Musafirin hökmləri

Musafirin hökmləri

Sual: Bir şəxs vətənindən çıxaraq bir neçə yerə səfər edir. Lakin bilir ki, bəzi yerlərdə 10 gün iqamə edəcəyi üçün  həmin yerlərdə namazlarını bütöv qılacaqdır. Həmin şəxs çox səfər edən hesab olunurmu, yoxsa iki il ərzində üç ay və ya bir ilin altı ayı tamam olmamış 10 gün iqamə qəsdi etmək şəri səfəri pozduğu üçün onun çoxlu səfər edən şəxs hesab olunmasına maneə olur?

Cavab: Bu halda 10 gün iqamə qəsdi etsə də, şəxs müsafir hesab olunur, lakin namazlarını bütöv qılmalıdır. Buna əsasən də, onun çox səfər edən şəxs hesab olunması məsələsində həmin günlər də (iqamə etdiyi günlər) onun səfərindən hesab olunur.

Sual: Səfər edərkən gündüz qılınan nafilə namazları müstəhəb hökmündən düşürmü?

Cavab: Səfər əsnasında gündüz qılınan nafilə namazları müstəhəb hökmündən düşür. Vətirə (işa namazının nafiləsi) namazının da hökmdən düşməsi şübhəlidir. Zahirə əsasən, o da düşür. Lakin “rəca” qəsdi ilə onun yerinə yetirilməsinin heç bir maneəsi yoxdur. Dörd yer istisna olmaqla dörd rükətli gündəlik vacib namazların yalnız ilk iki rükətini qılmaq vacibdir. Əgər hökmü bildiyi halda (qəsdən) həmin namazları dörd rükət qılarsa, namazları batildir. Həmin namazları (vaxt çıxmadığı təqdirdə) yenidən qılmalı və ya (vaxt çıxdığl təqdirdə) qəzasını yerinə yetiməlidir.  Əgər ümumiyyətlə, hökmü bilmirdisə, belə ki, müsafirin namazları qısa qılmasının şəriət hökmü olduğunu və ya qısa qılınmasının vacib olmasını bilmirdisə, nəinki qəza, heç namazları yenidən qılmaq da vacib deyil. Əgər hökmün əsasını bilsə, lakin namazın qısa qılınmasını vacib edən bəzi xüsusiyyətləri bilməsə, məsəslən, bir yerdə 10 gün iqamə etməklə səfərin pozulmasını və ya günah səfərdən tövbə edən şəxsin namazlarını qısa qılmalı olduğunu bilməsə, vaxt daxilində xəbərdar olarsa, vacib ehtiyata əsasən, namazlarını yenidən qılmalıdır. Vaxt çıxdıqdan sonra xəbərdar olduqda namazlarının qəzasını qılmağın vacib olması uzaq rəy deyil. Əgər hökmü deyil, mövzunu bilmirsə, belə ki, gedəcəyi yerin şəri məsafə olduğunu bilmədiyi üçün namazı bütöv qıldıqdan sonra məsafənin şəri olması məlum olarsa və yaxud müsafir olduğunu və ya müsafirin hökmünü unutduğu üçün namazlarını tamam qılarsa, vaxt daxilində bilərsə və ya xatırlayarsa, namazlarını yenidən qılmalıdır. Vaxt çıxdıqdan sonra bilərsə və ya xatırlayarsa, zahirə əsasən, namazıarın qəzasını qılmaq vacib deyil.

Qeyd olunan məsələlərdə orucun da hökmü də namaz kimidir. Qəsdən oruc tutularsa batil, lakin istər hökmün əsasını, istərsə də xüsusiyyətlərini, yaxud  da mövzunu bilmədən oruc tutularsa, düzgündür.

Vəzifəsi namazı bütöv qılmaq olan şəxs bütün hallarda qəsdən, bilmədən, unudaraq və ya səhv olaraq namazını qısa qılarsa, namazı batildir. Lakin 10 gün iqamə edən şəxs hökmünün namazı bütöv olduğunu bilmədiyi halda namazlarını qısa qıldıqdan sonra hökmü bilərsə, vacib ehtiyata əsasən, namazını yenidən qılması vacibdir.

Əgər bir şəxs namazın vaxtı daxil olduqda vətəndə olsa, namazı bütöv qılmağa imkan olduğu halda namazı qılmasa, səfər edib tərəxxüs həddini keçərsə, namazın vaxtı çıxmayıbsa, namazını qısa qılmalıdır. Əgər səfərdə olduğu vaxt namazın vaxtı daxil olsa və namazı qılmağa imkanı olduğu halda qılmasa, sonra vətəninə və ya iqamə edəcəyi yerə gəlib çatsa (vaxt çıxmadığı təqdirdə), namazını bütöv qılmalıdır. Bu məsələdə əsas, namazın vacib olma vaxtı deyil, əda olaraq yerinə yetirilməsi mümkün olan vaxtdır.

Əgər vətəndə olarkən namazı qəza olarsa, səfərdə olsa belə, onun qəzasını bütöv yerinə yetirməlidir. Həmçinin, səfərdə qılmadığı namazın qəzasını vətəndə olsa belə, qısa olaraq yerinə yetirməlidir. Əgər namazın əvvəl vaxtında vətəndə, son vaxtında isə səfərdə olarsa və ya əksinə, namazın qəzaya getdiyi vaxta   – namazın əda qılınmasının son vaxtına əsasən – onun qəzasını yerinə yetirməlidir. Buna əsasən də, birinci halda namazın qəzasını qısa, əks halda isə bütöv olaraq qılmalıdır.

Müsafir şəxs dörd yerdə namazı bütöv və ya qısa qılmaqda ixtiyar sahibidir; Məkkədə, Mədineyi-münəvvərədə, Kufə və İmam Hüseynin (ə) hərəmində. Bu yerlərdə namazını qısa qılması icazəli olan müsafir namazlarını bütöv qıla bilər. Bu yerlərdə namazların qısa qılınması müstəhəb ehtiyat olsa da, bütöv qılınması daha əfzəldir. Bəzi fəqihlər qeyd olunan üç şəhərin (Məkkə, Mədinə və Kufə) yalnız məscidlərində qısa və ya bütöv qılmaqda ixtiyar sahibi olduğunu demişlər. Lakin bunun ehtiyata əsaslanmasına baxmayaraq, mütləq surətdə bu şəhərlərdə qısa və ya bütöv qılmağın ixtiyari olmasının doğruluğu uzaq rəy deyil. Zahirə əsasən, İmam Hüseynin (ə) hərəmində müsafir şəxsin namazlarını həm qısa, həm də bütöv qılmaqda ixtiyar sahibi olması müqəddəs qəbrin hər tərəfindən 25 dirsək məsafədə olan əraziyə məxsusdur. Buna əsasən də hərəmin bəzi guşələri bu hökmə aid, məscidin arxa tərəfinin bəzi hissələr isə aid deyil. Qeyd olunan yerlərdə müsafir namazının qısa və ya bütöv qılınmasının ixtiyari olmasında həmin ərazilərin yüksəkliklərində və ya Kufə məscidindəki “Beytut-teşt” kimi dərinliklərində qılınmasında heç bir fərq yoxdur.

Qeyd olunan hallarda oruc tutmağın hökmləri, namazın hökmlərinə aid edilməz. Vəzifəsi namazı qısa qılmaq olan müsafir, bu dörd yerdə oruc tuta bilməz.

Qeyd olunan ixtiyari hal davamlıdır. Belə ki, əgər müsafir namazı qısa qılmaq niyyəti ilə namaza başlayarsa, namaz əsnasında niyyətini bütöv qılmağa, həmçinin əksinə dəyişə bilər.

Qeyd olunan ixtiyari hal başqa müqəddəs yerlərə və ya məscidlərə aid deyil. Həmçinin bu, qəza qılınan namaza deyil, yalnız əda qılınan namaza məxsusdur.

Müsafir şəxsin qısa qıldığı hər namazdan sonra 30 dəfə “Subhanəllahi vəl-həmdu-lillahi, vəla ilahə illəllahi vallahu əkbər” deməsi müstəhəbdir.

Sual: Sizə də məlumdur ki, Avropa ölkələrinin bəzi hava limanlarında təhlükəsizliyin qorunması üçün bütün turistləri və ya bəzilərini rentgen cihazından keçirirlər. Deyilənə görə həmin cihazlardan keçərkən bədənin bütün hissələri, hətta ayıb yerlər tamamilə aşkar şəkildə görsənir. Həmin ölkələrə səfər etməyin hökmü nədir?

Cavab: Son zamanlarda hava limanlarında bu kimi hallarla qarşılaşmaq xüsusilə də, belə hallarla qarşılaşmağı ehtimal olunsa da, “məqul” (ağıl sahibləri tərəfindən qəbul olunan) məqsəd üçün səfər etmək haram deyil.

Paylaş:
Baxış sayı: 12900

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.