İmamın təyini Allaha məxsusdur

İmamın təyini Allaha məxsusdur

Bismillahir-Rəhmanir-Rəhim

İmamın təyin olunmasının Allaha məxsus olduğuna dair nəqli dəlillər:

Biz, İmamiyyə əqidəsinə əsaslanaraq deyirik ki, Allah tərəfindən insanların hidayəti üçün təyin olunmuş imam, hər cür xəta və günahdan məsum olmalıdır. Qurani-kərimə baxdığımız zaman, təkcə İslam ümmətinə deyil, bütün ümmətlərə imamın Allah tərəfindən təyin edildiyini müşahidə edirik.

Allah Qurani-kərimdə imamətin məqamını insanlara bəyan etmiş, bu məqamın nübuvvət (peyğəmbərlik) məqamından daha üstün bir məqam olduğunu göstərmiş, hətta bəzi peyğəmbərlərin müəyyən ağır imtahanlardan keçdikdən sonra bu məqama çatdıqlarını və bu məqamın ilahi bir əhd olaraq, əsla zalımlara yetişməyəcəyini açıq-aşkar bir şəkildə bildirmişdir.

Həzrəti İbrahim (ə)-ın imamət məqamına təyin olunması:

Allahu-təala Qurani-kərimdə belə buyurur: “(Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrlər ilə) imtahana çəkdiyi zaman O, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam təyin edəcəyəm”,-dedi. (İbrahim isə:) “Nəslimdən necə?”-deyə soruşdu. (Allah onun cavabında:) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”,-buyurdu. (Bqərə – 124)

Bu ayədə göründüyü kimi Allah Həzrəti İbrahimi bir neçə ağır imtahanlardan keçirdikdən və O Həzrət də həmin imtahanlardan keçdikdən sonra belə bir məqama gətirilmiş və O Həzrətin bu məqamı öz zürriyyəti (özündən sonrakı nəsli) üçün istədikdə, Allah, bu məqamın Onun “əhdi” olduğunu və zalım (günah əhli) olan kəslərə əsla yetişməyəcəyini bildirmişdir. Buna görə də biz deyirik ki, imam hər növ günah və xətadan məsum olmalı və onu bu məqama yalnız Allah təyin etməlidir. Çünki imamın təyini Allaha məxsusdur.

Həmçinin Qurani-kərimdə “imamət” məqamı “xilafət” (xəlifəlik) məqamı adı ilə də keçmişdir. Lakin bu ayələrdə də xəlifənin təyin olunmasının Allaha məxsus olduğunu görürük. Allah Qurani-kərimdə belə buyurur: “Ey Davud! Biz səni yer üzündə xəlifə (dini rəhbər və imam) etdik. Buna görə də insanlar arasında haqq və ədalətlə hökm et”. (Sad – 26)

Bu ayədən də göründüyü kimi, məsum olub peyğəmbərlik məqamına seçilmiş olan Həzrəti Davudun (ə) məhz Allah tərəfindən imamət və xilafət məqamına təyin olunmasından bəhs olunmuşdur.

Həmçinin Qurani-kərimdə Talutun imamət məqamına gətirilməsi də, imamın təyininin Allaha məxsus olduğunu sübut edir. Allahu təala Qurani-kərimdə belə buyurur: “(Ya Rəsulum!) Musadan sonra bir dəstə israil övladlarının başına gələnləri görmədinmi? Onlar öz peyğəmbərlərinə: “Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülmkarlarla) vuruşaq!”-dedilər. O da (onlara): “Sizə vuruşma əmri olduqda bəlkə vuruşmadınız?”-söylədi. Onlar cavabında dedilər: “Allah yolunda nə üçün vuruşmayaq ki?”

(İsrail övladlarının) peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi”. Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən və ona var dövlət verilmədiyi halda, O, necə bizə hökmdar ola bilər?”-deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah onu sizin üçün seçmiş, elm və bədəncə (quvvəcə) ona üstünlük vermişdir. Allah öz mülkünü istədiyinə verər. Allahın mülkü genişdir, O, Hər şeyi biləndir!”

(İsrail övladlarının) peyğəmbəri onlara dedi: “(Talutun) hökmdarlıq nişanəsi (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində sizin üçün Rəbbinizdən bir arxayınlıq, rahatlıq, həmçinin Musa və Harunun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bəzi lövhələri və s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün qəti dəlil vardır”.

“Talut qoşunu ilə (Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, məndən deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə o məndəndir!” Lakin onlar az bir qismi istisna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra dedilər: “Bu gün bizim Calut və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur!” Allahın rəhmətinə qovuşacaqlarına inananlar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!”

Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz, bizə bollu səbr və dizimizə qüvvət ver! Bizə kafir qövm üzərində qələbə qazandır!”

“Nəhayət, onlar Allahın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi”. (Bəqərə 246-251)

Göründüyü kimi Həzrəti Talutun məhz Allah tərəfindən bu məqama seçildiyi, həmçinin İsrail oğullarının özlərinə bir imam təyin edilməsi üçün öz peyğəmbərlərinə müraciət etmələri, imamın yalnız Allahın istəyi ilə təyin oluna biləcəyini göstərir.

