Zühur üçün səbir etmək

Zühur üçün səbir etmək

1.Əntərədən nəql olunur: Dəfələrlə Həzrəti Əlinin(ə) barmaqlarını bir-birinə keçirdiyi halda bu sözləri dediyini eşitmişəm: “Açıl, bağlan, bağlan, açıl.” Sonra buyurdu: “İti gedənlər həlak oldular, lakin yaxınlaşdıranlar nicat tapdılar. Kiçik daş parçaları öz yerində möhkəm dayandılar. Sədaqətlə Allaha and içib deyirəm ki, qəm-qüssədən sonra mütləq qəribə bir açılış olacaq.” (Əl-Kafi,cild8,səh294)

2.Həzrəti Əli(ə) belə buyurur: Onlar yolun sağını və solunu tutdular. Əyri yollarla getdilər və hidayət yollarını itirdilər. İntizarında olduğunuz şeyin gəlməsi üçün tələsməyin. Sabah baş verəcək həmin işi isə uzaq saymayın. Çox tələsənlər tələsdiyi və arzusunda olduğu şeyin zamanı gəlib çatanda deyər, “Ey kaş o gəlməyəydi”. (Nəhcul-Bəlağə,xütbə150)

3.Saleh ibn Meysəm və Yəhya ibn Sabiq, İmam Məhəmməd Baqirdən(ə) nəql edirlər: İti gedənlər həlak oldular. Amma yaxınlaşdıranlar nicat tapdılar. Qala öz sütunları üzərində möhkəm dayandı. Şübhəsiz ki, qəm-qüssədən sonra qəribə bir açılış olacaq. (Ğeybəti-Nomani,səh198)

4. Məhəmməd ibn Müslümdən nəql olunur: Bir gün İmam Cəfər Sadiqin(ə) yanına getmişdim. Elə bu zaman Mehzəm də gəldi və dedi: “Qurbanın olum, intizarını çəkdiyimiz o gün nə zaman baş verəcək?”
İmam(ə) buyurdu: “Ey Mehzəm! Zühurun vaxtını təyin edənlər yalan demişlər, tələsənlər həlak oldular, əmrimizə tabe olanlar nicat tapdılar və bizə tərəf yönəldilər.” (Əl-Ğeybə,səh426)

5.Haris ibn Həmədani, Həzrəti Əlinin(ə) moizələrin birində belə buyurduğunu nəql edir: Hökümət iddiasında olanlar həlak olduqda , əsrin sahibi gözlərdən gizli qaldıqda , şad və ümidlə dolu ürəklər qəmgin olub ümidsizliyə qapıldıqda, arzu edənlər həlak olar, məhvə məhkum olanlar tədricən aradan gedər, yerdə isə möminlər qalar. Onların sayı necə də azdır. Üç yüz və ya bundan artıq bir qrup təşkil edərlər. Bədr savaşında Peyğəmbərin(s) köməyinə gəlmiş həmin mələklər bu müharibədə onlara da yardım edərlər. Onlar nə öldürülər, nə də ölərlər. (Ğeybəti-Nomani,səh 195 / Biharul-ənvar,cild52,səh137)

6.Təmim ibn Bəhluldan nəql olunur: Abdullah ibn Huzeyldən soruşdum: “Kimin imamətini qəbul etməliyik, onun nişanələri nədir?”
Mənə dedi: “Onun əlamətləri bunlardır: pəhrizkarlıq, düzgünlük, çalışqanlıq, uzun səcdələrdə olmaq, gecələri ibadətlə məşğul olmaq, haramdan çəkinmək, səbirlə zühurun intizarını gözləmək və qonşularla xoş davranmaq.” (Kəmalud-din,səh336)

7.Mehzəmdən nəql olunur: İmam Sadiqin(ə) yanında olarkən söhbət əsnasında filan sülalənin padşahlarından söz düşdü. İmam(ə) buyurdu: “Zühurun baş verməsinə tələsmək, insanların həlak olmasına gətirib çıxarır. Bəndə nə qədər tələssə də, Allah heç vaxt tələsməz. Bu işin bir həddi və sonu var. Həmin vaxt yetişəndə nə bir an tez , nə də bir an gec olmadan baş verəcək.” (Əl-Kafi,cild1,səh369)

8.Əbu Murhifdən nəql edilir: İmam Baqir(ə) buyurdu: “Toz-duman qaldıran şəxsin başına bulaşar. İti gedənlər həlak oldular.”
Dedim: “Canım sizə fəda olsun! Bəs iti gedənlər kimlərdir?”
Buyurdu: “Tələsənlər. Bilin ki, zalım hakimlərin , onlara qarşı çıxanlardan başqa heç kimlə işləri olmaz. Ey Əbu Murhif! Ayıq olun! Çünki onlar istədikləri vaxt sizə əzab-əziyyət verərlər. Ona görə də Allah onların başını özlərinə qatar ki, sizi yaddan çıxarsınlar. Ey Əbu Muhrif! Sən özünü Allaha həsr edən insanın işlərində fərəc olmayacağınımı düşünürsən? And olsun Allaha, onların işlərində fərəc mütləq olacaqdır.” (Əl-Kafi,cild8,səh273)

