Camaat namazına qoşulmaq

Camaat namazına qoşulmaq

Bismillahir Rəhmanir Rəhim
Vacib namazları camaat şəklində qılmaq dində müstəhəbb olan əməllərdən sayılır. Məxsusən də gündəlik namazları. Daha çox təkid olunan isə sübh, şam və xiftən namazlarıdır. Namazları camaat şəklində qılmağın bəyənilən bir əməl olması barəsində Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurur:
“Camaatla qılınan namazın fəziləti fərdi şəkildə qılınan namazın fəzilətindən iyirmi yedddi dəfə artıqdır”.
Mənbə: “Səvabul-ə`mal, səhifə 59”.
Nəzərinizə çatdırmaq istədiyimiz məsələ camaat namazına qoşulmaq barəsindədir. Yəni, namazın əvvəlindən imama qoşula bilməyən, amma o biri rükətlərdə imama çatan şəxslər camaat namazına necə qoşulmalıdırlar ki, həm namazları səhih olsun, həm də camaat namazının fəzilətini əldə etmiş olsunlar.
İmama bir neçə halda qoşulmaq mümkündür:
1. Namazın 1-ci rükətində imama qoşularsa:
Namazın 1-ci rükətində rükətin əvvəlindən imama qoşulan şəxsin vəzifəsi bundan ibarətdir ki, təkbirətul-ehramı desin, imamın qiraətini (Fatihə və İxlası) dinləsin və daha fəzilətlidir ki, bu müddət ərzində zikr və yaxud Peyğəmbərə (s.ə.v.s) salavat desin, daha sonra rüku və s. vacibatları edib namazı tamamlasın. Həmçinin namazın əvvəlindən deyil, rüku əsnasında da qoşula bilər və əvvəldən qoşulduqda Fatihə və İxlası demək boynundan düşdüyü kimi rüku əsanasında qoşulduqda da boynundan düşər və 1-ci rükəti də ələ gətirmiş hesab olunur.
2. Namazın 2-ci rükətində imama qoşularsa:
Namazın 2-ci rükətində rükətin əvvəlindən imama qoşulan şəxsin vəzifəsi bundan ibarətdir ki, imam qünut tutduqda imamla birgə qünut tutsun, rüku etsin və s. Amma rüku əsnasında qoşulmaq istəsə vəzifəsi budur ki, təkbirətul-ehramı deyib imamla rükuya getsin. Səcdələrdən sonra isə imam təşəhhüd deyərkən əllərinin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyaraq imamı gözləsin. İmam 3-cü rükətə qalxdıqda isə gərək özünün 2-ci rükəti olduğuna görə Fatihə və İxlası desin və əgər vaxtı qalarsa qünutu da tutsun. Amma vaxt dar olsa və yalnız Fatihə və İxlası deməyə çatarsa, bunları desin, əgər vaxt daha da dar olsa yalnız Fatihəni də desə kifayət edər. Hətta vaxt çatmasa Fatihəni də kəsib imamla rükuya gedə bilər. Çünki burada məqsəd bundan ibarətdir ki, imamın rükusuna çata bilsin. Daha sonra imamla rüku və səcdə etsin. Əgər namaz 2 rükətli namazdırsa təşəhhüd və salamları deyib namazı bitirsin. Əgər imamın və məmumun qıldığı namaz hər ikisi də 3 rükətli namazdırsa imam namazını bitirdiyi vaxtda məmum qalxaraq 3-cü rükətini fərdi şəkildə yerinə yetirsin.
3. Namazın 3-cü rükətində imama qoşularsa:
Şam namazının 3-cü rükətində rükətin əvvəlindən imama qoşulan şəxsin vəzifəsi bundan ibarətdir ki, Fatihə və İxlası özü desin, rüku və səcdəni etdikdən sonra qalxaraq o biri rükətlərə davam etsin. Amma Fatihəni oxuduqda imama çata bilməsə Fatihəni yarıdan kəsib imamla rükuya gedə bilər. Həmçinin imama çata bilməyəcəyini bilirsə, gərək səbr etsin və imama rükuda qoşulsun. Daha yaxşı olar ki, səcdədən qalxdıqdan sonra əllərinin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyaraq imamın təşəhhüd deməsini, hətta salamları deməsinə qədər gözləsin. Daha sonra qalxaraq 2-ci rükətinə fərdi şəkildə davam etsin. Dörd rükətli namazın 3-cü rükətində rükətin əvvəlindən imama qoşulan şəxsin vəzifəsi isə bundan ibarətdir ki, Fatihə və İxlası özü desin, rüku və səcdəni etdikdən sonra qalxaraq o biri rükətlərə davam etsin. Amma Fatihəni oxuduqda imama çata bilməsə Fatihəni yarıdan kəsib imamla rükuya gedə bilər. Həmçinin imama çata bilməyəcəyini bilirsə, gərək səbr etsin və imama rükuda qoşulsun.
4. Namazın 4-cü rükətində imama qoşularsa:
Dörd rükətli namazın 4-cü rükətində imama qoşulan şəxsin vəzifəsi odur ki, səcdələrdən sonra əllərinin barmaqlarını və ayaqlarının pəncəsini yerə qoyaraq imamın təşəhhüd deməsini, hətta salamları deməsinə qədər gözləsin. Daha sonra qalxaraq namazını tamamlasın.
Sual:
Camaat namazının savabına çatmaq istəyən, amma imam sonuncu rükətin təşəhhüdündə olan halda gəlib çatan şəxsin vəzifəsi nədir?
Cavab:
Təkbirətul-ehramı deyərək imama tabe olmaq qəsdilə oturması və mütləq qürbət qəsdilə təşəhhüd deməsi icazəlidir. Imam salamları deyib namazı bitirdiyi zaman isə ayağa qalxaraq təkbirətul-ehramı demədən öz namazına (birinci rükətdən) başlamalıdır. Belə edərsə camaat namazının savabına çatmış olur. Baxmayaraq ki, imama iqtida edərək 1-ci rükəti qıla bilməmişdir.
Qeyd:
* İmama qoşulmaq istəyən kəs rükudan əvvəl və rüku əsnasında imama qoşulmaq barəsində ixtiyar sahibidir. Yəni, imam təkbirətul-ehramı dedikdən sonra məmuma da təkbirətul-ehramı deyib namaza qoşulmaq vacib deyil.
* İmamın rükuya getməsinə qədər gözləməsi və imam rüku əsnasında olanda təkbirətul-ehramı deyib imama qoşulması icazəlidir.
* Onu da nəzərinizə çatdırmaq istəyirik ki, iqtida etmək istədiyiniz imamın ilk növbədə ədalətli və qiraətinin düz olmasını araşdırın.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuhu

Müəllif: Hoccətulislam Kərbəlayi Cavid.

Paylaş:
Baxış sayı: 11494

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.