Həzrəti İmam Sadiq (ə) belə buyurur: “Yer üzü imamsız qala bilməz. Əgər möminlər bir şeyi artıq etsələr, (imam) onları geri çevirər və əgər onlar bir şeyi əskik etsələr, o, onu tamamlayar”. “Kafi”, c.1, s.178

Həzrəti Muhəmməd Baqir (ə) da belə buyurur: “And olsun Allaha ki, Allahu-təala Adəmin ruhunu qəbz etdiyi zamandan etibarən yer üzünü Allaha hidayət vəsiləsi olan imamdan (əsla) boş buraxmamışdır. Allahın bəndələrinə olan höccəti də odur. Yer üzü Allahın bəndələrinə höccəti olan imamdan boş qalmaz!” “Kafi”, c.1, s.179

Burada imamın varlığını zəruri bilən dəlillərlə kifayətlənib, Rəsuli-Əkrəmdən (s) sonrakı zamanda olan imamət mövzusuna qısaca nəzər salmaq istəyirəm.

Bəli, bizim əqidəmizə görə, Peyğəmbərin (s) vəfatından sonrakı dönəmdə də imamət mövzusu ləğv edilməmişdir. Biz Həzrəti Rəsulullahın (s) vəfatından sonra Həzrəti Əli və Onun 11 övladını imamətinə və onların imamətinin haqq olduğuna “əmin” olaraq etiqad bəsləyirik.

Həzrəti Əli (ə) buyurur: “Xalq üçün, pis və ya yaxşı bir rəhbərin olması zəruridir. Yırtıcı aslan zalım padşahdan yaxşıdır. Zalım padşah da, davamlı qarışıqlıq və fitnədən yaxşıdır”. “Biharul-Ənvar”, c.7, s.358

Hər hansı bir topluma rəhbərlik edən bir kəs, o toplumun əbədi bir səadətə yetişməsini ürəkdən istəyərsə, onu qorumaq üçün əziyyət çəkməyə məcburdur. Daşıdığı məsuliyyət və sahib olduğu qüdrət daxilində onları ideal bir səadətə çatdırmaq üçün o toplumun indiki zamanını və gələcəyini düşünməlidir. Buna görə də hökumət sahibləri qısa bir səfərə çıxdıqları zaman belə, öz yerlərinə bir kəsi vəkil təyin edərlər. Hətta bir ailə başçısı qısa bir səfərə çıxdığı zaman övladlarından bacarıqlı olanını öz yerinə seçər və özünün olmadığı müddətcə, ailə fərdlərindən onun sözünə itaət etmələrini istər. Həzrəti Rəsulullahın isə, ümmətinə qarşı bütün rəhbərlərdən daha şəfqətli, daha xeyirsevər və ümmətinin aqibətini daha çox düşünən bir rəhbər olmasına kimsənin şübhəsi ola bilməz. Allahu-təala Rəsulullahın bu xüsusiyyətinə işarə edərək Qurani-kərimdə belə buyurur: “(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir”. (Tövbə 128)

Belə isə, ümmətinə bu qədər həssas olan bir peyğəmbərin, onlar üçün çox zəruri məsələ olan xilafət mövzusunu bəyan etməməsini heç cür ağıl qəbul etmir. Çünki, Rəsulullah (s) İslamın sonuncu din olduğunu, Onun qiyamətə qədər qorunması gərəkdiyini və rəhbərsiz bir saat belə ayaqda dura bilməyəcəyini hər kəsdən daha yaxşı bilirdi. Tarixdə belə bir fakt yoxdur ki, Rəsulullah (s) Mədinəni tərk etsin və öz yerinə bir canişin təyin etməmiş olsun. Hətta Mədinədən çıxıb qısa bir səfərə getdiyində belə, Mədinə başsız qalmasın deyə mütləq öz yerinə birini təyin edərdi. Görəsən Allahu-təala Peyğəmbərə (s) ümmətini əbədi tərk edəcəyini bildirdiyi halda, O Həzrət ümmətini başsız qoyub gedərdimi? Görəsən Həzrəti Rəsulullah ümmətinə qarşı, bir ailə başçısının öz ailəsinə qarşı hiss etdiyi məsuliyyəti hiss etmirdimi? Əlbəttə ki, bu sifətlər Rəsulullaha yaddır. Elə buna görə də, biz Rəsulullahdan sonra Həzrəti Əli və onun 11 övladının imamətinin haqq olduğuna etiqad bəsləyirik. Onların imamətinin haqq olması, həm Quranda, həm də Rəsulullahdan nəql olunan hədislərdə açıq-aşkar bir şəkildə bəyan edilmişdir. Onların imamətinə dəlil olan bu hədis və rəvayətlər təkcə Əhli-Şiənin mənbələrində deyil, Əhli-Sünnətin ən mötəbər mənbələrində “səhih” və “həsən” isnadlarla nəql olunmuşdur.

Müəllif: Hoccətulislam SEYYİD MİRƏDDİN HAŞİMİ

Paylaş:
Baxış sayı: 13762

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.