Əmanətdarlıq

   İslamda əmanətdarlıq yüksək əxlaqi dəyər və dini məsuliyyət kimi təqdim olunur. Əmanət təkcə maddi sərvətlər deyil, həm də insanın öhdəsinə verilmiş hər cür məsuliyyət, vəzifə və hətta bilik, din, rəhbərlik və sirlər kimi qeyri-maddi şeyləri də əhatə edir. Əmanətə riayət etmək, Allahın və bəndələrin haqqına hörmət etmək deməkdir və İslamda imanın əsas xüsusiyyətlərindən biri sayılır.

   Müqəddəs Quran əmanətə və ona riayət etməyə böyük əhəmiyyət verir:

          1.       “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmağı əmr edir…”.[1]

          2.       “O kəslər ki, əmanətlərinə və əhdlərinə riayət edərlər”.[2]

          3.       “Ey iman gətirənlər! Allah və Peyğəmbətə xəyanət etməyin! Həmçinin öz aranızda olan əmanətlərə də xəyanət etməyin…”.[3]

   Bu ayələrdə möminlərin xüsusiyyətlərindən biri kimi əmanətdarlıq vurğulanır. Yəni həqiqi iman sahibi əmanətə sadiq qalmalıdır. Açıq  şəkildə bildirilib ki, əmanətə xəyanət etmək həm insanlara, həm də Allaha qarşı çıxmaq sayılır. Əmanətdarlıq sıradan bir xüsusiyyət deyil. Möminlərdə mütləq şəkildə olmalı və riayət edilməlidir. Çünki əksi baş verdiyi halda, nəinki əmanət sahibi qarşısında pis olur, hətta cəmiyyətdə mömin şəxsə qarşı mənfi fikir formalaşdırır ki, bu da bir mömin üçün qəti yolverilməz bir haldır. Məsumlarımız(ə) da əmanətdarlığı imanın təməl prinsipi kimi təqdim etmiş və onun əhəmiyyətini vurğulamışlar:

          1.       İmam Əli (ə) buyurur: “Əmanət peyğəmbərlərin gətirdiyi göstərişlərdən biridir. Hətta bir qatildən belə əmanət qəbul etsən, onu sahibinə qaytarmalısan”.[4]

          2.       İmam Sadiq (ə) buyurur: “Əmanətə xəyanət edən şəxs namaz qılsa da, oruc tutsa da, hətta mömin olduğunu iddia etsə də, onun İslamla heç bir əlaqəsi yoxdur”.[5]

          3.       İmam Baqir (ə) buyurur: “Üç şey var ki, mömin və ya fasiq fərqi olmadan onlara riayət edilməlidir: əmanət, əhdə vəfa və qohumluq əlaqələrinin qorunması”.[6]

   Hədislərdən gəldiyimiz nəticələrdən biri və bəlkə də ən əsaslarından biri budur ki, əmanət qarşısında diqqətli və məsuliyyətli olmaq, təkcə əmanət sahibinin müsəlman olduğu hal üçün keçərli deyil. Qeyri müsəlman olsa belə, kimliyindən asılı olmayaraq bu vəzifəyə əməl etmək möminin əsas vəzifələrindən biridir. Çünki yuxarıda da zikr edildiyi kimi, əmanətə xəyanət etmək təkcə o şəxsin fərdi xüsusiyyəti kimi deyil, ümumən möminlərə qarşı mənfi fikir formalaşması üçün də zəmin yaratma ehtimalı var. Hətta İmam Sadiq (ə) tərəfindən zikr edilən hədisdə  əmanətdarlığın yalnız maddi deyil, eyni zamanda mənəvi məsuliyyət olduğunu vurğulayır və onun insanın dini kimliyi ilə bağlılığını izah edir. Yəni bu işə riayət etməmək insanı dindən çıxara biləcək bir əməl olduğunu vurğulayır. İmam Məhəmməd Baqir(ə) tərəfindən nəql olunan hədisdə də qeyd edildiyi kimi, əmanət sahibi lap belə fasiq də olsa mömin kəs onun əmanətini qorumalı, lazımi şəkildə və vaxtda geri qaytarmalıdır.

Əmanətin növləri

   İslamda əmanət yalnız maddi bir şey deyil, həmçinin müxtəlif sahələri əhatə edir:

          1.       Maddi əmanət – Birinin pul, mal və ya əşyasını qorumaq və sahibinə qaytarmaq.

          2.       Mənəvi və etik əmanət – İnsanların sirlərini qorumaq, onlara aid şəxsi məlumatları yaymamaq.

          3.       Dini əmanət – Qurani-Kərim və Peyğəmbərin (s) sünnəsi bizə Allahın əmanətidir və ona düzgün əməl etmək.

          4.       İdarəçilik və rəhbərlik əmanəti – Dövlət vəzifəsi, hakimiyyət mövqeyi və rəhbərlik də böyük bir əmanətdir və ondan layiqincə istifadə etmək və haqqını ödəmək lazımdır.

