Müxalif məzhəbdən dönən insanın qəza namazı

Müxalif məzhəbdən dönən insanın qəza namazı

Bismillahir Rəhmanir Rəhim
Müxalif məzhəbdən dönən şəxsin qəza namazı
Gündəlik namazını, namazın bütün vaxtı ərzində hətta yuxuda olmaq və ya sərxoşluq səbəbindən olsa belə, vaxtında qıla bilməyən şəxs, qəza etməlidir. Öz vaxtında qılınmamış olan digər vacib namazlar da eyni hökmü daşıyır. Hətta ehtiyat-lazıma əsasən, nəzr etməklə müəyyən bir vaxtda vacib olan namaz da eyni hökümdədir. Həmçinin namazların qəzasını qılmağın vacib olmasında şəxsin namazı bilərəkdən, bilməyərəkdən, unutqanlıqdan və s. səbəblərdən qəza etməsi arasında heç bir fərq yoxdur. Lakin bu dediyimiz hökümlərdəndən bir neçə şəxs istisnadır:
1. Uşaq:- Həddi-büluğa çatmadığı günlərin qəzası ona vacib olmaz.
2. Dəli:- Dəli olduğu günlərin qəzası ona vacib olmaz.
3. Huşu getmiş şəxs:- Öz ixtiyarı səbəbilə huşu getməzsə huşdan getdiyi günlərin qəzası ona vacib olmaz. Amma öz ixtiyarı səbəilə huşdan gedərsə ehtiyyat vacibə əsasən huşdan getdiyi günləri qəza etməlidir.
4. Əsli kafir olan şəxs:- “Əsli kafir” o kafirə deyilir ki, O, əslindən kafir olmuşdur və heç bir zaman müsəlman olmamışdır. Amma kafir “mürtəd kafir” olarsa, yəni islam dinini qəbul etdikdən sonra yenidən əvvəlki dininə, küfrə qayıdarsa, kafir olduğu günlərin qəzasını qılması vacibdir.
5. Haiz olan xanım:- Qan gördüyü günlərin qəzası ona vacib olmaz.
6. Nəfsa xanım (nifas qanı görən xanım):- Qan gördüyü günlərin qəzası ona vacib olmaz.
Əgər vaxt əsnasında, hətta vaxtın çıxmasına bir rükət qalmış olsa belə, uşaq həddi-büluğa çatarsa, dəli ağıllanarsa, huşda olan kəs özünə gələrsə, kafir müsəlman olarsa, haiz və nəfsa xanım isə qandan paklanarsa, bu halda hətta təyəmmümlə olsa belə namazı qılmaq onlara vacib olar. Əgər qılmasalar gərək sonradan qəzasını qılsınlar. Həmçinin vaxt daxil olandan sonra, namazı qılmaq qədər vaxt ərzində namaz qılınmazsa və bu hallardan biri baş verərsə hökm eynidir. Məsələn; namaz vaxtı daxil olduqdan və namazı qılmağın mümkün olduğu müddətdən sonra huşu özündə olan kəs huşdan gedərsə, ona huşa gəldikdən sonra o namazın qəzasını qılmaq ona vacib olar.
Sual:
İslamın başqa məzhəblərindən olan şəxslərdən biri bizim məzhəbə qayıdarsa, əvvəlki məzhəbdə olduğu günlərin namazlarının qəzasını qılmaq ona vacib olarmı?
Ayətullah seyyid Sistani
Bizim məzhəbdən olmayan kəs əgər bizim məzhəbə qayıdarsa, qıldığı bütün namazları deyil, yalnız o məzhəbdə olduğu halda qəzaya verdiyi, yaxud qılmış olduğu, amma o məzhəbin fiqhində göstərilən hökümlərə əsasən batil olan namazlarının qəzasını qılması vacib olar. Əks halda əvvəlki məzhəbdə qıldığı namazların qəzasını qılmaq ona vacib olmaz. Amma ehtiyat müstəhəbdir ki, müxalif bizim məzhəbə qayıdandan sonra namaz vaxtı qalmışdırsa o namazı yenidən qılsın. Bu məsələdə bizim məzhəbə qayıdan müxalifin “əsli müxalif” olmasıyla “qeyri əsli müxalif” olması arasında heç bir fərq yoxdur.
Mənbə: “Minhac, cild 1, məsələ 718”.
Ayətullah Vəhid Xorasani
Bizim məzhəbdən olmayan kəs əgər bizim məzhəbə qayıdarsa, qıldığı bütün namazları deyil, yalnız o məzhəbdə olduğu halda qəzaya verdiyi, yaxud qılmış olduğu, amma o məzhəbin fiqhində göstərilən hökümlərə əsasən batil olan namazlarının qəzasını qılması vacib olar. Əks halda, qəza etməsi vacib deyil. Ehtiyyat-müstəhəbb budur ki, vaxt qalmış olarsa namazı təzələsin. Əgər müxalif “əsli olmayan müxalif” olarsa ehtiyyat-vacibə əsasən əvvəlki məzhəbdə olduğu günlərin qəzasını qılması vacib olar.
Mənbə: “Muntəxəbul-minhac, məsələ 348”.
Qeyd:
Fəqihlərin rəylərində keçən “Əsli müxalif” sözünün mənası bundan ibarətdir ki, bir şəxsin ilk tabe olduğu məzhəb bizim məzhəbdən qeyrisi olmuşdur və sonradan bizim məzhəbə qayıtmışdır. “Qeyri əsli müxalif” sözünün mənası isə bundan ibarətdir ki, bir şəxsin ilk tabe olduğu məzhəb bizim məzhəb olmuşdur və sonradan bizimlə müxalif olan məzhəbə, daha sonra isə yenidən bizim məzhəbə qayıtmışdır.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuhu
Müəllif: Hoccətulislam Kərbəlayi Cavid.

Paylaş:
Baxış sayı: 12229

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.