Bişirilən üzümün hökmü

Bismillahir Rəhmanir Rəhim
Bişirilən üzümün hökmü

Allah təbarəkə və taala insanları yemək və içməyə ehtiyac duyan bir məxluq olaraq yaratmışdır. Yeyilən və içilən şeylərin içində isə bəziləri halal, bəziləri isə haramdır. Mömin olan hər bir kəsin bunu bilməsi lazımdır ki, izzət və cəlal sahibi olan Allahın qərar verdiyi müqəddəs şəriətdə olan hər bir hökümdə, insanlar üçün xeyir vardır. Bu mənada ki, halal etdiyi şeylərdə bir məsləhət, qadağan etdiyi şeylərdə isə bir fəsad vardır. Məsələn; qanın yeyilməsi haramdır. Bu barədə Allah təbarəkə və taala Qurani-Kərimdə Maidə surəsinin 3-cü ayəsində belə buyurur:
“Ölü heyvan, qan və donuz əti sizə haram edildi”.
Bu ayədən gördük ki, qan yemək bizlərə haram edilmişdir. Bəs görəsən qan yeməyin müqabilndə hansı fəsadlar mövcuddur?
İmam Sadiq (ə) buyurur:
“Həqiqətən qan yemək it xəstəliyinə, qəlbin qəsavət bağlamasına, mərhəmət və bağışlamaq hissinin aradan getməsinə səbəb olur. Qan yeyən şəxsin öz övladını və valideynlərini öldürməyəcəyindən, “həmim” xəstəliyinə (insanın ana və bacı kimi məhrəm olan şəxslərlə yaxınlıq etmək hissini yaradan xəstəliyə) tutulmayacağından və onunla birgə olan şəxsin də bu xəstəliyə tutulmayacağından amanda olmaq olmaz”.
Mənbə: “Biharul-ənvar, cild 14, səh 771”.
Allahın (c.c) haram etdiyi qanı yeməyin müqabilində baş verən fəsadı hədisdən açıq-aşkar şəkildə gördük. Sair haram qidaların da müqabilində bu kimi fəsadlar mövcuddur. Halal olan qidalarda isə bizlər üçün mütləq bir xeyir və məsləhət qərar verilmişdir. Necə ki, Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) Əbu Talibin oğlu Cəfərə (ə) vəsiyyətində belə buyurur:
“Ey Cəfər! Heyva ye! Çünki, o qəlbi gücləndirir, qorxunu azaldır”.
Mənbə: “Əl-kafi, cild 6, səh 351”.
Yeyilməsi halal və xeyirli olan meyvələr çoxdur. Onlardan biri də üzümdür. Bu barədə bizlərə məsumlardan (ə) çoxlu hədislər gəlib çatmışdır. Necə ki, bir hədisdə Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur:
“Sizin yeməklərinizdən ən xeyirlisi çörək, meyvələrinizdən isə ən xeyirlisi üzümdür”.
Mənbə: “Məkarimul-əxlaq, səh 174”.
Bir hədisdə isə İmam Sadiq (ə) belə buyurur:
“Bir gün Nuh (əla nəbiyyina və əleyhi və alihi və səlləm) qəmli olmasına görə Allaha (c.c) şikayət etdi. Allah (c.c) isə ona belə vəhy etdi:- Qara üzüm ye! Çünki o qəmi aradan aparır”.
Mənbə: “Məkarimul-əxlaq, səh 174”.
Toxunmaq istədiyimiz əsas mövzu üzümün xeyirli olması, adi halda yeyilməsi deyil. Əsas məqsədimiz bəzi möminlərin, hökmü barəsində xəbərsiz olduqları “üzümün bişirilmiş halda yeyilməsidir”. Bu mənada ki, görəsən üzüm qaynara düşdükdən yaxud bişdikdən sonra onu yemək halaldır yoxsa haram? Yaxud üzüm bişdikdən sonra pak halında qalır yoxsa nəcis olur?
Cavab:
Ayətullah seyyid Sistani:
Əgər üzüm və ya üzüm suyu öz-özünə, yaxud odda, yaxud da başqa bir şeyin vasitəsilə qaynayarsa, (məsələn; günəşin vasitəsilə) nəcis olmaz. Lakin, onun 3-də 2-si odda və ya başqa bir şeylə qaynamaqla aradan getməyincə yeyilməsi haram olar. 3-də 2-si getdiyi surətdə isə yeyilməsi halal olar, bu şərtlə ki, məstedici içkiyə çevrilmiş olmasın. (Çünki, öz-özlüyündə qaynadıqda məstedici olması ehtimalı vardır). Əgər çevrilib məstedici olarsa, məstediciliyi aradan getməyincə qalan 3-də 2-si də halal olmaz.
Mənbə: “Əl-məsailul-muntəxəbə, məsələ 154”.
Ayətullah Vəhid Xorasani:
Əgər üzüm və ya üzüm suyu odda qaynayarsa pakdır. Lakin yeyilməsi haram olar. (Amma 3-də 2-si aradan getdiyi surətdə yeyilməsi halal olar). Əgər oddan başqa bir şeyin vasitəsilə qaynayarsa (məsələn; öz-özünə və ya günəşin vasitəsilə) vacib-ehtiyata əsasən nəcis olar. Həmçinin bu nəcisliyə və haramlığa xələl gəlməyincə də, vacib-ehtiyata əsasən nə pak olar nə də halal.
Mənbə: “Muntəxəbul-minhac, məsələ 406”.
Sual:
Bu deyilən hökümlər xurma və kişmiş kimi şeylərə də şamil olurmu?
Cavab:
Ayətullah seyyid Sistani:
Xurma, məviz (iri dənəli üzümün qurusu) və kişmişin özü və suyu qaynasa belə pak və halaldır.
Mənbə: “Tovzihul-məsail, məsələ 111”.
Ayətullah Vəhid Xorasani:
Xurma, məviz və kişmişin özü, hətta suyu belə qaynayarsa pak və yeyilməsi halaldır.
Mənbə: “Tovzihul-məsail, məsələ 115”.
Qeyd:
Bişirilən üzümün halal olmasından ötrü onun 3-də 2-sinin aradan getməsindən məqsəd onun çəkisinin azalması deyil. Məqsəd, kəmiyyət (miqdar) etibarilə azalmasıdır. Bunu bilməyin isə bir neçə yol var. Məsələn; üzərinə su, şəkər tozu və s. şeylər tökülərək bişməyə qoyulan həmin üzümün töküldüyü qabı, əvvəlcədən həmin qab kənarından nişan qoyularaq içindəkilərlə birlikdə üç hissəyə bölünsün, daha sonra bişməyə qoyulsun və qabın içində olanın 3-də 2-si aradan getsin və nəticədə qabda qalan bir hissə qədərində qalan üzüm halal olmuş olar.
Necə ki, İmam Sadiq (ə) üzüm suyunun halal olması barəsində belə buyurur:
“Onun üçdə ikisi aradan gedərək üçdə biri qalmayınca yeyilməsi haramdır”.
Mənbə: “Vəsailuş-şiə, cild 25, səh 282”.

Paylaş:
Baxış sayı: 10212

Digər Məqalələr..

2 Responses

  1. zülfiyyə dedi ki:

    Ev şəraitində üzümün dənələrin qaba yiğib günün altinda qircqirdmaqla onnan sirkə hazirliyirlar. O alınan sirkəni yeməklərdə istifadə edməkdə haramdır?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.