Namazda unudulmuş hissələrin bəzilərinin hökmü

Namazda unudulmuş hissələrin bəzilərinin hökmü
1⃣ Təkbirətul-ihram:
Təkbirətul-ihramı unudan şəxsin namazı mütləq surətdə batil olar.
2⃣ Qiyam:
Əgər bir şəxs qiyam halında durmağı unudarsa və oturan halda təkbirətul-ihram deyərsə və həmçinin oturan halda rukuya gedərsə, namazı batil olar. Çünki bu iki haldakı qiyam rükn olan qiyamdır.
3⃣ Qiraət:
Əgər bir şəxs qiraət və təsbihati-ərbəə yaddan çıxararsa və ruku həddinə çatandan sonra yadına düşərsə, namazı səhih olar.
Rükuya çatmamışdan (əyilən vaxt) yadına düşərsə, qayıtmalı və qiraəti tədarük etməlidir.
Unudaraq səsli yerdə səssiz, səssiz yerdə səsli qılan şəxsin namazı səhihdir.
Qiraət əsnasında yadına düşərsə səsli və səssiz qıldığı yerləri yenidən deməsi vacib deyil.
Birinci və ikinci rükətdə həmdi unudan şəxsin üçüncü və dördüncü rükətdə təsbihatın əvəzinə həmdi deməsi ehtiyyat-müstəhəbdir.
4⃣ Rüku:
Əgər bir şəxs rükunu unudarsa və səcdəyə əyilərsə, alnını yerə qoymamışdırsa qayıdıb qiyam etməli və rükuya getməlidir. Bu hal ikinci səcdəyə daxil olmamış baş vermiş olsa da hökm eynidir. Ehtiyyat-müstəhəbb budur ki, bu halda namaz tamamlandıqdan sonra təzələnsin.
Amma ikinci səcdəyə daxil olduqdan sonra yadına düşərsə, ehtiyyat-vacib budur ki, namaz təzələnsin.
Əgər bir şəxs rukudan sonra düzəlməyi unudarsa və səcdə edərsə yaxud səcdəyə əyilərsə, namazı səhih olar. Ehtiyyat-müstəhəbb budur ki, səcdədən əvvəl yadına düşərsə qiyama qayıtsın, daha sonra səcdəyə getsin.
Səcdəyə getdikdən sonra yadına düşərsə, namazı təzələsin (ehtiyyat-müstəhəbbə əsasən).
İkinci səcdəyə daxil olandan sonra yadına düşərsə, namazı səhih olar və ona heç bir şey vacib olmaz.
5⃣ Səcdələr:
Əgər bir şəxs iki səcdəni unudarsa və rükuya daxil olmamış yadına düşərsə, qayıdıb aəcdələri etməsi vacibdir. Amma rükuya daxil olduqdan sonra yadına düşərsə, ehtiyyat-vacibə əsasən namazı təzələməsi vacib olar.
Əgər bir səcdəni unudarsa və rükudan əvvəl yadına düşərsə, qayıtmalı və səcdəni yerinə yetirməlidir. Amma rükuya daxil olandan sonra yadına düşərsə, namazdan sonra qəzasını yerinə yetirməlidir.
Əgər iki səcdəni unudarsa və salamları dedikdən sonra yadına düşərsə, əgər namaza zidd olan işləri görməmişdirsə qayıdıb səcdələri etməli, sonra təşəhhüd və salamı deyib namazı tamamlamalıdır. Sonra ehtiyyata əsasən artıq salama görə səhv səcdəsi etməlidir.
Əgər bir səcdəni unudarsa və salamı deyərsə, namaza zidd olan işləri etməmişdirsə qayıdıb səcdəni etməli, namazı tamamlamalı, daha sonra ehtiyyata əsasən səhv səcdəsi etməlidir. Əgər namaza zidd olan işdən sonra yadına düşərsə namazı səhih sayılar. Sadəcə unudulan səcdəni qəza etməsi vacib olar.
Əgər bir şəxs iki səcdə arasında qalxmağı unudarsa və ikinci səcdəyə daxil olarsa, namazı batil olmaz. Səcdəyə əyilən zaman da yadına düşsə namazı səhih olar.
Əgər bir şəxs alnından başqa o biri üzvlərini yerə qoymağı unudarsa və alnını qaldırandan sonra yadına düşərsə, namazı səhih olar.
Əgər səcdənin zikrini unudarsa və yaxud bədənin aram olmasını unudarsa və alnını qaldırandan sonra yadına düşərsə, namazı səhih olar.
İki səcdə arasında oturmağı unudaraq ikinci səcdəyə gedən şəxsin namazı səhihdir.
6⃣ Təşəhhüd:
Əgər bir şəxs birinci təşəhhüdü unudarsa və özündən sonrakı rükuya daxil olmadan yadına düşərsə, qayıtmalı və təşəhhüdü yerinə yetirməlidir.
Əgər rükuya daxil olandan sonra yadına düşərsə, namazını davam etməli, namazdan sonra isə səhv səcdəsi etməlidir. Ehtiyyat-müstəhəbb budur ki, namazdan sonra təşəhhüdü qəza etsin.
7⃣ Salam:
Əgər bir şəxs salamı unudarsa və namaza zidd olan bir şeyi etməmişdən əvvəl yadına düşərsə, salamı deməlidir. Namazı isə səhih olar.
Əgər namaza zidd olan bir şeyi etdikdən sonra yadına düşərsə, namazı səhih olar. Ehtiyyat-müstəhəbb budur ki, namazı təzələsin.
8⃣ Qünut:
Əgər bir şəxs qünutu unudarsa və rüku həddinə çatmadan yadına düşərsə, qayıdaraq qünutu tutmalıdır.
Rükuya çatdıqdan sonra yadına düşərsə, müstəhəbdir ki, qalxdıqdan sonra qunut tutsun.
Səcdəyə daxil olduqdan sonra yadına düşərsə, namazdan sonra üzü qibləyə oturan halda tutmalıdır.
Səcdəyə əyildikdən, amma alnını yerə qoymamışdan yadına düşərsə, ehtiyyat-vacibə əsasən qayıda bilməz. Gərək namazdan sonra qəza etsin.
Paylaş:
Baxış sayı: 12443

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.