Bəla
İslamda bəla və çətinliklər insan həyatının ayrılmaz hissəsi kimi qəbul edilir. Bəla zahirən çətinlik kimi görünsə də, Quran və hədislərdə bildirildiyi kimi, əslində bir sınaq, tərbiyə və Allahın mərhəmətinə yaxınlaşmaq üçün bir vasitədir və bu sayılanların hər biri mömin üçün rəhmətdir.
Qurani-Kərimdə Bəla və İmtahan:
“Biz sizi qorxu, aclıq, malınızın, canınızın və məhsulunuzun azalması ilə mütləq imtahan edəcəyik. Səbir edənlərə isə müjdə ver.” (Bəqərə, 155)
Bu ayə göstərir ki, Allah-Təala insanları müxtəlif imtahanlarla sınağa çəkir. Bəla və imtahanlar hər kəsin həyatında ola bilər. Allahın sevdiyi və sevmədiyi insanın başına eyni çətinliklər gələ bilər. Bəziləri üçün cəza olaraq gələn işlər, bəzi insanlar üçün sadəcə yüksəlmə fürsətidir. İnsanların bəladan qurtulmaqları deyil, necə qurtulmaqları önəmlidir və bu sayədə onlar öz gələcəklərini şəkilləndirmiş olurlar. Əsas məsələ, insanın bu çətinliklər qarşısında necə davranmasıdır. İnsan çətinliyə düşən kimi Allahı unutması, Allahdan naümid olması və başqa qapılara yönəlməsi, ən əsas da Allaha qarşı asi olmaqları onların Allahın nəzərində məqamının aşağı enməsi üçün ən əsas səbəblərdən biridir. Lakin bəlaya düşən zaman səbir edən, hələ də buna şükr edən insanlar bu bəladan nəinki çətinliklə hətta böyük mükafatlarla uzaqlaşa bilərlər.
Başqa bir ayədə isə buyurulur:
“O, hansınızın daha gözəl əməl sahibi olduğunu sınamaq üçün ölümü və həyatı yaratdı.”(Mülk, 2)
Bu ayədən aydın olur ki, dünya həyatı imtahan meydanıdır və hər bir insan müəyyən sınaqlardan keçəcəkdir. Bəzən insanlar yaxşı niyyətlə də olsa bir birlərinə bəladan uzaq olmaqlarını dua edərlər. Bu gözəl niyyətlə deyilmiş söz olsa da əsl həqiqətdə yaxşı bir şey deyildir. Çünki Allah Təala əsasən möminləri ədəbləndirmək, onların dərəcələrini yüksəltmək üçün onları bəlaya düçar edər. Bu bəlalar insanların ya günahından azaldar, ya məqamını artırar ya da dərəcələrini artırar. Bu baxışdan aydın olur ki, Allahın bizə nazil etdiyi bəlalar hər bir halda bizim öz xeyrimizədir. Sadəcə bizə düşən vəzifə, bəla zamanı təmkinli olmaq, səbir etmək, bacardıqca şükr etmək, istiğfar etmək, Allahın bizim haqqımızda olan tədbirinə təslim olmaqdır. Bunu isə sözlə deyil, imanla, qəlbdən etmək gərəkdir.
Bəlanın Növləri və Səbəbləri
İslamda bəlanın fərqli növləri və səbəbləri göstərilir:
1. Günahların Cəzası
• İnsan bəzən etdiyi günahların nəticəsi olaraq bəla ilə qarşılaşır.
• Quran buyurur:
“Başınıza gələn hər bir müsibət, öz əllərinizlə qazandıqlarınıza görədir.” (Şura, 30)
2. İlahi İmtahan və Tərbiyə
• Allah bəndələrini imtahan edərək onların səbrini, imanını və əxlaqını sınayır.
• Peyğəmbərlər və saleh insanlar ən ağır sınaqlardan keçmişlər.
3. Allahın Məhəbbətinin Nişanəsi
• Peyğəmbər (s) buyurur:
“Allah bir bəndəsini sevdikdə onu bəla ilə imtahan edər.” (Biharül-Ənvar, c. 67, s. 235)
4. İnsanın Öz Səhlənkarlığı
• Bəzən insan diqqətsizliyi, səhv qərarları və məsuliyyətsizliyi səbəbindən çətinliklərə düşür. Buna görə də İslam insana həm maddi, həm də mənəvi baxımdan tədbir görməyi tövsiyə edir.
Bəlaya Qarşı Möminin Münasibəti
İslam bəla və çətinliklər qarşısında möminlərə aşağıdakı prinsipləri tövsiyə edir:
1. Səbir və Təvəkkül
İmam Əli (ə) buyurur: “Səbir, imanın başıdır.” (Nəhcül-Bəlağə, hikmət 82)
2. Dua və İbadətə Sarılmaq
Quran buyurur: “Mənə dua edin, sizə cavab verim.” (Ğafir, 60)
3. Tədbir və Səy Göstərmək
İmam Sadiq (ə) buyurur: “Qarşısını ala biləcəyin bəlalara təslim olma.”
4. Əxlaq və Sədaqəti Qorumaq
Peyğəmbər (s) buyurur: “Bəla zamanı dilindən şikayət çıxmayan möminin məqamı çox ucadır.”
Böyük Şəxslərin Bəla ilə Sınaqdan Keçməsi
İslam tarixində peyğəmbərlər və imamlar ən çətin sınaqlardan keçiblər:
• Peyğəmbər Əyyub (ə) uzun illər xəstəlik və yoxsulluq içində yaşadı, ancaq Allaha şükr etməyə davam etdi.
• Peyğəmbər Yusuf (ə) qardaşlarının xəyanətinə uğradı, zindana atıldı, amma Allah yolundan dönmədi.
• İmam Hüseyn (ə) Kərbəlada böyük bir bəla ilə üzləşdi, ancaq haqq yolundan dönmədi və öz sədaqətini qorudu.
Bu nümunələr göstərir ki, bəla insanın imanını, iradəsini və sədaqətini sınamaq üçündür.
Nəticədə, İslamda bəla, bir əzab deyil, eyni zamanda ilahi bir sınaq, tərbiyə və yüksəliş fürsətidir. İnsan bu çətinliklər qarşısında səbir etməli, dua etməli, tədbir görməli və imanı ilə ayaqda qalmalıdır. Böyük şəxsiyyətlərin həyatından da göründüyü kimi, çətinliklər insana kamillik qazandırır və onu Allah dərgahına daha yaxın edir. Zahirən yanaşsaq da bu məsələdən belə aydın olur ki, normal həyat qanunlarında belə heç bir böyük qazanc asan əldə edilmir. Böyük nailiyyətlər hər zaman böyük zəhmətlər, səy göstərməklər, çalışmaqlar nəticəsində əldə edilir. Bu cür çalışmaqlar, bəzi yaxşı əməllər etmək, nəinki insanı düşdüyü bəladan xilas edər, hətta qarşıdan gələn bəlanı belə dəf edə bilər. Sileyi rəhm, sədəqə, zikr və sair əməllər insanların bəladan xilas olmasına xidmət etdiyi kimi, həm də gələcək bəlalardan uzaqlaşdırır.
Osman İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Qohumlarla əlaqə saxlamaq (yaxşı münasibət) əməlləri pak edər, hesabı asanlaşdırar, bəlaları dəf edər və ömrü uzadar”.
Şəriət güzgüsü kitabından
