Namaza ciddi yanaşmaq

Namaza ciddi yanaşmaq

Bismillahir Rəhmanir Rəhim
Allah təbarəkə və taala Qurani-Kərimdə Maun surəsinin 4-cü və 5-ci ayələrində buyurur:
* الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ * فَوَيْلٌ لِلْمُصَلِّينَ *
Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıq üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar).
Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) isə hədislərin birində buyurur:
*الصلاة عمود الدين إن قُبلت قُبل ما سواها وإن رُدت رُد ما سواها*
Namaz dinin sütundur. Əgər qəbul olarsa, ardınca o biri əməllər də qəbul olar. Əgər qəbul olmazsa o biri əməllər də qəbul olmaz.
Mənbə: “Biharul-ənvar, cild 10, səh 329, hədis 22”.
Ayə və hədisdən göründüyü kimi namaz elə bir əməldir ki, gərək biz bu əməlin icrasında səhlənkarlıq etməyək. Çünki nəticədə “vay olsun bizə” deyən kəslərdən olarıq. Bəs görəsən hansı əməllər namazı yüngül tutmaq hesab olunur?
Bir neçə əməl namazı yüngül tutmaq hesab olunur:
1. Namazı heç bir şər`i və ürfi üzr olmadan sadəcə ciddi yanaşmamaq səbəbilə əvvəl vaxtından sonraya saxlamaq.
2. Namazı vaxt daxilində qılmayaraq tərk etmək. Hətta sonradan qəzası qılınsa belə.
3. Namazı bəzi vaxtlarda qılıb bəzi vaxtlarda qılmamaq. Məsələn; vaxt çıxana qədər saxladıqdan sonra qılmaq və ya dünya işlərilə məşğul olmaq səbəbilə qılmamaq.
4. Namaza ciddi yanaşmamaq. Məsələn; namaz qılınmasını unutmaq, yaxud namaz vaxtını bildiyi halda yatmaq və s.
Namazı yüngül hesab etməyin günah olmasında və insanın bu əməlin müqabilində aşağıda yazacağımız şeylərlə qarşılaşacağına heç bir şəkk-şübhəmiz yoxdur.
1. Allahın qəzəbi.
Namazı yüngül tutan insanın Allah (c.c) qəzəbilə qarşılacağı barəsində Əmirul-muminin Əli (ə) belə buyurur:
*في تأخير الصلاة من غير علّة غضب الله*
“Heç bir üzr olmadan namazı yüngül tutmaqda Allahın qəzəbi vardır”.
Mənbə: “Səfinətul-bihar, cild 2, səhifə 44”.

