İmam Məhdinin(əc.f.ş.) peyğəmbərlərlə(ə) oxşarlıqları

İmam Məhdinin(əc.f.ş.) peyğəmbərlərlə(ə) oxşarlıqları

1.Sudeyr Sirfidən nəql edilir: Mən, Mufəzzəl ibn Ömər,Davud ibn Kəsir,Əbu Bəsir və Əban ibn Təğlib birlikdə İmam Cəfər Sadiqin(ə) hüzuruna getdik. O yerdə oturmuşdu, əynində Xeybər qəbası var idi. O Həzrət(ə) balası ölmüş analar kimi yanıqlı səslə ağlayırdı. Çox kədərli idi. Üzünün rəngi dəyişmiş, gözləri yaşla dolmuş halda deyirdi: “Ey mənim Ağam! Sənin qeybdə olmağın mənim gözümün yuxusunu qaçırdıb. Yatağımı mənə dare dib. Qəlbimin rahatlığını əlimdən alıb. Ey mənim Ağam! Sənin qeybdə olmağın məni kədərə qərq edib, bir-birinin ardınca itkilərimin sayı-hesabı itib. Artıq gözlərimdən yanaqlarıma süzülən göz yaşlarımı , keçmiş bəla və müsibətlərlə dolub-daşan sinəmin nalələrini hiss etmirəm. Gözlərimin önündə canlanan, bütün çətinliklərdən daha böyük, daha ürək dağlayan, daha çətin və daha yad olan yalnız sənin qəzəbinlə qarışmış çətinliklər və sənin qəzəbinlə yoğrulmuş müsibətlərdir.”
İmamı(ə) belə halda gördüyümüz üçün ona olan vurğunluğumuzun şiddətindən ağlımız başımızdan çıxdı və gördüyümüz bu dəhşət dolu kədərli səhnə qəlbimizi parça-parça elədi. Bunun o Həzrətə(ə) üz verən sarsıdıcı və böyük bir müsibətin olduğunu düşünüb belə dedik: “Ey yaranmışların ən üstününün övladı! Gözləriniz heç vaxt ağlamasın. Göz yaşlarınızın axmasına səbəb nədir belə? O hansı müsibətdir ki, sizi bu qədər kədərə qərq edib?”
İmam Cəfər Sadiq(ə) dərindən bir ah çəkərək buyurdu: “Vay olsun sizə! Bu gün səhər Cefr kitabına baxırdım. O, əcəl, bəla, böyük müsibətlər, olub-keçənlər və Qiyamət gününə qədər baş verəcək hadisələrdən bəhs edən kitabdır. Allah onu yalnız Məhəmmədə(s.ə.a.s.) və ondan sonraki imamlara(ə) məxsus edib. Orada bizim Qaimimizin(ə) təvəllüdü, qeybə çəkilməsi, zühurunun gecikməsi, ömrünün uzanması, bu vaxt ərzində möminlərin imtahanı, müsibəti, qayıdışın yubanması səbəbindən onların qəlbində yaranan şübhə, onların çoxunun mürtəd olması və islamın onların boynundan götürülməsi(bidətə tabe olması) barədə fikrə daldım və bu məni riqqətə gətirdi, kədər məni bürüdü.”
İmama(ə) dedik: “Ey Allah Rəsulunun övladı! Bu barədə bildiklərini bizə də öyrət.”
İmam(ə) buyurdu: “Allah-Təala bizim Qaimimizə(ə) öz peyğəmbərlərinə(ə) verdiyi üç xüsusiyyəti verib. Belə ki, təvəllüdünü Musanın(ə) təvəllüdü kimi , qeybə çəkilməsini İsanın(ə) qeybə çəkilməsi kimi və zühurunun gecikməsini Nuhun(ə) gecikməsi kimi və ondan sonraki saleh qulun , yəni Xızırın(ə) ömrünü onun ömrünə nişanə olaraq verib.”
Biz dedik: “Ey Allahın Rəsulunun övladı! Mümkünsə bunun mənalarını bizə də izah edərdiniz.”
