Ramazan ayının birinci gecəsinin əməlləri

Ramazan ayının birinci gecəsinin əməlləri

1. Ayın çıxmasını gözləmək və istəmək. Bəziləri bu əməli bu ayda vacib biliblər.

2. Ayı gördükdə ona əllə işarə eləməsin, bəlkə ayı görcək üzü qibləyə dayanıb əllərini asimana qaldırıb aya müraciət edərək desin:
Mənim və sənin Rəbbin aləmlərin Rəbbi olan Allahdır. İlahi, bu ayı bizə əmin-amanlıq, iman, sağlamlıq, təslim və Sənin sevdiyin və razı qaldıqlarına doğru şövqlə yenilə! İlahi, bu ayda bizə bərəkət ver, onun xeyir və yardımını bizə nəsib et, zərər, şər, bəla və fitnəsini bizdən uzaqlaşdır!
Rəvayətə görə peyğəmbər ayı görcək üzünü qibləyə tutub deyərdi:
İlahi, bu ayı bizə əmin-amanlıq, iman, sağlamlıq, təslim, gözəl afiyət və xəstəliklərdən uzaqlıq (və geniş ruzi), namaz, oruc, gecələri ibadətlə keçirmək və Quran tilavəti ilə yenilə! İlahi, bizi Ramazan ayı üçün sağlam saxla, onu da bizdən sağlam qəbul et və bizi əfv etmək, günahlarımızı bağışlamaq və bizə rəhmət etmək üçün gələn Ramazan ayına qədər diri saxla!
İmam Sadiqdən(ə) nəql olunur ki, əgər ayı gördün belə de:
İlahi, Ramazan ayı gəlib çatdı və onun orucunu bizə vacib etdin. Həmin ayda insanlara hidayət, hidayətinə dəlil olan və haqqı batildən ayıran Quranı nazil etdin. İlahi, bizə oruc tutmaq üçün yardım et, onu bizdən qəbul et, həmin ayda bizə sağlamlıq ver və Öz tərəfindən bizə rahatlıq və sağlamlıq əta et! Həqiqətən, Sən hər bir şeyə qadirsən!

3. “Səhifətun Səccadiyyə”nin 33-cü duasını oxumaq. Seyid ibn Tavus rəvayət edir ki, bir gün İmam Zeynulabidin(ə) yol keçirdi. Ramazan ayının ayına baxıb, dayanıb dedi:
Ey Rəbbinə həmişə müti olan məxluq, (səmada) müəyyən mənzilləri sürətlə ötən və tədbir fələyində hərəkət edən (Ramazan ayı)! Mən sənin vasitənlə gecənin zülmətini aydınladan, görünməyən və nabələd yolları sənin sayəndə nişan verən, səni mülkü və hakimiyyətinin nişanələrinə bir əlamət edən, sənin seyrinlə zamanların müddətini müəyyən və sənin ehtiyac və nöqsanlı olmağını doğman (görünmən), batman və cazibənlə məxluqata aşkar edən Allaha iman gətirdim. Bunlarla yanaşı, sən ona müti və iradəsinə dərhal tabe olansan. Sənin yaradılışında tədbir görən və insanda təəccüb doğuran Allah pak və bütün nöqsanlardan uzaqdır! (O,) Səni ayın – yeni tarix və hadisələrin – başlanğıcı etmişdir. Mənim və sənin Rəbbin, bizim yaradanımız, işlərimizi müqəddər edərək tənzimləyən, bizə surət verən Allahdan Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərməsini, səni ruzigarın məhv etmədiyi bərəkət, günahların çirkləndirmədiyi paklıq, bəlalardan əmin-amanlıq, günahlardan saflıq, nəhs deyil, xoşbəxtlik, məşəqqət olmayan rahatlıq, şər və zərər olmayan xeyir ayına çevirməsini, səni əmin-amanlıq, iman, nemət, ehsan, sağlamlıq və hökmlərinə təslim ayı etməsini diləyirəm! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, bizi üzərinə ay işığı düşənlərin ən çox razı olanı, aya nəzər salanların ən pakı, bu ayda sənə ibadət edənlərin ən xoşbəxti et! İlahi, bu ayda bizi Sənə itaət və günahlardan tövbəyə müvəffəq et, bizi günah və xətalardan amanda saxla, nemətinin şükrünü yerinə yetirməyi nəsib et, əynimizə sağlamlıq libası geyindir, Sənə kamil şəkildə itaət etməklə nemətlərini də bizə tamamla ki, həqiqətən, Sən nemət verən və tərifəlayiqsən! Məhəmməd və onun pak Əhli-beytinə salam yetir, bizə bu ayda dəvət etdiyin vacib əməlləri yerinə yetirməkdə yardımçı ol və onları bizdən qəbul et! Həqiqətən, Sən bütün ehsan edənlərdən daha kəramətli, rəhm edənlərdən daha rəhmlisən! Amin, amin, ey aləmlərin Rəbbi!

4. Öz halalı ilə yaxınlıq etmək. Bu ayın əsas xüsusiyyətlərindən biridir. Amma başqa aylarda ayın ilk gecəsi yaxınlıq etmək məkruhdur. (bəyənilməmişdir).

5. Birinci gecənin qüslünü etmək. Rəvayət olunur ki, hər kəs bu gecə qüsl alsa, bədəni gələn ramazana kimi qaşınmaz.

6. Axar çayda qüsl etsin. Gələn ramazana kimi mənəvi cəhətdən pak olsun deyə başına otuz ovuc su töksün.

7. İmam Hüseyn (ə)-ın qəbrini ziyarət etsin. Bununla günahları bağışlanar və o ilin həccə və ümrəyə gedənlərinin savabına sahib olar.

8. Bu gecədən etibarən min rükət qaydası keçmiş hissədə qeyd etdiyimiz namazı qılsın.

9. İki rükət namaz qılsın.Həmd”dən sonra“Ənam”surəsini oxusun.Allahdan ancaq Allahın ona kifayət etməsini və onu bütün dərdlərdən qorunmasını istəsin.

10.Şəban ayının axırıncı gecəsində qeyd olunmuş bu duanı oxusun: “Əllahummə innə hazəş şəhrul mübarək…”

11. Məğrib namazından sonra əllərini göyə qaldırıb İmam Cavaddan(ə) “İqbal”da nəql olunmuş bu duanı oxusun:
İlahi, ey hər şeyə qadir olduğu halda, məxluqatın işlərini idarə edən, ey lətif və agah olduğu halda, gözlərin xəyanəti, qəlblərin gizlətdiyini (sirləri) və əqllərdən keçəni bilən! İlahi, bizi bədbəxtlərdən, tənbəllərdən və əməl etmədən etimad edənlərdən deyil, niyyət etdikdən sonra əməl edənlər sırasına qat! İlahi, bədənimizi xəstəliklərdən qoruyaraq sağlam və vacib etdiyin əməlləri yerinə yetirməkdə bizə yardım et, belə ki, bu ay başa çatdıqda vacib əməlləri yerinə yetirmiş olaq! İlahi, bu ayda bizə oruc tutmaqda kömək və bizi ibadətdə müvəffəq et, namazda bizə şadlıq nəsib et, bizi Quran tilavətindən məhrum etmə və zəkat verməyi bizə asanlaşdır! İlahi, xəstəlik, əzab-əziyyət və həlakəti bizə hakim etmə, halal ruzindən bizə iftar nəsib et! İlahi, bu ayda bizim üçün böldüyün ruzini (əldə etməyi) və əmrinlə müqəddər etdiklərini asan, onu (müqəddər etdiklərini) günahlardan pak, halal və bəyənilən, çirkinlik və pisliklərdən uzaq et! İlahi, bizə çirkin və haram yox, yalnız pak təam nəsib et, bizə verdiyin ruzini çirkin və xəstəlik yaradan şeylərdən deyil, halallardan et! Ey sirlərə elmi ilə aşkar işlərə elmi bərabər olan, ey fəziləti ilə bəndələrinə ehsan edən, ey hər şeyə qadir və hər şeydən xəbərdar və agah olan, zikrini bizə ilham et, çətinlikləri bizdən uzaqlaşdır, bizi asan və doğru işlərə müvəffəq et, yol göstərməyinlə hidayət et, bizi bəlalardan amanda saxla, xəta və büdrəmələrdən qoru! Ey böyük günahları Ondan başqasının bağışlamadığı, qəm-kədər və çirkinlikləri Ondan başqasının uzaqlaşdırmadığı, ey mehribanların ən mehribanı və ehsan edənlərin ən kəramətlisi! Məhəmməd və onun pak Əhli-beytinə salam yetir, oruclarımızı qəbul olanlardan, əməl və təqvamızı dərgahına yetişənlərdən et, səy və təlaşımızı Sənə şükürə çevir, ibadətimizi bəyənilən, Quran oxumağımızı dərgahına yüksələn və duamızı eşidilənlərdən qərar ver, bizə yaxşılıq əta et, çətinliyi bizdən uzaqlaşdır və onu bizə asan et, dərəcə və məqamımızı yüksəlt, bizə xeyirləri artır, bizdən oruc və namazları qəbul et, dualarımızı eşit, xətalarımızı bağışla, pis əməllərimizdən keç, bizi qəzəb etdiklərin və yolunu azmışlardan deyil, Ramazan ayı bitənə qədər xeyirxah və feyzə çatanlardan yaz, bu ayda oruc və ibadətlərimizi qəbul et, əməllərimizi saflaşdır, günahlarımızı bağışla və xeyirlərin hamısını bizə nəsib et. Həqiqətən, Sən duaları qəbul edən məbud, bəndələrə yaxın olan Allah və hər şeyi (qüdrət və elminlə) əhatə edənsən!

12. Bu gecədə İmam Sadiqdən(ə) “İqbal”da nəql olunmuş bu duanı oxusun:
İlahi, ey Ramazan ayının Rəbbi və Quranı nazil edən! Bu, insanlara hidayət, hidayətinə dəlil olan və haqqı batildən ayıran Quranı nazil etdiyin Ramazan ayıdır. İlahi, bu ayda oruc tutmağı bizə nəsib et və ondakı ibadətləri yerinə yetirməkdə bizə yardımçı ol! Bu ayı bizə sağlam et və onu sağlam olduğumuz halda, başa çatdır, qəti olan qəza-qədərini bizim üçün müqəddər et, “qədr” gecəsində geri dönməyən və dəyişilməyən hikmətli işləri ayırdıqda, məni Sənin evini (Kəbənin) ziyarət edən, həcləri bəyənilən, səyləri (Səfa ilə Mərvə dağları arasındakı əməlləri) qəbul, günahları bağışlanmış və eyibləri örtülmüş olan hacılardan et, qəza-qədərində mənim üçün uzunömürlü olmağı yaz və mənə firavan halal ruzi nəsib et!

13. “Səhifətun Səccadiyyə”nin 44-cü duasını oxumaq.

14. Əllahummə innə haza şəhru rəməzan… duasını oxumaq. Çox uzun bir duadır. Seyid “İqbal”da gətirmişdir.

15. Rəvayətə əsasən peyğəmbər ramazan ayı daxil olcaq bu duanı oxuyardı:
İlahi, həqiqətən, Ramazan ayı gəlib çatdı. İlahi, ey haqqı batildən ayıran və hidayətinə aydın dəlillər olan Quranın nazil olduğu Ramazan ayının Rəbbi! İlahi, Ramazan ayını bizə bərəkətli et və onun oruclarını tutmaq və namazlarını qılmaqda bizə yardımçı ol və onları bizdən qəbul et!

16. Başqa yerdə rəvayət olunmuşdur ki, peyğəmbər ramazan ayının ilk gecəsində bu duanı oxuyardı:
Həmd olsun sənin vasitənlə bizə ehsan edən Allaha, ey mübarək ay! İlahi, bizə oruc tutmaq və gecələri ibadətlə keçirmək üçün qüvvət ver və bizi sabitqədəm et, kafir qövmə qarşı bizə yardımçı ol! İlahi, Sən təksən, Sənin heç bir övladın yoxdur, ehtiyacsızsan və heç bir bənzərin də yoxdur! Sən izzətlisən və sənə (Özündən başqa) izzət verən bir kimsə yoxdur! Sən qane və zəngin, mən isə ehtiyaclı və fəqirəm! Sən ağa, mən isə Sənin qulunam! Sən bağışlayan, mən günahkar, Sən mehriban, mən xətakar, Sən xaliq və yaradan, mən məxluq və yaradılan, Sən diri, mən isə ölüyəm! Rəhmətinə xatir, məni bağışla, mənə rəhm et və günahlarımdan keç! Həqiqətən, Sən hər bir şeyə qadirsən!

17. Birinci bölmədə “Cövşən Kəbir” duasını ramazan ayının əvvəlində oxumaq müstəhəbb olması qeyd olunmuşdu.

18. “Həcc” duasını oxumaq (Ramazan ayının əməllərinin əvvəlində qeyd olunub).

19. Ramazan ayı girdikdə Quran tilavətini çoxaltmaq lazımdır. İmam Sadiqdən(ə) nəql olunur ki, həzrət Quran tilavətinə başlamazdan əvvəl bu duanı oxuyardı:
İlahi, həqiqətən, bunun (Quranın) Öz tərəfindən peyğəmbərin Abdullahın oğlu Məhəmmədə (ona və onun Əhli-beytinə salam olsun) nazil etdiyin kitab, peyğəmbərinin dili ilə danışan kəlam, Səndən məxluqata hidayət, Səninlə bəndələr arasında vasitə yaradan (qırılmaz) ip olduğuna şəhadət verirəm! İlahi, Sənin əmrini yerinə yetirir və kitabını açıram! İlahi, ona nəzər salmağımı ibadətə çevir, onu düşüncə ilə oxumağı və düşündükdə ibrət almağı mənə nəsib et, məni Quranı oxuduqda qulaqlarına möhür vurulan və gözlərinə pərdə çəkilənlərdən deyil, moizənlə nəsihət alanlar və günahdan çəkinənlərdən yaz və Quranı təfəkkür etmədən oxuyanlardan yazma! Ona nadanlıqla nəzər salmaq və əbəs yerə oxumağı yox, ayələri düşüncə ilə oxuyan və dininin şəri hökmlərini əldə edənlərdən qərar ver! Həqiqətən, Sən mehriban və rəhmlisən!
Quranı tilavət etdikdən sonra isə bu duanı oxuyardı:
İlahi, həqiqətən, mən Sənin həqiqi peyğəmbərinə (salam olsun ona və onun Əhli-beytinə) nazil etdiyin kitabda müqəddər etdiklərini oxumuşam! Həmd-səna yalnız Sənə məxsusdur, ey Rəbbimiz! İlahi məni halal buyurduqlarını halal və haram buyurduqlarını haram hesab edənlərdən, “möhkəm” və “mütəşabeh” (məna baxımından bir-birinə bənzəyən) hökmlərinə iman gətirənlərdən yaz, onları qəbirdə və məgərsə mənə munis et, məni ayələrini oxuduqda dərəcə və məqamları ən üstün olan “illiyyin” ə (cənnət) yüksələn kəslərdən qeyd et, Amin ey aləmlərin Rəbbi!

Paylaş:
Baxış sayı: 12369

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.