Hər bir kəs muhtat (ehtiyat yolu gedən) ola bilərmi?

Hər bir kəs muhtat (ehtiyat yolu gedən) ola bilərmi?

Allah təbarəkə və taala Qurani-Kərimdə İsra surəsinin 36-cı ayəsində buyurur:
“(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”.
Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) isə belə buyurur:
“Halal və haramlar bəllidir. Lakin bu ikisinin arasında şübhəli şeylər də mövcuddur. Hər kim şübhəli olan bu şeyləri tərk edərsə, haramlardan nicat tapar. Hər kim şübhəli olan bu şeylərə mürtəkib olarsa harama düçar olar. Nəhayətdə bilməməsi səbəbilə həlak olar”.
Mənbə: “Əl-Kafi, cild 1, səhifə 68”.
Bəqərə surəsinin 195-ci ayəsində isə belə buyrulur:
“Öz əlinizlə özünüzü təhlükəyə atmayın!”
İmam Sadiq (ə) buyurur:
“Öz dinində ehtiyat yolunu tut!”
Mənbə: “Vəsailuş-Şiə, cild 27, səh 167, hədis 42”.
Birinci ayəyə baxdıqda görürük ki, insan bilmədiyi bir şeyi deməyinə və etməyinə görə bir gün Allah (c.c) qarşısında sorğu-sual olunacaqdır. Hədisə isə baxdıqda görürük ki, Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) bizi bizə şübhəli qalan şeylərə əməl etməkdən çəkindirir və bunu etmədiyimiz surətdə isə harama düçar olacağımızı, sonra həlak olacağımızı, həlak olmağımızı isə bilməməyimiz səbəbilə olduğunu bizə çatdırır. Allah (c.c) isə bizə əmr edir ki, öz əlimizlə özümüzü təhlükəyə atmayaq. Bütün bunlardan sonra görürük ki, bilmədiyimiz şeylər barəsində ehtiyyat yolu tutmalıyıq. Necə ki, hədisdən oxuduq. Əks təqdirdə həlak olmuş olarıq.
Fəqihlər (Allah onlardan razı olsun) öz risalələrində təqlid bəhsinin əvvəlində belə yazırlar:
“Hər bir mükəlləfin üsuli-dinə əqidəsi dəlil əsasında olmalıdır. Çünki üsuli-dində təqlid etmək icazəli deyil. Bu mənada ki, ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərək qəbul etmək olmaz. Həmçinin mükəlləf dinin (namaz və orucun vacibliyi kimi) zəruri və qəti olan hökmlərindən başqa, şəri hökmlərində ya ictihad edərək şəri hökmləri çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini (şəri vəzifəsini) düzgün yerinə yetirməsinə yəqin edəcək bir şəkildə, ehtiyyat yolu ilə əməl etməlidir.”
Əvvəla bu fətvada olan bir neçə şər’i termini izah edək:
1: Mükəlləf:
Həddi-büluğa çatmış ağıllı (dəli olmayan) şəxs.
2: Təklif:
Namaz qılmaq, oruc tutmaq, xüms vermək və s.
3: İctihad:
Şəriət hökümlərini Kitab (Quran) və sünnət (hədislər) əsasında ələ gətirmək. Buna elmi çatan şəxsə Müctəhid deyilir.
4: Təqlid:
Müctəhidin fətvalarına əsasən əməl etmək. Əməl edən şəxsə isə Müqəllid deyilir.
5: Ehtiyyat:
Məchul olan bir hökmə çata biləcəyinə xatircəm olacaq şəkildə əməl etmək. Ehtiyyat edən şəxsə “Muhtat” deyilir.
– Ehtiyyat 2 cür ola bilər:
1: Mütləq ehtiyyat:
Mütləq ehtiyyat o ehtiyyata deyilir ki, mükəlləf ona əməl etməklə bir əməlin onun boynundan düşdüyünə yəqin etsin.
2: Nisbi ehtiyyat:
Nisbi ehtiyyat isə o ehtiyyata deyilir ki, mükəlləf tam da olmasa təxminən ə`ləmiyyətini bildiyi bir neçə müctəhidin fətvası arasında ehtiyyat etsin.
SUAL:
Necə ehtiyyat edək?
CAVAB:
Ehtiyatın bir neçə qismi vardır:
Ehtiyyat:
A): Bəzən bir əməlin icrasını tələb edir. Məsələn; bir əməlin hökmünün vacib, müstəhəbb və ya məkruh olması arasında tərəddüd olunarsa, bu halda ehtiyyata əməl etmək bunu tələb edir ki, bu əməl icra olunsun. Çünki bu əməlin müstəhəbb və ya məkruh olması ilə yanaşı, vacib olması ehtimalı da mövcuddur. Bu səbəbdən də burada ehtiyyat etmək vacib olur. Əks təqdirdə vacib tərk etmiş olarıq.
B): Bəzən də bir əməlin tərkini tələb edir. Məsələn; bir əməlin hökmünün haram, müstəhəbb və ya məkruh olması arasında tərəddüd olunarsa, bu halda ehtiyyata əməl etmək bunu tələb edir ki, bu əməl tərk olunsun. Çünki bu əməlin müstəhəbb və ya məkruh olması ilə yanaşı, haram olması ehtimalı da mövcuddur. Bu səbəbdən də burada ehtiyyat etmək vacib olur. Əks təqdirdə haram bir əmələ mürtəkib olmuş olarıq.
C): Bəzən də iki əməlin bir yerdə təkrar edilməsi şərtilə cəm olunmasını tələb edir. Məsələn; iki əməldən birinin vacib olmasında tərəddüd olunarsa. Məsələn; mükəlləf məxsus bir məkanda zöhr və əsr namazının tam və qəsr halında qılınmasını bilməsə, bu halda ehtiyyata əməl etmək onu tələb edir ki, namaz o məkanda bir dəfə tam şəkildə, bir dəfə isə qəsr halında qılınsın. Nəticə etibarilə zöhr namazını təkrar olaraq bir dəfə tam şəkildə, bir dəfə də qəsr halında qılmış oluruq. Həmçinin iki işi də (tam və qəsri) cəm etmiş oluruq.
Ehtiyyat barəsində bir neçə şər’i məsələ.
1): Mükəlləfin ehtiyyat etmək imkanı olmadığı yerlərdə müctəhid olması və ya təqlid etməsi vacib olar. Məsələn; bir malın iki həddi-büluğa çatmayan, yaxud ikisi də dəli olan, yaxud da biri dəli o birisi isə həddi-büluğa çatmayan iki şəxsin olmasının barəsində tərəddüd olunarsa, bu halda ehtiyyat etmək çətin olduğundan, mükəlləfə vacib olar ki, ya müctəhid olsun, ya təqlid etsin.
2): Bəzən ehtiyyatın nə tələb etdiyini ayırd etmək mükəlləfə çox çətin olur. Məsələn; fəqihlər qüsul alınan bir suyla qüsl və dəstəmaz alınmasının icazəli olmasında ixtilaf edirlər. Bu halda ehtiyyat etmək onu tələb edir ki, bu suyla dəstəmaz almağı tərk edək. Amma bir tərəfdən də, görürük ki, mükəlləfin yanında bu sudan başqa bir su olmasa, bu zaman ehtiyat etmək bunu tələb edir ki, bu suyla qüsl və dəstəmaz alaq və imkan varsa da təyəmmüm etsin. Əgər mükəlləf bu cür ehtiyyat etməyi bilirsə əməl etməsi kifayətdir.
3): Bəzən bir əməldə icra olunan ehtiyat, başqa bir cəhətdən icra olunan ehtiyyatla təaruz edir (toqquşur) və bu halda tam surətdə ehtiyyat etmək mükəlləfə çətin olur. Məsələn; mükəlləf namazda təsbihati-ərbəənin (sübhanəllahi vəlhəmdu-lillahi və la ilahə illəllahu vəllahu əkbər) vacib olan sayının 1 və ya 3 olması barəsində tərəddüddə qalarsa, bu halda mükəlləfin ehtiyyat etməsi onu tələb edir ki, təsbihati-ərbəəni 3 dəfə desin. Lakin namaz vaxtının çıxmasına az bir vaxt qaldığı bir zamanda mükəlləfin ehtiyyat edərək təsbihati-ərbəəni 3 dəfə deməsi namazın bir neçə rükətinin vaxt xaricində qılınmasına səbəb olur. Bu isə ehtiyyatın əksinə olan bir şeydir. Çünki namazın bir neçə rükətini bilərəkdən vaxtın xaricində qılmaq haramdır və bu özü ehtiyyat olunası bir məsələdir. Burada isə bilərəkdən ehtiyyat etmək buna səbəb olur ki, namazın bir hissəsi vaxt çıxdıqdan sonra qılınsın. Nəticədə iki ehtiyyat toqquşur.
Bu kimi yerlərdə mükəlləf ya özü müctəhid olmalı, ya da təqlid etməlidir.

