Təqiyyə

TƏQİYYƏ – dini, mənəvi və ya dünyəvi zərərləri dəf etmək üçün insanın müxaliflər qarşısında imanını və ya inancını gizlətməsi deməkdir. Bu mənada təqiyyə, hər müsəlmanın şəri vəzifələrindən biridir və bunun əsası Qurana söykənməkdədir.
Quran Baxımından Təqiyyə
Qurani-Kərimin bir çox ayəsində təqiyyə mövzusuna toxunulmuşdur ki, biz burada onlardan bir neçəsini qeyd edəcəyik:
a) “Möminlər, möminləri buraxıb kafirləri dost tutmasınlar! Kim belə etsə, Allahdan heç nə gözləməsin. Lakin təqiyyə edərək onlardan qorunmanız zərurət olarsa, o müstəsnadır.” [1]
Bu ayə, açıq bir şəkildə möminlərin kafirlərlə dost olmasının caiz olmadığını, lakin can qorxusu və təhlükə olarsa, zahirdə onlarla dost olduğunu ifadə etmək üçün özünü elə onlara dost kimi göstərə biləcəklərini bildirir.
b) “Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!”! [2]
Müfəssirlər bu ayənin nazil olma səbəbləri haqqında belə buyurmaqdadırlar:
“Bir gün Əmmar bin Yasir, ana və atasıyla birlikdə kafirlərin əlinə düşürlər. Kafirlər, onlardan İslamdan əl çəkmələrini istədilər və onları Allahı inkar etməyə və Ona şərik qoşmağa məcbur etdilər. Əmmarın yanındakılar, kafirlərin əziyyətlərinə baxmayaraq Allahın birliyinə və Həzrəti Peyğəmbərin (s) risalətinə şahidlik etdilər.
Elə buna görə onlardan bəziləri şəhid edildi, bəziləri də İslam düşmənləri tərəfindən işgəncəyə məruz qaldı. Lakin Əmmar, ürəyi istəməsə də təqiyyə edib, kafirlərin dediyi şeyləri dilə gətirdi və azad buraxıldı. Allah Rəsulunun (s) yanına yetişdikdə isə dilə gətirdiyi sözlərdən yana narahat olub kədərləndi. Buna görə Həzrəti Peyğəmbər (s), ona təsəlli verdi və adı çəkilən ayə də bu mövzuyla əlaqədar olaraq nazil oldu.” [3]
Bu və bu kimi sair ayələrdən və müfəssirlərin sözlərindən; canı qorumaq, maddi və mənəvi zərərlərin qarşısını almaq üçün Həzrəti Peyğəmbərin zamanında da inancın gizli tutulduğu və İslamın buna razılaşdığı açıq-aşikar bir şəkildə sərgilənməkdədirr.
Şiə Baxımından Təqiyyə
Zalım Bəni-Üməyyə və Abbasilər xilafəti dönəmlərində hər zaman Şiələrə qarşı döyüş elan etdikləri və onları öldürməyə cəhd etdikləri üçün [4] Şiələr, Quranın əmri gərəyi təqiyyə etmiş, gerçək inanc və etiqadlarını gizləmiş, beləcə o çətin şərtlərdə həm öz canlarını və həm də digər müsəlman qardaşlarının canlarını xilas etmişdirlər.
Məlum məsələdir ki, təziq və zülüm mühitində Şiələri yox etmək üçün qalxan zülm fırtınası qarşısında təqiyyədən başqa bir qurtuluş yolu yox idi. Buna görə də əgər zalım idarə edicilər və onların əlaltıları, Şiələrə qarşı düşmənçilik etməsəydilər, onları zalımcasına qətl etməyi bir dövlət siyasəti olaraq davam etdirməsəydilər, Şiənin təqiyyə etməsi üçün heç bir səbəb olmazdı.
Əlavə olaraq bunu da qeyd etmək və xatırlatmaq lazımdır ki, təqiyyə, təkcə Şiəyə xas bir şey deyildir. Digər müsəlmanlar da, xaricilər və hər cür haramı işləyən zalım iqtidarlar kimi bütün İslam məzhəblərinə müxalif olan qan içici zalımlar qarşısında, etiraz etmə gücünə sahib olmadıqları təqdirdə, təqiyyə qalxanına sığınarlar və canlarını qoruya bilmək üçün ürəyindəki inanclarını gizli tuta bilərlər.
Buna görə də, əgər böyük İslam cəmiyyətinin bütün üzvləri bir-birləriylə razılaşar, birlik və dostluq içində yaşayarlarsa, müsəlmanlar arasında təqiyyə etmək üçün heç bir səbəb qalmaz.
Nəticə
Bütün bu deyilənlərdən isə əldə edilən nəticə bundan ibarətdir ki:
1- Təqiyyə, Quran mənşəli bir qanundur və səhabələrin davranışları, Həzrəti Peyğəmbərin (s) də bu davranışları təsdiq etməsi, təqiyyənin caiz olduğu və İslamın ilk illərində gerçəkləşdiyini göstərməkdədir.
2- Şiənin təqyyiə etməsinin səbəbi, Şiələri mərhəmətsizcə qətl edən və Şiə məzhəbini yox etməklə təhdid edən zülmkarlar idi.
3- Təqiyyə, Şiələrə məxsus bir şey deyil; digər müsəlmanlar arasında da mövcuddur.
4- Təqiyyədən məqsəd, Müsəlmanların canlarının qorunmasının olduğu üçün, yalnız kafirlərin və müşriklərin qarşısında deyil, qarşısı alına bilməyən və ya mübarizəyə gücü çatmayan hər zalımın qarşısında faydalanacaq bir ilahi qanundur.
5- İslam cəmiyyəti üzvlərinin razılaşma və sülh içində olduqları bir halda, müsəlmanlar arasında təqiyyə etmək üçün heç bir səbəb qalmaz.

Müəllif: Hoccətulislam Seyyid Mirəddin Haşimi

Paylaş:
Baxış sayı: 9041

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

seven + twelve =