Əmanətə xəyanətin fəsadları

          1.       İnamın itməsi – Cəmiyyətdə əmanətdarlıq olmazsa, insanlar bir-birinə güvənməz, sosial münasibətlər zəifləyər. Əsasən də möminlərə qarşı mənfi rəy formalaşar.

          2.       Haqqsızlıq və zülm– Əmanətə xəyanət edən şəxs başqasının haqqını tapdalamış olur.

          3.       Axirət cəzası – Əmanətə xəyanət edənlər Qiyamət günü ağır cəzalandırılacaqlar.

   Əmanətdarlıq – dinin meyarıdır. Hz. Peyğəmbər(s)

   Əhli-Beytdən nəql edilən hədislərdən göründüyü kimi, əmanətə xəyanət iman zəifliyinin əlamətidir və bu, böyük günahlardan sayılır. Cəmiyyətdə əmanətə sadiq qalmaq sosial münasibətlərin möhkəmlənməsinə, insanların bir-birinə güvənməsinə və haqsızlığın qarşısının alınmasına, bəzən bir müsəlmanının malının və ya canının qorunmasına səbəb olur.

   Sonda bu mövzu haqqında sözlərin ən gözəli olan Əhli Beyt(ə) rəvayətlərindən bir neçəsini siz əzizlərin diqqətinə çatdırırıq:


             1.    İmam Əli (ə) buyurur: “Əmanətə riayət imanın ən üstün xüsusiyyətlərindəndir”.[7]

          2.       İmam Cəfər Sadiq (ə) buyurur: “Sənə əmanət verilən şeyin sahibi kafir olsa belə, ona xəyanət etmə”.[8]

          3.       Peyğəmbər (s) buyurur: “Əmanətə xəyanət edən bizdən deyil”.[9]

          4.       İmam Əli (ə) buyurur: “Əmanətdarlıq ruzi gətirər, xəyanət isə yoxsulluq”.[10]

          5.       İmam Əli (ə) buyurur: “Ən yaxşı insan o kəsdir ki, əmanətə sadiq qalsın və vədinə əməl etsin”.[11]

          6.       İmam Əli (ə) buyurur: “Əmanətdarlıq qardaşlığı qoruyar, xəyanət isə nifaq yaradar”.[12]

          7.       İmam Baqir (ə) buyurur: “Bizim şiələrimiz əmanətdar və doğru danışan şəxslərdir”.[13]

          8.       İmam Sadiq (ə) buyurur: “Əmanət sahibi olun! Əgər atamın qatili mənə bir əmanət versəydi, onu sahibinə qaytarardım”.[14]

          9.       İmam Əli (ə) buyurur: “Əmanətə sadiq olanın dostu çox olar, xəyanət edən isə qınanar”.[15]

          10.     İmam Əli (ə) buyurur: “Əmanətə riayət edin ki, sizin də əmanətinizə riayət olunsun”.[16]

          11.     İmam Əli (ə) buyurur: “Xəyanət nifaqın əlaməti, əmanətdarlıq isə imanın nişanəsidir”.[17]

          12.     İmam Cəfər Sadiq (ə) buyurur: “Əmanətə xəyanət etmək və yalan danışmaq, insanın imanını zərbə altında qoyar”.[18]                                      


[1] Nisa surəsi, 58

[2] Muminun surəsi, 8

[3] Ənfal surəsi, 27

[4] Nəhcül-Bəlağə, hikmət 271

[5] Biharul-Ənvar, c. 78, s. 255

[6] Tuhəful-Uqul, s. 206

[7] Nəhcül-Bəlağə, hikmətli kəlamlar, 201

[8] Əl-Kafi, c. 5, s. 133

[9] Biharul-Ənvar, c. 72, s. 165

[10] Ğurarul-Hikəm, 3737

[11] Nəhcül-Bəlağə, məktub 31

[12] Ğurarul-Hikəm, 2351

[13] Əl-Kafi, c. 2, s. 233

[14] Biharul-Ənvar, c. 47, s. 38

[15] Ğurarul-Hikəm, 4101

[16] Nəhcül-Bəlağə, hikmətli kəlamlar, 204

[17] Ğurarul-Hikəm, 1862

[18] Əl-Kafi, c. 2, s. 337

Şəriət güzgüsü kitabından

Paylaş:
Baxış sayı: 9987

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir