Qadınlar üçün qüsl haqqında bir danışıq

Qadınlar üçün qüsl haqqında bir danışıq

Bu gün anam mənə qüsl etməyi öyrədəcəkdir.
Ana: İki növ qüsl etmək qaydası vardır: irtimasi qüsl və tərtibi qüsl.
Fatimə: İrtimasi qüsl necədir?
Ana: Bir anda qüsl niyyəti ilə bədənin bütün üzvlərini suyun altına salmaqla irtimasi qüsl edilir. Qeyd edim ki, “İzahlı şəriət məsələləri” risaləsində irtimasi qüslün başqa bir qaydası da yazılmışdır.
Fatimə: Tərtibi qüslün qaydası necədir?
Ana: Tərtibi qüsldə gərək əvvəlcə qüsl niyyəti ilə başı və boyunu, sonra da bədəni tam şəkildə yuyasan. Daha yaxşı olar ki, başı və boyunu yuduqdan sonra əvvəl bədənin sağ tərəfini, sonra isə sol tərəfini yuyasan. Qulaqları yuduqda suyu onlara daxil etmək lazım deyil, sadəcə olaraq onların zahirini yumaq kifayət edir.
[Əgər duşun altında qüsl etmiş olsan, başı və boyunu yuduqdan sonra – bir anlıq olsa da belə – duşun altından çəkil və daha sonra digər bədən üzvlərini yumağı davam etdir].
Fatimə: Görəsən, qüslün də müəyyən şərtləri vardır?
Ana: Bəli, dəstəmazın şərtlərini qüsldə də riayət etmək lazımdır, o cümlədən, niyyət etmək, suyun pak , mübah(13) və mütləq(14) olması, bədən üzvlərinin təmiz olması, üzvlərin yuyulmasında tərtib və ardıcıllığı qorumaq, imkan daxilində üzvləri bilavasitə şəxsin özü yuması və suyun istifadəsinin qüsl edən şəxsə, xəstəlik kimi heç bir zərər və maneəsi olmasın.
Lakin iki məsələdə dəstəmaz və qüsl arasında fərq vardır, bu iki məsələyə diqqət yetirməyini istəyirəm.
Fatimə: O iki məsələ hansıdır?
Ana: Birinci: Qüsl etdikdə bədən üzvlərini yuxarıdan aşağıya doğru yumaq vacib deyildir.
İkinci: Dəstəmazdan fərqli olaraq qüsldə muvalatın(15) riayət edilməsi şərt deyildir. Deməli, baş və boyunu yuduqdan müəyyən vaxt keçdikdən sonra, hərçənd boyun və başın suyu qurumuş olsa belə, bədənin digər üzvlərini yuya bilərsən.
Əlbəttə bu məsələyə də diqqət etməlisən ki, dəstəmazda üzünü yuyarkən qaşların üzərini yumaq kifayətdir və qaşların altında dərini yumağa ehtiyac yoxdur. Yaxud başa məsh çəkərkən başın qarşı tərəfində saçın üzərinə məsh etmək kifayətdir, halbuki qüsldə suyu gərək qaşın və saçın altındakı dəriyə çatdırasan. Kişilər isə qüsl zamanı gərək suyu bığ və saqqallarının altındakı dəriyə çatdırsınlar. Sonrakı məsələyə gəldikdə…
Fatimə: Daha hansı məsələ vardır?
Ana: Cənabət qüslü dəstəmazın yerini tutur.
Fatimə: Yəni namaz qılmaq üçün qüsl edərəmsə, artıq dəstəmaz almağım lazım deyil?
Ana: Bəli, dəstəmaz almadan elə həmin qüsl ilə namazını qılmalısan.
Fatimə: Əgər bir qadın cənabət, heyz və cümə qüsllərini etmək istərsə, hökmü nədir?
