Alqı-satqını pozmağın mümkün olduğu yerlər

Alqı-satqını pozmağın mümkün olduğu yerlər

Məsələ 2082: Bir müamiləni pozma haqqına «fəsx etmə haqqı» deyilir. Alıcı və satıcı on bir yerdə müamiləni poza bilərlər.
1. Hərçənd müamilə məclisini tərk etmiş olsalar belə, bir-birindən ayrılmamış olsunlar və bu fəsx etmə haqqına «məclis fəsx etmə haqqı» deyilir.
2. Alış-verişdə, alıcı və ya satıcı və digər müamilələrdə iki tərəfdən biri aldadılmış olarsa, bu fəsx etmə haqqına (ğəbn) «aldatma fəsx etmə haqqı» deyilir. Bu cür fəsx etmə haqqının sübut olması camaatın zehnində olan bir şərtdən qaynaqlanır. Yəni hər müamilədə hər iki tərəfin zehnində bu şərt var ki, aldığı mal maliyyət baxımından verdiyi maldan çox aşağı olmamalı və əgər belə olarsa, müamiləni pozma haqqına sahib olsun. Amma əgər bəzi yerlərdə xüsusi qaydada zehnlərdə olan şərt ayrı bir şəkildə olarsa, məsələn; şərt aldığı maliyyət baxımından verdiyi maldan az olduğu təqdirdə aradakı fərqini tərəfdən istəmə haqqına və bu mümkün olmazsa, müamiləni pozma haqqına sahib olmaq olarsa, belə yerlərdə xüsusi qaydaların şərtinə əməl edilməlidir.
3. Müamilədə müəyyən bir müddətə qədər hər ikisinin və ya birinin müamiləni pozma haqqına sahib olmaları şərt edilmişsə, bu haqqa «şərti fəsx etmə haqqı» deyilir.
4. İki tərəfdən biri tərəfin ona rəğbət etməsini saxlayacaq və ya ona olan rəğbətinin çoxalmasına səbəb olacaq şəkildə öz malını olduğundan daha yaxşı göstərərsə, buna «tədlis qüsuru (gizlətmə səbəbilə olan) fəsx etmə haqqı» deyilir.
5. Müamilə tərəflərindən biri qarşı tərəfin onun üçün bir iş görməsini şərt qoymuş olarsa və o da o şərtə əməl etməzsə və ya onun verəcəyi müəyyən bir malda bir xüsusiyyətin olmasını şərt qoyarsa və o malda o xüsusiyyət olmazsa, bu halda şərt edən şəxs müamiləni poza bilər və buna «şərtə uyğun gəlməyən təxəllüf fəsx etmə haqqı» deyilir.
6. Malda və ya onun əvəzində qüsur olarsa, buna «qüsurdan ötrü fəsx etmə haqqı» deyilir.
7. Müamilə edilən malın bir miqdarının başqasının malı olduğu anlaşılırsa, bu halda əgər onun sahibi bu müamiləyə razı olmazsa, alıcı müamiləni poza bilər və ya o miqdarın pulunu əgər vermişsə, digər tərəfdən ala bilər. Buna «şəriklikdən doğan fəsx etmə haqqı» deyilir.
8. Satıcı, müştərinin görmədiyi müəyyən olunmuş malın xüsusiyyətlərini ona deyəndən sonra, dediyi kimi olmadığı məlum olsa; bu halda müştəri müamiləni poza bilər. Həmçinin, əgər müştəri (verəcəyi) müəyyən olunmuş əvəzin xüsusiyyətlərini desə, sonradan dediyi kimi olmadığı məlum olsa, satıcı müamiləni poza bilər. Həmçinin, əgər əvvəlcə görülməklə müamilə olunub sonradan gördükləri malın, yaxud onun əvəzinin nöqsan (azalmaq) tərəfə dəyişdiyi məlum olsa, birinci halda alıcı, ikinci halda isə satıcı müamiləni poza bilər. Buna «görmədən əmələ gələn fəsx etmə haqqı» deyilir.
9. Alıcı aldığı malın pulunu üç günə qədər satıcıya verməzsə və satıcı da malı təhvil verməmiş olsa, satıcı müamiləni poza bilər. Əlbəttə bu, satıcının alıcıya pulu verməsində möhlət verib, müddət bildirilmədiyi haldadır. Amma əgər möhlət verilməmiş olsa, pulu verməyi azacıq gecikdirməklə də müamiləni poza bilər. Amma əgər ona üç gündən çox möhlət vermişsə, bu möhlət tamam olmamışdan əvvəl müamiləni poza bilməz. Buradan aydınlaşır ki, əgər satdığı şey bəzi göyərti və meyvələr kimi bir gün qalmaqla xarab olan bir şeydirsə, onun müddəti az olacaq. Buna «gecikdirildiyinə görə fəsx etmə haqqı» deyilir.
10. Bir heyvan satın almış olan alıcı, üç günə qədər müamiləni poza bilər. Həmçinin satdığı şeyin əvəzində bir heyvan alan satıcı üç günə qədər müamiləni poza bilər. Buna «heyvan alış-satışı fəsx etmə haqqı» deyilir.

Məsələ 2083: Əgər alıcı malın qiymətini bilməzsə və ya aldığı zaman qafil olaraq adi qiymətdən daha baha bir qiymətə alarsa, etina edilən dərəcədə baha almışsa, müamiləni poza bilər. Əlbəttə, müamiləni pozma zamanında malın özü mövcud olmalıdır, əks təqdirdə müamiləni poza bilmə haqqının olması işkallıdır. Həmçinin əgər satıcı malın qiymətini bilməzsə və ya müamilə zamanı yaddan çıxaraq qiymətindən aşağı satarsa, etina edilən miqdarda ucuz satmışdırsa, yuxarıda deyilən şərtlə müamiləni poza bilər.

Məsələ 2084: Şərtli satış müamiləsindəki məsələn; bir milyonluq evi beş yüz min manata satıb, satıcının müəyyən olunmuş vaxt daxilində pulu verdiyi təqdirdə müamiləni poza bilmə haqqına sahib olması qərarlaşdırılırsa, satıcı və alıcının həqiqətən alqı-satqı qəsdləri olarsa, müamilə səhihdir.

Məsələ 2085: Şərtli satış müamiləsində satıcı pulu vaxtında vermədiyi halda onun mülkünü geri verə biləcəyindən əmin olsa belə, müamilə səhihdir. Amma pulu vaxtında verməzsə, alıcıdan mülkü istəməyə haqqı yoxdur. Əgər alıcı ölərsə, onun varislərindən mülkü tələb edə bilməz.

Məsələ 2086: Əgər keyfiyyətli çayı keyfiyyəti aşağı olan çayla qarışdırıb, keyfiyyətli çay adına satarsa, alıcı müamiləni poza bilər.

Məsələ 2087: Əgər alıcı aldığı malın bir qüsuru olduğunu başa düşərsə, məsələn; bir heyvan alıb, sonra onun gözünün birinin kor olduğunu görərsə, əgər bu qüsur müamilədən əvvəl heyvanda olduğu halda o bilmirdisə, müamiləni pozaraq onu satıcıya qaytara bilər. Əgər onu qaytarması mümkün olmazsa, məsələn; o malda bir dəyişmə meydana gəlmiş olarsa və ya onda geri qaytarmağa mane olan bir təsərrüf etmişsə, məsələn, onu satıb, yaxud icarəyə veribsə, yaxud da parçanı kəsib, ya tikmişsə, bu halda sağlam ilə qüsurlu arasında qiymət fərqini müəyyənləşdirib satıcıya verdiyi puldan həmin miqdarını geri ala bilər. Məsələn; dörd manata aldığı bir malın qüsuru olduğunu başa düşərsə, əgər onun qüsursuzunun qiyməti səkkiz manat, qüsurlunun qiyməti isə altı manatdırsa, qüsursuzla qüsurlu arasındakı qiymət fərqi dörddə bir olduğundan satıcıya verdiyi pulun dörddə biri olan bir manatı geri ala bilər.

