Azanda “Əliyyən vəliyyullah” demək olarmı?!

Azanda “Əliyyən vəliyyullah” demək olarmı?!

Bismillah

Təəssüflər olsun ki, son zamanlar sosial şəbəkələrdə və internet səhifələrində heç kimə lazım olmayan və ixtilafa səbəb olan bəzi fikirlər paylaşılır. Nəticədə isə dini məlumatı az olan şəxslər şəkk və şübhəyə düşərək islam alimləri haqqında mənfi düşüncələrə qapılırlar. Beləliklə də dindar kütlənin bir hissəsi düzgün yoldan yayınmış olur. Bu fikirləri yayan şəxslər məsələnin həqiqətini bilmədən, araşdırmadan bəzi səthi məlumatları görüb həqiqəti aşkar etdiklərini fikirləşirlər. Daha sonra isə haqqı təbliğ etdiklərini düşünüb bu məlumatı dini biliyi az olan insanlar arasında yayırlar. Lakin qaş düzəldərkən vurub göz çıxarmalarından xəbərsizdirlər.

Bu cür təfriqə yaradan fikirlərdən biri də Azanda “əliyyən vəliyyullah” demək məsələsidir. Həmin şəxslər deyir ki, azanda “əliyyən vəliyyullah” demək nə Qurana nə də ki, sünnəyə uyğundur. Azanda bu şəhadəti deməyi caiz bilən müctehidlər isə dinə bidət gətiriblər.

Lakin bu sözlər boş muğalitədən başqa bir şey deyildir. İnanclı kütlənin daha artıq şübhəyə düşməməsi üçün, həmçinin bu fikri yayan qardaşların dəlil qarşısında susan insaflı şəxslər olduğuna ümid etdiyimiz üçün məsələnin həqiqətini araşdırmağı qərara aldıq. Bu yolda isə yalnız sonsuz elm və hikmət sahibi olan Allah təbarəkə və təaladan yardım diləyirik.

Bəhsin mövzusu (məhəllun-niza)
Hər hansı bir bəhsə başlamazdan öncə onun mövzusunu təyin etmək olduqca əhəmiyyətli bir məsələdir. Əks halda mövzular bir-birinə qarışar nəticədə isə, heç bir fayda əldə edilməz. Ona görə də hər şeydən əvvəl bəhsimizin mövzusunu təyin etməyi lazım bilirik. Beləliklə bəhsimiz aşağıdakı iki mövzu əsasında aparılacaq:

· Üçüncü şəhadət (əliyyən vəliyyullah) azan və iqamənin tərkib hissəsidirmi?
· Üçüncü şəhadəti azan və iqamədə demək şəri baxımdan icazəlidirmi?

Bu iki mövzunu bir-birindən fərqləndirmək çox mühüm məsələdir. Yuxarıda qeyd etdiyimiz şəxslərin əsas səhvi də elə budur. Onlar bu iki mövzunu ayırd etmədikləri üçün səthi araşdırmalarında səhvə yol verərək, digər insanları da səhv düşünməyə vadar edirlər. Yəni məsələni araşdırarkən üçüncü şəhadətin azan və iqamənin tərkib hissəsi olmadığı qənaətinə gəldikdən dərhal sonra onun azan və iqamədə deyilməsinin caiz olmadığını söyləyirlər. Başqa sözlə onlar iki mövzu arasında “səbəb bağlılığı”nın olduğunu düşünürlər. Yəni birinci mövzunun sübut olunmaması ikinci mövzunun da sübut olunmamasına səbəbdir-qənaətindədirlər. Daha aydın ifadəylə desək, üçüncü şəhadət azan və iqamənin tərkib hissəsi deyilsə, deməli onu azan və iqamədə söyləmək haramdır-deyə fikirləşirlər. Lakin bunu demək üçün onların ilk əvvəl görməli olduğu iş iki mövzu arasında “səbəb bağlılığı”nın mövcud olmasına dəlil gətirməkdir.Bağlılğı isbat etmədən belə bir fətva vermək uçuruma yuvarlanmaqdan başqa bir şey deyildir.

Üçüncü şəhadət azan və iqamənin tərkib hissəsidirmi?
Bu barədə ilk öncə bir neçə qədim və müasir şiə fəqihlərinin fikirlərini qeyd etmək istəyirik. Beləliklə:

· Şeyx Səduq r.ə. (vəfatı 381 h.q.):
ولكن ليس ذلك في أصل الاذان
“Lakin bu (üçüncü şəhadət) azanın tərkib hissəsi deyildir.”[1]

· Şeyx Mufid r.ə. (vəfatı 413 h.q.):
و الأذان و الإقامة خمسة و ثلاثون فصلا الأذان ثمانية عشر فصلا و الإقامة سبعة عشر فصلا
“Azan və iqamə birlikdə 35 hissədir. Azan 18, iqamə isə 17 hissədən ibarətdir.”[2](Yəni üçüncü şəhadət azan və iqamənin tərkib hissəsi deyildir)

· Şeyx Tusi r.ə. (vəfatı 460 h.q.):
أنه ليس من فضيلة الأذان ولا كمال فصوله
“O (üçüncü şəhadət), azanın nə fəziləti, nə də tərkib hissələrinin tamamlayıcısdır.”[3]

· Mühəqqiq Hilli r.ə. (vəfatı 676 h.q.):
والآذان على الأشهر ثمانية عشر فصلا
“Daha məşhur olan budur ki, azan on səkkiz hissədir.”[4](Yəni üçüncü şəhadət azanın tərkib hissəsi deyil)

· Əllamə Hilli r.ə. (vəfatı 726 h.q.):
وعدد فصول الأذان ثمانية عشر فصلا عند علمائنا
“Alimlərimizin nəzərində azanın tərkib hissələrinin sayı on səkkizdir.”[5]

· Şəhid Əvvəl r.ə. (vəfatı 786 h.q.):

وصورة الأذان ” الله أكبر ” أربع مرات، ” أشهد أن لا إله إلا الله ” ” أشهد أن محمدا رسول الله ” ” حي على الصلاة ” ” حي على الفلاح ” ” حي على خير العمل ” ” الله أكبر ” ” لا إله إلا الله ” مثنى مثنى، فيكون ثمانية عشر فصلا
“Azanın qaydası belədir: “Əllahu Əkbər” dörd dəfə, “əşhədu ənla ilahə illəllah”, “əşhədu ənnə muhəmmədən rəsulullah”, “həyyə ələs-səlat”, “həyyə ələl-fəlah”, “həyyə əla xayril-əməl”, “Əllahu Əkbər”, “La ilahə illəllah” iki-iki (yəni bunların hərəsi iki dəfə). Hamısı birlikdə on səkkiz hissə edir.”[6]

· Şəhid Sani r.ə. (vəfatı 966 h.q.):
ثمانية عشر فصلافهذا
“Bunlar (azanın hissələri) on səkkiz hissədir.” [7]

O cümlədən Şeyx Cəvahiri r.ə. (vəfatı 1266 h.q.) “Rəsail əl-fiqhiyyə” [8], Şeyx Ənsari r.ə. “Kitab əs- Səlat”[9], Seyyid Xoyi r.ə. “Minhac əs-salihin”[10] kitabında və demək olar ki, bütün qədim və müasir fəqihlər öz kitablarında azanın on səkkiz, iqamənin isə on yeddi hissədən ibarət olduğunu qeyd edirlər. Biz uzunçuluq olmasın deyə, qeyd etdiklərimizlə kifayətlənirik.
Gördüyünüz kimi əksər şiə fəqihləri[11] üçüncü şəhadəti azan və iqamənin tərkib hissəsi saymırlar. Bu barədəki araşdırmanı İmam Muhəmməd Baqirdən (ə) nəql edilmiş səhih bir hədislə tamamlayırıq:

علي بن إبراهيم، عن محمد بن عيسى بن عبيد، عن يونس، عن أبان بن عثمان عن إسماعيل الجعفي قال: سمعت: أبا جعفر (عليه السلام) يقول: الاذان والاقامة خمسة و ثلاثون حرفا فعد ذلك بيده واحدا واحدا الاذان ثمانية عشر حرفا والاقامة سبعة عشر حرفا
“Muhəmməd bin Yəqub (Şeyx Kuleyni) nəql edir Əli bin İbrahimdən. O isə, Muhəmməd bin İsa bin Übeyddən, o da Yunusdan, Yunus Əban bin Osmandan, Əban isə İsmayıl əl-Cufidən nəql edir: İmam Baqirin (ə) belə dediyini eşitdim: “Azan və iqamə otuz beş hissədir.” Onları (hissələri) bir-bir əli ilə saydı. (Buyurdu ki,) “Azan on səkkiz, iqamə isə on yeddi hissədən ibarətdir.”[12]

Gördüyünüz kimi, hədisdə üçüncü şəhadət, azan və iqamənin tərkib hissələrində yoxdur. Bunu azanın on səkkiz iqamənin isə on yeddi hissədən ibarət olması təsdiqləyir.

İkinci mövzunun araşdırılması
Yuxarıda qeyd etmişdik ki, bəhsimiz iki mövzu üzərində aparılacaq:
· Üçüncü şəhadət (əliyyən vəliyyullah) azan və iqamənin tərkib hissəsidirmi?
· Üçüncü şəhadəti azan və iqamədə demək şəri baxımdan icazəlidirmi?
Birinci mövzu haqqında qısa şəkildə məlumat verdik və məlum oldu ki, üçüncü şəhadət azanın tərkib hissəsi deyildir. Ən azından əksər fəqihlərə görə bu belədir. İndi isə Allah təbarəkə və təalanın köməyi ilə ikinci mövzunu araşdırmağa başlayırıq.

Alimlərimiz üçüncü şəhadətə bidət deyərkən nəyiq qəsd edirlər?
Mövzunu sünnə əsasında araşdırmağa başlamazdan öncə qarşı tərəfin yazılarında yol verilən bir müğalitəyə cavab vermək istəyirik. Belə ki, həmin şəxslər “üçüncü şəhadət bidətdir”, “qeyri-məşrudur” deyən bəzi alimlərdən sitatlar gətirərək, onları azanda “əliyyən vəliyyullah” deyilməsinin sərt əleyhdarları kimi təqdim edirlər. Lakin həqiqətdə isə belə deyildir. Məsələni bir qədər geniş araşdıraq.

Şeyx Tusinin (r.ə.) üçüncü şəhadət barədə nəzəri
Qarşı tərəf yazır: “və amma bəzi şazz xəbərlərdə gələn “Əşhədu ənnə Əliyyən vəliyullah” və “Al-i Muhəmməd yaradılmışların ən xeyirlisidir” sözlərinə gəldikdə isə əzan və iqamədə bunlara əməl edilməz və kim buna əməl etsə o xətakardır.” Şeyx Tusi r.a. “Nihayə”, səhifə 69

Onlar Şeyx Tusinin (r.ə.) bu sözlərini yazmaqla kifayətlənirlər. Nəticədə isə bunu oxuyan digər şəxslər elə başa düşürlər ki, Şeyx (r.ə.) üçüncü şəhadətin azanda deyilməsini qəti şəkildə pisləyir və bu məsələni heç bir yolla icazəli bilmir. Əslində isə belə deyildir. Çünki Şeyx Tusinin (r.ə.) nəzərinə əsasən azanda üçüncü şəhadət azanın tərkib hissəsi deyildir. Amma onu azanın sözləri içində deməyin isə heç bir eybi yoxdur. Şeyxin (r.ə.) “Əl-məbsut” əsərindəki sözlərini diqqətlə incələyən hər bir şəxs bu dediyimizin şahidi olar. Belə ki, Şeyx “Əl-məbsut” kitabında yazır:

فأما قول: أشهد أن عليا أمير المؤمنين وآل محمد خير البرية على ما ورد في شواذ الأخبار فليس بمعمول عليه في الأذان ولو فعله الانسان لم يأثم به غير أنه ليس من فضيلة الأذان ولا كمال فصوله
“Şazz xəbərlərdə (hədislərdə) gələn “Əliyyən vəliyyullah” və “Ali-Muhəmməd xeyrul-bəriyyə” kəlimələrinə gəlincə, onlara azanda əməl edilməz. Amma bir insan bunu etsə (bu sözləri azanda desə) günah etməz, sadəcə olaraq bu azanın fəziləti və tərkib hissələrinin tamamlayıcısı deyildir.”[13]

Diqqət etsək görərik ki, Şeyx (r.ə.) azanda üçüncü şəhadəti haram saymır. Əksinə bu əməli icazəli bilir. Çünki açıq-aşkar yazır: “Amma bir insan bunu etsə (bu sözləri azanda desə) günah etməz.” Bu isə “azanda üçüncü şəhadəti demək caizdir”-ifadəsi ilə tam eynidir. Daha sonra isə Şeyx (r.ə.) yazır: “sadəcə olaraq bu azanın fəziləti və tərkib hissələrinin tamamlayıcısı deyildir.” Bu sözdən məlum olur ki, üçüncü şəhadət azanın tərkib hissəsi deyil. Lakin öz-özlüyündə azanda “Əliyyən vəliyyullah” yaxud “Ali-Muhəmməd xeyrul-bəriyyə” demək isə şəri baxımdan caiz olan bir şeydir. Şeyxin (r.ə.) “onlara azanda əməl edilməz” sözünün mənası isə budur ki, həmin şazz hədislərə azanda əməl edilməz. Yəni azanın tərkib hissələri səhih və məşhur hədislərdə qeyd olunanlara əsasən on səkkizdir. Ona görə də şazz xəbərlərə əməl edib, üçüncü şəhadəti azanın tərkib hissəsindən saya bilmərik. Amma bununla belə bu şəhadəti azanda deməyin heç bir günahı yoxdur.

