Kəsa hədisi

Kəsa hədisi

“Əvalim” kitabında mötəbər sənədlə Cabiribni Abdullah Ənsari, Peyğəmbərin qızı Fatimə Zəhra (s)-dan nəql edərək Həzrətin belə buyurmasını nəql edir:
Bir gün atam Rəsulullah (Allahın salamı olsun ona və Əhli-beytinə) mənim yanıma gəlib dedi: “Salam olsun sənə, ey Fatimə!” Mən dedim: “Sənə də salam olsun!” Buyurdu: “Bədənimdə yorğunluq hiss edirəm.” Dedim: “Atacan, bu yorğunluqdan səni Allaha tapşırıram.” Buyurdu: “Ey Fatimə, “yəmani əba”mı gətir, üstümə sal!” Mən onu gətirib, atamın üstünə saldım və sonra üzünə baxdım. O həzrətin üzü bədirlənmiş bütöv ay tək parlayırdı. Bir az keçməmişdi ki, oğlum Həsən (ə) yanıma gəlib dedi: “Anacan, salam olsun sənə!” Dedim: “Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!” Dedi: “Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, cəddim Rəsulullahın (Allahın salamı olsun ona və Əhli-beytinə) qoxusudur.” Dedim: “Bəli, cəddin əbanın altındadır.” Həsən əbaya tərəf gedib dedi: “Salam olsun sənə, ey cəddim, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də səninlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey oğlum, ey hovuzumun (Kövsər hovuzu) sahibi! Sənə icazə verdim.” O, Rəsulullahla birgə əbanın altına girdi. Çox çəkmədi ki, oğlum Hüseyn yanıma gəlib dedi: “Anacan, salam olsun sənə!” Dedim: “Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!” O dedi: “Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, cəddim Rəsulullahın qoxusudur.” Dedim: “Bəli, cəddin və qardaşın əbanın altındadır.” Hüseyn əbaya yaxınlaşıb dedi: “Salam olsun sənə, ey cəddim! Salam olsun sənə, ey Allahın bəyənib-seçdiyi! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey oğlum, ey ümmətimin şəfaətçisi! Sənə icazə verdim.” O, onlarla birgə əbanın altına girdi. Bu zaman Əbülhəsən Əli ibn Əbu Talib (ə) gəlib dedi: “Salam olsun sənə, ey Rəsulullahın qızı!” Dedim: “Salam olsun sənə, ey Əbülhəsən, ey Əmirəlmöminin!” Dedi: “Ey Fatimə, səndən ətirli bir qoxu duyuram; elə bil, qardaşım və əmim oğlu Rəsulullahın qoxusudur.” Dedim: “Bəli, o həzrət sənin iki oğlunla birgə əbanın altındadır.” Əli əbaya tərəf gedib dedi: “Salam olsun sənə, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey qardaşım, canişinim, xəlifəm və bayraqdarım! Sənə icazə verdim.” Əli də əbanın altına girdi. Sonra mən də əbaya tərəf gedib dedim: “Salam olsun sənə, atacan, ey Allahın Rəsulu! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?” Həzrət buyurdu: “Salam olsun sənə, ey qızım, ey bədənimin bir parası! Sənə də icazə verdim.” Hamımız əbanın altına daxil olduqda, atam Rəsulullah əbanın iki ucundan tutub, sağ əli ilə göyə işarə edərək dedi: “İlahi, bunlar mənim Əhli-beytim, xas və yaxın adamlarımdır, onların əti mənim ətim və qanı mənim qanımdır. Onlara əziyyət verən mənə əziyyət vermiş və onları narahat edən məni narahat etmişdir. Mən onlarla müharibə edənlə müharibədə və sülh edənlə sülhdəyəm. Onları düşmən bilənlə düşmənəm və onları sevəni