Dostluğa layiq olmayan kəslər

Dostluğa layiq olmayan kəslər

Bismillahir Rəhmanir Rəhim
Allah təbarəkə və taala Qurani-Kərimdə Furqan surəsinin 28-ci və 29-cu ayələrində belə buyurur:
يَا وَيْلَتَى لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلانًا خَلِيلا
لَّقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِي ۗ وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا
“Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər)”.
Hər bir kəsin həyatında özünə yaxın bildiyi bir və ya bir neçə dostu vardır. Lakin bəzən görürük ki, həmin şəxsləri dost tutmaqda səhvə yol vermişik. O şəxsləri düzgün tanımamışıq. Bu cür hallarla qarşılaşmamaq üçün, gərək elə bir meyarlar olsun ki, o meyarlarla dostluğa layiq olmayan kəsləri tanıya bilək. Nəticədə ayədə buyrulan kimi, “vay halıma” deyərək başımıza vurmayaq. Bəs görəsən o meyarlar hansılardır?
Bu suala cavab olaraq Məsumlardan (ə) bizlərə gəlib çatmış hədislərdən istifadə edərək həmin meyarları sizin nəzərinizə çatdırmaq istəyirik.
1:- Çox yalan danışan axmaq
İmam Sadiq (ə) buyurur:
“ضرُّكَ، نفعَكَ يريدُ فإنَّهُ الكذّابِ، الأحمقِ وصحبةَ إيّاكَ”
“Çox yalan danışan axmaqla dostluq etməkdən çəkinin! Çünki o sənə xeyir vermək istədiyi zaman zərər verər”.
Mənbə “Mizanul-hikmət, hədis 10280”.
2:- Dünyəvi məqsədləri güdən kəs
İmam Sadiq (ə) buyurur:
“إحذْر أن تواخي من أرادَك لطمعٍ أو خوفٍ أو ميلٍ أو للأكلِ والشربِ”
“Səni qorxu, ləzzət, yemək və ya içmək kimi şeylərə görə istəyən şəxsdən uzaq dur!”.
Mənbə “Mizanul-hikmət, hədis 230”.
3:- Zəlalətdə olan halda başqasını da azdıran kəs
Bu cür kəslərlə dostluq etməməyə yuxarıda qeyd olunan Furqan surəsinin 28-ci və 29-cu ayələri dəlalət edir.
4:- Əxlaqsız olan kəs
İmam Sadiq (ə) buyurur:
لا تصحب الفاجر
“Əxlaqsızla dostluq etmə!”
Mənbə “Əl-xisal, cild 1, s 80”.
5:- Paxıl olan kəs
İmam Sadiq (ə) buyurur:
وإيّاكَ ومصاحبةَ البخيلِ
“Paxıl olan kəslə dostluq etmə!”.
Mənbə “Biharul-ənvar, cild 71, s 196”.
6:- Fasiq olan (haram işlər görən) kəs
İmam Sadiq (ə) buyurur:
وإيّاك ومصاحبةَ الفاسقِ
“Fasiq olan kəslə dostluq etmə!”.
Mənbə “Biharul-ənvar, cild 71, s 196”.
7:- Qohumları ilə əlaqəni kəsən kəs
İmam Sadiq (ə) buyurur:
وإيّاكَ ومصاحبةَ القاطعِ لرحمِه فإنّي وجدتُه ملعونًا في كتابِ اللهِ عزَّ وجلَّ.
وقال عزَّ وجلَّ: (الَّذِينَ يَنقُضُونَ عَهْدَ اللهِ مِن بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَآ أَمَرَ اللهُ بِهِ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِي الأَرْضِ أُوْلَئِكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّار
“Qohumları ilə əlaqəni kəsən kəslə dostluq etmə! Həqiqətən mən o şəxsi Allahın kitabında lənətlənmiş halda görmüşəm. İzzət və Cəlal sahibi olan Allah buyurur:- Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) qıranlar və yer üzündə fitnə-fəsad törədənlər lənətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir”. (Rə`d surəsi, ayə 25).
Mənbə “Əl-kafi, cild 2, s 377”.
8:- Kafir olan kəs
Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
من كانَ يؤمِنُ باللهِ واليومِ الآخرِ فلا يُؤاخينَّ كافرًا
“Hər kim Allaha və axirət gününə iman gətirərsə, gərək kafiri özünə dost tutmasın”.
Mənbə “Biharul-ənvar, cild 71, s 197”.
9:- Şərr olan kəs
İmam Cavad (ə) buyurur:
إيّاكَ ومصاحبةَ الشرّيرِ
“Şərr olan kəslə dostluq etmə!”.
Mənbə “Biharul-ənvar, cild 71, s 197, h 43”.