Şeyx Tusinin (r.ə.) bu nəzərinə məzhəbin böyük alimləri də şahidlik edir. Belə ki,

· Şəhid Sani (r.ə.) “Şərhi-Lümə”də (Ər-rovzətul-bəhiyyədə) yazır:
و في المبسوط أطلق عدم الاثم به
“(Şeyx Tusi) “Əl-məbsut”da bunun (üçüncü şəhadətin) ümumən günah olmadığını deyib.”[14]

· Şəhid Əvvəl (r.ə.) yazır:
قال الشيخ… ولو فعله الانسان لم يأثم به
“Şeyx (Tusi) deyib: …Əgər bir insan bunu etsə (üçüncü şəhadəti desə) günah iş görməz.”[15]

· Əllamə Hilli (r.ə.):
قال الشيخ في المبسوط: فإن فعله لم يكن آثما
“Şeyx (Tusi) “əl-Məbsut”da deyib: Əgər (azanda) bunu (üçüncü şəhadəti) desə, günahkar sayılmaz.”[16]

Sitatları çoxaltmaq da olar. Lakin biz bu qədəri ilə kifayətlənirik. Deməli, Şeyx Tusinin (r.ə.) sözlərindən açıq-aşkar başa düşülən budur ki, o, azan və iqamədə üçüncü şəhadəti caiz bilib. Bəs Şeyxin (r.ə.) “ən-Nihayə” kitabında “kim buna əməl etsə o, xətakardır” sözünü necə başa düşək?! Cavab olaraq deyirik ki, Şeyxin (r.ə.) nəzərini bilmək üçün hər iki kitabda yazdıqlarını bir kontekst daxilində nəzərdən keçirmək lazımdır. Hər iki kitabda yazdıqlarını birlikdə nəzərdən keçirdikdə, məlum olur ki, Şeyxin (r.ə.) xətakardan məqsədi ictihadi xətadır. Yəni üçüncü şəhadətin azanın tərkib hissəsi olduğunu deyən şəxs, daha doğrusu belə bir fətvanı verən şəxs ictihadında xəta eliyib. Çünki Şeyxin (r.ə.) nəzəri budur ki, üçüncü şəhadət azanın tərkib hissəsi deyil.

Şəhid Əvvəlin (r.ə.) üçüncü şəhadət barədə nəzəri

Qarşı tərəf Şəhid Əvvəlin (r.ə.) aşağıdakı sözlərini qeyd edərək susur: Bundan başqa əzan və iqamədə hər hansı bir şeyin məsələn vilayətə və ya Al-i Muhəmməd s.a.a-in yaradılmışların ən xeyirlisi olmağına şəhadət etməyin şəri (qanuni) olduğuna inanmaq caiz (icazəli) deyildir. Şəhidi Əvvəl r.a, “Lümətut Diməşqiyyə”, səhifə 28

Oxucu isə elə başa düşür ki, Şəhid Əvvəl (r.ə.) üçüncü şəhadətin azanda deyilməsini hec bir vəchlə icazəli saymır və qəti surətdə bunun əleyhinədir. Lakin Şəhidin (r.ə.) bu barədə nəzərini dəqiq araşdırsaq bunun əksini görmüş olarıq. İlk əvvəl Şəhid Əvvəlin (r.ə.) “əd-Durus” kitabına baxaq. Şəhid (r.ə.) həmin kitabda belə yazır:
أما الشهادة لعلي عليه السلام بالولاية وأن محمدا وآله خير البرية فهما من أحكام الإيمان لا من ألفاظ الأذان، وقطع في النهاية بتخطئة قائله، ونسبه ابن بابويه إلى وضع المفوضة، وفي المبسوط: لا يأثم به
“Amma “Əliyyən vəliyyullah” və “Muhəmməd və alihi xeyrul-bəriyyə” sözlərinə gəlincə, bunlar imanın hökümlərindəndir. Amma azanın sözlərindən sayılmır. (Şeyx Tusi) “Nihayədə” ona qail olanın xətakar olduğuna yəqin edib. İbn Babəveyh isə bunları (yəni bu hədisləri) müfəvvizələrin uydurmalarına nisbət verib. (Şeyx Tusi) “Məbsut” kitabında isə (bu əməli edənin) günah etmədiyinə (yəqin edib).”[17]

“Əl-Bəyan” kitabında isə belə yazır:

قال الشيخ فاما قول اشهد ان عليا ولى الله وان محمد خير البرية على ما ورد في شواذ الاخبار فليس بمعمول عليه في الاذان ولو فعله الانسان لم يأثم به غير أنه ليس من فضيلة الأذان ولا كمال فصوله وقال ابن بابويه انه من وضع المفوضة
“Şeyx (Tusi) belə deyib: “Əliyyən vəliyyullah” və “Ali-Muhəmməd xeyrul-bəriyyə” kəlimələrinə gəlincə, onlara azanda əməl edilməz. Amma bir insan bunu etsə (bu sözləri azanda desə) günah etməz, sadəcə olaraq bu azanın fəziləti və tərkib hissələrinin tamamlayıcısı deyildir. İbn Babəveyh isə onu (bu hədisləri) müfəvvizələrin uydurduğunu deyib.”[18]

Şəhidin (r.ə.) bu sözlərinin zahirindən məlum olur ki, o, Şeyx Tusinin (r.ə.) bu barədə nəzərini qəbul edir. Belə ki, Şəhid (r.ə.) Şeyx Səduqun (r.ə.) həmin hədisləri uydurma adlandırdığını qeyd etməklə o hədislərin qeyri-mötəbər olduğunu deyir. Yəni bu hədislər mötəbər olmadığına görə ona söykənib üçüncü şəhadəti azanın tərkib hissəsi qərar vermək olmaz. Lakin Şeyx Tusinin (r.ə.) sözlərini yazmaqla isə bunu azanın içində deməyin günah olmadığını demək istəyir. Şəhid Əvvəlin (r.ə.) bu fikirdə olduğunu Şəhid Sani (r.ə.) də təsdiqləyir. Belə ki, Şəhid Sani (r.ə.) yazır:

ومثله المصنف في البيان و في المبسوط أطلق عدم الاثم به
“(Şeyx Tusi) “Əl-məbsut”da bunun (üçüncü şəhadətin) ümumən günah olmadığını deyib. Müsənnif (yəni Şəhid Əvvəl) də “Bəyan” kitabında onun kimi (yəni Şeyx Tusi kimi) deyib.”[19]

Burada Şəhid Saninin (r.ə.) sözündən açıq-aşkar başa düşülür ki, Şəhid Əvvəl (r.ə.) Şeyx Tusinin (r.ə.) fikri ilə razı olub. Şəhid Əvvəlin (r.ə.) “əl-Lümətu əd-Diməşqiyyə” kitabındakı sözlərinə baxdıqda isə onun üçüncü şəhadət barədə fikri tam aydın olur. Yəni Şəhidin (r.ə.) üçüncü şəhadət barədə fikri belədir: Üçüncü şəhadət azanın tərkib hissəsi deyildir. Onun azanın tərkib hissəsi olmasına inanmaq caiz deyildir. Lakin bunu tərkib hissə olduğunu qəsd etmədən azanın içində deməyin heç bir eybi yoxdur.

Şəhid Saninin (r.ə.) üçüncü şəhadət barədə nəzəri

Qarşı tərəf Şəhid Sanidən (r.ə.) aşağıdakı sitatı qeyd edərək susur:
və amma “əşhədu ənnə Əliyyən vəliyullah” və ya “Al-i Muhəmməd yaradılmışların ən xeyirlisidir” və bu kimi əlavələrə gəldikdə isə bunlar bidətdir və bu barədəki xəbərlər mövzu (uydurma)-dır. Şəhidi Sani r.a, “Ravza əl-Cinan”, səhifə 242

Oxucu isə belə başa düşür ki, Şəhid Sani (r.ə.) qəti olaraq azanda üçüncü şəhadəti deməyi qadağan edir. Lakin Şəhid Saninin (r.ə.) “ər-Rovzətu əl-Bəhiyyə” kitabına müraciət etsək bunun tam əksini görərik. Belə ki, Şəhid Sani (r.ə.) yazır:

ولو فعل هذه الزيادة، أو إحداها بنية أنها منه أثم في اعتقاده ولا يبطل الأذان بفعله، وبدون اعتقاد ذلك لا حرج
“Əgər bir şəxs bu artıqlığı (əliyyən vəliyyullah və Ali-Muhəmməd xeyrul bəriyyəni) yaxud bunlardan birini azandan hesab edərək desə etiqadında günah edər. Amma bunu etməklə azanı batil olmaz. Əgər buna etiqadı olmadan desə heç bir eybi yoxdur.”[20]

Gördüyünüz kimi Şəhid Sani (r.ə.) burada öz fikrini açıq-aşkar izah edir. Deməli onun “Rovzətu əl-Cinan” kitabındakı sözləri isə, yəni üçüncü şəhadətə bidət deməsi həmin şəhadəti azanın tərkib hissəsindən sayıldığı təqdirə aiddir. Yəni üçüncü şəhadətin azanın tərkib hissəsi olmasına etiqad etmək bidətdir. Ama buna etiqad etmədən onu azanda deməyin isə heç bir günahı yoxdur.
Həmçinin Əllamə Hillinin (r.ə.) də sözlərinin zahiri Şeyx Tusi (r.ə.) ilə müvafiq olmasına dəlalət edir. Ən azından ona meyl etdiyi aşkardır. Həmçinin Müqəddəs Ərdəbilinin (r.ə.) də üçüncü şəhadətin azanda deyilməsini məqbul saymadığını iddia edirlər. Amma onun azana artıqlıq və əskiklik gətirmə barədə fikirlərini diqqətlə incələyən şəxsə aydın olar ki, o, üçüncü şəhadəti azanın tərkib hissəsi saymadan deməyi caiz bilir. [21] Uzunçuluq olmasın deyə biz onu burada qeyd etmirik.

Şeyx Mufidin (r.ə.) nəzəri

Qarşı tərəf Şeyx Mufidin (r.ə.) bu sözləri qeyd edərək susur: “Azan və iqamə birlikdə 35 hissədir. Azan 18, iqamə isə 17 hissədən ibarətdir.”[22]

Bununla demək istəyirlər ki, guya Şeyx Mufid (r.ə.) azanda üçüncü şəhadəti caiz bilmir və o əməli haram sayır. Lakin biz sual veririk: Bu cümlənin harasında Şeyx Mufid (r.ə.) üçüncü şəhadətə haram deyir? O, burada sadəcə azan və iqamənin tərkib hissəsinin sayını qeyd edir. Bunu isə qədimdən tutmuş müasir dövrə qədər demək olar ki, bütün alimlər deyir. Lakin bu o demək deyil ki, Şeyx Mufid (r.ə.) üçüncü şəhadəti azanın hissəsindən saymamaq şərtilə caiz bilməyib. O zaman nəyə əsasən Şeyx Mufidin (r.ə.) bu sözlərini qeyd edərək onu üçüncü şəhadətin əleyhdarı kimi təqdim edirsiniz?!

