Yer üzünün hamısı imamındır

Yer üzünün hamısı imamındır

1.Əbu Xalid əl-Kabuli İmam Məhəmməd Baqirdən(ə) belə eşitdiyini nəql edir: “Əlinin(ə) kitabında bunun yazıldığını gördüm; “Həqiqətən yer Allahındır və onu Öz qullarından istədiyinə miras verər. Son nəticə isə müttəqilərin xeyrinədir(Ənfal surəsi,128)”. Mən və Əhli Beytim Allahın yer üzündə mirasçı etdiyi kəslərik. Biz müttəqilərik və yür üzünün hamısı bizimdir. Bu səbəbə görə də müsəlmanlardan bir kəs hər hansı bir torpaq parçası işlədib canlandırarsa, onun xərcini mənim Əhli Beytimdən olan imama versin. Bu torpaqdan əldə etdiyi gəliri yeyə bilər. Əgər bu xəracı verməsə və ya gecikdirsə, müsəlmanlardan bir başqası o yeri alıb özü baxarsa, ərazinin xəracını verməyən kəsdən daha çox haqq sahibi olar. Bu ərazinin xəracını mənim Əhli Beytimdən olan bir imama verər. Mənim nəslimdən Qaim(ə) imam zühur edənə qədər bu ərazi onundur. Amma zühur etdiyi zaman Rəsulullahın(s) yer üzünü ələ keçirməsi və köhnə sahiblərindən geri alması kimi, bütün yer üzünü ələ keçirər və köhnə sahiblərindən geri alar. Amma Qaim(ə), şiələrimizin əlində olanları onlardan almaz. Onları bu ərazilərin üzərində vəzifələndirər və əllərindəki əraziləri onlara verər.” (Usuli-kafi,cild3,hədis1065)

2.Muəlla ibn Məhəmməd, Əhməd ibn Məhəmməd ibn Abdullahdan, o da imamların(ə) birindən bu rəvayəti edir: Dünya və içindəkilər Allahın, Rəsulunun(s) və bizimdir. Kim dünyada bir şey üzərində yiyəlik edərsə Allahdan qorxsun. Allahın haqqını yerinə yetirsin və qardaşlarına yaxşılıq etsin. Əgər bunu etməsə Allah, Rəsulu(s) və biz onlardan uzağıq. (Usuli-kafi,cild3,hədis1066)

3. Ömər ibn Yezid belə rəvayət edir: Bir zaman Mədinədə Misməanı gördüm. Həmin il İmam Cəfər Sadiqə(ə) bir qədər mal gətirmiş və İmam gətirdiyi bu malı özünə qaytarmışdır. Ona dedim ki, gətirdiyin malı İmamdan(ə) niyə geri qaytardın? Dedi: Sözü gedən malı İmama aparanda ona “Bəhreyn dənizindəki dalğıclıq işi mənim ixtiyarıma verildi və mən bundan dörd yüz min dirhəm qazandım. Bu qazancımın səksən min dirhəmini xüms olaraq sənə gətirdim. Bu pulu sizə verməyib yanımda saxlamağı , Allahın bizim mallarımızdan sənə verdiyi bu haqqı xərcləmək istəmədim” dedim. İmam(ə) mənə belə buyurdu: “Bizim payımıza yer üzündən və Allahın ondan çıxardığı qiymətli şeylərdən sadəcə xüms düşürmü? Ey Əbu Səyyar ! Yer üzünün hamısı bizimdir. Allah ordan bir şey çıxararsa o bizimdir.” Mən dedim: “Elə isə malın hamısını sizə gətirmmi?”
İmam(ə) buyurdu: “Ey Əbu Səyyar! Biz onu sənə ürəklə verdik, sənə halal etdik. Malını özün götür. Bu anda bizim şiəmizin əlində olan hər şeyi ona halal etdik. Ta ki, nəslimizdən olan Qaim(ə) zühur edənə qədər. O zaman Qaim(ə) onların əllərindəki malların xəraclarını alar, ərazilərini isə özlərində saxlayar. Amma bizim tərəfdarlarımızdan başqa insanların əllərindəki ərazilərə gəlincə, torpaqdan qazandıqları onlara haramdır. Bu vəziyyət onların əleyhinə olmaqla Qaim(ə) zühur edənə qədər davam edər. O zaman İmam(ə) torpaqları onların əllərindən alar və onları alçalmış şəkildə oradan çıxarar. ”
Ömər ibn Yezid dedi: Əbu Səyyar mənə “Mən mülk sahibləri və çalışan insanlar arasında özümdən və İmamın özlərinə halal etdiyi kəslərdən başqa halal yeyən bir kəs görmürəm” söylədi. (Usuli-kafi,cild3,hədis1067)

4. Əbu Bəsir belə rəvayət edir: İmam Cəfər Sadiqə(ə) dedim: İmamın zəkat verməsi lazımdırmı? İmam(ə) buyurdu: “Ey Əbu Məhəmməd, mümkün olmayan bir şey dedin. Dünya və Axirətin imamın olduğunu , onları istədiyi yerə qoyduğunu və istədiyinə verdiyini bilmirsənmi? Bu səlahiyyət ona Allah tərəfindən verilmişdir. Ey Əbu Məhəmməd! İmam, üzərində özündən soruşulacaq Allahın haqq olduğu halda, heç vaxt gecələməmişdir.” (Usuli-kafi,cild3,hədis1068)

5.Əban ibn Musəb, Yunus ibn Zəbyandan belə rəvayət etmişdir: İmam Cəfər Sadiqə(ə) dedim: “Yer üzünün nə qədəri sizindir?” İmam(ə) gülümsəyərək buyurdu: “Allah Cəbrayılı(ə) göndərdi və ona baş barmağı ilə yer üzündə səkkiz çay yatağı açmasını əmr etdi. Bəlxin çayları olan Seyhan və Ceyhan, Şaşın çayı Xaşu, Hindistan çayı Mihran, Misirin çayı Nil, Dəclə və Fərat çayları bunlardır. Ona görə də su verən və su alan hər şey bizimdir. Bizə aid olan da şiəmizindir. Bizim düşmənlərimizin bunda, qəsb etdiklərindən başqa payı yoxdur. Bizim himayədarımız , dünya ilə göy arasındaki məsafədən daha böyük bir genişlik içindədədir. “De ki, bunlar bu dünya həyatında sidq ilə iman gətirənlər üçündür. Qiyamət günündə isə yalnız onlara aiddir(Əraf surəsi,32)”. Qiyamət günü bunları başqalarının qəsb etməsi mümkün deyil.” (Usuli-kafi,cild3,hədis1069)

6.Məhəmməd ibn Rəyyan belə rəvayət etmişdir: İmam Hadiyə(ə) yazdım:“Bizə rəvayət edildi ki, Rəsulullahın(s) bu dünyada payı yalnızca xümsdür.” Mənə belə bir cavab gəldi: “Dünya və üzərindəki hər bir şey Rəsulullaha(s) aiddir.” (Usuli-kafi,cild3,hədis1070)

7. Cabir ibn Abdullah, İmam Məhəmməd Baqirdən(ə) belə rəvayət edir: Rəsulullah(s) buyurdu: “Allah Adəmi(ə) yaratdı və ona dünyanı bəxş etdi. Adəmə(ə) verilənlər Rəsulullaha(s) da verilmişdir. Rəsulullaha(s) da verilənlər, Məhəmmədin(s.ə.a.s.) Əhli Beytindən olan İmamlara(ə) aiddir.”(Usuli-kafi,cild3,hədis1071)

8.Hafs ibn Bəxtəri İmam Cəfər Sadiqdən(ə) nəql etmişdir: “Cəbrayıl ayağı ilə beş çay yatağı açdı və su axmağa başladı. Bu çaylar, Fərat, Dəclə, Nil, Mihran və Bəlxdəki çaylardır. Su verən və su alan hər şey imamındır. Dünyanı örtən dəniz imamındır.” (Usuli-kafi,cild3,hədis1072)

Paylaş:
Baxış sayı: 9734

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.