Heyz barəsində müsahibə

Heyz barəsində müsahibə

Bu gün qəməri tarixi ilə doqquz yaşımımı başa vurdum və həddi-büluğ yaşına yetişdim. Anam öz həmişəki yerində əyləşib, gülər üzlə mənə baxdı. Bu baxışından zehnində yeni bir fikrin olduğunu hiss etdim. O dedi: Bu gün səninlə heyz haqqında danışmaq istəyirəm.
O gündən öncə heyzin nə demək olduğunu bilmirdim. Hərçənd bu kəlməni öncə eşitdiyimi xatırladım, lakin mənasını başa düşmək üçün məndə maraq hissi oyadan səbəb, xanımların bu kəlməni yavaş və utanaraq dilə gətirmələri idi. Sanki bu kəlmədə utandırıcı bir məna gizlənirdi. Söhbətin heyz haqqında olduğunu başa düşcək, ixtiyarsız olaraq həya edib utanmağa başladım. Xəcalətimi büruzə verməmək üçün öz-özümdən soruşdum: Nədən utanmalıyam? Bu sual fikrimidə ardıcıl fırlanırdı, nəhayət mənə qalib oldu.
Əgər heyz, doğrudan utancaqlı idi, onda nə üçün bu gün anam onun barəsində mənimlə danışmaq istəyir? Xatırladım ki, adətən bizim söhbətimiz şəriət hökmləri barəsində olur. Deməli, digər şəriət hökmlərinin mövzularından biri kimi heyz də bizim danışığımızın mövzusu ola bilər. Nə üçün Qurani-Kərimin, Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) və Məsum imamların (əleyhimussəlam) bəyan etdikləri mövzudan utanmalıyıq? Nə üçün hökmlərinə əməl etməyə və ya onu başqalarına öyrətməyə xatir, bir mövzuya tam şəkildə məlumatlı olmağımız lazım gələn halda onun müzakirəsindən utanmalıyıq? Bu fikirlərə qərq olmuşdum ki, birdən anamın səsi diqqətimi cəlb etdi. Belə deyirdi:
Fatimə, heyz olmağın nişanəsi, heyz qanının xaric olmasıdır. O, qadınların alışdıqları və yaxşı tanıdıqları bir qandır. Bu qan, bir qayda ilə hər ay bir dəfə qadınlardan müntəzəm olaraq gedir. Onun xüsusiyyətləri: qırmızı və ya qaraya çalan rəngli, hərarətli, təzyiq və yandırıcı halda xaric olmasıdır.
Fatimə: Heyz qanı görən qadınların müəyyən bir yaş hədləri vardır?
Ana: Bəli, qəməri (ay) təqvimi ilə heyz görən qadının gərək doqquz yaşı başa çatsın(1) və qəməri ili ilə “yaisəlik”(2) yaşı sayılan altımış yaşa da çatmasın(3).
Fatimə: Demək, bu qan 9 yaşdan 60 yaşa qədər olur.
Ana: Bəli, qəməri tarixi ilə doqquz yaşı tamamlanmayan, hətta bir an qabaq olsa belə, qızın gördüyü hər hansı bir qan, heyz qanı deyildir. Həmçinin, qadının altımış yaşı tamam olduqdan sonra gördüyü hər bir qan da heyz qanı hökmündə olmayacaqdır.
Fatimə: Heyz qanının getməsi neçə gün davam edir?
Ana: Heyzin ən az müddəti üç gün və ən çoxu isə on gün davam edir.
Fatimə: Əgər üç gündən az davam edib sonra kəsilsə, necə?
Ana: Belə qan, heyz qanı hesab edilmir.
Fatimə: Əgər on gündən artıq davam etsə, necə?
Ana: On gün keçdikdən sonra xaric olan qan, heyz qanı deyildir. Çünki heyz qanı on gündən artıq olmur.
Fatimə: Əgər qadın heyz günlərini sona yetirsə və pak olsa, sonra (məsələn, doqquz gün pak olduqdan sonra) yenidən qan görərsə, bunun hökmü nədir?
Ana: Xaric olan iki qanın birisi, heyz qanı hesab edilmir, çünki iki heyz qanı görmək arasında pak olma müddəti on gündən az olmamalıdır.
Fatimə: Qadın hansı zamanda özünü heyz saymalıdır?
Ana: Vəqtiyyə-adəti zamanında və ya ondan bir az öncə, məsələn, bir-iki gün əvvəl xaric olan qanı heyz saymalıdır.
Fatimə: Qadın hansı halda vəqtiyyə-adətinə malik olur?
Ana: Qadın qəməri təqvimi ilə iki ay və ya daha artıq müddətində ardıcıl olaraq müəyyən bir zamanda qan görərsə, vəqtiyyə-adətinə malik olacaqdır(4).
Fatimə: Əgər qadın vəqtiyyə-adətinə malik deyilsə, məsələn, birinci dəfə qan görən bir qızdırsa və ya müəyyən vaxtda adəti olmayan bir “müztəribə”(5) qadındırsa, nə zamanda özünü heyzli sanmalıdır?
Ana: İndi qeyd edəcəyim iki məsələdən biri baş verərsə, qadın özünü heyzli bilməlidir:
1- Qadından gələn qanda heyz qanının əlamətləri və xüsusiyyətləri olsun; belə ki, qanın rəngi tünd qırmızı və ya qaraya çalsın, çıxarkən isti, təzyiqli və yandırıcı halda olsun.
2- Qan xaric olduqda qadın qanın üç gün və ya daha artıq müddətdə davam edəcəyindən xatircəm olsun.
Fatimə: Əgər qeyd edilən xüsusiyyətlərdən birinə əsasən, qadın özünü heyzli bilsə və namazını qılmazsa, lakin üç gün keçməmiş qanaxma tamamilə kəsilərsə və onun heyz qanı olmadığı məlum olarsa, qadının vəzifəsi nədir?
Ana: Belə olarsa, o müddətdə qılmadığı namazların qəzasını yerinə yetirməlidir.
Fatimə: Əgər qadının gördüyü qan onun adət günlərindən təcavüz etsə, lakin onuncu gün və ya ondan bir qədər öncə kəsilsə, nə etməlidir?
Ana: Qan xaric olan bütün günlərdə özünü heyzli bilməlidir, hərçənd bəzi vaxtlar qanda heyz xüsusiyyətləri olmasa belə.
Fatimə: Əgər qadın “vəqtiyyə və ədədiyyə” adətinə sahib olsa, lakin qanaxması on gündən ötərsə, nə etməlidir?
Ana: Bu halda qadın ancaq hər ay özünün adəti günlərini heyz sayacaqdır, o müddətdən qabaqkı və sonrakı günləri isə heyz hesab etməyəcəkdir.
Fatimə: Əgər müəyyən vəqtiyyə və ədədiyyə(6) adətinə sahib olan bir qadından öz adəti vaxtında qan gəlməzsə, lakin adət vaxtı keçdikdən sonra qan gəlsə və qanaxma on gündən artıq davam edərsə və bu qanda bəzi vaxtlar heyz qanı xüsusiyyətləri olsa və bəzi vaxtlarda isə olmasa, qadın o iki halın hansında heyz sayılır(7)?
Ana: Öncə gördüyü heyz xüsusiyyətləri olan qan müddətində qadın heyzlidir. Lakin heyz günlərinin miqdarını təyin etməkdə gərək öz həmişəki adət günlərinin sayını nəzərə alsın. Demək, əgər gördüyü heyz xüsusiyyətli qanın müddəti adət günlərindən az olarsa, adət günlərinin sayını tamamlayana qədər heyzdir. Yəni adət müddətinin tamamlanması üçün heyz əlamətləri olmayan ikinci qanın günlərindən birinci qanın günlərinə əlavə edərək, hamısını birlikdə heyz saymalıdır. Amma əgər gördüyü heyz xüsusiyyətli qanın müddəti həmişəki adət günlərindən çox olsa, ancaq öz adət günləri qədər olan müddətdə heyz olacaq, sonrakı günlərdə isə heyz sayılmayacaq.
Fatimə: Əgər qanaxma on gündən artıq olsa və qadının heç bir adəti olmasa, nə vəqtiyyə adəti və nə də ədədiyyə, “mübtədiə”(8) və ya müztəribə qadın olarsa, belə olduqda heyz qanını heyz olmayan qandan necə ayırd edəcəkdir?
Ana: Heyz qanını onun xüsusiyyətlərinin dəyişməsinə diqqət etməklə tanıyacaqdır. Deməli, əgər qadının gördüyü qan bir müddət heyz qanının əlamətinə malik olsa və qanaxma üç gündən on günə qədər davam etsə, bu müddətdə qadın özünü heyzli saymalıdır. Heyz əlaməti olmayan qanaxmanı isə “istihazə” qanı saymalıdır(9).
Fatimə: Əgər qadın heyz qanının kəsilməsi barəsində şəkk edərsə, yəni heyzdən təmizlənib təmizlənməməsi ilə bağlı tərəddüd edərsə, nə etməlidir?
Ana: Özünü yoxlamalıdır.
Fatimə: Özünü necə yoxlamalıdır?
Ana: Bir qədər pambığı fərcinə (qan axan yerə) daxil etsin, bir az gözləsin və sonra onu çıxartsın, əgər pambıq ağdırsa və qana bulanmayıbsa, bu qadın pak olubdur və gərək qüsl edib, namaz və oruc kimi ibadətlərini yerinə yetirsin. Amma əgər pambığın ləkəli və ya qana bulaşdığını görərsə, məlum olacaqdır ki, qadının heyzi hələ sona çatmayıbdır(10).
Fatimə: Qadın əgər heyzli olduğunu bilərsə, hansı əməlləri yerinə yetirməli və hansı əməlləri tərk etməlidir?
Ana: Heyz olduğu müddətdə qadının şəriət hökmləri bunlardır:
1- Heyz olan qadının vacib və ya müstəhəb namazları qılması səhih deyil və heyz səbəbi ilə qılınmayan namazların sonradan qəzası da yoxdur.
2- Heyzli qadının oruc tutması səhih deyil, ancaq heyz olduğu günlərdə tutmadığı Ramazan ayının oruclarının qəzasını tutması vacibdir. Həmçinin, müəyyən bir günü oruc tutmağı nəzr etmiş olsa, lakin heyz sebebinə öz nəzrinə əməl edə bilməzsə və həmin günün orucunu tutmazsa [onun qəzasını da yerinə yetirməlidir].
3- Heyzli qadınla qabaqdan (fərcdən) cinsi əlaqəyə girmək haramdır, lakin qanaxma kəsildikdən [və fərcini yuduqdan] sonra, hərçənd qüsl etməmiş olsa belə, onunla cinsi əlaqə yaratmaq caizdir.
4- Heyz halında qadına talaq vermək batildir, əlbəttə bu barədə “İzahlı şəriət məsələləri” risaləsində bir sıra müstəsna hallar vardır.
5- Heyzli olduqda hər hansı bir bədən üzvünü müqəddəs Qur`anın yazısına [və ya Allah-təalanın adına və məxsus vəsflərinə] toxundurmaq haramdır.
6- Heyzli qadının Məscidul-Hərama və ya Məscidun-Nəbiyyə (sallallahu əleyhi və alih) daxil olması, həmçinin başqa məscidlərin birində durması və ya onlarda bir şeyi saxlaması haramdır.
7- Heyz olmuş qadına vacib səcdəsi olan Qur`an ayələrindən hər birisini oxumaq haramdır(11).
8- Heyzli qadının istər vacib, istərsə də müstəhəb təvaf etməsi səhih deyil.
9- Heyz qanı kəsildikdə namaz qılmaq üçün qadın qüsl etməlidir.

Qeydlər:

(1) Günəş təqvimi ilə təqribən səkkiz il, səkkiz ay və iyirmi gün edir.
(2) Qadının uşaq doğmağa qadir olmadığı yaş dövrü.
(3) Günəş ili təqvimi ilə təqribən əlli səkkiz il, səksən gün edir.
(4) Məsələn; iki qəməri ayında ardıcıl olaraq hər ayın yeddisində qadından qan axmağa başlasın.
(5) Bu qadınlar bir neçə ay heyz qanı görsələr də müəyyən bir adət əldə edə bilməmiş, ya da adətləri pozulmuş və yenidən adət tapmamışlar.
(6) Bu qadınlar iki ay ardıcıl olaraq müəyyən vaxtda heyz qanı görürlər. Onların heyz günlərinin sayı da hər iki ayda eynidir. Məsələn, iki ay ardıcıl olaraq ayın əvvəlindən yeddisinə kimi heyz qanı görürlər.
(7) Məsələn, bir qadının aylıq adəti ayın birindən yeddisinə qədərdir. Lakin ayların birində ayın səkkizindən etibarən qadında heyz əlaməti olan qanaxma başlayır, amma bir neçə gündən sonra qanda “istihazə” əlamətləri görünür və bu qanaxma ayın iyirmisinə qədər davam edir.
(8) İlk dəfə qan görən qadın.
(9) İstihazə mövzusunda və qanda istihazə xüsusiyyətləri barəsində gələcək bəhslərimizdə danışacağıq.
(10) Diqqət! Bakirə qızlarda bu işin bəkarət pərdəsinə xəsarət vurması mümkündür, ona görə də onlar üçün bu təklif münasib deyildir.
(11) Qur`ani-Kərimin vacib səcdəsi olan ayələr bunlardır: “Səcdə” surəsinin 15-ci ayəsi, “Fussilət” surəsinin 37-ci ayəsi, “Nəcm” surəsinin 62-ci ayəsi və “Ələq” surəsinin 19-cu ayəsi.

Paylaş:
Baxış sayı: 8789

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

four × 1 =