Başlığın sonu
Bəli, demək olar ki, bütün fəqihlərimiz azan və iqamədə üçüncü şəhadətin artırılmasını bidət hesab edirlər. Bunu nəinki qədim, hətta müasir fəqihlərimiz də deyir. Məsələn, Seyyid Əbul-Qasim Xoyi (r.ə.) “əs-Səlat” kitabında belə deyir:

“Onu (üçüncü şəhadəti) azanın tərkib hissəsi niyyəti ilə demək, bidətdir, batildir və haramdır.”[23]

Yuxarıda adlarını qeyd etdiyimiz alimlərin və digərlərinin də nəzəri bu cürdür. Fərq yalnız buradadır ki, bəziləri onu azanda tərkib hissə saymadan deməyi caiz, bəziləri isə müstəhəb bilirlər. Məsələn Seyyid Xoyi (r.ə.) onu azanın tərkib hissəsi saymadan deməyi müstəhəb bilir. Yəni üçüncü şəhadətin azanda (tərkib hissə saymadan) deyilməsini demək olar ki, bütün fəqihlərimiz məqbul sayırlar. Lakin fərq onun mübahlığında, üstünlüyündə və ya müstəhəbliyindədir.

ÜÇÜNCÜ ŞƏHADƏTİ AZAN VƏ İQAMƏDƏ DEMƏK ŞƏRİ BAXIMDAN İCAZƏLİDİRMİ?

Sünnə əsasında araşdırma
Müqəddimə

Üçüncü şəhadətin azanın tərkib hissəsi olmadığını bildik. Ən azından bu azanın vacib hissəsinə daxil deyil. Müstəhəb hissəsindən sayılması mübahisəli olsa da biz bu barədə susuruq. Və bəhsi bu mövzuda aparırıq ki, görəsən üçüncü şəhadəti ümumiyyətlə azanda demək olar ya yox?!

Üçüncü şəhadəti azanda deməyə icazə verən hədislərin sabit edilməsi
Qarşı tərəfin əlində tutduğu əsas iddialardan biri budur ki, bu barədə yəni üçüncü şəhadətin azanda deyilməsi barədə heç bir hədis yoxdur. Lakin biz bu fikirlə razı deyilik. Hədisin mötəbər olub-olmaması başqa bir mövzu, hədisin mövcudluğu isə başqa bir mövzudur. Bizim bəhsimiz isə bu hədislərin mövcudluğundadır. Məzhəbin böyük alimlərinin sözlərinə baxsaq görərik ki, onlar hədislərin mövcudluğunu qəbul edirlər. Çünki bu hədislərin mövcudluğunu Şeyx Səduq (r.ə.) və Şeyx Tusi (r.ə.) öz əsərlərində qeyd ediblər.

Şeyx Səduq (r.ə.):
والمفوضة لعنهم الله قد وضعوا أخبارا وزادوا في الاذان “محمد وآل محمد خير البرية” مرتين، وفي بعض رواياتهم بعد أشهد أن محمدا رسول الله “أشهد أن عليا ولي الله” مرتين، ومنهم من روى بدل ذلك “أشهد أن عليا أمير المؤمنين حقا” مرتين
“Müfəvvizələr, Allah onlara lənət etsin, hədislər uydurublar və azana “Muhəmməd və ali-Muhəmməd xeyrul bəriyyə” sözünü iki dəfə deməklə əlavə ediblər. Onların bəzi rəvayətlərində (hədislərində) isə, “əşhədu ənnə Muhəmmədən rəsulullah” kəliməsindən sonra, iki dəfə “əşhədu ənnə Əliyyən vəliyyullah” deyilir. Bəziləri isə bunun əvəzinə iki dəfə “əşhədu ənnə Əliyyən əmirəlmumininə həqqa” kəliməsini rəvayət (nəql) ediblər.” [24]

Şeyx Səduqun (r.ə.) sözlərinə diqqətlə fikir verək. O, bu barədə nəinki bir, hətta bir neçə hədisin olduğunu deyir. Həmçinin bu hədisləri üç qrupa bölür:

1. “Muhəmməd və ali-Muhəmməd xeyrul bəriyyə” deyən hədislər
2. “Əşhədu ənnə Əliyyən vəliyyullah” deyən hədislər
3. “Əşhədu ənnə Əliyyən əmirəlmumininə həqqa” deyən hədislər

Gördüyümüz kimi Şeyx Səduq (r.ə.) açıq-aşkar şəkildə bu hədislərin mövcudluğunu təsdiq edir. Lakin onların uydurma olduğunu iddia edir. Düzdür bir qədər irəlidə bu mövzuya toxunacağıq. Amma burada bizim nəzərə çatdırmaq istədiyimiz cəhət, hədislərin mövcudluğu cəhətidir. Belə bir hədislər isə mövcuddur. Necə ki, Şeyx Səduq (r.ə.) bunu aydın şəkildə təsdiq edir. Ola bilsin, kimsə deyə bilər ki, axı Şeyx Səduq (r.ə.) bu hədislərdən danışır amma onları nəql etmir, belə olduğu təqdirdə isə ortada belə bir hədislərin mövcudluğundan danışmaq yersizdir. Həmin şəxslərə cavabımız belədir: Hədisi nəql etmək üçün şərt deyil ki, orada -filan bin filan nəql edir filan bin filandan o da nəql edir İmamdan (ə)-deyəsən. Əgər -belə bir hədis nəql edirlər- deyilsə, bu hədisin mövcudluğu üçün kifayətdir. Yaxud orada məhz- İmam (ə) buyurdu: filan-filan…- deyilməsi də şərt deyil. Əgər – belə bir hədis nəql edirlər ki, orada filan məsələnin caizliyindən danışılır- deyilsə, bu hədisin mövcud olmasına kifayət edir. Burada da Şeyx Səduq (r.ə.) həmin hədislərin mətnini icmali şəkildə olsa da qeyd edir. Bu isə o hədislərin mövcud olması deməkdir. Lakin Səduqun (r.ə.) bu hədisləri müfəvvizələrə nisbət verib uydurma adlandırması haqqında isə bir qədər sonra söhbət açacağıq. Əsas məsələ budur ki, bu cür hədislər var.
Şeyx Tusi (r.ə.) “əl-Məbsut” kitabında yazır:

فأما قول: أشهد أن عليا أمير المؤمنين وآل محمد خير البرية على ما ورد في شواذ الأخبار فليس بمعمول عليه في الأذان ولو فعله الانسان لم يأثم به غير أنه ليس من فضيلة الأذان ولا كمال فصوله
“Şazz xəbərlərdə (hədislərdə) gələn “Əliyyən vəliyyullah” və “Ali-Muhəmməd xeyrul-bəriyyə” kəlimələrinə gəlincə, onlara azanda əməl edilməz. Amma bir insan bunu etsə (bu sözləri azanda desə) günah etməz, sadəcə olaraq bu azanın fəziləti və tərkib hissələrinin tamamlayıcısı deyildir.” [25]

“Ən-Nihayə” kitabında isə belə deyir:
وأما ما روي في شواذ الأخبار من قول: ” أشهد أن عليا ولي الله وآل محمد خير البرية ”
“Amma şazz xəbərlərdə (hədislərdə) nəql edilmiş, “Əliyyən vəliyyullah” və “Ali-Muhəmməd xeyrul-bəriyyə” kəlimələrinə gəlincə…”[26]

Şeyxin (r.ə.) sözlərinə diqqət edək. Həm “Məbsut” həm də “Nihayə” kitabında Şeyx (r.ə.) bu məzmunda hədislərin nəql olunduğundan danışır. Açıq-aşkar yazır: “şazz xəbərlərdə (hədislərdə) nəql edilib…” Bu məzmunlu hədislərin nəql olunduğunu aydın şəkildə qeyd edir. Hədisləri şazz adlandırsa da bu hədislərin olmaması demək deyil. Şeyxin (r.ə.) sözü budur ki, bu məzmunlu hədislər var, lakin onlar şazz hədislərdir. Şazz hədislər haqqında irəlidə məlumat veriləcək. Amma burada bizə əsas lazım olan bu hədislərin varlığıdır. Gördüyünüz kimi Şeyx Tusi (r.ə.) də Şeyx Səduq (r.ə.) kimi bu hədislərin varlığını etiraf edir.
Deməli, üçüncü şəhadət barədə heç bir hədis nəql olunmayıb-deyən şəxs səhvə yol verir. Çünki bu hədislərin mövcudluğunu ən azından məzhəbin iki böyük alimi Şeyx Tusi (r.ə.) və Şeyx Səduq (r.ə.) təsdiq edir.

Şeyx Səduq (r.ə.) və müfəvvizələrə nisbət verdiyi hədislər
Qarşı tərəf Şeyx Səduqun (r.ə.) hədisləri müfəvvizələrə nisbət verdiyini deyərək iddia edirlər ki, o dövürdə bu hədislər adi camaatın dilində gəzən uydurma əfsanələr olub. Ona görə də nə Səduq (r.ə.) nə də ki, Şeyx (r.ə.) bu hədisləri qeyd etməyiblər və buna bidət deyiblər. Lakin bu bidəti sonrakı alimlər caiz bilərək onu camaat arasında məşhurlaşdırıblar. Lakin biz deyirik: Əvvəla bu əməl şiələr arasında qədim zamandan yayılmış bir əməl olub. Amma bu barədə bir qədər sonra söhbət açacağıq. Hal-hazırda isə, Şeyx Səduqun (r.ə.) müfəvvizələrə nisbət verdiyi hədislər məsələsini araşdıraq. Görək Səduqa (r.ə.) bu məsələdə tabe olmağımız şərtdirmi?! Və Səduqun (r.ə.) bu qərarı nə qədər etimad olunası bir qərardır?
Burada əsas iki məsələyə diqqət yetirilməlidir:

1. Səduq (r.ə.) hədislərin mövcudluğunu təsdiq edir
2. O, bu hədislərin uydurma olduğunu deyir

Birinci məsələdə, yəni hədislərin mövcudluğu məsələsində Səduqun (r.ə.) sözünü şəkksiz qəbul edirik. Çünki Şeyx Səduqun (r.ə.) ədalətli, doğru danışan bir şəxs olduğuna əminliyimiz var. Lakin ikinci bəndi isə bir neçə cəhətə görə qəbul etmirik:

· Bu Şeyx Səduqun (r.ə.) hədis barəsində öz ictihadıdır.
· Onun müfəvvizələrə və ğulat əhlinə nisbət verdiyi lakin səhv olması hamı tərəfindən qəbul edilən bəzi fikirləri var. Bu isə, onun bu məsələdə də səhv etmə ehtimalını bir qədər artırır.
· Sünnədə olan bəzi mötəbər hədislər Şeyx Səduqun (r.ə.) bu fikrini zəiflədir.
· Şeyx Səduqdan (r.ə.) əvvəl də, onun zamanında da bəzi yerlərdə şiələr azan verərkən azanda üçüncü şəhadəti deyirdilər. Bu isə üçüncü şəhadətin azanda caiz olma məsələsini qüvvətləndirir.
İndi isə bu bəndlər haqqında bir qədər geniş danışaq.

Birinci bəndə gəlincə… Bəli qeyd etdiyimiz ki, biz hədisin mövcudluğunu qəbul edirik. Lakin onun müfəvvizələrin uydurmuş olması məsələsini qəbul etmirik. Çünki bu Səduqun (r.ə.) həmin hədislər barədə öz fikridir. Onun zəif dediyi hədisi zəif, səhih dediyi hədisi isə səhih saymalıyıq deyə bir qaydamız da yoxdur. Ona görə də onun bu barədə fikrini qəbul etmək bu məsələdə ona kor-koranə təqlid etməkdən başqa bir şey deyildir.

İkinci bəndə gəlincə… Bu barədə Şeyx Muhəmməd Təqi Məclisinin (r.ə.) fikrini qeyd etmək istəyirik. Bunu da deyək ki, Şeyx Muhəmməd Təqi (r.ə.) Əllamə Məclisinin (r.ə.) atasıdır və eyni zamanda şiə məzhəbinin böyük alimlərindəndir. O, Şeyx Səduqun (r.ə.) “Mən la yəhzuruhu əl-fəqih” kitabına “Rovzətu əl-Muttəqin” adlı şərh yazmışdır. Həmin kitabda Şeyx Muhəmməd Təqi (r.ə.) Şeyx Səduqun (r.ə.) üçüncü şəhadətlə bağlı dediyi sözlər haqqında belə yazır:

الجزم بأنّ هذه الأخبار من موضوعاتهم مشكلٌ… فبمجرّد عمل المفوّضة أو العامّة على شيء لا يمكن الجزم بعدم ذلك ، أو الوضع إلاّ أن يرد عنهم صلوات الله عليهم ما يدلّ عليه ، ولم يَرِدْ ، مع أنّ عمل الشيعة كان عليه في قديم الزمان وحديثه
والظاهر أ نّه لو عمل عليه أحدٌ لم يكن مأثوماً إلاّ مع الجزم بشرعيّته فإنّه يكون مخطئاً ، والأَولى أن يقوله على أنه جزء الإيمان لا جزء الأذان ، ويمكن أن يكون واقعاً ، ويكون سبب تركه التقيّة ، كما وقع في كثير من الأخبار ترك ” حيّ على خير العمل ” تقية
على أ نّه غير معلوم أنّ الصدوق ، أيَّ جماعة يريد من المفوِّضة ، والذي يظهر منه ـ كما سيجيء أ نّه يقول كلُّ من لم يقل بسهو النبي فإنّه [ من ]المفوّضة ، وكلّ من يقول بزيادة العبادات من النبيّ فإنّه من المفوّضة ، فإن كان هؤلاء ، فهم كلُّ الشيعة غيرَ الصدوق وشيخه ، و إن كانوا غير
هؤلاء فلا نعلم مذهبهم حتى ننسب إليهم الوضع واللعن ، نعم كلّ من يقول بأُلوهية الأئمة أو نبوّتهم فإنّهم ملعونون

“Bu xəbərlərin (üçüncü şəhadətlə bağlı hədislərin) uydurma olması qərarına gəlmək işkallıdır. Mümkün deyil ki, bir tək müfəvvizələrin və ya sünnilərin bir şeyə əməl etməsi ilə onun uydurma və ya səhv olduğu qənaətinə gəlinsin. Yalnız məsumlardan (ə) (bu əməlin səhv və ya uydurma olduğuna dair) bir xəbərin nəql olunduğu hal istisnadır. Amma belə bir xəbər isə nəql olunmayıb. Əlavə olaraq şiənin istər qədimdə, istərsə də indiki zamanda əməli belə olub (yəni azanda üçüncü şəhadəti deyiblər).
Həmçinin zahir olan budur ki, məşru olduğuna etiqad etdiyi hal istisna olmaqla bu işi görən (azanda üçüncü şəhadətin deyilməsinə fətva verən) günah etmir (yəni bu haram deyil). Lakin o, (öz ictihadında) xətakardır. Yaxşısı budur ki, o ( yəni üçüncü şəhadət) azanda bu əsasla (niyyətlə) deyilsin: “üçüncü şəhadət imanın bir hissəsidir, azanın yox”. Düzdür həqiqətdə bu cür olması (azanın hissəsi olması) da mümkündür. Bu zaman onun tərk olunmasına səbəb təqiyyə olar. Necə ki, təqiyyəyə görə bir çox xəbərlərdə “həyyə əla xeyril əməl” tərk olunub.
Digər bir tərəfdən Səduqun (r.ə.) müfəvvizə deməklə kimləri qəsd etdiyi məlum deyil. Tezliklə irəlidə qeyd olunacaq ki, o, peyğəmbərlərin səhvinə qail olmayan şəxsləri, həmçinin Peyğəmbərin ibadətlərinin artıq (çox) olduğunu deyən şəxsləri müfəvvizə adlandırır. Əgər müfəvvizələr bu şəxslərdirsə, o zaman onlar Səduq (r.ə.) və ustadından (ibn Vəliddən) başqa bütün şiələrdir. Əgər bu şəxslər deyilsə, o zaman biz onların məzhəbini dəqiq bilmirik ki, sonra da gələk onlara lənət və hədis uydurma nisbəti verək. Düzdür imamların (ə) ilah və ya peyğəmbər olduğunu iddia edən hər bir kəs lənətlikdir (lakin biz həmin şəxslərin bu qrupdan olduğunu dəqiq bilmirik).”[27]

Şeyx Muhəmməd Təqi Məclisinin (r.ə.) sözlərində diqqət olunası bir neçə nöqtə var:
· Səduqun (r.ə.) uydurma dediyi hədislərin uydurma olmasına etiqad etmək işkallıdır.
· Şiələr qədim zamandan Şeyx Məclisinin (r.ə.) zamanına qədər azanda bu şəhadəti deyiblər. Qeyd edək ki, o, hicri 1070-ci ildə dünyasını dəyişib.
· Həmin hədislərə söykənərək, üçüncü şəhadətin azanın müstəhəb hissəsindən olduğuna fətva verən şəxs xətakar olsa da, günah etmir. Çünki bunun həqiqətdə düzgün olması mümkündür və ola bilər təqiyyə edilərək bu hissə tərk olunub. (ona görə müstəhəb hissə deyirik ki, Şeyx Məclisi (r.ə.) əvvəlcə üçüncü şəhadətin azanın tərkib hissəsindən sayılmasını düzgün saymır və bu işi edənin günahkar olduğunu deyir. Öz fikrini bildirəndə isə onu azanın tərkib hissəsi saymadan deməyi şəri baxımdan düzgün hesab edir. Ortada isə, hədislərə söykənərək azanda “əliyyən vəliyyullah” deməyə fətva verən şəxsi günahkar olmasa da xətakar sayır. Bu üçüncü fikir söyləyənlər əvvəlki iki qrupdan heç birinə daxil deyil. Nəticə olaraq bunu əldə edirik ki, həmin şəxslərdən məqsəd Səduqun (r.ə.) dediyi hədislərə söykənərək, üçüncü şəhadətin azanın müstəhəb hissəsi olmasını deyənlərdir)
· Üçüncü şəhadət azanın yox imanın bir hissəsi olaraq deyilməsi düzgündür.
· Şeyx Səduqun (r.ə.) “müfəvvizə” deməklə kimləri qəsd etdiyi məlum deyil.
Həqiqətən də Şeyx Məclisi (r.ə.) bu barədə çox insaflı fikir bildirir. Oxucunun qarşısına sağlam məntiq qoyaraq kor-koranə şəkildə Şeyx Səduqa (r.ə.) təqlid etməyin lazım olmadığını deyir. Şeyx Səduqun (r.ə.) əsassız yerə müfəvvizə olmayanlara belə müfəvvizə deməsini səbəb gətirərək, bu məsələdə də səhv edə bilmə ehtimalının mümkün hesab edir. Yəni qısacası bir tək Səduqun (r.ə.) bu hədislərə uydurma deməsi ilə, bizim də onlara uydurma deməmiz əsassızdır. Çünki bu zaman ciddi iradlar ortaya çıxır.

Üçüncü bəndə gəlincə… Xatırladaq ki, üçüncü bənddə belə demişdik:

Sünnədə olan bəzi mötəbər hədislər Şeyx Səduqun (r.ə.) bu fikrini zəiflədir.

İlk əvvəl bunu deyək ki, Şeyx Səduqun (r.ə.) qeyd etdiyi hədislərin mətnində azanda “əliyyən vəliyyullah”dan başqa “ali-Muhəmməd xeyrul bəriyyə” ifadəsinin də olduğu keçir. Digər kitabları araşdırdıqda məlum olur ki, əlavə olaraq “Muhəmməd və Əli xeyrul bəşər” ifadəsi də nəql olunub və bu ifadələr “həyyə əla xeyril əməl” ifadəsindən sonra deyilir. Nəticədə Səduq (r.ə.) bunların hamısını uydurma hesab edir. İndi isə azanda bu məsələ ilə birbaşa əlaqəsi olan mötəbər bir hədisi sizə təqdim edirik. Hansı ki, bu hədis, onların uydurulmuş olma iddiasını ciddi mənada şübhə altına alır. Hədisi elə Şeyx Səduqun (r.ə.) özü “İləl əş-Şərai” kitabında nəql edir. Səduq (r.ə.) yazır:

حدثنا عبد الواحد بن محمد بن عبدوس النيسابوري رضي الله عنه قال حدثنا علي بن قتيبة عن الفضل بن شاذان قال: حدثني محمد بن أبي عمير انه سأل أبا الحسن عليه السلام عن حي على خير العمل لم تركت من الاذان؟ فقال تريد العلة الظاهرة أو الباطنة قلت أريدهما جميعا فقال: أما العلة الظاهرة فلئلا يدع الناس الجهاد اتكالا على الصلاة، واما الباطنة فان خير العمل الولاية فأراد من أمر بترك حي على خير العمل من الاذان ألا يقع حثا عليها ودعا إليها
“Bizə Əbdül-Vahid bin Muhəmməd bin Əbdəvs Nisaburi (Allah ondan razı olsun) xəbər verərək dedi: Bizə Əli bin Qüteybə, Fəzl bin Şazandan xəbər verərək onun (Fəzlin) belə dediyini söylədi: Mənə Muhəmməd bin Əbu Umeyr İmam Museyi Kazimdən (ə) azandan “həyyə əla xeyril əməl” kəliməsinin atılma səbəbini soruşduğunu dedi. (Sonra Əbu Umeyr dedi) İmam (ə) buyurdu: Zahiri səbəbini istəyirsən ya batini? Dedim: Hər ikisini. İmam (ə) buyurdu: Zahiri səbəbi bu idi ki, insanlar namaza arxayınlaşaraq cihaddan yayınmasınlar. Amma batini səbəbinə gəlincə, (bil ki,) həqiqətən də “xeyrul-əməl” (əməllərin ən xeyirlisi) vilayətdir. “Həyyə əla xeyril əməl” ifadəsinin azandan atılmasını əmr edən şəxs (Ömər bin Xəttab) bununla istəyirdi ki, (insanlarda) ona (vilayətə) qarşı şövq yaranmasın və vilayətə tərəf dəvət edilməsinlər.”[28]

Hədisin sənədi barədə:
Hədisin sənədindəki Əbdül-Vahid bin Muhəmməd bin Əbdəvs Nisaburi Şeyx Səduqun (r.ə.) ustadlarındandır. Bəziləri bu şəxs barəsində məchul desə də, onun Şeyx Səduqun (r.ə.) ustadlarından olması məlumdur. Səduqun (r.ə.) bir-başa ondan nəql etməsi onun etimadlı şəxs olmasına şahidlik etməsi deməkdir. Şəhid Sani (r.ə.) bu barədə yazır:

وهو مجهول الحال. مع أنه شيخ ابن بابويه وهو قد عمل بها فهو في قوة الشهادة له بالثقة، ومن البعيد أن يروي الصدوق (رحمه الله) عن غير الثقة بلا واسطة. واعلم أن العلامة في التحرير في باب الكفارات شهد بصحة الرواية، وهو صريح في التزكية لعبد الواحد

“O (Əbdül-Vahid), məchuldur. Lakin ibn Babəveyh (Şeyx Səduq) artıq ona əməl etmişdir. Bu isə onun (Əbdül-Vahidin) etimadlı olmasına şəhadət vermə qüvvəsindədir. Uzaq ehtimaldır ki, Şeyx Səduq etimad etmədiyi şəxsdən birbaşa hədis nəql eləsin. Bil ki, Əllamə Hilli “Təhrir”də, “kəffarələr” babında bu hədisin səhih olduğunu deyib (burada söhbət başqa hədisdən getsə də hədisin mətnində Səduqun (r.ə) ustadı Əbdül-Vahid (r.ə.) var). Bu isə açıq-aşkar Əbdül-Vahidin təzkiyəsi (yəni etimadlı şəxs hesab edilməsi) deməkdir.” [29]

Mühəqqiq Səbzəvari (r.ə.) yazır:
ولا يخفى ان عبد الواحد بن عبدوس وان لم يوثق صريحا لكنة من مشايخ الصدوق المعتبرين الذين اخذ منهم الحديث وفي ذلك اشعار بالاعتماد على ما نقله…
“Sənə gizli qalmasın ki, Əbdül-Vahid bin Əbdəvsin etimadlı şəxs olması (tovsiq edilməsi) heç kəs tərəfindən açıq-aşkar bildirilməsə də, o, Səduqun (r.ə.) hədis öyrəndiyi mötəbər ustadlarından biridir. Bu isə onun nəql etdiklərinin etimadlı olduğunu bildirir…”[30]

