Nifas haqqında danışıq

Nifas haqqında danışıq

Ana dedi: Bu gün səninlə nifas barəsində söhbət edəcəyəm.
Fatimə: Nifas nədir?
Ana: Doğan qadından və ya doğduqdan sonra qadından gələn qan, nifas qanı adlanır. Nifas qanı görən qadına “nüfəsa” deyilir.
Fatimə: Nifas qanı neçə gün davam edir?
Ana: Nifasın ən çox axma müddəti on gündür.
Fatimə: Ən az müddəti nə qədərdir?
Ana: Ən az müddəti barədə zaman təyini yoxdur, belə ki, mümkündür bir dəqiqə və ya ondan da az olsun.
Fatimə: Elə isə qadınların nifas görmələri bir-birindən fərqlidirmi?
Ana: Nüfəsa qadınlar üç qisimdir və hər birinin özünəməxsus hökmü vardır.
Birinci: Qanaxması on gündən artıq olmayan qadın.
Fatimə: Bu qadının şəriət hökmü nədir?
Ana: Bütün qanaxma müddətində ancaq nifas hökmünə əməl edəcəkdir.
İkinci: Qanaxması on gündən artıq olan və heyzdə müəyyən ədədiyyə adəti görən qadın, məsələn, hər ay beş gün heyz adəti olan qadın.
Fatimə: Belə bir qadının hökmü nədir?
Ana: Öz adət günləri qədər olan müddətdə nifas hökmünə əməl edəcəkdir, bizim gətirdiyimiz misalda beş gün idi.
Fatimə: Beşinci gündən sonra gördüyü qanın hökmü nədir?
Ana: Sonrakı qanaxma günləri istihazə sayılacaqdır.
Üçüncü: Qanaxma müddəti on gündən artıq olan, lakin heyzdə müəyyən bir ədədiyyə adətinə sahib olmayan qadın.
Fatimə: Onun hökmü nədir?
Ana: Ancaq on gün müddətində nifas hökmündədir.
Fatimə: Əgər nüfəsa qadının heyzdə müəyyən adəti varsa və onun qanaxma günlərinin sayı adət günlərindən artıq olsa və qanaxmanın on gündən əvvəl kəsiləcəyini və ya ondan sonra davam edəcəyini bilməzsə, bu qadının vəzifəsi nədir?
Ana: Onuncu günə qədər olan ibadətlərini tərk edə bilər. Demək, əgər qanaxması onuncu gün sona yetməzdən öncə kəsilərsə, bu müddət ərzində axan qan nifasdır. Amma əgər on gündən artıq davam edərsə, qüsl etməli və istihazə halında olan qadının vəzifəsini yerinə yetirməlidir.
Fatimə: Elə isə bu fasilədə (adət günləri sayından sonra onuncu gün tamam olan müddətdə) tərk etdiyi ibadətlərin hökmü necə olacaqdır?
Ana: Onu istihazə sayacaqdır və bu zaman fasiləsində tərk etdiyi ibadətlərin qəzasını yerinə yetirəcəkdir.
Fatimə: Əgər qanaxma birinci gün kəsilərsə və bir neçə gündən sonra yenidən gələrsə və onuncu gün və ya ondan öncə bir daha kəsilərsə, qadın nə etməlidir?
Ana: Hər iki qanaxma müddətində nifas hökmünə əməl edəcəkdir.
Fatimə: Elə isə bu iki qanaxma müddəti fasiləsində pak olduğu günlərin hökmü nədir?
Ana: Bu fasilədə [qadın gərək öz paklıq günlərindəki vəzifəsi ilə nüfəsa qadına haram olan əməllərini cəm etsin ]>(12), (məsələn, həmin günlərdə bir tərəfdən öz vacibi namaz və orucunu yerinə yetirsin və digər tərəfdən isə Qurani-Kərimin yazısına toxunmasın və ya məscidin daxilində dayanmasın).
Fatimə: Əgər qanaxma başladıqdan sonra kəsilsə, ardınca bir daha başlayıb yenidən kəsilsə və bu minvalla davam edərsə, lakin qanaxma günlərinin məcmusu on gündən artıq olmazsa, hökmü necədir?
Ana: Qanaxma günlərinin hamısında nifas hökmünə əməl edəcəkdir, arada təmiz olduğu günlərdə isə [gərək paklıq günlərində olan vəzifəsi ilə nüfəsa qadına haram olan əməlləri cəm etsin].
Fatimə: Nifas müddətini sona yetirdikdən sonra əgər qadında yenidən qanaxma başlayarsa, hansı hökmə əməl etməlidir?
Ana: Nifas müddəti tamamlandıqdan sonra qadının on gün ərzində gördüyü hər bir qan istihazədir, istər heyz qanının əlamətlərinə malik olsun, istərsə də xeyr və bu qanaxma istər heyz adəti günlərində olsun, istərsə də başqa günlərdə.
Fatimə: Nifas müddəti tamamlandıqdan on gün ötdükdən sonra qadında qanaxma davam edərsə, o, yenə də istihazə hökmündədirmi?
Ana: Xeyr, onun hökmünün təfsilatı vardır və bu barədə gərək “İzahlı şəriət məsələləri” risaləsinə müraciət edilsin.
Fatimə: Nüfəsa qadının hökmləri hansılardır?
Ana: Heyz qanı görən qadına aid olan bütün hökmlər nüfəsa qadına da aiddir, istər vacib hökmlər olsun, istərsə də haram hökmlər. [Hətta vacib səcdəsi olan ayələrin oxunması, Məscidul-Həramdan və Məscidun-Nəbidən (sallallahu əleyhi və alih) keçib getmək, digər məscidlərdə dayanmaq və onlarda bir əşya saxlamaq].

Qeyd:
(12) Nüfəsa qadına haram olan əməlləri tərk etsin, pak olan qadına vacib olan əməlləri yerinə yetirsin.

Paylaş:
Baxış sayı: 10740

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

6 + twelve =