İmam(ə) buyurdu: “Musanın(ə) təvəllüdünə gəlincə, Firon öz hakimiyyətinin Musanın əliylə dağılacağını bildikdə göstəriş verdi ki, kahinləri çağırsınlar. Kahinlər Firona Musanın əsil-nəsəbi barədə məlumat verdilər. Bildirdilər ki, o İsrail övladlarındandır. Firon İsrail övladlarının qadınlarının hamilə olanlarının qarnının yarılması əmrini verdi. Bununla da iyirmi mindən artıq körpəni öldürtdü, lakin Musanı öldürə bilmədi. Çünki Allahın himayəsi və qoruması altında idi. Bəni-Üməyyə və Bəni-Abbas dab u cürdür.Hakimiyyətlərinin və zülmkar əmirlərinin padşahlığının Qaimimizin(ə) əliylə sona çatacağını eşidəndə bizimlə düşmənçilik etməyə başladılar və Qaimi öldürə bilmək üçün Peyğəmbər(s) xanədanını məhv etmək və onun nəslini aradan aparmaq üçün qılınc çəkdilər. Lakin Allah-Təala Öz əmrini zalımlardan , hətta birinə belə aşkar etməz və müşriklərə xoş gəlməsə də Öz nurunu tamamlayar.
İsanın(ə) qeybə çəkilməsinə gəlincə, yəhudi və nəsranilər iddia edirlər ki, o öldürülüb. Ancaq Allah bu sözü ilə onları təkzib etdi: “Onlar İsanı nə öldürdülər nə də çarmıxa çəkdilər, onlarda yalnız belə bir təsəvvür yarandı.” Qaimin qeybə çəkilməsi də bu cürdür. Bu ümmət də qeyb dövrünün uzanmasına görə onu inkar edir və ağızlarına gələni deyirlər. Bəziləri deyir o hələ anadan olmayıb, bəziləri ölüb deyir, bəziləri həddi aşaraq “bizim on birinci imamımız sonsuz olub” deyirlər. Bəziləri isə Allahın itaətindən çıxaraq Qaimin ruhunun başqa bir bədən vasitəsilə danışdığını deyir.
Nuhun(ə) gecikməsi isə belədir ki, o, Allahdan öz qövmü üçün bəla istədikdə Allah Ruhul-Əmini(ə) yeddi xurma dənəsiylə onun yanına göndərdi. Cəbrayıl(ə) ona dedi: “Ey Allahın peyğəmbəri! Allah Təala sənə buyurur ki, bunlar mənim yaratdıqlarım və bəndələrimdir. Haqqa dəvəti və höccəti tamamlamadan onlara heç bir bəla göndərmərəm. Bird aha öz qövmünü dəvət etməyə səy göstər, mən sənə savab verəcəyəm. Bu toxumları ək və sənin xilasın o zamandır ki, onlar bitib böyüyəcək və meyvə verəcək. Bu müjdəni özünə və möminlərə ver.”
Elə ki uzun müddətdən sonra ağaclar gövdə bağlayıb boy atdı, budaq açaraq meyvə verdilər, Nuh(ə) Allahdan Öz vədəsini həyata keçirməsini istədi. Lakin Allah ona göstəriş verdi ki , bu ağacların toxumunu əksin və yenidən səbr edib səy göstərsin və höccəti öz qövmünə tamam eləsin.O da Allahın ona əmr etdiyi kimi ona iman gətirmiş tayfalara çatdırdı. Lakin onlardan üç yüz nəfəri dindən çıxaraq dedi: “Əgər Nuhun dedikləri doğru olsaydı, Allahının verdiyi sözlərdə xilaf baş verməzdi.”
Ondan sonra hər dəfə Allah göstəriş verirdi ki, həmin toxumları əksin. Beləliklə Nuh(ə) onları yeddi dəfə əkdi. Hər dəfəsində ona iman gətirənlərin bir qismi ondan ayrıldı. Axırda yanında səksənə yaxın adam qalmışdı. O zaman Allah Təala belə vəhy etdi: “Ey Nuh! İndi qaranlıq gecənin ardından işıqlı sübh açıldı. Həqiqət aydınlaşdı. Xalis və saf olmayanlar ondan ayrıldı. Fitnəkarlar dindən çıxdılar. Əgər Mən kafirləri aradan aparıb dindən çıxmış bu tayfaları diri saxlasaydım, ixlasla tövhid və sənin peyğəmbərliyinə iman gətirmiş möminlərə qarşı vəfasızlıq etmiş olardım. Çünki Mən söz vermişdim ki, onları yer üzünün canişini edim, dinlərini möhkəmlədim və qorxularını əmin-amanlığa çevirim ki, şəkk-şübhə onların ürəklərindən getməklə Mənə etdikləri ibadət xalisləşsin.
Bu canişinlik necə baş verə , dinləri necə möhkəmlənə və qorxuları necə əmin-amanlığa çevrilə bilərdi ki, dindən çıxanların imanının zəifliyi , nifaqlarının nəticələrindən biri olan bədzatlıqlarını və onların yollarını azacaqlarını bilirdim. Möminləri yer üzünün canişini edib səltənət taxtına çıxardığım və onların düşmənlərini aradan apardığım zaman onlar bu səltənətin ətrini duysaydılar , qəlblərindəki nifaqları daha da artacaq qardaşlarına qarşı düşmənçiliklərini aşkar edəcək, ağalıq və hakimiyyət uğrunda onlarla vuruşacaqdılar. Fitnə baş qaldırdığı və onlar arasında müharibə getdiyi bir dövrdə dini möhkəmlətmək və möminlərin məqamını yüksəltmək necə mümkün ola bilərdi? Xeyr! Mümkün deyildi! İndi nəzarətimiz altında və vəhyimiz üzrə gəmini düzəlt.”
Sonra İmam(ə) buyurdu: Qaim də bu cürdür. Onun qeyb dövrü ona görə uzanır ki, mütləq həqiqət və xalis iman xalis olmayandan ayrılsın. Şiələr içində bədzat olanlar onlardan ayrılsın. Ola bilsin, Qaimin gəlişilə canişinlik, dində möhkəmlik və əmin-amanlığı hiss etsələr nifaq salarlar.
Saleh qula, Xızıra(ə) gəlincə, Allah Təala onun ömrünü uzadıb. Amma ona görə yox ki ona peyğəmbərlik verib və ya ona kitab nazil edib. Nədə ki qabaqki şəriətləri nəsx etmək üçün ona şəritə göndərib, yaxud da bəndələrin ona tabe olması , itaət etməsiyçün ona imamət verib. Ona görədir ki, Allah Qaimin ömrünün qeybdə olduğu zaman uzun olmasına görə və bəndələrin də qeyb dövrünün uzun olmasına görə onu inkar edəcəklərini bilirdi. Odur ki, ömrünü uzatdı ki, onun uzunömürlülüyü Qaimin(ə) ömrünün uzun olmasına dəlil olsun və düşmənlərin dəlillərini puç etsin ki, ondan sonra insanlar arasında Allahın dəlilinə zidd dəlil olmasın.”(Şeyx Tusi,Əl-Ğeybə,səh167 / Kəmalud-din,səh352)
2. Əbu Bəsir İmam Məhəmməd Baqirdən(ə) nəql edir: Bu işin sahibində(Məhdidə) dörd peyğəmbərə aid xüsusiyyət var. Onlardan biri Musada(ə) , biri İsada(ə) , biri Yusifdə(ə), biri isə Həzrəti Məhəmməddədir(s.ə.a.s.). Belə ki, Musa(ə) kimi həyatı təhlükədədir, o səbəbdən ehtiyatlıdır. Yusif(ə) kimi qeybdə olacaq. İsa(ə) kimi barəsində öldüyü iddiaları olacaq, halbuki ölməyib. Nəhayət, Həzrəti Məhəmməd(s.ə.a.s.) kimi qılınca sahibdir, silahlı qiyam edəcək. (Kəmalud-din,səh326 / Şeyx Tusi, Əl-Ğeybə,səh60)
3.Səid ibn Cubeyr İmam Zeynulabidindən(ə) nəql edir: Bizim Qaimdə(ə) peyğəmbərlərə aid nişanələr mövcuddur. Həmin nişanələrdən biri atamız Adəmdən(ə), biri Nuhdan(ə),biri İbrahimdən(ə), biri Musadan(ə), biri İsadan(ə), biri Əyyubdan(ə), biri də Həzrəti Məhəmməddəndir(s.ə.a.s.). Allahın salamı onların üzərinə olsun.
