Stolüstü oyunlar

Stolüstü oyunlar

Domino, kart, nərd, şahmat və bilyardın hökmü
Hər bir mükəlləfə (ağıllı və həddi-büluğa çatmış şəxsə) vacibdir ki, Allahın əmrlərinə itaət etsin. İstər bu əmr, “namaz” kimi edilməsi vacib olan bir əmələ olsun, istər “zina” kimi edilməsi haram olan bir əmələ olsun, fərq etməz. Çünki hər bir vacib və haram olan əməldə bir əmr və qadağa vardır. Vacibdə (namazda) olan əmr o işi yerinə yetirməyi (qılmağı), qadağa isə o işi tərk etməməyi (qılmamağı) tələb edir. Haramda (zinada) olan əmr isə o işi tərk etməyi (zina etməməyi), qadağa isə o işi etməməyi (zinadan uzaq durmağı) tələb edir. Hər iki halda, itaət edilmədiyi təqdirdə insan günaha mürtəkib olmuş olar. Qiyamət günündə isə edilən hər bir xeyir və günah əmələ görə bir qarşılıq vardır. Necə ki, Allah təbarəkə və taala Zəlzələ surəsinin 7 və 8-ci ayələrində belə buyurur:
فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْراً يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرّاً يَرَهُ
“Hər kim (dünyada) yaxşı bir iş görmüşdürsə, onu (onun xeyrini, mükafatını) görəcəkdir. Hər kim (dünyada) pis bir iş görmüşdürsə, onu (onun zərərini, cəzasını) görəcəkdir”.

Qurani-Kərimə baxdıqda görürük ki, günahlar iki qismə bölünür:
1: Böyük günahlar
2: Kiçik günahlar
Buna dəlil olaraq Nisa surəsinin 31-ci və Nəcm surəsinin 32-ci ayəsini nəzərinizə çatdırmaq istəyirik:

إِن تَجْتَنِبُواْ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ
“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin kiçik günahlarınızın üstünü örtərik”.

الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَ الْفَوَاحِشَ إِلَّا اللَّمَمَ
“Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və çirkin əməllərdən çəkinirlər”.
SUAL:
Günahların iki qismə bölünməsinin səbəbi bu iki ayədən açıq-aşkar şəkildə aydın olur. Bəs görəsən böyük günahlarla kiçik günahlarındakı fərq nədir? Hansı günahlara böyük günah deyilir?
CAVAB:
Alimlər (Allah onlardan razı olsun) buyururlar ki, böyük günah o günaha deyilir ki, Allah təbarəkə və taala Qurani-Kərimdə o günah barəsində əzab vədəsini vermişdir. Həmçinin o günahlar ki, müqəddəs şəriətimizdə onları etməyin müqabilində müəyyən hədlər (cəzalar) təyin olunmuşdur. Məsələn; oğurluq etməyin müqabilində əlin kəsilməsi, zina edən şəxsin qətlə yetirilməsi və s.
Böyük günahlardan biri də qumardır. Necə ki, Allah təbarəkə və taala Qurani-Kərimdə Bəqərə surəsinin 219-cu ayəsində belə buyurur:
يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَ الْمَيْسِرِ ۖ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ
“(Ey Rəsulum!) Səndən xəmr (məstedici içki) və məysir (qumar) haqqında soruşanlara de: “Bunların hər ikisində də böyük günah vardır”.
“Əl-qumar” sözünün lüğətdəki mənası “udub-uduzmaq”-dır. Bu ayədə Allah təbarəkə və taala qumarı “məysir” adlandırmışdır. Məysir sözü “Əl-yusr” (asanlıq) kəlməsindən tutulmuşdur və qumarın hər bir növünə şamil olur. Bu kəlmədən tutulmasının da səbəbi isə bundan ibarətdir ki, qumar oynanılan zaman heç bir çətinlik və əziyyət olmadan, çox asanlıqla qarşı tərəfin malı əlindən alınmış olur.
Bu barədə imam Rza (ə) buyurur:
كلّ ما قومر عليه فهو ميسر
“Hər o şey ki, onunla udub-uduzmaq üçün oynanılır, o məysirdir”.
Mənbə: “Vəsailuş-Şiə, cild 17, səh 323”.
Qumarın yaratdığı fəsadlardan biri də insanlar arasında ədavət və düşmənçilik yaratmaq, Allahın zikrindən və namazdan uzaqlaşdırmaqdır. Necə ki, Allah təbarəkə və taala Qurani-Kərimdə Maidə surəsinin 91-ci ayəsində bu barədə belə buyurur:
“Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”
Ayədəki kin və ədavət kəlməsini mülahizə edək:
Qumar oynayan şəxs ya qazanır ya da uduzur. Qazandığı təqdirdə onun müsahibi olan, yəni uduzan şəxsin qəlbində ona qarşı kin və ədavət baş qaldırır. Çünki günlərini, aylarını və ya illəri sərf edərək əziyyətlə qazandığı mal, qarşılığında heç bir şey olmadan bir anda əlində çıxır. Bir halda ki, istəsə belə həmin anda əldən çıxan malını geri qaytara bilməz. Bunun nəticəsində də, qəlbində daim ona (onu udan şəxsə) qarşı kin və ədavət bəsləmiş olur. Uduzduğu təqdirdə isə eynilə udduğu şəxsin ona bəslədiklərini o da ona qarşı bəsləmiş olur. Bəzən də elə olur ki, qumar məclislərinin axırı qəzəb, ehtiramsızlıq, söyüş, dava və nəhayətdə ən pisi olan ölümlə nəticələnir.

