Ailə

Ailə – Cəmiyyətin Bünövrəsi və İlahi Nemət

Ailə, İslamda cəmiyyətin ən vacib qurumlarından biridir. Qurani-Kərimdə Allah ailənin bir nemət olduğunu bildirir:

“Sizdən özləri ilə rahatlıq tapasınız deyə, sizin üçün öz cinsinizdən zövcələr yaratdı və aranızda sevgi və mərhəmət qoydu. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır.” (Rum, 21)

Bu ayədən göründüyü kimi, ailə yalnız dünyəvi bir qurum deyil, həm də ilahi hikmət və sevginin təcəllisidir. Ailə fərdləri bir-birilərinə sevgi, mərhəmət və ehtiramla yanaşmalı, qarşılıqlı haqlara riayət etməlidirlər.

1. Ailənin Qurulmasının Əsasları

İslamda ailənin əsası nikahdır. Nikah kişi və qadın arasında qanuni və mənəvi bir müqavilədir ki, burada hər iki tərəf müəyyən öhdəliklər götürür. Peyğəmbərimiz (s) buyurmuşdur:

“Evlilik mənim sünnəmdəndir. Kim mənim sünnəmdən üz çevirərsə, o, məndən deyil.”

Nikah sevgi və hörmət üzərində qurulmalı, qarşılıqlı haqlara hörmət edilməlidir.

2. Ailə Başçısının (Kişinin) Vəzifələri

   İslamda kişi ailənin himayədarı və məsuliyyət daşıyan şəxsdir. Qurani-Kərimdə deyilir:

   “Kişilər qadınlar üzərində himayədardırlar. Çünki Allah birini digərindən üstün etmişdir və onlar mallarından (ailəyə) sərf edirlər.” (Nisa, 4:34)

   Həzrəti Əli(ə) buyurur: “Allah Rəsulu(s) bizim yanımıza gəldi, Fatimə(s.ə.) qazanın yanında oturmuşdu. Mən isə mərcimək təmizləyirdim. Allah Rəsulu buyurdu: “Ey Əbulhəsən!” Dedim “Ləbbeyk ey Allahın Rəsulu(s).” Allah Rəsulu buyurdu: “Məni dinlə! Mən Rəbbimin mənə dediklərindən başqa bir söz söyləmiəm. Hər hansı bir kişi evdə qadınına kömək edərsə, Allah Təala onun bədənindəki tüklərin sayı qədər , gündüzləri oruc tutub gecələri ibadət etməklə keçirməkdə olan bir illik ibadətin savabını yazar. Allah-Təala ona səbir edənlərə , Davud(ə), Yəqub(ə) və İsa(ə) peyğəmbərə verdiyi savabı bəxş edər. Ey Əli! Kim evdə ailəsinə köməklik edərsə, buna təkəbbürlük etməzsə, Allah onun adını şəhidlər divanında yazar, hər gün və hər gecə ona min şəhidin savabını yazar. Hər addımına görə ona Həcc və Ümrə savabını yazar. Allah onun bədənindən çıxan hər tər qətrəsinə görə Cənnətdə ona bir şəhər verər. Ey Əli! Bir saat ailənin xidmətində durmaq min illik ibadətdən, min Həcc ziyarətindən, min Ümrədən, min qul azad etməkdən, min xəstəyə baş çəkməkdən, min cümədən, min cənazədə iştirak etməkdən, min acı doydurmaqdan, min libası olmayanı geyindirməkdən, Allah yolunda min atı səfərbər etməkdən, miskinlərə sədəqə verəcəyi min dinardan, Tövratı, İncili, Zəburu, Quranı oxumaqdan, əsir tutub azad etməkdən, fəqirlərə verəcəyi min dəvədən daha xeyirlidir. O, Cənnətdə öz məkanını görmədən bu dünyadan çıxmayacaqdır. Ey Əli! Ailəsinə kömək etməkdə təkəbbürlük etməyən şəxs, Cənnətə sorğu-sualsız daxil olar. Ailəyə xidmət etmək böyük günahların kəffarəsi, Rəbbinin qəzəbini söndürən və hurilərin mehriyəsidir. Ailəyə xidmət etmək yaxşılıqları artırar və dərəcələri yüksəldər. Ey Əli! Ailəsinə yalnız siddiq və ya şəhid , yaxud da Allah-Təalanın dünya və axirət xeyrini vermək istədiyi kişi yardım edər”.”(Camiul əxbar)

Kişinin əsas vəzifələri bunlardır:

a) Ailənin Maddi və Mənəvi Təminatı

            •          Kişi ailəsinin ehtiyaclarını təmin etməlidir. Peyğəmbərimiz (s) buyurmuşdur:

“Ailəsinin ehtiyaclarını təmin etmək üçün çalışan şəxs Allah yolunda cihad edən kimidir.”

            •          Yalnız maddi deyil, mənəvi qayğını da unutmamalıdır.

b) Həyat Yoldaşına Gözəl Münasibət

            •          Kişi həyat yoldaşına qarşı mərhəmətli və şəfqətli olmalıdır.

            •          Peyğəmbərimiz (s) buyurmuşdur:

“Sizin ən xeyirliniz ailəsinə qarşı ən yaxşı davrananınızdır. Mən sizin aranızda ailəsinə qarşı ən gözəl davranan insanam.”

c) Övladların Tərbiyəsi

            •          Övladları halal ruzi ilə böyütmək və onlara din biliklərini öyrətmək vacibdir.

            •          Allah Quranda buyurur:

“Ey iman gətirənlər! Özünüzü və ailənizi cəhənnəm oduna qarşı qoruyun.” (Təhrim, 6)

3. Ana və Həyat Yoldaşının Vəzifələri

1.         İmam Əli (ə) buyurur: “Qadının evində olan vəzifələrindən biri, ailəsinin ehtiyaclarını ödəmək üçün ərinə kömək etmək və evin işlərində nizam-intizam yaratmaqdır. Qadın ərinin rahatlığını təmin etdikdə və evin işlərini layiqincə yerinə yetirdikdə, Allah ona kişilərin cihad meydanında qazandıqları savabı əta edər.” (Biharül-Ənvar, c. 103, səh. 250)

            2.         İmam Sadiq (ə) buyurur: “Ən yaxşı qadın o qadındır ki, ev işlərini gözəl şəkildə idarə edər, ərini sevindirər və onunla mehriban olar. Çünki Allah-Taala belə bir qadına, gecə-gündüz Ona ibadət edən kəsin savabını verər.” (Vəsailüş-Şiə, c. 20, səh. 171)

a) Qadının Ərinə Qarşı Münasibəti

   Qadın həyat yoldaşına hörmət etməli və itaətkar olmalıdır. Daimi kəbinlə ailə qurmuş qadın ərinin haqqı tapdalanmasa belə  ərinin icazəsi olmadan evdən bayıra çıxa bilməz. Yalnız zərurət hallarında, habelə evdə qalmağın onun üçün çətinliyi olduğu zaman və ya ev onun üçün münasib olmayan hallarda icazəsiz evdən çıxa bilər. Qadın ərinin istədiyi hər vaxt onun haqqı sayılan cinsi ləzzətlər üçün özünü ona təslim etməlidir. Şəriət baxımından heç bir üzrü olmasa, onunla yaxınlıq etməkdən boyun qaçırmamalıdır. Qadını qida, libas və yaşayış yeri ilə təmin etmək, həmçinin onun ehtiyaclarını ödəmək ərə vacibdir. Onu təmin etməzsə  imkanı çatsa da, çatmasa da  xanımına borcludur.
Həmçinin qadının hüquqlarından biri də budur ki, kişi ona əziyyət verməsin, ona qarşı şəriət baxımından dəlil olmadan sərt davranmasın.
Əgər qadın əri ilə münasibətlərdə cinsi yaxınlıq baxımından vəzifəsinə əsla əməl etməzsə, onunla bir yerdə yaşasa da, yemək, libas və mənzil hüququ yoxdur. Əgər bəzən onun şəriətə uyğun cinsi istəklərindən boyun qaçırsa, ehtiyat vacibə əsasən nəfəqəsinin vacib olması (ehtiyaclarının təmin olunması) qüvvədən düşmür. Amma cinsi yaxınlıq istəklərini təmin etməsə də, mehriyənin hökmü aradan qalxmır.
Kişinin öz həyat yoldaşını ev işləri görməyə məcbur etməyə haqqı yoxdur. Məişətinin təmini ərinin öhdəsinə olan qadın ər onun ehtiyaclarını təmin etmədiyi təqdirdə, xərclərini ərin icazəsi olmadan onun malından (pulundan) götürə bilər. Əgər bu, mümkün olmasa, çarəsiz qalsa və şəriət hakiminə şikayət edə bilməsə, işləməklə öz ehtiyaclarını təmin etmək istəsə, ehtiyaclarını qazanan zaman ərinə itaət etməsi vacib deyil.