Məsələ 2088: Satıcı satdığı malın əvəzində aldığı müəyyən bir şeydə eyb olduğunu görərsə, əgər o eyb müamilədən əvvəl göründüyü halda o bilməmişdirsə, satıcı müamiləni pozaraq onu sahibinə qaytara bilər. Amma əgər o şeydə meydana gələn bir dəyişmə və təsərrüf etmə üzündən qaytara bilməzsə, əvvəlki məsələdə söylənən qaydaya görə eyibsiz ilə eyibli arasındakı qiymət fərqini ala bilər.

Məsələ 2089: Əgər müamilədən sonra və malı alıcıya verməmişdən əvvəl onda bir qüsur ortaya çıxarsa, alıcı müamiləni poza bilər. Həmçinin malın əvəzi olan bir şeydə müamilədən sonra, verilməmişdən qabaq bir eyb tapılsa, satıcı müamiləni poza bilər. Əgər qiymət fərqini almaq istərlərsə də geri qaytarmaq imkanı olmadığı təqdirdə caizdir.

Məsələ 2090: Müamilədən sonra malın eybi olduğunu anlarsa, müamiləni pozmaq istərsə, dərhal pozmalıdır. Əks təqdirdə (halların müxtəlifliyini nəzərə almaqla) əgər adi qaydadan çox vaxt keçənə qədər təxirə salsa artıq müamiləni poza bilməz.

Məsələ 2091: Əgər müamilədən sonra aldığı malın eybi olduğunu başa düşərsə, satıcı hazır olmasa belə, müamiləni poza bilər. Başqa fəsx etmə haqqlarında da hökm eynidir.

Məsələ 2092: İki yerdə alıcı, malda üzə çıxan eyib səbəbi ilə müamiləni poza bilməz və ya qiymət fərqini ala bilməz.
1. Malı alarkən eyibli olduğunu bilirdisə;
2. Müamilə vaxtı satıcı «bu malı bütün eyibləri ilə bərabər satıram» demişsə, amma bir eyibi göstərib və «bu eyiblə satıram» demişsə və sonradan onda başqa bir eyibin də olduğunu anlamışsa, alıcı satıcının göstərmədiyi eyibə görə malı geri qaytara bilər və geri qaytara bilmədiyi təqdirdə də qiymət fərqini ala bilər.

Məsələ 2093: Əgər alıcı aldığı malın eyibli olduğunu başa düşərsə və aldıqdan sonra onda ayrı bir eyb tapılsa, müamiləni poza bilməz. Amma eyibsiz ilə eyibli arasındakı qiymət fərqini ala bilər. Lakin aldığı heyvan qüsurlu olsa, fəsx etmə haqqına sahib olduğu üç gün keçməmişdən əvvəl başqa bir qüsur meydana gələrsə, onu təhvil almış olsa belə, yenə də geri qaytara bilər. Həmçinin yalnız alıcının müəyyən müddətə qədər fəsx etmə haqqına sahib olsa, o müddət ərzində malda başqa bir qüsur meydana gələrsə, onu təhvil almış olsa belə, müamiləni poza bilər.

Məsələ 2094: Əgər insanın özünün görmədiyi bir malı olarsa və digəri ona malın xüsusiyyətlərini başa salarsa, o da başqasının ona anlatdığı xüsusiyyətləri alıcıya söyləyərək onu satarsa, sonra da onun dediklərindən daha yaxşı olduğunu başa düşərsə, müamiləni poza bilər.

Paylaş:
Baxış sayı: 11935

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.