Qumar oynamağın haram olmasını ayə və hədisdən gördük. Yazmaq istədiyimiz əsas mövzu isə şahmat, nərd, domino və bilyard barəsindədir. Bu mənada ki, bunların qumar olmasını və bunlarla oynamağın hədis və şəriət baxımından halal və ya haram olmasını araşdıracağıq.
Şahmat və nərd barəsində olan hədislər
Hədis:
Əmirul-muminin Əli (ə) buyurur:
“Nərd və şahmat, hər ikisi də məysirdir (qumardır)”.
Mənbə: “Vəsailuş-şiə, cild 17, səh 324”.
Hədis:
İmam Sadiq (ə) buyurur:
“Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) nərd və şahmat oynamağı qadağan etmişdir”.
Mənbə: “Vəsailuş-şiə, cild 17, səh 325”.
Hədis:
İmam Baqir (ə) buyurur:
“Nərd və iki şah oyunu (şahmat) sahibinin şəhadəti (şahidliyi) qəbul olunmaz”.
Mənbə: “Vəsailuş-şiə, cild 27, səh 380”.
Hədis:
İmam Sadiq (ə) buyurur:
“Şahmat batil əməllərdəndir”.
Mənbə: “Vəsailuş-şiə, cild 17, səh 318”.
Hədis:
Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
“Hər kim nərd oynayarsa, Allaha (c.c) və onun Rəsuluna (s) qarşı günah etmişdir”.
Mənbə: “Camiu əhadisiş-şiə, cild 17, səh 213”.

Bu hədislərdən əlavə bir çox hədislər də vardır ki, onlar şahmat və nərdin qumar və haram olmasını bizlərə çatdırır. Lakin domino və bilyard barəsində hədislər olmadığına görə, onların hökmünü fəqihlərin rəyləri əsasında qeyd edəcəyik. Əvvəlcə şahmat, nərd və domino barəsində, daha sonra isə bilyardın hökmünü nəzərinizə çatdırmaq istəyirik
Şahmat, nərd və domino oynamağın hökmü
Ayətullah Seyyid Əli Sistani:
Qumar oynamaq üçün hesablanmış olan şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə, qarşılığında bir şey olan halda oynamaq haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır və udan şəxs də həmin şeyi götürdükdə onun sahibi olmur. Amma bu dediklərimizlə (şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə) qarşılığında bir şey olmadığı halda oynamağa gəlincə, ən güclü fikrə əsasən şahmat və nərd bu cür oynanılsa haramdır. Hətta bu iki oyundan (şahmat və nərddən) başqasında (domino və bu kimi qumar alətlərində) belə ehtiyat tərk olunmamalıdır. (Yəni, vacib-ehtiyata əsasən domino və bu kimi qumar alətlərilə oynamaq haramdır). Lakin qumar oynamaq üçün hesablanmayan bir şeylə oynamağa gəlincə, əgər qarşılığında bir şey olarsa haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır. Məsələn; iki şəxs arasında ağır bir şeyi qaldırmaq və ya sürətli qaçaraq yarışmaq kimi bir oyun oynanılsa və bunun da müqabilində (qalib olan şəxs üçün) bir şey təyin olunarsa, bu cür oynamaq və təyin olunan həmin şeyi də götürmək haramdır. Amma qarşılığında bir şey olmasa, bu cür oynamaq icazəlidir.
Mənbə: “Minhac, cild 2, məsələ 22”.

Ayətullah Şeyx Vəhid Xorasani:
Qumar oynamaq üçün hesablanmış olan şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə, qarşılığında bir şey olan halda oynamaq haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır və udan şəxs də həmin şeyi götürdükdə onun sahibi olmur. Amma bu dediklərimizlə (şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə) qarşılığında bir şey olmadığı halda oynamağa gəlincə, ehtiyat-vacibə əsasən haramdır. Bu ehtiyat, şahmat, nərd və on dörd oyunu barəsində daha çox təkid olunur. Lakin qumar oynamaq üçün hesablanmayan bir şeylə oynamağa gəlincə, əgər qarşılığında bir şey olarsa haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır. Məsələn; iki şəxs arasında ağır bir şeyi qaldırmaq və ya sürətli qaçaraq yarışmaq kimi bir oyun oynanılsa və bunun da müqabilində (qalib olan şəxs üçün) bir şey təyin olunarsa, bu cür oynamaq və təyin olunan həmin şeyi də götürmək haramdır. Amma qarşılığında bir şey olmasa, bu cür oynamaq icazəlidir.
Mənbə: “Muntəxəbul-Minhac, məsələ 19”.

Bilyard oynamağın hökmü
Ayətullah Seyyid Əli Sistani:
Qarşılığında bir şey olduğu təqdirdə bilyard oynamaq haramdır. Lakin (bilyard oyunu insanlar arasında) qumar sayıldığı halda, onunla oynamaq vacib-ehtiyata əsasən tərk olunmalıdır. Hətta qarşılıqsız oynanılsa belə.
Mənbə: “Al-seraj.net Babul-muhərrəmat, sual 261”.
Qeyd:
Bəzi möminlər belə fikirləşirlər ki, stolüstü oyunların hamısı haramdır. Bəziləri isə stolüstü oyunlardan bəzisini halal, bəzisini isə haram olduğunu fikirləşirlər. Yaxud deyirlər ki, bilyard oynamaq bütün fəqihlərin rəyinə əsasən haramdır və s. Əvvəla onu bildirmək istəyirik ki, stolüstü oyunlardan, şahmat və nərd barəsində nəss (Quran və hədis əsasında dəlil) gəlmişdir. Lakin domino və bilyard barəsində nəss yoxdur. Bunların haram və ya halal olmasına gəlincə isə, gərək bu barədə fəqihlərin rəylərinə baxaq. Fəqihlərin rəylərinə baxdıqda isə görürük ki, bu iki oyundan biri olan domino qumar alətindən hesab olunur. Amma bilyard oyununun öz-özlüyündə haram olmasını deyən bir fəqih görmədik. Gördüklərimiz isə bilyardın “yalnız qumar aləti hesab olunduğu və ya onunla qarşılığında bir şey olduğu halda oynamağın haram olduğunu” bizlərə deyir. İnşallah biz belə güman edirik ki, möminlər, Allahın iznilə yazdığımız bu fətvaları oxuduqdan sonra hansı oyunun halal və ya haram olması barəsində daha şəxsi fikir yürütməyəcəklər.
Sonda sözümüzü Loğman surəsinin 6-cı ayəsilə bitirmək istəyirik:
Allah təbarəkə və taala buyurur:
“İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan (başqalarını) Allah yolundan sapdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir”.
Vəssəlamu ələykum və rəhmətullah
Müəllif: Kərbəlayi Cavid.

Paylaş:
Baxış sayı: 13284

Digər Məqalələr..

6 Responses

  1. Ramiz dedi ki:

    Sələmun aleykum. Nərd, şahmatın haram olması haqqında qeyd elədiniz ki, quranda və hədislərdə dəlillər gəlmişdir. Hədisləri gördük, bəs quranda hardadır dəlillər? Zəhmət olmasa.

    • kerbelayianarhuseyni dedi ki:

      Əleykum salam. Quranda adı çəkilmir. Lakin qumar barədə yazılan yerlərə Əhli Beytdən(ə) gələn təfsirlərdə nərd və şahmata işarə edilir.

  2. Ramiz dedi ki:

    Sələmun aleykum. Deyirlər ki, nərd və şahmat qumar aləti kimi icad olunmayıb. Sübut etmək üçün quranda və yaxud hədislərdə dəlillər varmı ki, doğrudan da açıq-aşkar görünsün ki, bu oyunlar qumar aləti kimi icad olunmuşdur? Zəhmət olmasa.

    • kerbelayianarhuseyni dedi ki:

      Əleykum salam. Qumar aləti olaraq haram olması üçün, o alətin qumar aləti kimi icad edilməsi zəruriliyi adında bir qanun yoxdur deyə edilən bu iddia əsassız hesab edilir. Nərd və şahmatın qadağan edilməsi barədə isə Əhli Beytdən(ə) yetəri qədər rəvayət vardır.

  3. EhliBeytNokeri dedi ki:

    Salam Aleykum.
    Dumile (Domino) dediyiviz oyun, ereblerde 5-das kimi qebul olunmus bir alet olub axi.
    Bugun bizim gorduyumuz muasir Dominonu biz Dumile hesab eliye bileriy? Sistani Aganin Resmi Saytinda ( Inglis dilinde) olan bolmesinde – Qumar aletleri adi cekilen halda Shaxmat ve Nerd adi cekilir. Qalan oyunlar – urfun nezerindedir.
    Zehmet olmasa bunun haqqinda mene delil verin – Dumale – Bizim bugun gorduyumuz 28 daw olan Dominodur, Yoxsa 15 – dawdan ibaret olan ( Bedevi Ereblerde) oynalinan 5-daw Duvmaleden qedir sohbet.

    • Kerbelayi Anar Huseyni dedi ki:

      Əleykə salam. Nəcəfin böyük ustadlarından Seyyid Şübbər ağa, ərəb dili dərslərinin birində Dumilə haqında danışır və qeyd edir ki, dumilə adlanan oyun hazırdaki domino ilə eynidir. Bu tərcümələrdə əsasən o ağanın rəyinə əsaslanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.