Tərtibi qüslün alınma qaydası

Tərtibi qüslün alınma qaydası

Bismillahir Rəhmanir Rəhim

İmam Baqir (ə) buyurur:
Təharətsiz namaz olmaz.
Mənbə: (Mən la yəhzuruhul-fəqih, cild 1, səhifə 58).

Hədisdə deyilən təharətdən məqsəd bizə namazı mübah edən, yəni namaz qılmağı bizə icazəli edən paklıqdır.
Təharət 2 yolla hasil olar:

1. Su ilə: Məsələn; Qüsl və dəstəmazla.
2. Torpaq ilə: Təyəmmümlə.

Hər bir əməlin səhih olması üçün özünə məxsus olan bir şərti vardır. Bu mənada ki, əgər həmin şərt mövcud olmasa şərtlənmiş olan əməl də mövcud olmaz. Məsələn; Cümə günü cümə namazı qılmaq istəyən şəxslərin sayı ən azı 5 nəfər olmasa cümə namazı vacib olmaz və qılınsa da səhih olmaz. Yuxarıda qeyd etdiyimiz hədisdən də gördük ki, namazın səhih olma şərtlərindən biri təharətdir. Yəni İmam (ə) buyurdu ki, hər kim təharətsiz namaz qılarsa onun ibadəti heç olar.

Bəzən görürük ki, bir neçə il namaz qılan şəxs sonradan qüsl və dəstəmaza aid olan məsələləri öyrəndikdən sonra namazlarını yenidən qəza etməli olurlar. Bu cür hallarla qarşılaşmamaq üçün gərək möminlər gündəlik etdikləri ibadətlərə aid olan şəriət hökmlərini dəqiq öyrənsinlər. Necə ki Allah təbarəkə və taala Qurani Kərimdə Nəhl surəsinin 43-cü ayəsində belə buyurur:

Əgər bilmirsinizsə Zikr əhildən soruşun.

Həmçinin hədislərin birində bu barədə İmam Sadiq (ə) buyurur:
Qiyamət günü Allah təbarəkə və taala buyurar:- Ey mənim bəndəm! Sən dünyada alim oldun mu? Əgər bəndə “Bəli” deyərsə, Allah (c.c) buyurar: Bəs niyə elmin olduğu şeyə əməl etmədin? Əgər bəndə “Xeyr” deyərsə, Allah (c.c) buyurar: Bəs niyə əməl etmək üçün öyrənmədin?
Mənbə: (Biharul-ənvar, cild 2, səhifə 29).

Yazıb sizə çatdırmaq istədiyimiz məsələ qüslun alınma qaydası barəsindədir.
Ayətullah seyyid Sistani:
Qüslun vacibatından biri də budur ki, gərək qüsul tərtiblə yerinə yetirilsin. Ehtiyyat-vacibə əsasən gərək əvvəl baş-boyun birlikdə, daha sonra bədən tamamilə yuyulsun. Yaxşı olar ki, bədən yuyulduqda əvvəl bütünlüklə sağ tərəf, sonra isə bütünlüklə sol tərəf yuyulsun. Amma sağ və solu yuduqda üzvlər arasında tərtibə riayət etmək vacib deyil. Yəni, sağ və sol tərəfini yuyanda istər ayağından çiyninə doğru yusun, istər çiynindən ayağına doğru yusun fərq etməz.
Mənbə: “Minhacus-salihin, cild 1, səhifə 66, 67”.

Ayətullah Vəhid Xorasani:
Qüslun vacibatından biri də budur ki, gərək qüsul tərtiblə yerinə yetirilsin. Bu mənada ki, gərək əvvəl baş-boyun birlikdə, daha sonra bədən tamamilə yuyulsun. Ehtiyyat-vacibə əsasən bədən yuyulduqda əvvəl bütünlüklə sağ tərəf, sonra isə bütünlüklə sol tərəf yuyulsun. Amma sağ və solu yuduqda üzvlər arasında tərtibə riayət etmək vacib deyil. Yəni, sağ və sol tərəfini yuyanda istər ayağından çiyninə doğru yusun, istər çiynindən ayağına doğru yusun fərq etməz.
Mənbə: “Minhacus-salihin, cild 2, səhifə 58, 59”

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuhu.

Müəllif: Kərbəlayi Cavid

Paylaş:
Baxış sayı: 13881

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.