9.Əbdürrəhman ibn Kəsirdən nəql olunur: Bir gün İmam Sadiqin(ə) yanındaydım. Elə bu zaman Mehzəm də gəldi və dedi: “Qurbanın olum, intizarını çəkdiyimiz o gün nə zaman baş verəcək?”
İmam(ə) buyurdu: “Ey Mehzəm! Zühurun vaxtını təyin edənlər yalan demişlər, tələsənlər həlak oldular, əmrimizə tabe olanlar nicat tapdılar və bizə tərəf yönəldilər.” (Əl-Kafi,cild1,səh368)

10.Əbdürrəhman ibn Kəsirdən nəql edilir: Günlərin birində İmam Cəfər Sadiqin(ə) yanında idim. Elə bu zaman Mehzəm də gəldi və dedi: “Qurbanın olum, intizarını çəkdiyimiz o gün nə zaman baş verəcək?”
İmam(ə) buyurdu: “Ey Mehzəm! Zühurun vaxtını təyin edənlər yalan demişlər, tələsənlər həlak oldular, əmrimizə tabe olanlar nicat tapdılar və bizə tərəf yönəldilər.”(Ğeybəti-Nomani,səh197)

11.Əhməd ibn Məhəmməd ibn Əbu Nəsrdən nəql olunur: İmam Sadiq(ə) buyurur: Səbirlə zühurun intizarını gözləmək necə də gözəldir! Allah Təala bu barədə buyurur: “Və gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyirəm(Hud surəsi,93)” “Gözləyin ki, mən də mütləq sizinlə gözləyənlərdənəm(Əraf surəsi,71)”.
Elə isə səbirli olun, çünki zühur insanlar tam ümidsizliyə düçar olduqları zaman baş verəcəkdir. Sizdən əvvəlkilər daha səbirli insanlar idilər. (Kəmalud-din,səh645 / Qurbul-isnad,səh380)

12.İmam Həsən Əskərinin(ə) Əbulhəsən Əli ibn Huseyn ibn Babaveyh Qumiyə yazdığı məktubda deyilir: “Allahın ipindən möhkəm yapışır və mərhəmətli Allahın adıyla başlayıram. Sitayiş yalnız aləmlərin Rəbbinə məxsusdur. İşin sonunda yalnız təqva sahibləri sevinər. Cənnət möminlərin, Cəhənnəm alovu isə kafirlərin yolunu gözləyər. Yalnız zülm edənlər əzaba düçar olarlar . Allahdan başqa heç bir məbud yoxdur. O ən yaxşı yaradandır. Salam olsun xəlq etdiyi ən yaxşı üstün bəndəsinə və onun pak sülaləsinə! Daim səbir et və zühurun intizarını gözlə. Peyğəmbər(s) buyurub ki, ən üstün əməl zühurun intizarında olmaqdır. Bizim ardıcıllarımız daim qəm-qüssə içində olarlar. Lakin Peyğəmbər(s) onun gəlişi ilə möminləri müjdələyib. Övladım zühur edəndən sonra zülmlə dolmuş yer üzündə ədaləti bərqərar edəcəkdir. Ey Əbulhəsən! Səbir et və şiələrimizi də səbirli olmağa çağır. Çünki Allah Əraf surəsinin 128ci ayəsində buyurur: “Allahdan kömək diləyin və səbir edin. Şübhəsiz yer üzü Allaha məxsusdur və istədiyini onun varisi edir. Gözəl aqibət pəhrizkarlarındır.” Allahın salam, rəhmət və bərəkəti sənə və bütün şiələrə! Məhəmməd(s.ə.a.s.) və onun ailəsinə Allahın salamı olsun.” (Əl-Mənaqib,cild4,səh425)

13. Əbdürrəhman ibn Kəsirdən nəql olunur: İmam Sadiq(ə) “Allahın əmri gəlib çatdı, buna görə də tələsməyin(Nəhl surəsi,1)” ayəsi barədə buyurdu: “Bu ayə bir növ bizim Qaimin(ə) zühuruna işarədir. Allah bu işdə tələsməməyə fərman verib. Habelə onun qiyamını üç qoşunun köməkliyilə həyata keçirər; mələklər, möminlər və qorxu. Onun zühuru Peyğəmbərin(s) gəlişi kimidir. Ona görə də Allah Qurani Kərimdə buyurur: “Rəbbin səni evindən Haqq və doğru olaraq çıxardı”(Ənfal surəsi,5)”. (Ğeybəti-Nomani,səh198)

