Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, quşların əti halal olanların haram olanlardan onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma bir quşun uçma tərzi məlum olmasa, əgər onun çinədanı yaxud mədə və ya ayağının arxasında caynağı varsa, halaldır. Əgər onda bunlardan heç biri olmasa, haramdır. Amma – qeyd edilənlərdən başqa – toyuq, göyərçin, sərçə, hətta dəvəquşu və tovuzquşu kimi digər quşlar halaldır. Amma şanapipik və qaranquş kimi bəzi quşları öldürmək məkruhdur. Yarasa kimi uçan halda qanadları olmayan quşların əti isə haramdır. Həmçinin vacib ehtiyata əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır.
Məsələ 2: Ruhu olan bir bədən üzvü canlı bir heyvandan qoparılarsa, məsələn, canlı bir qoyundan quyruq və ya bir parça ət ayrılarsa, nəcis və haramdır.
Məsələ 3: Əti halal olan heyvanların bədəninin bəzi üzvləri haramdır:
1. Qan; 2. İfrazat; 3. Erkək heyvanın cinsi orqanı; 4. Dişi heyvanın cinsi orqanı; 5. Uşaqlıq; 6. Duşul adlanan vəzi (fındığa bənzər yumru vəzi);
7. Donbalan adlanan toxum (yumurta); 8. Başın beyin nahiyəsində noxud formasında olan kiçik toxum; 9. Fəqərə sütunu arasında olan haram ilik;
10. Vacib ehtiyata əsasən, bel sümüyünün iki tərəfində olan piy; 11. Öd kisəsi; 12. Dalaq; 13. Sidik kisəsi; 14. Göz bəbəyi.
Bütün bunlar, əti halal olan heyvanlar içərisində quşlardan, balıq və çəyirtkədən qeyrilərinə aiddir; quşlara gəldikdə isə, onların qan və ifrazatı mübahisəsiz haramdır. Amma bu ikisindən başqa, yuxarıda qeyd edilənlərdən biri onlarda olsa, onun haramlığı vacib ehtiyata əsasəndir. Həmçinin vacib ehtiyata əsasən, balığın, qan və ifrazatı, çəyirtkənin ifrazatı da eyni hökmü daşıyır. Bunlardan başqası onlarda haram deyil.
Məsələ 4: Əti haram olan heyvanın sidiyini içmək haramdır. Həmçinin əti halal olan heyvanların, hətta vacib ehtiyata əsasən, dəvənin də sidiyi eyni hökmü daşıyır. Amma müalicə məqsədilə dəvə, inək və qoyunun sidiyini içməyin eybi yoxdur.
Məsələ 5: Palçığı yemək haramdır. Vacib ehtiyata əsasən, torpaq və qum da, həmin hökmü daşıyır. Müalicə məqsədilə çarəsiz qaldığı halda Dağıstan, erməni və bu kimi gili yeməyin eybi yoxdur. Şəfa tapmaq məqsədilə şəhidlər ağası imam Hüseyn(ə)-ın türbətindən orta həcmli noxud qədər yemək caizdir. Əgər onu müqəddəs qəbrin özündən və yaxud ətrafından götürməsələr, hətta imam Hüseyn(ə)-ın türbətinə aid edilsə də, vacib ehtiyata əsasən, bir miqdar suda və bu kimi şeydə həll edib, qarışdırdıqdan sonra suyu içsinlər. Həmçinin türbətin imam Hüseyn(ə)-ın müqəddəs qəbrindən olduğuna əmin olmadıqda, bu halda bir dəlil də olmasa, ehtiyata riayət etmək lazımdır.
Məsələ 6: Burun suyu və ağıza gəlmiş sinə bəlğəmini udmaq haram deyil və həmçinin dişləri təmizləyərkən onun dibindən çıxan yemək qalığını udmağın eybi yoxdur.
Məsələ 7: Ölümə səbəb olan və ya insana mühüm bir zərəri olan qidanı yemək haramdır.
Məsələ 8: At, qatır və ulaq ətini yemək məkruhdur. Əgər bir şəxs onlarla cinsi yaxınlıq etsə (bu işdən Allaha pənah aparırıq!), əti haram olar və cinsi yaxınlıqdan sonra onların nəsli və südü – vacib ehtiyata əsasən – eləcə də sidik və peyini də nəcis olar və onları şəhərdən çıxarıb, başqa yerdə satmaq lazımdır. Əgər yaxınlıq edən onun sahibi deyilsə, heyvanın qiymətini sahibinə verməlidir və satılmasından əldə edilən pul yaxınlıq edənindir. Əgər dəvə, inək və qoyun kimi adətən, əti istifadə olunan heyvanla yaxınlıq etsə, onların sidik və peyini nəcis olar və onların ətini yemək haramdır. Vacib ehtiyata əsasən, onların südünü içmək və cinsi yaxınlıqdan sonra onlardan törənən nəsil də, eyni hökmü daşıyır. Həmin heyvanı dərhal öldürüb yandırmaq lazımdır. Onunla yaxınlıq edən şəxs onun sahibi deyilsə, pulunu sahibinə versin.
Məsələ 9: Əgər çəpiş ət və sümüyü bərkiyən miqdarda donuzdan süd əmsə, onun özü, nəsli və südü də haram olar. Amma bundan az miqdarda süd əmsə, vacib ehtiyata əsasən, “istibra” edilməlidir və bundan sonra halal olar. Onun istibrası isə yeddi gün pak süd əmməkdir. Əgər süd əmməyə ehtiyacı yoxdursa, yeddi gün ot yeməlidir. Vacib ehtiyata əsasən, dana, südəmər quzu və digər əti halal heyvanların balaları da, eyni hökmü daşıyır. Nəcis yeyən heyvanın ətini yemək haramdır. İstibra edildikdə isə, halal olar. Bunların da istibrasının keyfiyyəti 219-cu məsələdə açıqlandı.
Məsələ 10: Şərab içmək haram və bəzi hədislərdə ən böyük günahlardan sayılmışdır. Həzrət imam Cəfər Sadiq(ə)-dan belə nəql olunmuşdur: “Şərab pisliklərin kökü və günahların mənşəyidir. Şərab içən şəxs öz ağlını itirir və o zaman Allahı tanımır, heç bir günahdan çəkinmir, heç kəsin ehtiramını saxlamır, yaxın qohumlarının haqqını gözləmir, aşkar çirkinliklərdən üz döndərmir. Ondan bir qurtum içdikdə, Allah, mələklər, peyğəmbərlər və möminlər ona lənət edərlər. Əgər sərxoş olana qədər içsə, Allahıtanıma və iman ruhu ondan çıxar və yerini nöqsanlı xəbis ruh tutar, qırx günə qədər namazı qəbul olunmaz.”
Məsələ 11: Şərab içilən süfrədən bir şey yemək, həmçinin vacib ehtiyata əsasən, belə süfrədə oturmaq haramdır.
Məsələ 12: Hər müsəlmana öz canı təhlükədə olmadıqda, aclıqdan və ya susuzluqdan ölmək ərəfəsində olan başqa bir müsəlmana su və çörək verib, ölümdən qurtarmaq vacibdir. Həmçinin həmin şəxs müsəlman olmasa da, qətli vacib olmayan bir insandırsa, hökm eynidir.