Təqlidin zəruriliyinin səbəbi

Təqlidin zəruriliyinin səbəbi

İslam sonuncu və ən mükəmməl ilahi məktəbdir, onun bütün təlimləri insanların mənafeyinə uyğundur və onların həyata keçirilməsi ilə bəşəriyyətin səadətini təmin etmək mümkündür. Çünki bəşəriyyəti yaradan, Adəm övladlarının həyatı üçün faydalı və zərərli olan şeylərdən, onların fitri istək və ehtiyaclarından ən yaxşı agah olan uca Allahdır və O, insan həyatının ibadət, iqtisadiyyat, əxlaq, mədəniyyət və s. sahələrini əhatə edən, fərdi və ictimai vəzifələrini müəyyənləşdirən yaşam qanun və qaydalarını peyğəmbərlər və onların canişinləri vasitəsilə onlara bəyan etmişdir. Sevimli Peyğəmbərimiz (s) və haqq yolunun bələdçiləri olan Əhli-beyt imamları (ə) tərəfindən bəyan edilmiş İslamın nicat bəxş edən təlimlərini üç ümumi hissəyə bölmək olar:
1) Etiqadla bağlı biliklər, “üsul əd-din” (dinin əsasları); 2) əxlaq məsələləri; 3) əməli hökmlər, “füru əd-din” (dinin şaxələri).
İlahi təlimlərin əməliyyə risalələrinin mövzusunu təşkil edən üçüncü hissəsi, yəni əməli hökmlər olduqca genişdir. Çünki bunlar insanların ibadət, iqtisadiyyat, şəxsi, ailə və ictimai həyat, ədalət mühakiməsi, cəzalar və s. sahələrdə bütün hərəkətlərini əhatə edən hökm və qanunlardır və ilahi göstərişlərin bu qismi ilə bağlı aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:
a) Elmin müxtəlif sahələri vardır və bir insan bir sahə üzrə dərin bilik və bacarıqlara sahib olduğu halda başqa bir sahədə məlumatsız ola bilər. Nəticə etibarilə, o, ağlın hökmünə əsasən, mütəxəssisi olmadığı sahə ilə bağlı xüsuslarda həmin sahənin mütəxəssisinə müraciət etməli və onun göstərişlərinə tabe olmalıdır. Məsələn, kosmik tədqiqatlar mütəxəssisi olan bir şəxs xəstələndikdə xəstəliklər və onların müalicə üsulları ilə bağlı lazımı biliklərə sahib olmadığına görə mütləq mütəxəssis həkimə müraciət etməlidir. Bir həbin neçə dəfə qəbul edilməli olduğuna, hansı ampulun inyeksiya edilməli olduğuna həkim göstəriş verir. Çünki kosmik tədqiqatlar mütəxəssisi onun göstərişlərinə tabe olmağı özünə borc bilir. Ümumiyyətlə, biz bu və ya digər bir işi görmək istədikdə və onun necə həyata keçirilməli olduğunu bilmədikdə həmin işin mütəxəssisinə müraciət edərək ondan sözügedən işin icra qaydaları ilə bağlı məlumat alırıq və hər hansı bir ixtisas və sənətə sahib olmaq istədikdə də həmin sahə üzrə ən bilikli, ən bacarıqlı mütəxəssisə, müəllimə üz tuturuq. Şəriət hökmləri, ilahi halal və haram da məhz bu qaydada öyrənilir və bu məqsədlə dinin hökmləri üzrə mütəxəssis olan fəqihə müraciət etmək lazımdır.
b) İlahi hökmlərin ümdə mənbəyi Qurani-kərim və əziz Peyğəmbərimizdən (s), habelə məsum Əhli-beyt imamlarından (ə) nəql olunan hədislərdir (bu ikisi “səqəleyn”, yəni “iki ağır əmanət” adlandırılır).
c) Qurani-məcid və Əhli-beytin (ə) hədislərində öz əksini tapan məlumatların düzgün əldə edilməsi və dərk edilməsi heç də asan bir iş deyil və müəyyən ixtisas və bacarıq tələb edir. Bir insan ərəb dilçiliyi və Quranın təfsiri, dirayə (hədisşünaslıq), rical (ravişünaslıq), üsuli-fiqh (fiqhin metodologiyası) kimi müxtəlif islamşünaslıq sahələrinə, habelə İslam şəriətşünaslarının, fəqihlərin rəylərinə dair lazımı ixtisas bilik və bacarıqlarına sahib olmadıqca, necə deyərlər, ilahi müvəffəqiyyət sayəsində ictihad dərəcəsinə nail olmadıqca Allahın hökmlərini öz mənbələrindən öyrənib aşkara çıxara bilməz. Siz risalə və “Tövzih əl-məsail” adlı kiçik həcmli bir kitab görürsünüz və bəlkə də bilmirsiniz ki, bu risalə bir fəqihin ömrünün məhsuludur və o, müvafiq ixtisasa yiyələnərək, böyük zəhmətlər hesabına dini mənbələrə istinad etməklə həmin risalədə öz əksini tapan nəticələrə gəlmiş və bu nəticələri insanlara təqdim etmişdir.
Beləliklə, açıqladığımız bu həqiqətlər nəzərə alınmaqla, özünəməxsus xüsusiyyətləri ilə geniş sferaları əhatə edən ictihad yolunu qət etmiş fəqih alimlərə müraciət etməyin zəruriliyi aydınlaşır, müctəhidə təqlid məsələsinin doğruluğu ağlın hökmünə, doğru məntiqi mühakiməyə əsasən sübuta yetir və məlum olur ki, təqlid heç də kor-koranə tabeçilik demək deyil (İslam dini bütün gücü ilə kor-koranə tabeçiliklə mübarizə aparmış və Qurani-məcid bunu məzəmətə layiq olan ən rəzil xislətlərdən biri kimi təqdim etmişdir). Əksinə, təqlid dini məsələlərdə mütəxəssis olmayan bir insanın mütəxəssisə müraciət etməsi deməkdir. İmam Həsən Əskəridən (ə) nəql olunan aşağıdakı hədisdə bu mətləbin doğruluğunu dəstəkləyir:
“Fəqihlərdən kim nəfsini qoruyarsa (doğru yoldan, uca Allaha ibadət, bəndəlik yolundan bütün növ sapmalardan qoruna bilmək üçün nəfsinə sahib çıxarsa), dinini qoruyarsa, nəfsinin istəklərinə qarşı çıxarsa, Mövlasının (Allahın) əmrinə müti olarsa, digər insanlar onlara təqlid etməbəxş(1) etdiyi əqlin qədərini (səviyyəsini) nəzərə alacaqdırlidirlər”.
Söylənilənlərə əsasən, aydın olur ki, dini məsələlər və şəriət hökmləri xüsusunda ictihad dərəcəsinə çatmayan, hökmlərin dəlil və mənbələri ilə tanış olmayan insanların rəy bildirməsi yolverilməzdir və möminlərə vacibdir ki, bütün dini hökmlər və şəriət məsələləri ilə bağlı aliməqam mərcəi-təqlidlərə, etibarlı islamşünaslara müraciət etsinlər.

Paylaş:
Baxış sayı: 13073

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.