10:- Əyləncə və oyun əhli olan kəs
İmam Əli (ə) buyurur:
إيّاكَ وصحبةَ من ألهاكَ
“Səni oyun və əyləncəyə çəkən kəslə dostluq etmə”.
Mənbə “Mizanul-hikmət, hədis 10276”.
11:- Qorxaq olan kəs
İmam Baqir (ə) buyurur:
لا تصادِقْ ولا تواخِ أربعةً: الأحمقَ والبخيلَ والجبانَ والكذّابَ
“Dörd şəxslə dostluq və qardaşlıq etmə! Onlar axmaq, paxıl, qorxaq və çox yalan danışan şəxslərdir”.
Mənbə “Məsadiqətul-əxvan, səh 80, hədis 3”.
12:- Nöqsanları üzə çıxardan kəs
İmam Əli (ə) buyurur:
لا تؤاخِ من يسترُ مناقبَك وينشرُ مثالِبك
“Nöqsanları üzə çıxardan şəxslə dostluq etmə! Çünki o sənin yaxşılarını gizlədər, nöqsanlarını isə üzə çıxardar”.
Mənbə “Mizanul-hikmət, hədis 235”.
13:- Bidət sahibi olan kəs
İmam Sadiq (ə) buyurur:
لا تصحَبوا أهلَ البدعِ ولا تجالِسوهم، فتصيروا عندَ الناسِ كواحدٍ منهُم
“Bidət əhli ilə dostluq etmə! Çünki insanların yanında elə dəyişər ki, sanki onlardan biridir”.
Mənbə “Əl-kafi, cild 2, səh 375”.
14:- Xain olan kəs
15:- Zalım olan kəs
16:- Sözgəzdirən kəs
İmam Sadiq (ə) buyurur:
إحذرْ من الناسِ ثلاثةً: الخائنَ والظلومَ والنمّامَ
“Üç şəxsdən uzaq durun! Xain, zalım və sözgəzdirəndən”.
Mənbə “Mizanul-hikmət, hədis 10262”.
17:- İnsanların eyblərini axtaran kəs
İmam Əli (ə) buyurur:
إيّاكَ ومعاشرةَ متتّبِعي عيوبِ الناسِ
“İnsanların eyblərini axtaran kəslə dostluq etməkdən səni çəkindirirəm”.
Mənbə “Ğurərul-hikəm, səh 334”.
18:- Söyüş söyən kəs
İmam Sadiq (ə) buyurur:
من قعدَ عندَ سبّابٍ لأولياءِ اللهِ فقدْ عصى اللهَ
“Hər kim Allah dostlarını söyən şəxsin yanında oturarsa, Allaha qarşı asi (günahkar) olmuşdur”.
Mənbə “Əl-kafi, cild 2, səh 379”.
19:- Haramı gözəlləşdirən kəs
سُئل الإمام أمير المؤمنين عليه السلام: أيّ صاحب شرّ؟
المزيّنُ لكَ معصيةَ الله قال:
Əmirul-miminin Əli (ə)-dan -ən pis əməl sahibi kimdir?- deyə sual olundu:- İmam (ə) cavabında belə buyurdu:
– Haramları sənə gözəl göstərən kəs.
Mənbə “Əl-əmali li-Səduq, səh 472”.
20:- Alçaq xasiyyətli olan kəs
İmam Sadiq (ə) buyurur:
شرُّ الأخوانِ المواصلُ عندَ الرخاءِ والمُفاصِلُ عندَ البلاءِ
“Qardaşların ən pisi sənin xoş günündə səninlə olan, çətin günündə isə səndən uzaqlaşan kəsdir”.
Mənbə “Ğurərul-hikəm, səh 295″.
Məsumların (ə) sözlərindən istifadə edərək gördük ki, gərək bu xislətləri özündə cəm edən kəslərdən uzaq duraq və onlarla dostluq etməyək. Çünki onlarla birlikdə olduğumuz müddət ərzində onların bu xislətləri bizim əxlaqımıza da mənfi təsir qoyacaqdır. Nəhayətdə isə bir gün biz də onlar kimi bu xislətləri özümüzdə cəm etmiş olarıq. İnşallah bu hədisləri oxuduqdan sonra dost və qardaş seçimində daha da diqqətli olarıq ki, bir gün ayədə deyildiyi kimi biz də başımıza vuraraq -” Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!”- deməyək.
Bir də onu bilmək lazımdır ki, gərək bu xislətləri özümüzdən də uzaq edək ki, başqaları da bizimlə dost və qardaş olsun.
Sonda Şuəra surəsinin 99, 100 və 101-ci ayələrini nəzərinizə çatdırmaq istəyirik:
“Bizi yalnız günahkarlar azdırdı. İndi isə nə bir şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var.”
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuhu

Müəllif: Hoccətulislam Kərbəlayi Cavid

Paylaş:
Baxış sayı: 12621

Digər Məqalələr..

1 Response

  1. Rəna dedi ki:

    Allah razı galsın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.