   1. Peyğəmbər (s) buyurur: “Qadının öz ərinə itaət etməsi və haqqına riayət etməsi, onun üçün cihad meydanında döyüşmək kimidir.” (Biharül-Ənvar, c. 74, səh. 237)

   2. İmam Baqir (ə) buyurur: “Qadının ərinə yaxşılıq etməsi və ona itaət etməsi, onun Allah qarşısındakı ən böyük vəzifələrindəndir.” (Əl-Kafi, c. 5, səh. 508)

   3. Peyğəmbər (s) buyurur: “Qadın ərinin razılığını qazanmadan dünyadan köçsə, Cənnətə daxil olmaz.” (Vəsailüş-Şiə, c. 20, səh. 160)

b) Ailədə Sevgi və Mehribanlıq Yaradan Olmaq

            Qadın evin içində sevgini və rahatlığı təmin etməlidir.

            Allah buyurur:

“Mömin qadınlar itaətkardırlar, Allahın qorunmasını əmr etdiyi şeyləri qoruyurlar.” (Nisa, 34)

c) Övladların Ailədəki Vəzifələri

Övladlar valideynlərinə hörmət və itaət etməli, onları sevməli və ehtiyaclarına cavab verməlidirlər. Qurani-Kərimdə buyurulur:

“Valideynlərinizə yaxşılıq edin. Əgər onlardan biri və ya hər ikisi sizin yanınızda qocalarsa, onlara ‘uf’ belə deməyin, üstlərinə qışqırmayın, onlara xoş söz söyləyin.” (İsra, 23)

            1.         İmam Sadiq (ə) buyurur: “Valideynin övladı üzərində üç haqqı vardır: Onu böyüdüb tərbiyə etmək, ona gözəl ad qoymaq və ona Quranı öyrətmək.” (Əl-Kafi, c. 6, səh. 48)

            2.         İmam Əli (ə) buyurur: “Övladın atasına qarşı yaxşılıq etməsi, onun itaətində olması və onunla mehriban davranması vacibdir. Çünki ata, övladın tərbiyəsində və böyüməsində əvəzsiz xidmətlər göstərmişdir.” (Ğurarül-Hikəm, hədis 10242)

            3.         Peyğəmbər (s) buyurur: “Övladın valideyninə baxışı, əgər o baxış rəhmət və məhəbbət üzündəndirsə, Allah ona qəbul olunmuş bir həccin savabını verər.” (Biharül-Ənvar, c. 74, səh. 80)

a) Valideynlərə Hörmət və İtaət

            •          Uşaqlar valideynlərinin sözlərinə əməl etməli və onlara hörmət göstərməlidir.

            •          Peyğəmbərimiz (s) buyurmuşdur:

“Valideynin razılığı Allahın razılığıdır, valideynin narazılığı isə Allahın narazılığıdır.”

b) Valideynlərə Dualar Etmək

            •          Valideynlər üçün dua etmək də onların haqqını yerinə yetirmək deməkdir.

            •          Quranda buyurulur:

“Ey Rəbbim! Onlar məni körpə ikən tərbiyə etdikləri kimi, Sən də onlara mərhəmət et.” (İsra, 24)

5. Ailə Daxilində Qarşılıqlı Münasibətlərin Əhəmiyyəti

Ailədə sevgi və hörmət olmalıdır. Əgər ailə üzvləri bir-birilərinə hörmət etməzsə, ailə dağılmağa məruz qala bilər. Quranda Allah buyurur:

“Ey iman gətirənlər! Bir-birinizin mallarını haqsızlıqla yeməyin! Yalnız qarşılıqlı razılıq əsasında olan ticarət istisnadır.” (Nisa, 29)

Bu ayədən göründüyü kimi, ailədə qarşılıqlı razılıq və anlaşma əsas şərtlərdən biridir.

   Ailə bir məktəb, bir imtahan və Allahın bəndələrinə verdiyi böyük bir nemətdir. Ailə üzvləri bir-birinə sevgi, şəfqət və hörmətlə yanaşmalıdırlar. Hər bir fərd ailədə öz məsuliyyətini dərk edərsə, ailə möhkəm və bərəkətli olar.

Məqalə “Şəriət güzgüsü” kitabındandır

Paylaş:
Baxış sayı: 19549

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir