Qurani-Kərimdə namaz vaxtları

Qurani-Kərimdə namaz vaxtları

Bismillahir Rəhmanir Rəhim

Məlumdur ki, şəri hökümlərin ələ gəlməsində istifadə olunan islami dəlillərin ən birincisi Qurani Kərimdir. Quranla müvafiq olan şeylər əxz olunur (götürülür), müxalif olan isə rədd olunur. Necə ki, bu barədə Allah Rəsulu (s) belə buyurur:

“Allahın kitabı ilə müvafiq olanı əxz edin, müxalif olanı isə buraxın.”

Mənbə: “Usulul-kafi, cild 1, elm kitabı, bab 22, hədis 1”.

Qurani-Kərimdə şər`i hokümləri çatdıran təqribən 500 ayə nazil olmuşdur. Bu ayələrdən bir neçəsi də namazın vaxtlarını bildirən ayələrdir. Biz də bu ayələri və onların müxtəsər şəkildə izahını sizlərə çatdırmaq istəyirik ki, görəsən Qurani-Kərimdə namazın vaxtları barəsində neçə vaxta işarə olunur.

1: Hud surəsi, ayə 114.

“Gündüzün iki başında, və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.”

İzah:

Bu ayədə Allah təbarəkə və təala “gündüzün iki başında” buyurmaqla 2 vaxta və “gecənin bəzi saatlarında” buyurmaqla isə 1 vaxta işarə edir. Nəticədə 3 vaxta işarə olunur. Bu 3 vaxtda isə 5 namaz qılınır. Gündüzün bir başında sübh, o biri başında isə zöhr və əsr namazı müştərək vaxtda qılınır. Şam və xiftən namazı isə gecənin bəzi saatlarında qılınır.

2: İsra surəsi, ayə 78.

“Günortadan gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur.”

İzah:

Bu ayədə Allah təbarəkə və təala “günortadan gecənin qaranlığınadək” buyurmaqla 2 vaxta və “sübh namazını da qıl” buyurmaqla isə 1 vaxta işarə edir. Nəticədə 3 vaxta işarə olunur. Bu 3 vaxtda isə 5 namaz qılınır. Günortadan gecənin qaranlığınadək, yəni zöhr, əsr, axşam və gecə namazları qılınır. Sübh isə sübh namazı qılınır.

3: Ta-ha surəsi, ayə 130.

“Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün ətrafında Ona təriflər de ki, bəlkə razı qalasan.”

İzah:

Bu ayədə Allah təbarəkə və təala “günəş doğmamışdan” buyurmaqla 1 vaxta, yəni sübh namazının vaxtına, “batmamışdan əvvəl” buyurmaqla isə 1 vaxta, yəni zöhr və əsr vaxtına işarə edir. “gecənin bəzi saatlarında” buyurmaqla isə 1 vaxta, yəni şam və xiftən namazının vaxtına işarə edir. Nəticədə 3 vaxta işarə olunur və bu vaxtlarda 5 namaz qılınır.

Burada dördüncü vaxt da zikr olunmuşdur. O da “Gündüzün ətrafında” olaraq buyrulur. Bu vaxt barəsində 2 ehtimal vardır:

1: Ətraf sözü tərəf sözünün cəmidir. Cəm isə ən azı üçə şamil olur. Yəni, gündüzün əvvəli, ortası və axırı. Bu fikrə əsasən Allah bu ayə ilə axşama qədər olan namazların qılınmasına, yəni sübhə, zöhrə və əsrə təkid edir.

2: Ətraf sözü gündüzün bütün saatlarında qılınan vacib və müstəhəbbi namazlara şamildir. Necə ki, bu barədə məsumlardan (ə) hədis də vardır.

4: Rum surəsi, ayə 17 və 18.

“Elə isə axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu təriflər deyin. Göylərdə və yerdə həmd yalnız Ona məxsusdur. Gün batanda da, gündüz də Onu təqdis edib şəninə təriflər deyin!”

İzah:

Birinci ayədə Allah təbarəkə və təala “axşama çatanda” buyurmaqla 1 vaxta, yəni şam, xiftən namazının vaxtına, “səhərə çıxanda” buyurmaqla isə 1 vaxta, yəni sübh namazının vaxtına işarə edir. İkinci ayədə isə, “gün batanda” buyurmaqla 1 vaxta, yəni əsr namazının vaxtına, “gündüz” buyurmaqla isə zöhr namazının vaxtına işarə edir. Nəticədə 4 vaxta işarə olunur və bu vaxtlarda 5 namaz qılınır.

5: Qaf surəsi, ayə 39 və 40.

“Sən onların dediklərinə səbr et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!. Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!”

İzah:

Birinci ayədə Allah təbarəkə və təala “gün doğmamışdan əvvəl” buyurmaqla 1 vaxta, yəni sübh vaxtına, “batmamışdan əvvəl” buyurmaqla isə 1 vaxta, yəni zöhr və əsr namazlarının müştərək vaxtına işarə edir. İkinci ayədə isə “gecənin bir vaxtında” buyurmaqla isə 1 vaxta, yəni şam və xiftən namazlarının müştərək vaxtına işarə edir. “Səcdələrdən sonra” buyurmaqla isə 1 vaxta işarə olunur. Hədislərə əsasən bu vaxtdan məqsəd nafilə namazlarıdır. Nəticədə 4 vaxta işarə olunur. 3 vaxt vacibi namazlara, 1 vaxt isə nafilə namazlarına.

6: Tur surəsi, ayə 48 və 49.

“(Ya Peyğəmbər!) Sən öz Rəbinin hökmünə səbr et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan. (Namaza) qalxdıqda Rəbbini həmd-səna ilə zikr et! Gecənin bir vaxtında və ulduzlar batandan sonra (dan yeri söküləndə, yaxud sübh çağı) da Allahı təqdis edib şəninə təriflər de!”

İzah:

Birinci ayədə Allah təbarəkə və təala “namaza qalxdıqda” buyurmaqla 1 vaxta, “gecənin bir vaxtında” buyurmaqla 1 vaxta, “ulduzlar batandan sonra” buyurmaqla isə 1 vaxta işarə edir. Nəticədə 3 vaxt olur və bu vaxt ərzində 5 namaz qılınır.

7: İnsan surəsi, ayə 25 və 26.

“Səhər və günün əvvəl və axırında Rəbbinin adını zikr et!. Gecənin bir qismində Ona səcdə et və gecə uzunu da Onu təqdis edib şəninə təriflər de!”

İzah:

Birinci ayədə Allah təbarəkə və təala “səhər” buyurmaqla 1 vaxta, yəni sübh namazının vaxtına, “günün əvvəl və axırında” buyurmaqla 1 vaxta, yəni zöhr və əsr namazlarının vaxtına işarə edir. “Gecənin bir qismində” buyurmaqla isə 1 vaxta, yəni şam və xiftən namazlarının vaxtına işarə edir. Nəticədə 3 vaxta işarə edilir və bu vaxt ərzində isə 5 namaz qılınır.

Bu ayələrdə 5 vaxtın olduğunu görmədik. Yəni, namazlar üşün məxsusən 5 vaxt təyin olunmamışdır. Vaxtlar əsasən 3 və bəzilərində isə 4 olaraq göstərilmişdir. 4-cü vaxtın izahını isə oxuduq.

Vəssəlamu ələykum və rəhmətullah.

Müəllif: Hoccətulislam Kərbəlayi Cavid

Paylaş:
Baxış sayı: 13151

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.