Nəticə budur ki, Əbdül-Vahid Nisaburi (r.ə.) barədə mənfi fikir söyləyən olmayıb. Əlavə olaraq da bu şəxs Şeyx Səduqun (r.ə.) mötəbər ustadlarındandır. Bəzi alimlər isə açıq-aşkar olmasa da, dolayı yolla onun etimad olunan şəxs olduğuna işarə ediblər. Bütün bunlar onun etimadlı şəxs olma məsələsini qüvvəyə mindirir.
Daha sonra hədisin sənədində Əli bin Qüteybə adlı şəxs keçir. Əllamə Hilli (r.ə.) “Xülasətu əl-Əqval” kitabında onun fazil (fəzilətli) şəxs olduğunu deyir. Həmçinin İmam Rzanın (ə) səhabəsi Fəzl bin Şazanın tələbəsi olduğunu qeyd edir. [31] Mühəqqiq Səbzəvari (r.ə.) onun haqqında yazdıqdan sonra “bütün bunlar onun hüsnü halını bildirir”-deyə qeyd edir. [32]

Hədisin mətni barədə:
Bu hədisdə bir neçə mühüm nöqtəyə işarə edilir. Lakin biz onlardan yalnız birini burada qeyd edirik. Digərlərini isə irəlidə məqamı çatdıqda zikr edəcəyik. Hədisə diqqət edək. İmamdan (ə) soruşulan sual budur ki, Ömər nəyə görə azanda “həyyə əla xəyril əməl” deyilməsini qadağan etmişdir? İmam (ə) isə belə buyurur: “Sən hansı səbəbi bilmək istəyirsən, zahiri səbəbi ya batini?”. Daha sonra İmam (ə) zahiri səbəb olaraq Ömərin hamımıza məlum olan bəhanəsini göstərir. Yəni Ömər camaatın cihaddan yayınmaması üçün bu ifadəni azandan çıxarmışdır. Bu Ömərin zahirən yəni üzdə gətirdiyi bir bəhanə idi. Lakin, onun əsl məqsədi İmamın (ə) açıq-aşkar buyurduğuna görə bu deyildi. O, bunu qadağan etməklə həqiqətdə camaatın vilayətə yəni İmam Əli (ə) və digər imamların (ə) vilayətinə dəvət edilməməsini istəyirdi. Camaatın vilayətə qarşı rəğbətli olmasını istəmirdi. Burada bir qədər dayanaq və düşünək… Ömər hansı kəlimənin çıxarılması ilə bu istəyinə nail olmaq istəyirdi? Cavab: “həyyə əla xayril əməl”! Belə bir sual meydana çıxır: Axı “həyyə əla xeyril əməl” (yəni əməllərin ən xeyirlisinə tələsin) ifadəsinin harasında vilayətə dəvət var. Zahirən bu ifadə namaza dəvət edir. Camaat da bundan heç vaxt İmam Əlinin (ə) vilayətini başa düşməz. Necə ki, bizim özümüz hal-hazırda azan və iqamədə bu kəliməni deyərkən vilayətə dəvət heç ağlımızın ucundan belə keçmir. Çünki bu kəlimədən hamının başa düşdüyü kimi “əməllərin ən xeyirlisinə (namaza) tələsin” mənasını başa düşürük. Bəs belə isə, Ömər nəyə görə bu ifadə barəsində bu cür təlaş etmiş və onun azanda deyilməsini qadağan etmişdir. Axı heç kəs bu cümlələrdən İmam Əlinin (ə) vilayətinə dəvət olunduğunu başa düşmür?! Buradan nəticə çıxır ki, “həyyə əla xeyril əməl” ifadəsindən sonra İmam Əlinin (ə) və Əhli-Beytin (ə) vilayətinə işarə edən bəzi kəlimələr işlənirdi ki, Ömər məhz həmin kəlimələrə görə “həyyə əla xeyril əməl” hissəsini qadağan etmişdir. Bu kəlimələr böyük ehtimalla “Muhəmməd və Əli xeyrul bəşər” yaxud “Muhəmməd və Ali-Muhəmməd xeyrul bəriyyə” ifadələri idi. Çünki mümkündür ki, Peyğəmbərin (s) dönəmində bəzi vaxtlarda, məxsusən də Qədir-Xum hadisəsindən sonra bu ifadə “həyyə əla xayril əməl” ifadəsindən sonra işlədilirmiş. Və müsəlmanların zehnində azanın bu hissəsinin təfsiri İmam Əlinin (ə) və Əhli-beytin (ə) vilayəti olaraq qalmışdı. Ömər isə bu mənanın unutdurulması üçün çıxış yolunu “həyyə əla xayril əməl” ifadəsinin qadağan edilməsində görürdü.

Ola bilsin ki, kimsə belə bir sual soruşsun: O zaman Ömər niyə həmin “Ali-Muhəmməd xeyrul bəriyyə” hissəsini qadağan etmirdi. Axı həmin hissəni qadağan etsəydi, “həyyə əla…” hissəsini qadağan etməyə ehtiyac qalmazdı?!

Bu sualın cavabında biz belə deyirik: Bu hədis onu göstərir ki, “Ali-Muhəmməd xeyrul bəriyyə” kəliməsi azanın hissələrindən deyildi. Sadəcə olaraq onu bəzən azanda “həyyə əla…” ifadəsindən sonra deyirmişlər. Bu ifadəni də məhz “həyyə əla…” kəliməsinin təfsiri olaraq işlədirdilər. Ona görə də bu mənanın unudulması üçün bir dəfəlik azanın tərkib hissəsi olan “həyyə əla…” ifadəsini çıxarmaq lazım idi. Ömər də elə bu cür etdi.

Mümkündür ki bu cür bir irad deyilsin: Hədisdə İmam (ə) batini səbəb deyəndə, “həyyə əla…” ifadəsinin batini mənasını qəsd edir. Burada əlavə sözlərdən söhbət getmir. Ona görə də sizin yazdıqlarınızın bir əsası yoxdur.

İradın cavabı: İmam (ə) Ömərin həmin kəliməni niyə qadağan etməsindən danışır. Səbəb isə camaatın vilayətə dəvət edilməməsi idi. Ömər bundan qorxurdu. Elə isə sual veririk ki, bu ifadənin harasında vilayətə dəvət var və bu ifadənin harasından insanlar vilayətə dəvət başa düşürlər?! Belə olduğu təqdirdə Ömərin bu qədər təlaş etməsi yersiz olardı! İmamın (ə) batin sözündən məqsədi həqiqi səbəbdir. Yəni Ömər cihad məsələsini sadəcə bəhanə olaraq deyirdi. Həqiqətdə məqsədi isə başqa idi. İnsafla düşünən şəxsə bu qədər kifayətdir…

Elə buna görə də Seyyid Mürtəzadan (r.ə) “həyyə əla…” kəliməsindən sonra “Muhəmməd və Əli xeyrul bəşər” ifadəsinin vacib olub-olmaması barədə soruşduqda o, belə cavab verir:

إن قال ” محمد وعلي خير البشر ” على أن ذلك من قوله خارج من لفظ الأذان جاز، فإن الشهادة بذلك صحيحة، وإن لم يكن فلا شئ عليه
“Əgər “Muhəmməd və Əliyyun xeyrul bəşər (Muhəmməd və Əli bəşərin ən xeyirliləridir)” kəliməsini azanın tərkib hissəsindən saymayaraq desə (bu əməl) caizdir. Həqiqətən də belə bir şəhadət düzgündür. Əgər şəxs azanda bu şəhadəti deməsə belə, heç bir eybi yoxdur.” [33]

Gördüyünüz kimi Seyyid Mürtəza (r.ə.) həmin ifadənin azandan sayılmadığı təqdirdə deyilməsinə icazə verir.

Dördüncü bəndə gəlincə… Bəli, dedik ki, Seyyid Mürtəza (r.ə.) bu sözün ( Muhəmməd və Əli xayrul bəşər) “həyyə əla…” ifadəsindən sonra deyilməsini caiz bilib. Hansı ki, Şeyx Səduq (r.ə.) mətnində bu ifadələr nəql olunmuş hədisləri uydurma adlandırıb. Burada maraqlı bir nöqtəni sizin diqqətinizə çatdıraq. Belə ki, Seyyid Mürtəza (r.ə.) hicri təqvimi ilə 436-cı ildə, Şeyx Səduq isə (r.ə.) hicri 381-ci ildə dünyasını dəyişmişdir.. Aralarında elə də uzun bir müddət fərqi yoxdur. Diqqətinizi çəkmək istədiyimiz nöqtə budur ki, Seyyid Mürtəzadan (r.ə.) soruşulan sual belə idi:

هل يجب في الأذان بعد قول ” حي على خير العمل ” محمد وعلي خير البشر
“Azanda “həyyə əla xayril əməl” ifadəsindən sonra “Muhəmməd və Əliyyun xayrul bəşər” ifadələrini demək vacibdirmi?”

Diqqət edin. Sualda “…xayrul bəşər” ifadəsinin deyilməsi vacibdirmi deyə soruşulur. Bu isə o deməkdir ki, sual verənlər azanda bu ifadəni çoxdan işlədirdilər. Həmçinin bu ifadənin azanda deyilməsinin şəri baxımdan icazəli olduğunu da bilirdilər. Lakin bilmədikləri məsələ bir tək bu idi ki, görəsən bunu demək vacibdir ya yox?! Bu onu göstərir ki, şiələr arasında azanda “üçüncü şəhadət” (ən azından “Muhəmməd və Əliyyun xeyrul-bəşər” ifadəsi) yayılmışdı. Düzdü mümkündür ki, bu dar bir coğrafiyada baş versin, amma hər bir halda sualdan məlum olur ki, bu ifadə ən azından sual verənlərin məntəqəsində adət halını almışdı. Həmçinin bu adətin çoxdan bəri mövcud olduğunu göstərir. Çünki əgər təzə-təzə deyilməyə başlasaydı, o zaman insanlar arasında bunun vacib olub-olmaması sualı yaranmazdı. Deməli bu ifadənin azanda deyilməsi hər yanda olmasa da bəzi yerlərdə adətə çevrilmişdi. Əlavə olaraq da bu adət Şeyx Səduqun (r.ə.) dövrünə çox yaxın bir zamanda və hətta onun zamanından əvvəl də mövcud olmuşdur. Şeyx Məclisinin (r.ə.) əvvəlki səhifələrdə qeyd etdiyimiz sözləri də buna dəlildir. Belə ki, Şeyx Muhəmməd Təqi (r.ə.) Şeyx Səduqun (r.ə.) sözlərinə münasibət bildirərkən belə deyir: “əlavə olaraq şiənin istər qədimdə, istərsə də indiki zamanda əməli belə olub (yəni azanda üçüncü şəhadəti deyiblər)”[34] Şeyx Məclisi (r.ə.) burada qədim deməklə Şeyx Səduqun (r.ə.) dövründən əvvəli nəzərdə tutur. Çünki o, Səduqun (r.ə.) azan və iqamədə üçüncü şəhadətlə bağlı fikirlərinə irad bildirərək bunu deyir. Əlavə olaraq bəzi tarixi mənbələrdə Misirdə, Hələbdə şiələrin azanda üçüncü şəhadəti dedikləri qeyd olunur. Hansı ki, həmin zamanlar Şeyx Səduqdan (r.ə.) əvvələ təsadüf edir. [35]

Bütün bunlar Şeyx Səduqun (r.ə.) “həmin hədislər uydurmadır” iddiasını ciddi olaraq şübhə altına alır və insanı Səduqun (r.ə.) bu barədəki fikrinə kor-koranə tabe olmaqdan qəti şəkildə çəkindirir.

Şeyx Tusi (r.ə.) və onun şazz adlandırdığı hədislər
İndi isə Şeyx Tusinin (r.ə.) şazz adlandırdığı hədislər barədə danışaq.

Qarşı tərəf iddia edir ki,
Şeyx (r.ə.) üçüncü şəhadət barədə olan hədislərə şazz deməklə, sanki Şeyx Səduq (r.ə.) kimi onlara uydurma demək istəyib.