Adəm(ə) və Nuhdan(ə) olan nişanə budur ki, ömrü onların ömrü kimi uzun olar. İbrahimdən(ə) olan nişanə təvəllüdünün gizli qalması və insanlardan uzaqlaşması, Musadan(ə) olan nişanə həyatının onun kimi təhlükədə olması və gözlərdən itməsi, İsadan(ə) olan nişanə insanların onun barəsində fikir ayrılığına düşməsi, Əyyubdan(ə) olan nişanə ona üz gətirən bəla və çətinliklərdən sonra rahatlığa qovuşması, Məhəmməddən(s.ə.a.s.) olan nişanə isə onun kimi silahlı qiyam etməsidir. (Kəmalud-din,hədis3-576 / İləmul-vəra,cild2,səh321)
4. Məhəmməd ibn Muslim Səqəfiyyədən nəql edilir: İmam Baqirin(ə) hüzuruna gəldim və Məhəmməd(s) Əhli Beytinin Qaimi(ə) barəsində soruşmaq istəyirdim ki, məni qabaqlayaraq buyurdu: Ey Məhəmməd! Məhəmməd ailəsinin Qaiminin beş peyğəmbərə, Yunus ibn Məttaya(ə), Yusif ibn Yəquba(ə), Musaya(ə), İsaya(ə), Məhəmmədə(s) oxşarlıqları var. Allahın onlara salamı olsun.
Yunus ibn Məttaya(ə) oxşarlığı, onun kimi qeybdən qayıtması və yaşının çox olmasına baxmayaraq cavan qalmasıdır.
Yusif ibn Yəquba(ə) oxşarlığı qeybə çəkilməsi, qardaşlarının gözündən gizlin qalması, onunla atası və ardıcılları arasında az zaman fasiləsi olmasına baxmayaraq yerinin naməlum olması.
Musaya(ə) oxşarlığı həyatı üçün daim təhlükə, qeybdə olduğu müddətin uzun və təvəllüdünün gizli olması, Allahın onun zühuruna izn verməsi, düşmənləri qarşısında ona yardım etməsi və ardıcıllarının ondan sonra qatlaşdıqları əzab-əziyyətlərdir.
İsaya(ə) oxşarlığı insanların onun barəsində fikir ayrılığına düşməsidir. Belə ki bir dəstə onun hələ anadan olmadığını, bir dəstə öldüyünü, bir dəstə də öldürüldüyünü dedi.
Babası Məhəmmədə(s.ə.a.s.) oxşarlığı isə onun kimi silahlı qiyam etməsi , Allahın, Onun Rəsulunun(s) düşmənlərini, üsyankarları və zalımları öldürməsidir. Həmçinin ona silah və düşmənlərin qəlbində qorxu və vəhşət yaradılmaqla yardım olunacaq və onun döyüşə göndərdiyi heç bir bayraq məğlub olmayacaqdır. (Kəmalud-din,səh327 / İləmul-vəra,cild2,səh233)

5.Sudeyr Sirfi, İmam Cəfər Sadiqin(ə) belə buyurduğunu nəql edir: Bu işin sahibinin Yusifə(ə) oxşarlığı var.
Soruşdum: Sağ olmasını və qeybə çəkilməsini deyirsiniz?
İmam(ə) buyurdu: Nə üçün deməyim?! Bu ümmət içində donuz xislətli insanlar var. Yusifin(ə) qardaşları peyğəmbər övladları və nəvələri idilər. Amma Yusifi(ə) bazar malı kimi çıxarıb satdılar. Halbuki bir-birilə qardaş idilər. Lakin onu tanımadılar. O zaman Yusif(ə) məcbur olub dedi ki, “Mən Yusifəm və bu mənim qardaşımdır!” Bəs necə olur ki, bu ümmətin bəzi lənətə gəlmişləri Allahın Öz höccəti ilə Yusiflə(ə) davrandığı kimi rəftar edəcəyini inkar edirlər?! Yusif Misirin hakimi idi və onunla atası arasında cəmi 18 günlük məsafə var idi. Əgər atasını xəbərdar etmək istəsəydi edə bilərdi. Yəqub(ə) və övladları Yusifin sağ olmasını eşidən kimi o məsafəni 9 günə gəldilər. Bəs bu ümmət Allahın Öz höccətilə(ə) bu cür rəftar edəcəyini necə inkar edir?! Halbuki İmam(ə) bazarlarda rahat-rahat gəzişər və Allah ona da özünü tanıtdırmaq icazəsi verər necə ki Yusifə(ə) icazə verdi. (Əl-Kafi,cild1,səh336 / Dəlailul-imamə,səh531,hədis51)

Paylaş:
Baxış sayı: 14391

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.