Cümə gününün əməlləri

Cümə gününün əməlləri

Cümə gününün əməlləri çox olduğundan biz burada onlardan bir neçəsini gətiririk.
1. Sübh namazının birinci rükətində “Həmd”dən sonra “Cümə” surəsini, ikinci rükətində isə “İxlas” surəsini oxusun.
2. Sübh namazından sonra bir kəslə danışmazdan əvvəl aşağıdakı duanı oxusun ki, gələn cüməyə qədər günahlarının kəffarəsi olsun. Dua belədir:
İlahi, bu cümə günü dediyim hər bir sözü, içdiyim hər bir andı və etdiyim hər bir nəziri, bütünlüklə, Sənin istəyindən asılıdır (Sənin istəyin onlardan öndədir). Belə isə, onlardan istədiyin yerinə yetəcək, istəmədiyin isə yerinə yetməyəcək. İlahi, məni bağışla və günahlarımdan keç! İlahi, salam göndərdiyin hər bir kəsə, mən də salam göndərirəm, lənətlədiyin hər kəsi mən də lənətləyirəm!
Əgər bu göstərişə hər cümə əməl edə bilməsə, heç olmasa ayda bir dəfə yerinə yetirsin. Rəvayət olunmuşdur ki, hər kəs cümə günü sübh namazından sonra oturub, gün çıxana qədər namazın təqibatı ilə məşğul olarsa, onun “Firdosi Əla”da (cənnətin ən yüksək məqamında) yetmiş mərtəbə dərəcəsi ucalar.
Aşağıda qeyd edəcəyimiz duanı cümə günü sübh namazının təqibatında oxumaq böyük fəzilətə malikdir:
İlahi, öz istəyimlə Sənə üz tutmuşam, bu gün fəqirlik, çarəsizlik və ehtiyacsızlığımla Sənin dərgahına gəlmişəm və mən Sənin bəxşişinə öz əməlimdən daha ümidvaram. Əlbəttə, Sənin bəxşiş və rəhmətin mənim günahlarımdan böyükdür. Belə isə, hər istəyimi Öz böyüklüyünlə rəva et, Sən ona qadirsən və bu iş Sənin üçün asandır. Mən də Sənə möhtacam, Səndən başqasından əsla bir xeyir görməmişəm və Səndən başqası məndən şər işləri dəf etməmişdir. Dünya və axirətim üçün, ehtiyac və çarəsiz olduğum və tək-tənha qəbrə qoyulacağım gün Səndən başqa, heç kimə ümidim yoxdur və yalnız Sən məni günahlardan təmizləyə bilərsən!
3. Rəvayət olunmuşdur ki, cümə və başqa günlərdə, zöhr və sübh namazlarından sonra: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum” deyən şəxs, Həzrət Məhdi Qaim (ə.c)-i görməyincə dünyadan getməz. Bu salavatı yüz dəfə oxuyarsa, Allah taala onun, otuzu bu dünyada, otuzu isə axirətdə olan altımış hacətini (istəyini) rəva edər.
4. Sübh namazından sonra “Ərrəhman” surəsini oxuyub, “Fəbiəyyi alai rəbbikuma tukəzziban” ayəsindən sonra desin: “La bişəy`in min alaikə rəbbi ukəzzib.”
5. Şeyx Tusi buyurmuşdur: “Cümə günü sübh namazından sonra yüz dəfə “İxlas” surəsini oxuyub, yüz dəfə Məhəmməd və ali Məhəmmədə (s) salavat göndərmək, yüz dəfə istiğfar etmək və “Nisa”, “Hud”, “Kəhf”, “Saffat” və “Ərrəhman” surələrini oxumaq sünnədəndir.
6. “Əhqaf” və “Möminin” surələrini oxumaq. Həzrət İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, cümə axşamı və ya cümə günü “Əhqaf” surəsini oxuyan şəxs dünyada qorxmaz və Qiyamətin böyük fəzəindən (qorxusundan) amanda qalar. “Muminin” surəsini bütün cümə günlərində oxuyan şəxsin əməllərini Allah taala səadətlə başa çatdırar və onun mənzili “Firdovsi Əla”da peyğəmbərlər və mürsəllərlə bir yerdə olar.
7. Gün çıxmamışdan əvvəl “Kafirun” surəsini on dəfə oxuyub dua etsə, duası müstəcab olunar. Rəvayət olunmuşdur ki, İmam Zeynul-abidin (ə) cümə günü sübhdən günortaya qədər “Ayətəl-kürsü”nü, namazlardan sonra isə “Qədr” surəsini oxumağa məşğul olardı. Cümə günü “Ayətəl-kürsü”nü oxumaq böyük fəzilətə malikdir.
8. Cümə qüslü almaq. (Bu əməlin yerinə yetirilməsi çox təkid olunmuşdur). Rəvayət olunmuşdur ki, Həzrət Rəsul Əkrəm (s), Həzrət Əli (ə)-a belə buyurdu: “Ya Əli, hər cümə qüsl al, hərçənd həmin günün ruzisini satıb su alıb qüsl etməli olsan belə, çünki bundan böyük sünnə yoxdur”. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Cümə günü qüsl alarkən bu duanı oxuyan şəxsə, gələn cüməyə qədər təharət hesab olunar. Dua belədir:
Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur, yeganədir və şəriki yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və rəsuludur. İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir və məni tövbə edən və paklardan et!
Cümə qüslünün vaxtı, dan yeri söküləndən, gün batana qədərdir. Nə qədər gün batana yaxın olarsa, bir o qədər yaxşıdır.
9. Başı gülxətmi bitkisi ilə yumaq insanı pisi (bədəndə yaranan ağ ləkələr) və dəlilik kimi xəstəliklərdən qoruyar.
10. Dırnaqları tutmaq və bığın ucunu vurmaq. Bu işin böyük fəziləti var. Ruzini çoxaldır, gələn cüməyə qədər insanı günahlardan pak edər, dəlilik, xora və pisi xəstəliklərindən amanda saxlayar. Dırnaqları tutan və bığı düzəldən zaman bu duanı da oxumaq lazımdır: “Bismillahi və billahi və əla sunnəti Muhəmmədin və ali Muhəmməd”. Dırnaqlarını tutarkən, sol əlin kiçik barmağından başlayıb, sağ əlin kiçik barmağında qurtarsın. Ayaq dırnaqlarını da tutarkən belə etsin. Dırnaqları tutub qurtardıqdan sonra onun qırıntılarını torpağa basdırsın.
11. Xoş iyli ətirdən istifadə edib, təmiz paltar geyinsin.
12. Sədəqə versin. Rəvayətə görə, cümə axşamı və cümə günü verilən sədəqə sair günlərdə verilən sədəqədən min dəfə artıqdır.
13. Ailəsinin cümə gününün gəlməsi münasibətilə şad olmalarına görə, onlara təzə meyvə, ət və s. kimi şeylər alsın.
14. Ac qarına nar yesin. Həzrət İmam Musa ibn Cəfər (ə)-dan nəql olunmuşdur ki, hər kəs cümə günü səhər ac qarına bir dənə nar yesə, qəlbi qırx gün, iki dənə nar yesə, səksən gün, üç dənə nar yesə, yüz iyirmi gün nurani olar və şeytanın vəsvəsələrindən uzaq olar. Şeytanın vəsvəsəsindən uzaq olan şəxs, Allaha dərgahında günah etməz, məsiyyət (günah) etməyən şəxs isə cənnətə daxil olar.
15. Bu gün dünya işlərini kənara qoyub, dini məsələləri öyrənməyə məşğul olsun.
16. Min dəfə salavat göndərsin. Həzrət İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuşdur; “Mənim yanımda, cümə günü Məhəmməd və onun pak Əhli-beytinə salavat göndərməkdən sevimli bir ibadət yoxdur.”
Müəllif deyir: “Əgər min dəfə salavat göndərməyə imkanı olmasa, heç olmasa yüz dəfə salavat göndərsin. Əgər bunu edərsə, Qiyamət günü üzü nurani olar”.
Rəvayət olunmuşdur ki, cümə günü yüz dəfə salavat göndərib, yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” deyib, yüz dəfə “İxlas” surəsini oxuyan şəxs əlbəttə bağışlanacaq. Başqa bir rəvayətdə nəql olunmuşdur ki, zöhrlə əsr arasında Muhəmməd və ali Muhəmmədə (s) göndərilən salavat yetmiş həccə bərabərdir.
17. Həzrət peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm)i və İmamları ziyarət etsin. (Növbəti fəsillərdə ziyarətnamələr qeyd olunacaq).
18. Dünyadan köçənlərin, həmçinin ata-ananın hər ikisini və ya onlardan birinin qəbirlərinin ziyarətinə getməyin çoxlu savabı vardır. Həzrət İmam Baqir (ə)-dan belə nəql olunmuşdur; “Dünyadan köçənləri cümə günü ziyarət edin, onlar, qəbirlərinin ziyarətinə gələn şəxsin kim olduğunu bilir və şad olurlar.”
19. “Nüdbə” duasını oxumaq.
20. Cümə gününün özünəməxsus iyirmi rükətlik nafiləsindən başqa nafilələr də vardır. Cümə gününün nafiləsi aşağıdakı qaydada qılınır: Altı rükəti dan yeri söküləndə, altı rükəti günortaya iki-üç saat qalmış, altı rükəti gün batana yaxın, iki rükəti gün batdıqdan sonra vacib namazdan əvvəl və yaxud altı rükəti cümə və ya günorta namazından əvvəl qılsınlar.

Paylaş:
Baxış sayı: 14361

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir