Imam Huseynin Aşura gecəsi söylədiyi xütbə

İmam Huseynin Aşura gecəsi söylədiyi xütbə

İmam Zeynul-Abidin (əleyhissəlam) buyurur:
Huseyn (ə) və səhabələri axşam vaxtı cəm oldular.
Mən o vaxt xəstə idim.
(İmam Huseynin (ə) Onlara nə dediyini eşitmək üçün yaxınlaşdım. İmam Huseyn (ə) belə buyururdu:
Allaha ən gözəl şəkildə təriflər deyirəm.
Gizlində və aşkarda ona həmd edirəm.
İlahi, bizi nübuvvətlə şərəfləndirdiyinə, Quranı bizə öyrətdiyinə və bizi dini bilən etdiyinə görə sənə həmd edirəm.
Sən bizə qulaqlar, gözlər və ürəklər vermisən.
Bizi şükr edənlərdən qərar ver.

Həqiqətən mən öz səhabələrimdən daha vəfalı və daha xeyirli səhabə, Əhli-beytimdən daha yaxşı və yaxın əhli-beyt tanımıram.
Allah mənə görə sizə xeyirli mükafat versin.
Mən belə düşünürəm ki, bu bizim bunların əlindən sağ qaldığımız axırıncı gündür.
Mən sizə çıxıb getməyiniz üçün icazə verirəm və boynunuzda olan haqqımı götürürəm.
Gecənin qaranlığını (rahat getməyiniz üçün) fürsət bilin.

Qardaşları, oğlanları, qardaşları oğlanları və Əbdullah ibn Cəfərin iki oğlu ona belə dedi:
Bunu niyə edək ?
Səndən sonra sağ qalmaq üçün ?
Allah bunu bizə heç vaxt göstərməsin.
Bu sözü ilk dəfə Abbas ibn Əli (Allah ondan razı olsun) deməyə başladı.
Ondan sonra digərləri bu sözə oxşar sözlər dedilər.

İmam Huseyn (ə) buyurdu:
Ey Əqilin övladları, Muslimin öldürülməsi sizə bəsdir.
Siz gedin, mən sizə icazə verirəm.
Onlar belə dedilər:
Subhənallah, camaat bizə nə deyər ?
Deyərlər ki, biz öz böyüyümüzü, ağamızı, ən xeyirli əmi olan əmimizin övladını tərk etmişik, onunla ox atmamışıq, nizə vurmamışıq, onunla qılınc vurmamışıq və onun başına nə gətirilib xəbərimiz yoxdur.
Allaha and olsun, biz bunu etməyəcəyik.
Əksinə öz canımızı, malımızı və ailəmizi sənə fəda edəcəyik.
Sənin getdiyin yerə gedənə kimi səninlə birgə döyüşəcəyik.
Allah səndən sonra yaşamağın üzünü qara etsin.

Muslim ibn Övsəcə qalxaraq belə dedi:
Səni tərk edək ?
Bəs Allaha sənin haqqını ödəməməyimizə görə nə üzr gətirəcəyik ?
Allaha and olsun, onların sinəsinə nizə vuracağam və qılıncımın qını əlimdə qalana qədər onlara qılıncımla zərbə endirəcəyəm.
Əgər silahım olmasa onlara daş atmaqla onlarla döyüşəcəyəm.
Qoy Allah bilsin ki, biz Allah Rəsulu aramızda olmasa da sənin haqqını qorumuşuq.
Allaha and olsun, əgər bilsəm ki, mən öldürüləcəyəm, sonra dirildiləcəyəm, sonra yandırılacağam, sonra dirildiləcəyəm, sonra kül ediləcəyəm və bu işi mənimlə yetmiş dəfə təkrar edəcəklər, sənin qarşında ölməyənə qədər səndən ayrılmayacağam.
Mən bu işi necə etməyim ki, bu bir dəfə olan bir ölümdür və bu ölüm əbədiyyən bitməyən bir kəramətdir.

Züheyr ibn Qeyn (Allah ona rəhmət eləsin) ayağa qalxaraq belə dedi:
Allaha and olsun, mən istəyirəm ki, öldürülüm, sonra dirildilim sonra yenə öldürülüm və mənimlə min dəfə bu iş baş versin və Allah bunun vasitəsi ilə ölümü səndən və Əhli-beytinin bu cavanlarından uzaqlaşdırsın.

Sonra səhabələrindən digərləri də buna bənzər sözlər dedilər.

Seyyid Haşim Bəhraninin Əbu-Həmzə Somalinin İmam Zeynul-Abidindən (əleyhissəlam) rəvayət etdiyi başqa bir hədisdə İmam Səccad (ə) İmam Huseynin (ə) bu xütbəsindən sonra İmam Həsənin (ə) 10-14 yaş aralarında olan və Kərbəlada şəhid olmuş oğlu Qasimin (ə) belə dediyini nəql edir:
Mən də öldürülənlərdən olacağam ?
İmam (ə) buyurdu:
Ey oğlum, ölüm sənin üçün necədir ?
Qasim (ə) dedi:
Ey əmi, ölüm mənim üçün baldan da şirindir.
İmam Huseyn (ə) buyurdu:
Əmin sənə fəda olsun, bəli, sən və oğlum Abdullah (Əli-Əsğər) böyük bəla gördükdən sonra mənimlə birgə şəhid olacaq kişilərdən birisən… !!!

Şeyx Mufid Əl-İrşad c. 2, səh. 92

Seyyid Haşim Bəhrani, Mədinətul-məaciz c. 4, səh. 215

Paylaş:
Baxış sayı: 13233

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.