql edilir:

“Ey Rəbbim! Muhəmməd və Ali Muhəmmədə salavat göndər. Və məni sənə iman, Peyğəmbərini təsdiq, Əli ibn Əbi Talib (ə.s)-ın vilayəti, Ali Muhəmmədin imamlarından tabe olan halda və onların düşmənlərinə bəraət (onların düşmənlərindən bəri, uzaq) və düşmənlik üzərində həşr et. Mən bu inanca razıyam ey Rəbbim!”

“Təbərra”nın bir mənası Allahın düşmənləri ilə düşmən olmaq deməkdir və “Təvəlla”nın isə mənası Allahın dostlarıyla dost olmaq deməkdir ki, bunların ikisi də Firuuddinin bəndlərindəndirlər. Lakin Təbərrası olmayan bir kəsin Təvəllası qəbul deyildir! Allah ilə dostsansa gərək Onun düşmənləri ilə düşmən olasan, Əgər Allah ilə dost tutub, Onun düşmənləri ilə də dostluq edib onları özünə dost tutursansa sən özün Allahın düşmənisən və münafiqdən qeyri bir şey deyilsən!
Necə ki, İmam Sadiq (ə.s) buyurur: “İmam Əli (ə.s)-ın düşməninin dostu elə İmam Əli (ə.s)-ın düşmənidir.”

Əgər Əhli-Beyt (ə.s) ilə dostsansa bunu həm qəlbində həm də əməlində göstərəcəksən və əgər Əhli-Beytin düşmənləri ilə düşmənsənsə, o zaman həm qəlbən onlara nifrət edəcək və həm də əməlində bunu təcəssüm etdirəcəksən. (Lakin təqiyyə halı istisnadır!).

Elə dinin kamalı da bununladır, bir kəs Əhli-Beytin vilayətini qəbul edib, düşmənlərindən təbərri etmədiyi müddətcə imanı və dini kamil olmaz! Necə ki, İmam Rza (ə.s) buyurur: “Dinin kəmalı, Biz Əhli-Beytin vilayətinə bağlılıq və düşmənlərimizdən bərat etməkdən (uzaq durmaqdan) ibarətdir.”

Müəllif: SEYYİD MİRƏDDİN HAŞİMİ

Paylaş:
Baxış sayı: 12106

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

17 − 5 =