sevirəm. Həqiqətən, onlar məndəndir və mən də onlardanam. (İlahi!) Öz salamını, bərəkətlərini, rəhmətini, məğfirət və razılığını mənə və onlara şamil et. Çirkinliyi onlardan uzaqlaşdır və onları tamamilə pak-pakizə et.” Bu zaman Allah-Taala buyurdu: “Ey mələklərim və ey mənim səmalarımda sakin olanlar! Mən bina olmuş səmanı, döşənmiş yeri, nurlu ayı, parlaq günəşi, dövr edən fələyi, cari olan dənizi və seyr edən gəmini məhz əbanın altında olanların məhəbbətinə xatir yaratmışam.” Cəbrail Əmin soruşdu: “Ey Rəbbim! Əbanın altındakılar kimdir?” Allah-Taala buyurdu: “Onlar Fatimə, onun atası, həyat yoldaşı və oğullarından ibarət nübüvvət Əhli-beyti və risalət mədənidirlər.” Cəbrail soruşdu: “Ey Rəbbim! İcazə verirsənmi ki, mən də yer üzünə enib, onların altıncısı olum?” Allah buyurdu: “Bəli, sənə icazə verirəm.” Cəbrail Əmin yer üzünə nazil olub dedi: “Salam olsun sənə, ey Allahın Rəsulu! Allah-Taala sənə salam yetirdi, səni Öz salamı və kəramətinə məxsus bildi və buyurdu: “İzzət və calalıma and olsun ki, mən bina olmuş səmanı, döşənmiş yeri, nurlu ayı, parlaq günəşi, dövr edən fələyi, cari olan dənizi və seyr edən gəmini sizə və sizin məhəbbətinizə xatir yaratmışam.” Allah mənə icazə verdi ki, sizinlə birgə əbanın altına girim. Ey Allahın Rəsulu, mənə icazə verirsənmi?” Allahın Rəsulu dedi: “Salam olsun sənə, ey Allahın vəhyinin əmanətdarı! Bəli, sənə icazə verirəm!” Cəbrail də bizimlə birgə əbanın altına daxil oldu. Mən atama dedim: “Həqiqətən, Allah sizə vəhy edərək buyurmuşdur: “Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi təmizləmək və sizi tamamilə pak etmək istəyir.” Əli (ə) atama dedi: “Ey Allahın Rəsulu, mənə xəbər verə bilərsənmi ki, bizim əbanın altında olmağımızın Allah dərgahında fəziləti nədir?” Peyğəmbər (Allahın salamı olsun ona və Əhli-beytinə) buyurdu: “Məni haqq olaraq peyğəmbərliyə və risalətə seçən, bəşəriyyətə xilaskar göndərənə and olsun ki, bizim bu xəbər yer əhlinin hər bir yığıncağında yad edilsə və həmin yığıncaqda bizim bir qrup şiələrimiz və bizi sevənlər iştirak etsə, onlara rəhmət nazil olar və onlar yığıncaqdan çıxıb gedənə qədər mələklər onları əhatə edib, onlara üçün (Allahdan) bağışlanma diləyərlər. Əli (ə) dedi: “Allaha and olsun ki, biz və şiələrimiz nicat tapdıq. Kəbənin Rəbbinə and olsun!” Atam Rəsulullah (Allahın salamı olsun ona və Əhli-beytinə) buyurdu: “Ey Əli! Məni haqq olaraq peyğəmbərliyə və risalətə seçən, bəşəriyyətə xilaskar göndərənə and olsun ki, bizim bu xəbər yer əhlinin hər bir yığıncağında yad edilsə və həmin yığıncaqda bizim bir qrup şiələrimiz və bizi sevənlər iştirak etsə, Allah onların qəmlərini dağıdar, qüssələrini aradan qaldırar və hacət diləyənin hacətini rəva edər.” Əli (ə) dedi: “Bu zaman Allaha and olsun ki, nicat tapdıq və səadətə yetdik. Şiələrimiz də dünya və axirətdə nicat tapıb səadətə yetdilər. Kəbənin Rəbbinə and olsun!”

Paylaş:
Baxış sayı: 13577

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.