Zühur üçün vaxt təyin etməyin qadağası

Zühur üçün vaxt təyin etməyin qadağası

1.Əbu Həmzə Somali İmam Məhəmməd Baqirdən(ə) belə eşitdiyini nəql etmişdir: “Ey Sabit ! Allah Təbarəkə və Təala bu işin vaxtını təyin etmişdir. Lakin Huseyn(ə) öldürüldükdə, Allahın dünya əhlinə olan əzabı artdı və bunun vaxtını yüz qırxıncı ilə saxladı. Biz bunu sənə rəvayət etdik. Siz bunu yazdınız. Üzərindəki pərdəni qaldırdınız. Buna görə də Allah bizim dərgahımızdan bu iş üçün bir vaxt bildirmədi: “Allah istədiyini pozar və istədiyini təsbit edər. Kitabın əsli ancaq Onun dərgahındadır(Rəd surəsi,39)””.
Əbu Həmzə deyir: Bunu Əbu Abdullahdan(ə) da rəvayət etdim, o da belə oldu deyə buyurdu. (Usuli-kafi,cild2,hədis934)
2. Əbu Əli Məhəmməd ibn Həmmamdan sənədli şəkildə nəql edir: Məhəmməd ibn Osman Əmrinin, İmamın(ə) adından yalan danışanlar haqqında belə dediyini eşitdim: İmamdan(ə) mənə məktub gəldi və mən onun xəttini tanıdım. İmam (ə) buyururdu: “Xalqın arasında mənim adımı yaymaq istəyənlərə Allahın lənəti olsun.” Sonra mən ona məktub yazaraq zühurun vaxtını soruşdum. İmam(ə) cavabında mənə, “Kim zühur üçün vaxt desə, yalan danışır” deyə yazıb göndərdi. (İləmul-vəra,cild2,səh270)
3.Əli ibn Yəqtin belə rəvayət edir: Əbul Həsən(ə) mənə belə buyurdu: “Şiələr iki yüz ildir ki, arzularla tərbiyyə edilirlər.”
Ravi nəql edir ki, Yəqtin, oğlu Əli ibn Yəqtinə dedi: “Nə üçün bizim üçün deyilənlər reallaşarkən, sizin üçün deyilənlər reallaşmır?”
Əli ibn Yəqtin dedi: “Sizin üçün deyilənlər ilə bizim üçün deyilənlər eyni mənbədən qaynaqlanır. Yəni, sizə deyilənlərin vaxtı gəlmiş və xalis şəkildə bizə bəxş edilmişdir və sizə deyildiyi kimi də gerçəkləşmişdir. Amma bizə deyilənlərin vaxtı hələ gəlib çatmamışdır. Buna görə də arzularla təsəlli alırıq. Əgər bizə “bu iş iki yüz ildən və ya üç yüz ildən tez reallaşmaz” deyilsə, qəlblərimiz bərkiyər və insanların çoxu islamdan üz döndərər. Lakin bizə “Nə tez reallaşar, nə də ki vaxtı bu qədər yaxındır” deyilmişdir. Belə deməyinin səbəbi, insanların ürəklərinin yumşaldılması və xilas olmaq gününün yaxın olması ilə bağlı bir ümidin oyandırılmasıdır.” (Usuli-kafi,cild2,hədis939)
4.Abdullah ibn Sinan, Əbu Abdullah Cəfər Sadiqdən(ə) nəql edir: “Allah belə iradə edib ki, məhz vaxt təyin edənlərin təyin etdiyi vaxtın əksini etsin.” (Usui-kafi,cild1,hədis4)
5.Əbu Bəkr əl Xəzrəmi, İmam Cəfər Sadiqdən(ə) belə buyurduğunu nəql edir: “Biz bu iş üçün vaxt təyin etmirik.” (Biharul-ənvar,cild52,səh118)
6.Əbdurrəhman ibn Kəsir belə rəvayət edir: Əbu Abdullahın(ə) yanında idim. O vaxt Mihzəm içəri girib dedi: “Mənə gözlədiyimi, bu işin nə zaman baş verəcəyini xəbər ver.”
İmam(ə) buyurdu: “Ey Mihzəm! Vaxt bildirənlər yalan deyirlər. Tələsənlər həlak, təslim olanlar isə xilas oldular.” (Usuli-kafi,cild2,hədis935)
7.Məhəmməd ibn Muslim İmam Cəfər Sadiqdən(ə) belə buyurduğunu nəql edir: “Ey Məhəmməd! Kim sənə bizim bu işlə bağlı vaxt təyin etdiyimizlə bağlı bir hədis desə , onu təkzib etməkdən çəkinmə. Biz heç kəs üçün vaxt təyin etmirik.” (Əl-Ğeybə,Tusi,səh426)
8.Əbu Bəsirdən nəql edilir: Əbu Abdullaha(ə) dedim:
-Sizə fəda olum. Qaimin(ə) zühuru nə vaxtdır?