Cavab:
Əvvəla bu dediyinizə dəlil lazımdır. Çünki Şeyx Tusinin (r.ə.) bir hədisə şazz deməsi o demək deyil ki, o, onları uydurma bilir. İkincisi Şeyxin (r.ə.) “Təhzib” və “İstibsar” kitablarından bir çox sitatlar gətirmək olar ki, o, hədislərə şazz deyərkən əsasən hədisin mətninə irad edərək bunu deyir. Məsələn, çox sayda olan digər hədislərlə mətni uyğun gəlmədiyinə görə hədisə şazz deyir. Şeyxin (r.ə.) bu cür əməlləri çox olduğu halda nəyə əsasən, onun buradakı şazz sözünü uydurma mənasına həml edirsiniz?! Bu barədə heç bir dəlil irəli sürülmədiyindən bu iddia etibarsızdır. Həmçinin Şeyxin (r.ə.) “Nihayə” kitabında qeyd etdikləri bu iddianı bir qədər də zəiflədir. Belə ki, Şeyx (r.ə.) “Nihayə”də belə deyir:“kim buna (bu hədislərə) əməl etsə o xətakardır.”[36] Əvvəldə də qeyd etmişdik ki, Şeyxin (r.ə.) məqsədi budur ki, kim ictihad edərək bu hədislərin mətninə əməl etsə günah iş görməz, lakin ictihadında xətakardır. Ona görə məqsədi ictihaddır deyirik ki, çünki insanın şəri höküm barəsində günah etməyib xətaya yol verməsi ictihadda baş verə bilər. Deməli çox güman ki, Şeyx (r.ə.) sənəd baxımından bu hədislərə söykənməyi məqbul saydığına görə belə deyib. Mətn cəhətindən digər hədislərlə uyğun gəlmədiyinə görə isə, onları şazz adlandırıb və onlara etimad edib ictihad etməyi xəta olaraq qiymətləndirib. Əlavə olaraq “dirayə” elmində şazz əsasən sənəd cəhətindən mötəbər hədislərə deyilir. Lakin başqa səbəblərə görə qəbul edilmədiyindən şazz adlanır. Belə olduğu təqdirdə nəyə əsasən “Şeyx Tusinin (r.ə.) şazz deməkdən məqsədi uydurma hədislər olduğu” bu cür qətiyyətlə iddia olunur. Halbuki, etimad olunası əlamətlər bunun əksini söyləyir. Nəticə etibarı ilə, Şeyxin (r.ə.) nəzərində həmin hədislərin sənəd baxımından mötəbər olması güclü bir ehtimaldır.

Ümumi nəticə
Bura qədər yazdıqlarımızdan məlum oldu ki:
1. Şeyx Səduq (r.ə.) və Şeyx Tusi (r.ə.) üçüncü şəhadətin azanda deyilməsi ilə bağlı bəzi hədisləri sənədsiz şəkildə və icmali mətn ilə nəql ediblər. Bu isə həmin hədislərin mövcud olması deməkdir.
2. Şeyx Səduq (r.ə.) bu hədislərə uydurma desə də, bu onun hədis barədə öz ictihadıdır və bir çox səbəblərə görə o hədislərin uydurma olması şübhə altına düşür.
3. Şeyx Tusinin (r.ə.) şazz deməklə hədislərin uydurma olduğunu qəsd etməsi məlum deyil. Əlavə olaraq onun həmin hədisləri mötəbər bilmə ehtimalı güclü bir ehtimaldır.

Üçüncü şəhadətin caizliyi barədə sünnədən dəlillər
Təsamüh dəlili

Dəlilə müqəddimə olaraq iki mötəbər hədis qeyd edirik:

1. Səhih[37] bir hədisdə Hişam bin Salim İmam Cəfər Sadiqin (ə) belə buyurduğunu nəql edir:
من سمع شيئا من الثواب على شئ فصنعه كان له وإن لم يكن على ما بلغه
“Əgər kimsə bir şeyin savab olduğunu eşidərsə və o şəxs həmin əməli yerinə yetirərsə, həqiqətdə xəbər deyildiyi kimi olmasa da o şəxs savab qazanmış olar.” [38]

2. Səhih[39] bir hədisdə Səfvan İmam Sadiqdən (ə) nəql edir:
عن صفوان، عن أبي عبد الله عليه السلام، قال: من بلغه شئ من الثواب على شئ من الخير فعمل (فعمله) به كان له أجر ذلك، وإن كان رسول الله صلى الله عليه وآله وسلم لم يقله
“Əgər kiməsə xeyirli işlərdən hər hansı birinin savab olduğu xəbəri yetişərsə və o, həmin xəbərə əməl edərsə, həqiqətdə Peyğəmbər (s) onu deməmiş olsa belə savab qazanmış olar.”[40]

Bu hədislərə diqqət edək. Hədislər aşkar şəkildə dəlalət edir ki, əgər bizə Peyğəmbərdən (s) yaxud digər məsumlardan (ə) bir xəbər yetişsə, biz isə o xəbərdə qeyd olunanlara qürbətən iləllah savab qəsdi ilə əməl etsək, həqiqətdə o xəbər yalan olsa belə Allah bizim əməl dəftərimizə savab yazar. Əlbəttə bu şərtlə ki, hədisdə qeyd olunduğu kimi həmin əməl xeyirli işlərdən olsun. Həmçinin o əməli qadağan edən digər xəbərlər də gərək olmasın.. Bu dəlilin müqəddiməsidir.
Yuxarıda sabit etdik ki, sünnədə azanda üçüncü şəhadəti deməyə icazə verən hədislər var. Lakin həmin hədislərin sənədi qeyd olunmayıb, mətni isə icmali şəkildə nəql edilib. Hər nə qədər Şeyx Səduqun (r.ə.) dediklərinin səhv olma ehtimalı olsa da və hər nə qədər Şeyx Tusinin (r.ə.) həmin hədisləri səhih bilmə ehtimalı güclü olsa da bizim nəzərimizdə o hədislər qeyri-mötəbərdir. Çünki qeyd etdiyimiz kimi hədislərin sənədi yoxdur, mətni isə icmali şəkildədir. Lakin bu o demək deyil ki, biz həmin hədisləri kənara atmalıyıq. Əvvəla mətnində problem olmayan, amma sənədi zəif olan hədisin Məsum (ə) tərəfindən həqiqətdə deyilmədiyini heç kəs iddia edə bilməz. Belə bir şeyi iddia etmək üçün insanın qeybdən xəbəri olmalıdır. Yəni heç kəs deyə bilməz ki, azanda üçüncü şəhadətin deyilməsi ilə bağlı xəbər həqiqətən də Məsumun (ə) dilindən çıxmayıb. Digər tərəfdən həqiqətdə yalan olsa belə, biz həmin hədislərin mətninə qürbətən iləllah, savab qəsdi ilə əməl etsək yenə də əməl dəftərimizə savab yazılacaq. Yuxarıda qeyd etdiyimiz hədislər bunu sübut edir. İndi isə gəlin baxaq. Hədisdə deyilir: “Əgər kiməsə xeyirli işlərdən hər hansı birinin savab olduğu xəbəri yetişərsə.” Bizə isə belə bir xəbər yetişib ki, Məsum (ə) azanda üçüncü şəhadətin deyilməsini buyurur. Əlavə olaraq bu iş, yəni “əliyyən vəliyyullah” kəliməsi heç şübhəsiz ki, xeyirli işlərdəndir. Deməli xəbərin mətni hədisdə qeyd olunan “xeyirli iş” şərtinə uyğundur. Lakin biz bu xəbərin doğru olub-olmadığını bilmirik. Yuxarıdakı mötəbər hədislər isə bizə belə deyir: “o, həmin xəbərə əməl edərsə, həqiqətdə Peyğəmbər (s) onu deməmiş olsa belə savab qazanmış olar.” Deməli biz ən azından savaba ümid edərək, qürbətən iləllah bu işi görsək, həqiqətdə Məsum (ə) belə bir şey deməmiş olsa da biz savab qazanmış olacağıq. Nəticə etibarı ilə bu qaydaya əsasən, biz azanda üçüncü şəhadəti qürbətən iləllah, savab ümidi ilə deyə bilərik.

Qeyd: Təsamüh qaydasını qəbul edən alimlər əslində bu qayda ilə ələ gələn hökmlərin müstəhəb olduğunu deyirlər. Təsamühü qəbul etməyən alimlər isə həmin əməllərin müstəhəb olduğunu yox, savaba ümüd qəsdiylə yerinə yetirməyin caiz olduğunu deyirlər. Nəticə etibarıyla birinci qrup alimlərə görə “üçüncü şəhadət” azanda müstəhəbdir. İkinci qrup alimlərə görə isə savaba ümid qəsdiylə deyilməlidir. Əlbəttə bu o zaman olar ki, üçüncü dəlilin müstəhəbliyinə təsamühdən başqa bir dəlil olmasın.

“İhticac”da nəql olunan hədis
Şeyx Təbərsinin (r.ə.) “əl-İhticac” kitabında belə bir hədis nəql olunur:

فإذا قال أحدكم لا اله إلاّ الله محمداً رسول الله ، فليقل : علي أمير المؤمنين
“Sizlərdən biri “la ilahə illəllah, muhəmmədun rəsulullah desə, davamında belə desin əliyyun əmirulmuminin.”[41]

Qarşı tərəf bu hədisin zəif olduğunu deyərək, ondan qətiyyətlə üz döndərir. Lakin biz deyirik:
Bəli, bu hədis sənəd cəhətindən zəifdir. Lakin bir neçə cəhətdən bu hədisə qarşı etimad yaranır. Əvvəla hədisin mətnində heç bir problem yoxdur. Sünnədə çoxlu sayda hədislər var ki, orada ikinci şəhadətdən sonra üçüncü şəhadət deyilir. Həmin hədislər isə haqqında danışdığımız hədisin mötəbər olma ehtimalını qüvvətləndirir. İkincisi isə, Şeyx Təbərsi (r.ə.) “əl-İhticac” kitabının müqəddiməsində belə deyir:

“Düzdür mən hədislərin sənədini qeyd etməmişəm və sən onları mürsəl (sənədsiz) olaraq görürsən. Lakin bu hədislər əksərdə icma olunmuş və həmçinin alimlərmiz arasında məşhur olan və əməl olunan hədislərdir. Buna görə də onların sənədini zikr etməyə ehtiyac duymadım.”

Şeyx Təbərsinin (r.ə.) bu sözlərindən sonra həmin hədisə etimad bir qədər də artır. Düzdür bu həmin hədisin səhih olması demək deyil. Sadəcə olaraq bu onu göstərir ki, yuxarda qeyd etdiyimiz təsamüh qaydasını bu hədisə rahatlıqla tətbiq edə bilərik.

Qaydanın tətbiqi. Hədisin mətnində deyilir: “sizlərdən biri “La ilahə illəllah, Muhəmmədun rəsulullah” desə, ardınca bunu desin: “Əliyyun əmirul-muminin” Hədisin mətni ümumi olduğundan azan da daxil olmaqla hər bir halı əhatə edir. Yəni istər azanda, istər qeyri-azanda ikinci şəhadətdən sonra üçüncusü də deyilməlidir. Bu hədisin mətni barədə… Lakin biz bu hədisi səhih qismindən saymadığımız üçün azanda üçüncü şəhadətin lazım olduğunu deyə bilmirik. Amma təsamüh qaydasından istifadə edərək, ən azından savaba ümid qəsdi ilə, qürbətən iləllah bu hədisin mətninə əməl edə bilərik. Çünki həqiqətdə hədis səhv də olsa biz yenə də savab qazanacağıq.

İrad və cavabı: Ola bilər kimsə irad edərək belə desin: Əgər “İhticac”da olan hədisin ümumundan istifadə edərək onu azana aid edirsinizsə, o zaman onu namaza da aid etməlisiniz. Namazda da ikinci şəhadətdən sonra üçüncü şəhadəti deməlisiniz.
Cavab: Hədislərdə qeyd olunanlara əsasən, namazda vacibatından əlavə Quran, zikr və duadan başqa bir şey demək olmaz. Şəhadət isə bu üç qisimdən heç birinə daxil deyil. Ona görə də üçüncü şəhadəti namazda deyə bilmək üçün xüsusi bir dəlilə ehtiyac lazımdır. Əgər dəlil varsa deyə bilərik. Yoxdursa, deyə bilmərik. (qeyd. əgər üçüncü şəhadətin zikr olması isbat olunsa avtomatik olaraq onu namazda ümumi zikr qəsdi ilə demək caiz olar)

Şüar dəlili
Üçüncü şəhadətin dinin şüarı olduğuna dair dəlil gətirməyə ehtiyac duymuruq. Çünki bu şəkk olunası bir məsələ deyil. Dinin şüarı olan hər hansı bir şeyi isə Allahın əmrinə əsasən həmişə şüar olaraq qorumalı və təbliğ etməliyik. Belə ki, Allah-təala buyurur:
ذَٰلِكَ وَمَنْ يُعَظِّمْ شَعَائِرَ اللَّهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ
“Budur. Və hərkəsAllahın şüarlarını ucatutsa, bu (əməl), şübhəsizki, qəlblərintəqvasındadır.”[42]
Bu ayə Allahın yəni dinin şüarı olan hər bir şeyi uca tutmağı əmr edir. Heç şübhəsiz ki, üçüncü şəhadət haqq olan dinin şüarıdır. Yəni məzhəbimizin şüarıdır ki, iki şəhadət deyildikdən sonra üçüncü şəhadət də deyilər. Bu barədə dəlil gətirməyə ehtiyac yoxdur. Əgər bu şəhadət dinin şüarıdırsa, o zaman dinin şüarı sayılan azanda iki şəhadətin deyilməsindən sonra üçüncü şəhadəti də demək savabdır və müstəhəbdir. Əlavə olaraq üçüncü şəhadəti azanda demək qədim zamandan bu günümüzə qədər məzhəbimizin şüarı olub. Məzhəbin şüarıdırsa deməli dinin şüarıdır. Ona görə də onu qorumaq labüddür. Çünki bunu Allah əmr edir.
Yenə də qeyd edirik ki, əgər kimsə irad edib desə ki, şüardırsa onda onu namazda da deyin, o zaman cavabımız yuxarıda qeyd etdiyimiz kimi olar.

Qüvvətləndirici dəlillər
İndi isə, azanda üçüncü şəhadətin caiz olması fikrini qüvvətləndirən dəlillərin bəzilərini sünnədən qeyd edirik.

1-ci dəlil
Şeyx Səduq (r.ə.) Fəzl bin Şazandan (r.ə.) nəql etdiyi mötəbər bir hədisdə İmam Rza (ə) azanın insanlara əmr edilmə səbəblərini bu cür açıqlayır:

إنما أمر الناس بالاذان لعلل كثيرة، منها أن يكون تذكيرا للناسي، و تنبيها للغافل، وتعريفا لمن جهل الوقت واشتغل عنه، ويكون المؤذن بذلك داعيا لعبادة الخالق ومرغبا فيها، ومقرا له بالتوحيد، ومجاهرا بالايمان، معلنا بالاسلام مؤذنا لمن ينساها… وجعل بعد التكبير الشهادتان لان أول الايمان هو التوحيد، والاقرار لله تبارك وتعالى بالوحدانية، والثاني الاقرار للرسول صلى الله عليه وآله بالرسالة وأن إطاعتهما ومعرفتهما مقرونتان، ولان أصل الايمان إنما هو الشهادتان فجعل شهادتين شهادتين كما جعل في سائر الحقوق شاهدان فإذا أقر العبد لله عز وجل بالوحدانية وأقر للرسول صلى
الله عليه وآله بالرسالة فقد أقر بجملة الايمان لان أصل الايمان إنما هو بالله وبرسوله…

“İnsanlara azan bir çox səbəblərə görə əmr edilib. Səbəblərdən bəziləri bunlardır: unudan şəxs üçün xatırlatma, qəflətdə olanı ayıltma,vaxtı bilmiyən şəxsə vaxtı bildirmə. Müəzzin azan verməklə insanları Yaradanın ibadətinə səsləyir və rəğbətləndirir. O, azan verərək Allahın təkliyini qəbul edir, imanlı olduğunu bəyan edir və müsəlman olduğunu elan edir. O, bunları unutmuş şəxsə elan edir… (Allah azanda) təkbirdən sonra iki şəhadət qərar verib. Çünki İmanın əvvəli tovhid yəni Allahın təkliyini qəbul etməkdir. İkincisi isə Peyğəmbərin (s) risalətini qəbul etməkdir. Həqiqətən də onlara (Allah və Rəsuluna) itaət etmək və onları tanımaq bir-birinə bağlıdır. Çünki imanın kökü yalnız o iki şəhadətdir. Allah digər hüquq məsələlərində iki şahid qərar verdiyi kimi burada da iki şəhadət qərar verib. Allahın təkliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət verən şəxs imanın məcmusunu qəbul etmişdir. Çünki imanın kökü Allahın təkliyini və Peyğəmbərin (s) risalətini qəbul etməkdir.”[43]

Bu hədisdə təfəkkür əhli üçün bir neçə mühüm nöqtə var:

· Hədisdə deyilir: “O, azan verərək Allahın təkliyini qəbul edir, imanlı olduğunu bəyan edir və müsəlman olduğunu elan edir.” Burada söhbət müəzzinin azanda dediyi şəhadətlərdən gedir. Və burada üç şəhadətə işarə var: Allahın təkliyini qəbul edir, yəni “əşhədu əlla ilahə illəllah”-deyir. İmanlı olduğunu bəyan edir, yəni “əşhədu ənnə Əliyyən vəliyyullah” deyir. İslamda olduğunu elan edir, yəni “əşhədu ənnə Muhəmmədən rəsulullah” deyir. Burada ardıcıllıqdan danışılmadığı üçün, iman şəhadətinin islam şəhadətindən əvvəl qeyd edilməsinin heç bir eybi yoxdur.
· İmam (ə) azanda iki şəhadətin deyilməsinə səbəb olaraq belə buyurur: “Həqiqətən də onlara (Allah və Rəsuluna) itaət etmək və onları tanımaq bir-birinə bağlıdır.” Bu səbəb üçüncü şəhadətdə də mövcuddur. Belə ki, Allah-təala buyurur: “Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin.” [44] Deməli nəinki Allah və Peyğəmbərə (s) itaət bir-birinə bağlıdır, həmçinin əlavə olaraq İmam Əliyə (ə) və digər İmamlara (ə) itaət də, yəni bu üçünə (tovhid, nubuvvət və imamətə) iman da bir-birinə bağlıdır. Buna görə də bu səbəbi əsas tutaraq azanda üçüncü şəhadəti deməyin bir eybi olmamalıdır.
· İmamın (ə) “(Allah azanda) təkbirdən sonra iki şəhadət qərar verib” ifadəsi mümkündür buna işarə olsun ki, iki şəhadət azanın tərkib hissəsidir. Amma üçüncü şəhadət isə tərkib hissədən sayılmır. Doğrusunu Allah bilir.
· İmam Rza (ə) buyurur: “Çünki imanın əvvəli tovhid yəni Allahın təkliyini qəbul etməkdir. İkincisi isə Peyğəmbərin (s) risalətini qəbul etməkdir” Deməli azanda imanın mərhələləri elan edilir. Bəs görəsən imanın mərhələləri bu iki şəhadətlə tamamlanırmı? Əlbəttə ki, tamamlanmır. Bəs burada tamamlayıcı nədir?! Allah-təala Qurani-Kərimdə buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim.”[45] Bildiyimiz kimi bu ayədə Qədir-xumda İmam Əlinin (ə) imamətinin elan edilməsi günündə dinin kamil edilməsindən danışılır. Və bilirik ki, o gün din İmam Əlinin (ə) vilayəti ilə tamamlanmışdır. Deməli imanın mərhələsi də vilayətə şəhadət gətirməklə tamamlanmalıdır. İmanın mərhələləri olaraq iki şəhadət azanda deyildikdən sonra, yaxşı olar ki, üçüncüsü də deyilsin.

Sual soruşula bilər: İmam Rza (ə) nəyə görə bu hədisdə üçüncü şəhadətdən açıq-aşkar danışmır, sadəcə olaraq müəyyən işarələrlə kifayətlənir?
Cavab: Təqiyyə!

2-ci dəlil
Yuxarıda Ömərin nəyə görə “həyyə əla xayril əməl” ifadəsini azandan çıxartması barədə bir hədis qeyd etmişdik. Uzunçuluq olmasın deyə hədisi təkrar qeyd etmirik. Sadəcə olaraq hədisdən bir sitat gətirməklə kifayətlənirik. Belə ki, hədisdə İmam (ə) aşkar şəkildə buyurur: “Həyyə əla xeyril əməl” ifadəsinin azandan atılmasını əmr edən şəxs (Ömər bin Xəttab) bununla istəyirdi ki, (insanlarda) ona (vilayətə) qarşı şövq yaranmasın və vilayətə tərəf dəvət edilməsinlər.”[46] İmam (ə) bu sözü ilə azanın mahiyyətlərindən birini açıqlayır. Yəni İmam (ə) buyurur ki, Azan vilayətə çağırışdır. Ömərin də azanla ədavəti məhz bu səbəbdən idi. Bir halda ki, azan vilayətə dəvətdir, o zaman nəyə görə biz azanda üçüncü şəhadəti deyərək vilayətə dəvət etməməliyik?! Buradan məlum olur ki, azanda üçüncü şəhadəti demək şəri cəhətdən üstün bir əməldir.

Təqrir dəlili
Burada dəlil qismindən istifadə edə biləcəyimiz məsələlərdən biri də təqrirdir. Bildiyimiz kimi Məsumun sözü, hərəkəti və təqriri höccətdir. Yəni Peyğəmbər (s) yaxud İmam (ə) məsələn su içməyin caizliyini üç yolla bəyan edə bilər:

1. Söz ilə; Məsələn bu cür buyurar: “Su içməyin bir eybi yoxdur.”
2. Hərəkət ilə; Məsumun özü suyu içər və bununla başa düşülər ki, su içmək caizdir.
3. Təqrir ilə; Məsumun yanında bir nəfər su içər və o, bu barədə bir şey deməz. Məsələn, həmin şəxsə içdiyinin haram olduğunu deməz və buradan da başa düşülər ki, su içmək caizdir. Əgər su haram olsaydı İmam (ə) mütləq onun haram olduğunu bildirərdi.

Qədim zamandan indiki dövrümüzə qədər üçüncü şəhadət şiələr arasında şüar olaraq azanda deyilib. Hal-hazırda isə bu iş əməli-icma olaraq yerinə yetirilir. Yəni hər şiə məscidində azan verilərkən “əşhədu ənnə Əliyyən vəliyyullah” da deyilir. Artıq bu məsələ dində düzgünlüyünə şəkk edilməyən bir məsələyə çevrilib. Əgər bu əməl bidət və haramdırsa, onda zamanın Höccəti İmam Zaman ağa (əf) nəhy əz münkər edərək bu işin haramlığını bəyan etməlidir. Artıq bu məsələ dinin və məzhəbin şüarı olaraq təqdim edilir, bütün şiələr buna əməl edir və fəqihlər bu işin caizliyinə fətva verir. Elə isə, İmam Zaman ağa (əf) bu işin haramlığını və bidət olduğunu hər hansı bir yolla bildirməlidir. Çünki onun vəzifəsi dini və şəriəti qorumaqdır. Dində hər nə artıqlıq və əskiklik olsa İmam (ə) onu aradan aparmalıdır. İmam Sadiq (ə) buyurur:

“Allah-təala dinin artıq və nöqsanlarını bilən bir alimi yer üzündən heç vaxt əskik etməz. Əgər möminlər dinə nəsə əlavə etsələr, o, həmin əlavəni rədd edər. Əgər dindən nəyisə azaltsalar, o, nöqsanı aradan qaldırar və belə deyər: Dinə kamil şəkildə əməl edin. (İmam (ə) buyurur) Əgər belə olmasaydı möminlər (dini) işlərində çaş-baş qalar və haqqla batili ayıra bilməzdilər.”[47]

Hədisin buyurduğuna əsasən yer üzərində dini qoruyan alim hər zaman olmalıdır. Hər bir şiə məscidi isə azanda üçüncü şəhadəti deyir. Bu artıq məzhəbin şüarına çevrilib. Belə bir halda, əgər bu əməl haramdırsa və bunu azanda demək olmazsa, dinin artıq və əskiklərini bilən həmin alim bu nöqsanları düzəltməlidir. Sual veririk: Bizim dövrümüzdə bu bidətin kökünü kəsən və dindəki bu nöqsanı yox edən alim hardadır??!! Alimdən məqsəd əgər fəqihlərdirsə, o zaman fəqihlər bu işi caiz bilir. Bir-iki nəfərin hansısa kitabında buna yaxşı baxmaması yaxud haram bilməsi bu nöqsanı aradan qaldırmır. Çünki məscidlərdə bu cür azan hələ də verilməkdədir. Əgər alimdən məqsəd İmam Zaman (əf) ağadırsa o zaman bu bidət əsrlər boyudur ki, davam edir, lakin İmam Zaman (ə) tərəfindən hələ də bir düzəliş yoxdur?!! Deməli düzəlişin olmaması bu işin doğruluğuna dəlildir.