14.Xalid Aqulidən nəql edilir: İmam Cəfər Sadiq(ə) buyurdu: Gözlərinizi nəyə dikmisiniz? Tələsməyinizin səbəbi nədir? Məgər siz əmin-amanlıqda deyilsinizmi? Maddi ehtiyaclarınıza görə çox rahatlıqla evlərinizdən çıxa bilirsiniz. Kimsə sizin canınıza və malınıza təcavüz edə bilməz. Lakin bir zamanlar əməllər əqidənizdə olanları tutub əl-ayaqlarını kəsər və onları xurma ağaclarından asardılar. Həmin şəxsi mişarla iki yerə bölərdilər. Bütün bu cəzalar vecinə olmadan onlar yenə də günah barədə düşünərdilər.
İmam(ə) daha sonra bu ayəni oxumağa başladı:
“Yoxsa siz sizdən əvvəl köçmüş kəslərin başlarına gələnlər hələ sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızı güman edirsiniz?! Onlara maddi və cismani ziyanlar dəydi. Sarsıntı və narahatlıq keçirdilər. O yerə kimi ki, Allahın elçisi və onunla birgə olan möminlər Allahın köməyi və yardımı nə vaxt yetişəcək? deyirdilər. Bilin! Allahın köməyi həqiqətən yaxındır.(Bəqərə surəsi,214)”(Əl-Ğeybə,səh458)

15.Əbu Murhifdən nəql olunur: İmam Sadiq(ə) buyurdu: “İtigedənlər həlak oldular.”
Soruşdum: “İtigedənlər kimlərdir?”
İmam(ə) buyurdu: “Tələsənlər. Lakin yaxınlaşdıranlar nicat tapdılar. Qala öz sütunları üzərində möhkəm dayandı. Fitnə-fəsaddan uzaq durmaq üçün öz evlərinizdən çıxmayın. Toz-duman onu qaldıranın başına qonar. Sizi çətinliyə salıb əziyyət etmək istədikləri zaman Allah Təala onların özünü giriftar edər. Amma özləri onlara baş qoşub giriftar olanlar bu hökmdən istisnadır.” (Ğeybəti-Nomani,səh196)

16.Fəzl Katibdən nəql olunur: Mən İmam Sadiqin(ə) yanında idim. Elə bu vaxt Əbu Müslümdən məktub gəldi. İmam(ə) məktub gətirən şəxsə buyurdu: “Gətirdiyin məktubun cavabı yoxudr. Çıx get burdan!”
Biz öz aramızda gizlicə danışırdıq ki, İmam Sadiq(ə) buyurdu: “Ey Fəzl, bir-birinizlə gizlicə nə danışırsınız? Bəndənin tələskənliyinə görə Allah heç vaxt tələsməz. Dağları yerindən tərpətmək vaxtı çatmamış höküməti yerindən tərpətməkdən asandır.
Ey Fəzl! Sufyani qiyam etməyənə qədər yerinizdən tərpənməyin. O, qiyam edəndən sonra bizim əmrimizə ləbbeyk deyin(o bu sözü 3 dəfə təkrar elədi). Çünki onun qiyamı dəqiq əlamətlərdəndir.” (Əl-Kafi,cild8,səh274)

17.Səqr ibn Əbu Duləfədən nəql olunur: İmam Cavadın(ə) belə buyurduğunu eşitdim: “Məndən sonra oğlum Əli(ə) sizin imamınız olacaq. Onun fərmanı mənim fərmanım, onun sözü mənim sözüm, ona itaət mənə itaətdir. Ondan sonra gələn imam isə oğlu Həsən(ə) olacaqdır. Onun da fərmanı atasının fərmanı, sözü atasının sözü, ona itaət atasına itaətdir.” İmam(ə) bu sözü deyib dayandı.
Mən soruşdum: “Ey Peyğəmbər övladı! Bəs Həsəndən(ə) sonra imam kimdir?”
Mənim bu sözümdən sonra İmam(ə) çox ağladı. Sonra buyurdu: “Həsəndən(ə) sonra intizarında olacağımız Qaim(ə) imamət sahibi olacaqdır.”
Dedim: “Ey Peyğəmbər övladı! Bəs niyə onu Qaim adlandırırlar?”
İmam(ə) buyurdu: “Çünki bir zaman gələr daha onun adını yad etməzlər. Hətta onun imamət və vilayətini qəbul edənlər də əqidələrindən dönərlər. Bax həmin vaxt artıq o, qiyam edəcək.”
Dedim: “Bəs nəyə görə ona muntəzər deyilir?”
İmam(ə) buyurdu: “Çünki onun qeyb dövrü çox uzun çəkəcək. Muxlislər onun zühur edəcəyi günü gözləyər. Qəlbində şübhə toxumu olanlar onu inkar edər. Munkirlər bu sözü deyənləri ələ salar. Zühurun vaxtını təyin edənlər yalan deyər. Tələsənlər həlak olar. Əmrimizə tabe olanlar nicat tapar.” (Kəmalud-din,səh378 / İləmul-vəra,cild2,səh243)

Paylaş:
Baxış sayı: 11807

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.