-Ey Əba Məhəmməd! Biz Əhli Beyt vaxt təyin etmirik. Məhəmməd(s.ə.a.s.) buyurmuşdur: “vaxt təyin edənlər yalan demişlər”. Ey Əba Məhəmmət, bu işdən azacıq əvvəl beş əlamət olacaqdır, onların birincisi Ramazan ayında eşidiləcək nidadır. Digərləri isə, Sufyaninin çıxışı, Xorasaninin çıxışı, Nəfsi-Zəkiyyənin qətli, Beyda çölündə batma. Ey Əba Məhəmməd, bundan əvvəl mütləq iki taun olacaq: ağ taun və qırmızı taun.
-Sizə fəda olum, bunlar nədirlər?
-Ağ taun kütləvi ölümdür. Qırmızı taun isə qılıncdır. Qaim(ə), səmadan adı çəkilməyincə aşkar olmayacaqdır. Bu, Ramazan ayının cümə gecəsinə təsadüf edən 23cü gecədə baş verəcəkdir.
-Nə ilə çağırılacaq?
-Öz adı və atasının adı ilə: “Bilin, filankəs oğlu filankəs Məhəmməd(s.ə.a.s.) ailəsinin Qaimidir(ə). Onu dinləyin və ona itaət edin”. Allahın yaratdıqları içərisində elə bir ruha malik bir varlıq qalmayacaqdır ki, bu səsi eşitməsin. Bu zaman yatan şəxs ayılıb evinin həyətinə qaçacaq. Bakirə qızlar pərdələrin arxasından çıxacaqlar. Qaim(ə) də səsi eşitdikdən sonra xüruc edəcəkdir. Bu səs Cəbrayılın(ə) səsidir. (Muntəxəbul-əsər,səh452)
9.Əbu Bəsir belə rəvayət etmişdir: İmam Cəfər Sadiqdən(ə) Qaim(ə) haqqında soruşdum. Buyurdu ki, Qaim(ə) imamın zühur vaxtını bildirənlər yalan deyirlər. Biz Əhli Beyt, vaxt müəyyənləşdirmirik. (Usuli-kafi,cild2,hədis936)
10.Məhəmməd ibn Bişrdən nəql edilir: Məhəmməd Hənəfiyyənin belə dediyini eşitdim: “Bizim bayrağımızdan öncə Cəfər ailəsinin və Mərdas ailəsinin bayraqları olacaq. Cəfər ailəsinin bayrağına gəlincə, nə özü bir şey deyil, nə də camaatı düzgün bir şeyə çağırır .”
Mən dedim: “Sizin bayrağınızdan öncə bayraq olacaq?”
Dedi: “Allaha and olsun ki, bəli. Mərdas övladlarının güclü bir hakimiyyəti olacaq. Lakin insanlar onların hakimiyyətlərindən bir xeyir görməyəcəklər. Onların hakimiyyətləri çətinlik və sıxıntılıdır. Onda bir rahatlıq yoxdur. Onlar bu hakimiyyətləri zamanı uzaq olanı yaxın, yaxın olanı da uzaq edəcəklər. Nəhayət, Allahın cəzasından arxayın olduqları bir zamanda onlar üçün güclü bir səs baş verəcək. Bundan sonra nə onları bir yerə yığan başçıları olacaq, nə də onları dinləyən tərəfdarları olacaq, nə də ətraflarına yığdıqları dəstələri qalacaq. Allah kitabında onlar üçün misal çəkmişdir: “Nəhayət, yer üzü öz gözəlliyini əldə etdiyi və zinətləndiyi və onun sakinləri özlərinin ona qadir olduqlarını güman etdikləri zaman, Bizim əmrimiz gecə ya gündüz çağı gəlib onlara çatır. Beləliklə onları sanki dünən ayaq üstə olmamış kimi biçilmiş quru ot şəklinə salırıq.(Yunus surəsi,24)””
Sonra Məhəmməd Hənəfiyyə Allaha and içərək bildirdi ki, bu ayə onlar barədə nazil olub. Mən dedim: “Sizə fəda olum, siz bunlar barədə mənə çox şey dediniz, bunlar nə vaxt həlak olacaqlar?”