Mühüm bir qeyd
Üçüncü şəhadəti azan və iqamədə demək caizdir, sözümüzdən belə başa düşülməsin ki, biz şəriətin təyin etdiyi azan və iqaməsini dəyişdiririk. Sadəcə olaraq biz deyirik ki, azan və iqamədə üçüncü şəhadəti tərkib hissə olmaması niyyəti ilə demək caizdir və üstün bir əməldir. Əgər tərkib hissə niyyətilə deyilsə, demək olar ki bütün fəqihlərə görə bu haramdır və bidətdir. Qədim alimlərin sözündə olan bidət də məsələnin bu tərəfinə aiddir. Necə ki, yuxarıda bəzilərinə işarə etdik.

Qarşı tərəfin bəzi iradları və bizim onlara cavabımız
İrad: Azan və iqamə şəriətin təyin etdiyi bir ibadətdir. Ora hər hansı bir kəlamı daxil etmək bidətdir və haramdır. Ona görə də üçüncü şəhadəti azanda demək olmaz.

Cavab: Siz dediyiniz o zaman düzgün olar ki, azan və iqaməyə daxil edilən söz azanın tərkib hissəsi olaraq daxil edilsin. Yəni üçüncü şəhadət azanda bu niyyətlə deyilsin ki, onu Allah-təala azanda bu cür təyin edib. Kimsə dəlil olmadan bunu iddia edərsə Allah adından yalan danışmış olar. Bidət və haram olan da məhz budur. Lakin üçüncü şəhadəti azan və iqamənin tərkib hissəsi olmadan demək isə bidət deyildir. Ümumiyyətlə buna bidət deyən şəxs bidətin mənasını başa düşməmişdir. Axı necə olur, azanın fəsilləri arasında boş söz danışmaq (məsələn, bu gün hava yaxşıdır) caiz olur, amma haqq söz (üçüncü şəhadət) demək isə haram və bidət? ( qeyd: azanda danışmağın caizliyi haqqında olan dəlilləri məqalənin altında şəkil formatına yerləşdirilib)

Əgər belə deyilsə: Üçüncü şəhadəti azanda azanın tərkib hissəsi niyyəti ilə demək mümkün deyil. Bu təsəvvür olunmaz bir məsələdir. Necə olur azanın içində üçüncü şəhadəti deyəsən ama onu azandan saymayasan?!

Biz belə cavab verərik: Əslində sizin öz sözünüz təsəvvür olunmazdır. Lakin azanda üçüncü şəhadəti azanın tərkib hissəsindən kənar olma niyyəti ilə demək əlbəttə ki təsəvvür olunan və mümkün bir şeydir. Məsələn, fərz edək ki, bir şəxs camaatla bir səfdə dayanıb namaz qılır, amma münfərid niyyəti edir. Camaatla bir yerdə rükuya və səcdəyə gedir lakin iqtida niyyəti etmir. İndi sual veririk ki, həmin şəxsin namazı camaat namazı sayılır ya fərdi? Axı necə olur ki, camaatla bir səfdə durub namaz qılasan amma namazın fərdi namaz sayılar?

Əgər belə deyilsə: Sizin dediklərinizdən belə çıxır ki, biz dörd rükətli namazın əsnasında yaxud da sonuna bir rükət də əlavə etsək, lakin həmin rükəti namazın tərkibindən saymasaq namazımız səhihdir və bu əməlin heç bir günahı yoxdur. Lakin həqiqətdə isə belə deyildir və deməli sizin iddianız batildir.

Biz belə cavab verərik: Sizin bu müqayisəniz səhvdir. Çünki qəti dəlil var ki, namazın rükətlərini ardıcıl şəkildə, fasiləsiz olaraq qılmaq lazımdır. Ona görə də istər namazın tərkib hissəsi niyyətilə bir rükət əlavə edilsin istərsə də qeyri-bir niyyətlə əlavə edilsin, namaz batildir. Lakin namazı bitirdikdən sonra ona bir rükət əlavə etmək məsələsinə gəlincə… Əgər həmin rükəti namazın tərkib hissəsi niyyəti ilə əlavə edərsə, bu bidətdir və haramdır. Lakin namazı bitirdikdən sonra, yəni namazın salamlarını dedikdən sonra ayağa qalxıb məsələn bir rükət əlavə qılarsa və həmin rükəti əvvəlki namazın tərkibindən saymazsa, qıldığı dördrükətli namaz səhihdir. Əlavə olaraq qıldığı bir rükətin hökmünü bilmək üçün isə sünnəyə müraciət ediləcək. Əgər sünnədə bir rükət müstəhəb namaz qılmağa icazə varsa əməli düzgündür. Əgər icazə yox əksinə qadağan varsa, o zaman etdiyi əməl xass dəlilə əsasən haramdır. Amma azanda isə belə deyildir. Ona görə də azanın bu cəhətini namazla müqayisə etmək düzgün deyildir.

Əgər belə deyilsə: Azanda üçüncü şəhadət namazın tərkib hissəsi niyyəti ilə deyilməsə də, praktiki olaraq o azanın tərkib hissəsi kimi görsənir və bir çox insan onu azandan hesab edir. Ona görə də onu demək olmaz.

Biz belə cavab verərik: Bu söz səhvdir. Çünki bir şeyin qıraqdan necə görsənməsi, şərən onun haram olmasına dəlil ola bilməz. Məsələn, namaza başlayarkən müstəhəbdir ki, onun əvvəlində yeddi təkbir deyilsin. Namaz qılan o təkbirlərdən hər hansı birini təkbirətul-ehram niyyəti ilə yerinə yetirər, qalanlarını isə müstəhəb niyyəti ilə. Qıraqdan bu təkbirlərin hamısı eyni görsənirsə və hər hansı bir cahil digər altı təkbiri də təkbirətul-ehram kimi görürsə, biz bu əməli harammı saymalıyıq?! Yaxud bir çox insan qunutun namazda vacib olduğunu düşünür, həmçinin namazın sonunda üç dəfə deyilən təkbiri namazın tərkib hissəsindən sayır. Amma bu o demək deyil ki, biz bu əməlləri haram saymalıyıq. Kim cəhlində müqəssirdirsə bu onun öz səhvidir və əziyyət çəkib öyrənməlidir.

Əgər belə deyilsə: Siz deyirsiniz ki, azanda üçüncü şəhadətin açıq-aşkar sünnədə bəyan edilməməsi təqiyyəyə görədir. Lakin biz deyirik ki, əgər təqiyyə olsaydı İmam (ə) onu “həyyə əla xeyril əməl” ifadəsi kimi mütləq bildirərdi.

Biz belə cavab verərik: Əvvəla bu barədə hədisin olmaması qəti deyil. Bu barədə yuxarıda araşdırma aparmışıq. Təqiyyə məsələsinə gəlincə… İmam (ə) “xeyrul əməl” hissəsini ona görə bildirib ki, bu ifadə azanın tərkib hissəsidir. Əgər İmam (ə) bunu bəyan etməsəydi dində nöqsan əmələ gələrdi. Üçüncü şəhadət isə azanda vacib olmadığı üçün İmam (ə) onu təqiyyəyə görə açıq-aşkar bəyan etməyib. Doğrusunu Allah bilir.

Son
Gördüyünüz kimi üçüncü şəhadətin haramlığı barəsində qəti bir dəlil yoxdur. Əksinə onun caizliyinə dair güclü dəlillər mövcuddur. Biz burada məsələni bacardığmız qədər qısa, lakin əhatəli araşdırmağa çalışdıq. Daha geniş məlumat üçün bu mözuda yazılmış məxsusi kitablara müraciət etmək olar. Biz isə burada sözümüzü sözlərin ən gözəlini deyən Allah-təbarəkə və təalanın kəlamı ilə tamamlayırıq:
الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُولَٰئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُولَٰئِكَ هُمْ أُولُو الْأَلْبَابِ
“O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır.”[48]

Əli Abdullah

[1] Şeyx Səduq “Mən la yəhzuru əl-fəqih” cild 1, səh.189
[2] Şeyx Mufid “Əl-Muqniə” səh.100
[3] Şeyx Tusi “Əl-Məbsut” cild 1, səh.99
[4] Mühəqqiq Hilli “Şəraiul-İslam” cild 1, səh.59
[5] Əllamə Hilli “Təzkirətul-fuqəha” cild 3, səh.41
[6] Şəhid Əvvəl “Əd-durus” cild 1, səh.161
[7] Şəhid Sani “Rovzətul-bəhiyyə” cild 1, səh.117, neynəva nəşriyyatı
[8] Şeyx Cəvahiri “Rəsail əl-fiqhiyyə” səh.89
[9] Şeyx Ənsari “Kitab əs-Səlat” cild 1, səh.209
[10] Seyyid Xoyi “Minhac əs-salihin” cild 2, səh.166 (Şeyx Vəhid Xorasaninin təliqi ilə birlikdə olan çap)
[11] Düzdür bəzi alimlər üçünü şəhadəti azanın müstəhəb hissəsindən sayırlar. Lakin hər bir halda demək olar ki, bütün alimlər onu azanın vacib hissəsindən kənar sayırlar.
[12] Şeyx Hürr Amuli “Vəsail əş-şiə” cild 5, səh. 413, əbvabu azan və iqamə, bab 19, hədis 1
[13] Şeyx Tusi “Əl-Məbsut” cild 1, səh.148, muəssisətu nəşrul-islami
[14] Şəhid Sani “ər-Rovzətul-bəhiyyə” cild 1, səh.117, neynəva nəşriyyatı
[15] Şəhid Əvvəl “əl-Bəyan” səh.73
[16] Əllamə Hilli “Muntəha əl-Mətləb” cild 4, səh.381
[17] Şəhid Əvvəl “əd-Durus” cild 1, səh.162
[18] Şəhid Əvvəl “əl-Bəyan” səh.73
[19] Şəhid Sani “ər-Rovzətul-bəhiyyə” cild 1, səh.117, neynəva nəşriyyatı
[20] Şəhid Sani “ər-Rovzətul-bəhiyyə” cild 1, səh.117, neynəva nəşriyyatı
[21] “Məcmə əl-Faidə” cild 2, səh.178
[22] Şeyx Mufid “Əl-Muqniə” səh.100
[23] “Kitab əs-Səlat” cild 2, səh.286
[24] Şeyx Səduq “Mən la yəhzuru əl-fəqih” cild 1, səh.189
[25] Şeyx Tusi “Əl-Məbsut” cild 1, səh.148, muəssisətu nəşrul-islami
[26] Şeyx Tusi “ən-Nihayə” səh.69
[27] “Rovzətu əl-Muttəqin” cild 2, səh. 245
[28] Şeyx Səduq (r.ə.) “İləl əş-Şərai” cild 2, səh.368
[29] Şəhid Sani (r.ə.) “Məsalik əl-Əfham” cild 2, səh.23
[30] Mühəqqiq Səbzəvari (r.ə.) “Zəxirətul-Məad” cild 1, səh.510
[31] Əllamə Hilli (r.ə.) “Xülasətu əl-Əqval fi mərifəti ər-rical” səh.177
[32] Mühəqqiq Səbzəvari (r.ə.) “Zəxirətul-Məad” cild 1, səh.510
[33] Seyyid Mürtəza “Rəsail” cild 1, səh.280
[34] “Rovzətu əl-Muttəqin” cild 2, səh. 245
[35] Məlumat üçün bax, “Bəğyətu ət-Talib” cild 2, səh.944; “Əxbaru muluk bəni-Übeyd” cild 1, səh.50; “Əl-Məvazi vəl-Etibar” cild 2, səh.340
[36] Şeyx Tusi “ən-Nihayə” səh.69
[37] Seyyid Mustəfəvi “Əl-Qəvaid” səh.94
[38] “Vəsail əş-Şiə” cild 1, səh.60
[39] Seyyid Mustəfəvi “Əl-Qəvaid” səh.94
[40] “Vəsail əş-Şiə” cild 1, səh.59
[41] “əl-İhticac” səh.158
[42] Həcc,32
[43] Şeyx Səduq (r.ə.) “Mən la yəhzuru əl-fəqih” cild 1, səh.299
[44] Nisa,59
[45] Maidə,3
[46] Şeyx Səduq (r.ə.) “İləl əş-Şərai” cild 2, səh.368
[47] Şeyx Səduq “İləl əş-Şərai” cild 1, səh.196
[48] Zumər 18

Müəllif: Hacı Əli Abdullah

Paylaş:
Baxış sayı: 13968

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.