4): Müctəhid və ya müqəllid olmayan, həmçinin ehtiyyat yolu ilə getməyən şəxsin əməli batildir. Bu mənada ki, etdiyi əməllərin həqiqətlə uyğun olasını bilmədiyi müddətcə o əməllərlə kifayətlənə bilməz. Yalnız o zaman kifayətlənə bilər ki, etdiyi əməllər həmin vaxtda təqlid etməsi ona vacib olan bir müctəhidin fətvaları ilə uyğun olsun.
İzah:
Məsələn; bir şəxs bir müddət ictihad etmədən, təqlid etmədən, ehtiyyat yolu getmədən əməllər edərsə və bu əməllərin həqiqətən də düzgün olmasını bilməsə bu əməllər onun boynundan götürülnəz. Gərək həmin vaxtda ə`ləm (daha elmli) bir müctəhidə təqlid etsin və əvvəl etdiyi əməllərini onun buyurduğu fətvalara əsasən nəzərdən keçirsin. Əgər o müctəhidin rəyi ilə əməlləri düzgün olarsa kifayətdir, əks halda o əməlləri qəza etməlidir.

Sonda Allah Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) buyurduğu bir hədisi nəzərinizə çatdıraq:
“الوقوف عند الشبهة خير من الاقتحام في الهلكة”
“Şübhəli bir işlə qarşılaşan zaman durmaq, həlakətə düçar olmaqdan xeyirlidir”
Vəssəlamu ələykum və rəhmətullah.
Müəllif: Hoccətulislam Kərbəlayi Cavid.

Paylaş:
Baxış sayı: 9438

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.