Dedi: “Vay sənə ey Məhəmməd, Allahın elmi vaxt təyin edənlərin vaxtına zidd olar. Həqiqətən də Musa(ə) öz qövmü ilə otuz günlüyünə vədələşdi. İzzət və cəlal sahibi olan Allahın elmində isə on gün də artıq var idi. Lakin O, bundan Musanı (ə) xəbərdar etməmişdi. Təyin olunan vaxt uzanınca qövmü özü üçün buzovu tanrı olaraq seçdilər. Yunis(ə) də öz qövmünə əzab vədəsi vermişdi. Halbuki, Allahın elmində onları bağışlamaq var idi. Nəticədə onun başına bildiyin məlum hadisələr gəldi. Lakin elə ki, gördün fəqirlik, ehtiyac açkar olub, bu zaman bir nəfər sənə “bu gecəni bir şey yemədən keçirtdim” deyir və həmçinin bir nəfər səninlə bir üzdə, sonra isə başqa bir üzdə görüşürsə, bil ki, dediyim şey yaxınlaşıb.”
Dedim: “Ehtiyacı bildim, bəs o birisi nə idi, anlamadım. O nə deməkdir?”
Dedi: “Yəni səninlə gülərüzlə görüşür. Lakin yanına gedib borc istədikdə səni həmin üzlə qarşılamır. Bax bu baş verdiyində bil ki, çox keçməyəcək ki, o səs eşidiləcək.” (Biharul-ənvar,cild52,səh246)
11.Əhməd, öz rəvayət zəncirilə belə nəql edir: İmam Cəfər Sadiq(ə) belə buyurdu: “Allah, vaxt bildirənlərin bildirdikləri vaxta mütləq müxalif çıxar.” (Usuli-kafi,cild2,hədis937)
12.İshaq ibn Əmmar əs-Seyfəridən nəql olunur: Əbu Abdullahın(ə) belə buyurduğunu eşitdim: Bu işin bir vaxtı var idi və bu yüz qırxıncı il idi. Lakin siz bu barədə danışdınız və onu ifşa etdiniz və izzət və cəlal sahibi olan Allah da onu təxirə saldı. (Biharul-ənvar,cild52,səh117)
13.İbrahim ibn Mihzəm atasından belə rəvayət etmişdir: Əbu Abdullahın(İmam Cəfər Sadiqin)(ə) yanında, filan oğulları andıq. İmam(ə) buyurdu: “İnsanlar, bu işin tez baş verməsini istədikləri üçün həlak oldular. Allah, insanlar tələsirlər deyə tələsməz. Bu işin bir vaxtı vardır. O gün , nə bir saat əvvəl, nə də bir saat sonra gələr.” (Usuli-kafi,cild2,hədis940)
14.İshaq ibn Əmmar, İmam Cəfər Sadiqdən(ə) belə buyurduğunu nəql edir: Ey əbu İshaq, bu iş iki dəfə təxirə salınmışdır. (Biharul-ənvar,cild52,səh117)
15.Fudayl ibn Yəsər belə rəvayət etmişdir: İmam Məhəmməd Baqirə(ə) dedim: “Bu işin bir vaxtı varmı?”
Buyurdu: “Vaxt bildirənlər yalan deyirlər. Musa(ə) Rəbbi ilə görüşmək üçün tayfasından ayrılıb yola düşdükdə, onlara otuz gün vaxt verdi. Allah bu otuz günə daha on gün əlavə etdikdə onun tayfası: “Musa(ə) bizə verdiyi sözü tutmadı” dedi. Buna görə də etdiklərini etdilər(buzova ibadət etməyə başladılar). Biz sizə bir şeydən danışmışıqsa, bizim dediyimiz şəkildə yayıldısa , “Allah düz buyurdu” deyin. Yox əgər biz sizə bir şeydən danışdıqsa, buna qarşı olaraq zidd bir vəziyyət yaranarsa, yenə “Allah düz buyurdu” deyin. Bu zaman iki dəfə mükafatlanarsınız.” (Usuli-kafi,cild2,hədis938)
16.Əbu Bəsirdən nəlq olunur: İmam Cəfər Sadiqdən(ə) soruşdum: “Bu işin bir vaxtı yoxdur ki, ona çata bədənlərimiz rahat ola?”
İmam(ə) buyurdu: “Niyəki? Var idi. Lakin siz onu ifşa etdiniz deyə Allah da onu təxirə saldı.” (Biharul-ənvar,cild52,səh117)
17.Əbu Həmzə Somalidən nəql olunur: İmam Məhəmməq baqirin(ə) belə buyurduğunu eşitdim: Allah Təala bu iş üçün yetmişinci ildə vaxt təyin etmişdi. Elə ki, Huseyn (ə) qətlə yetirildi, Allahın qəzəbi şiddətləndi və bu işi yüz qırxıncı ilə təxirə saldı. Biz bu barədə sizə danışdıq. Siz isə örtüyü qaldırıb onu ifşa etdiniz . Bundan sonra Allah bu iş üçün bizim yanımızda bir vaxt təyin etmədi: “Allah istədiyini silər və saxlayar. Ummul-kitab Onun yanındadır(Rəd surəsi,39)”.
Əbu Həmzə Somali deyir: Bunu İmam Cəfər Sadiqə(ə) də danışdım, dedi ki, “bəli, bu baş verib”. (Usuli-kafi,cild1,hədis1)
18.Əbdürrəhman ibn Kəsirdən nəql edilir: İmam Əbu Abdullahın(ə) yanında idim. Bu zaman Məhzəm o həzrətin(ə) yanına daxil oldu və sual verdi: “Sizə fəda olum, mənə xəbər verin ki, gözlədiyimiz bu iş nə vaxt baş verəcək?”
İmam(ə) buyurdu: “Ey Məhzəm, vaxt təyin edənlər yalan dedilər, tələsənlər həlak oldular, təslim olanlar nicat tapdılar.”
(Mucəmu əhadisil-İmamil-Məhdi(ə), cild3,hədis930)
19.Əli ibn Əbu Həmzə, Əbu Bəsirdən nəql edir: Əbu Abdullahdan (ə) Qaim(ə) barədə soruşdum. Buyurdu: “Vaxt təyin edənlər yalan deyiblər. Biz Əhli Beyt vaxt təyin etmərik. Allah belə iradə edib ki, məhz vaxt təyin edənlərin təyin etdiyi vaxtın əksini etsin.” (Biharul-ənvar,cild52,səh360)
20.Fuzeyl ibn Yəsardan nəql edilir: İmam Məhəmməd Baqirə(ə) dedim: “Bu işin vaxtı var?”
Buyurdu: “Vaxt təyin edənlər yalan deyiblər. Vaxt təyin edənlər yalan deyiblər. Musa(ə) da Rəbbi ilə görüşə getdiyi zaman qövmü ilə otuz günlüyünə vədələşdi. Allah bu müddətə on gün əlavə edincə qövmü onun üçün dedi: Musa (ə) bizə verdiyi vədə xilaf çıxdı. Bundan sonra etdiklərini etdilər. Biz sizə bir hədis desək, dediyimiz şey həyata keçsə, deyin ki, “sədəqallah”. Əgər biz sizə bir hədis desək, dediyimizin əksi baş versə, yenə də deyin ki, “sədəqallah”(Allah doğru deyib). Belə etsəniz iki dəfə savab alacaqsınız.” (Usuli-kafi,cild1,hədis5)
21.Əli ibn Yəqtindən nəql edilir: ƏbulHəsən Musa ibn Cəfər(ə) mənə dedi: “Ey Əli, şiələr iki yüz ildir ki , arzular və ümidlərlə tərbiyyə edilirlər.”
Ravi deyir: Yəqtin öz oğlu Əli ibn Yəqtinə dedi: görəsən nə üçün bizə deyildi sonra da baş verdi, lakin sizə deyildi amma baş vermədi(Bəni Abbasın işini nəzərdə tuturdu)?
Əli ona dedi: Sizə də deyilən, bizə də deyilən eyni bir məxrəcdən deyilib. Lakin sizə deyilənin vaxtı çatdı və baş verdi. Onun barəsində sizə dəqiq məlumat verilmişdi. Necə deyilmişdisə elə də baş verdi. Bizim işimizin isə vaxtı hələ çatmayıb. Buna görə də ümid və arzulardan yapışmışıq. Əgər bizə deyilsəydi ki, bu iş yalnız iki yüz il və ya üç yüz il sonra baş verəcək, o zaman qəlblər qəsavət bağlayardı. Camaatın çoxu imandan dönərdi. Lakin insanların qəlblərini ələ almaqdan və fərəcin yaxın olduğunu bildirməkdən ötrü deyiblər: tez baş verəcək, yaxınlarda baş verəcək… (Əl-Ğeybə,səh341)
22. Məhzəm İmam Cəfər Sadiqdən(ə) nəql edir: Camaat bu iş barəsində tələskənlik etdiklərinə görə həlak oldular. Allah , bəndələrin tələsdiyinə görə tələsməz. Həqiqətən bu işin bir vaxtı vardır ki, mütləq oraya çatacaqdır. Əgər onlar ona çatmış olsalar, bir an belə olsun nə tezləşər, nə gecikər. (Usuli-kafi,cild1,hədis7)

Paylaş:
Baxış sayı: 7599

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

two + eleven =