2. Peyğəmbər (s) və onun Əhli-beytdən (ə) uzaq düşmək.
Namazı yüngül tutan insanın Peyğəmbər və onun Əhli-beytdən uzaq düşməsi barəsində Peyğəmbər (səlləllahu əleyhi və alihi) buyurur:
*ليس مني من ضيع الصلاة*
“Namazı zay edən şəxs bizdən deyil”.
Mənbə: “Mustədrəkul-vəsail, cild 3, səhifə 98”.
Peyğəmbər (s) və Əhli-beytə (ə) yaxın olmağın meyarını isə İmam Sadiq (ə) bizlərə belə çatdırır:
*امتحنوا شيعتنا عند مواقيت الصلاة*
“Bizim şiələrimizi namaz vaxtlarında imtahan edin”.
Mənbə: “Qurbul-isnad, səhifə 52”.
3. Duanın qəbul olmaması əməlisaleh möminlərin dualarından məhrum olmaq.
Həqiqətən o kəslər ki, namazın ilahi bir vacibat olmasına ciddi yanaşmır və bu əməli kiçik tutur, Allah da onların dua və əməllərini qəbul etmir. Necə ki, Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) bu kəslər barəsində belə buyurur:
“Namazına ciddi yanaşmayan şəxs etdiyi hər bir əməlin müqabilində mükafat almaz və onun etdiyi dualar səmaya qalxmaz”.
Başqa bir hədisdə isə Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur:
“Namazına ciddi yanaşmayan şəxs əməlisaleh möminlərin dualarından məhrum olar”.
Mənbə: “Biharul-ənvar, cild 80, səhifə 22”.
4. Çətinliyə düşmək.
Namaza ciddi yanaşmayan kəslərin çətinliyə düşməsi barəsində Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur:
“Namaza ciddi yanaşmamaq yoxsulluğa səbəb olar”.
Mənbə: “Biharul-ənvar, cild 73, səhifə 315”.
5. Qəbr və qiyamət çətinliyi.
Bu barədə Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur:
“Namazına ciddi yanaşmayan şəxsin qəbri dar və zülmət olar”.
Mənbə: “Biharul-ənvar, cild 80, səhifə 21”.
6. Namazın qəbul olmaması.
Allah təbarəkə və taala namaza ciddi yanaşmayan şəxsin namazını qəbul etməz. Necə ki, İmam Sadiq (ə) bu barədə buyurur:
“Allah təbarəkə və taala yalnız yaxşı əməlləri qəbu edər. Bəs necə ola bilər ki, Allah (c.c) yüngül yanaşılan namazı qəbul etsin?”.
Mənbə: “Biharul-ənvar, cild 80, səhifə 9”.
Nəticədə bildik ki, gərək biz Allahın vacib etdiyi namaz kimi bir ibadətin icrasında daha da ciddi olmalı və bu əmələ yüngül yanaşmamalıyıq. Əks təqdirdə yuxarıda qeyd olunan ayədə deyildiyi kimi, “vay olsun bizə” deyən kəslərdən sayılmış olarıq. Namaza yüngül yanaşmaq yalnız namazın vaxtı ilə əlaqəli deyil. Namazın bütün vacibatı və şərtlərinə ciddi yanaşmamaq elə namazı yüngül tutmaq deməkdir. Çünki, dəstəmazın hökümlərini ciddi öyrənməmək nəticəsində dəstəmaz batil olduğu kimi, o batil dəstəmazla qılınan namaz da batil olar. Yaxud, namazın qiraətinə, ruku və səcdəsinə ciddi yanaşmamaq elə namaza yüngül yanaşmaq deməkdir. Səbəb də budur ki, bütün bu dediklərimiz namazla əlaqəli olan şeylərdir.
Ayətullah Sistani:
Sual:
Əgər bir şəxs bilsə ki, yatdığı təqdirdə sübh namazına qalxa bilməyəcək, bu halda sübh namazına qədər oyaq qalması vacibdirmi? Oyaq qalmayıb yatarsa və namaza qalxmazsa günah etmiş sayılırmı?
Cavab:
Bu şəxsin bir nəfəri onu namaz vaxtı oyatması üçün təyin etməsi və ya zəngli saat qurması və s. şeylər etməsi mümkündür. Əgər bu dediklərimiz mümkün olmasa günah etmiş sayılmır. Amma onun bu əməli insanlar arasında namaza ciddi yanaşmamaq hesab olunarsa bu halda günah etmiş sayılır.
Mənbə: “Sistani.org Namaza yüngül yanaşmaq, sual-cavab 2”.
Sonda Nisa surəsinin 142-ci ayəsinə diqqət yetirək:
“Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər”.
Bu ayədə Allah təbarəkə və taala münafiqlərin necə namaz qıldıqlarını və bununla da Allahı aldatmaq istədiklərini xəbər verir. Gərək biz də çalışaq ki, münafiqlər kimi namaza tənbəlliklə, könülsüz durmayaq, Allahı çox zikr edək və özümüzü xalqa göstərməyək. Namazlarımızı qəlb rahatlığı ilə yerinə yetirək və Allahın Qurani-Kərimdə Muminun surəsinin 1-ci və 2-ci ayələrində tərif etdiyi möminlərdən olaq.
*الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ  * قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ*
“Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!”

Allah bizim namazlarımızı qəbul etsin. Özümüzü isə namazı yüngül hesab edənlərdən qərar verməsin.
Vəssəlamu ələykum və rəhmətullah və bərəkatuhu.
Müəllif: Hoccətulislam Kərbəlayi Cavid.

Paylaş:
Baxış sayı: 12208

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.