Ana: Cənabət qüslü və ya heyz qüslü niyyəti ilə bir qüsl edərsə, həmin qüsl sair qüsllərin də yerini tutur. Amma cümə qüslünə gəldikdə, bu qüslü edərkən icmal və müxtəsər şəkildə olsa da belə, gərək onu niyyətindən keçirsin. Əks təqdirdə [cənabət qüslü və başqa qüsllər cümə qüslünü əvəz etməz].
İndi sənə qüsl etdikdə faydalı olan bir neçə məsələni deyəcəyəm:
1- Əgər bədən üzvlərində bir nəcasət olsa, qüsl etməzdən öncə onun təmizlənib aradan getməsindən xatircəm olmalısan.
2- Qüsl edərkən suyun bədənə yetişməsinə maneə olan yapışqan və ya dırnaq lakı kimi, hər bir şeyi təmizləməlisən. Əgər onları təmizləmək çox çətin və ya qeyri-mümkün olsa, qüsl əvəzinə təyəmmüm etməyə borclusan. Amma əgər o maneə təyəmmüm üzvləri üzərində olsa, belə olan halda [gərək həm qüsl edəsən, həm də təyəmmüm alasan].
3- Bədənini yuyan zaman əgər baş və boyunun tamamilə yuyulub yuyulmaması barəsində şəkk etsən, bu halda yenidən qayıdıb şəkk etdiyin yeri yumağın, sonra isə qüslü davam etdirmyin [lazımdır].
Fatimə: Cənabət, heyz, nifas, istihazə, meyit və məss meyit qüslləri, hamısı vacibi qüsllərdir, görəsən, bunlardan başqa qüsllər də vardır?
Ana: Bəli, lakin onlar müstəhəb qüsllərdir, o cümlədən:
a) Cümə qüslü; bu qüslü etmək təkidli müstəhəb əməllərdən biridir. Onun vaxtı Cümə günü dan yeri söküləndən (sübh azanından) günəşin batmasına qədərdir və zöhr vaxtına yaxın edilsə, daha yaxşı olar.
b) Ehram qüslü.
c) Fitr və Qurban bayramı günlərinin qüslü; onun vaxtı dan yeri söküləndən (sübh azanından) günəşin batmasına qədərdir və yaxşı olar ki, bayram namazından əvvəl yerinə yetirilsin.
ç) Zil-hiccə ayının 8-ci və 9-cu günlərinin qüslü; 9-cu günün qüslünü zöhr azanı vaxtı yerinə yetirmək daha yaxşıdır.
d) Mübarək Ramazan ayının 1-ci, 17-ci, 19-cu, 21-ci, 23-cü və 24-cü gecələrinin qüslü.
e) İstixarə üçün edilən qüsl.
ə) Yağış diləmək (istisqa) üçün edilən qüsl.
f) Məkkəyə daxil olmaq qüslü.
g) Kəbəni ziyarət etmək qüslü.
h) Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) məscidinə daxil olmaq qüslü.
Bütün bu qüslləri etmək dəstəmazı əvəz edir.
Digər müstəhəb qüsllər də vardır, lakin vaxtın azlığına görə onların adlarını çəkmirəm. Müstəhəb olması sübuta yetmiş bu qüslləri etdikdə dəstəmazın da əvəzini verir. Amma şəri baxımdan tutarlı dəlillər vasitəsilə müstəhəb olması sabit edilməmiş qüsllər dəstəmazın yerini tutmur, lakin bununla belə, savab əldə etməyə ümidvar olmaq qəsdi ilə (rəcaən) onları yerinə yetirmək olar.

Qeydlər:

(13) Qəsb etmə və qanunsuz mənimsəməklə haram olmasın və işlədilməsi halal sayılsın.
(14) Xalis olsun; palçıqlı və ya meyvə suyu kimi başqa bir şeylə qarışaraq normal su halətindən çıxmasın.
(15) Əməllərin ardıcıl və ara vermədən yerinə yetirilməsi.

Paylaş:
Baxış sayı: 8732

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

5 × 5 =