Namaz qılanın paltarının şərtləri

Namaz qılanın paltarının şərtləri

Məsələ 785: Namaz qılanın paltarının altı şərti vardır:
1. Pak olsun.
2. Ehtiyat-vacibə əsasən mübah olsun.
3. Murdarın (ölü heyvan) üzvlərindən olmasın.
4. Yırtıcı heyvandan olmasın, hətta ehtiyat-vacibə əsasən əti haram heyvandan olmasın.
5-6. Əgər namaz qılan kişidirsə, onun paltarı xalis ipəkdən və qızıllı parçadan olmasın.
Bunların təfsilatı gələcək məsələlərdə deyiləcəkdir.

BİRİNCİ ŞƏRT

Məsələ 786: Namaz qılanın paltarı gərək pak olsun. Əgər bir kəs ixtiyari şəkildə nəcis bədənlə və libasla namaz qılsa, namazı batildir.

Məsələ 787: Şəri məsələni öyrənməkdə səhlənkarlıq üzündən, nəcis bədən və libası ilə namazın batil olduğunu bilməyən, yaxud məsələn məninin nəcis olduğunu bilməyən şəxs, əgər nəcis bədən və ya libasla namaz qılarsa, ehtiyat-vacib əsasən gərək namazı yenidən (pak libas və bədənlə) qılsın, vaxtı keçibsə qəzasını etsin.

Məsələ 788: Əgər məsələni bilmədiyinə görə nəcis bədən və ya paltarda namaz qılsa, və məsələni öyrənməkdə səhlənkarlıq etməmiş olsa, namazını yenidən qılması və ya qəza etməsi lazım deyil.

Məsələ 789: Əgər bir şəxs, bədən və ya libasının nəcis olmadığına əmin olsa və namaz qıldıqdan sonra, nəcis olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 790: Bədən və ya paltarının nəcis olduğunu unudaraq namaz əsnasında və ya namazdan sonra vəziyyətini xatırlasa, əgər onun unutması öz etinasızlıq və səhlənkarlığından baş vermişsə, ehtiyat-lazıma əsasən o namazı yenidən qılmalıdır. Əgər vaxt keçmişsə, namazın qəzasını əmələ gətirməlidir. Əks təqdirdə namazı yenidən qılması lazım deyil. Amma əgər namaz əsnasında yadına düşsə, sonrakı məsələdə izah olunacaq hökmə görə əməl etməlidir.

Məsələ 791: Vaxt geniş ikən namaz qılmaqda olan bir şəxs namaz əsnasında bədən və ya libasının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, bədən və ya libasını yuyacağı, ya da libasını çıxaracağı və ya dəyişdirəcəyi təqdirdə namaz pozulmazsa, namazda ikən bədən və ya libasını yumalı və ya libasını dəyişdirməli, ya da övrət yerini örtən başqa bir şey varsa, o libasını çıxarmalıdır. Amma əgər bədən və ya libasını yuduğu və ya çıxardığı ya da libasını dəyişdirdiyi zaman namaz pozulacaq haldadırsa, yaxud libasını çıxarmağı ilə çılpaq qalacaqsa, ehtiyat-lazım budur ki, o namazı pak paltarla yenidən qılsın.

Məsələ 792: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namazda ikən paltarının nəcis olduğunu bilsə və namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, paltarını yumaq, dəyişdirmək və ya çıxarmaq namazı pozmayacaq bir halda olsa və libasını çıxara bilirsə, o libası yumalı və ya dəyişdirməli, ya da övrət yeri başqa bir şey ilə örtülüdürsə, libası çıxararaq namazı tamamlamalıdır. Amma əgər övrət yerini ayrı bir şey örtməmişsə və libası yumağa və ya dəyişməyə imkanı da yoxdursa, həmin paltarla namazı tamamlamalıdır.

Məsələ 793: Vaxt dar ikən namaz qılmaqda olan bir şəxs, əgər namaz qılmaqda ikən bədəninin nəcis olduğunu bilsə, namaza başladıqdan sonra nəcis olduğuna ehtimal verərsə, bədəni yumaq namazı pozmazsa, yumalıdır. Amma əgər namazı pozacaq haldadırsa, o halla namazı tamamlamalıdır və həmin namaz səhihdir.

Məsələ 794: Bədən və ya libasının pak olub-olmadığında şəkk edən şəxs, əgər axtarıb, onda bir şey tapa bilməsə və namaz qılsa, və namazdan sonra bədən və ya libasının nəcis olduğunu başa düşərsə, namazı səhihdir. Əgər axtarış etməmişdirsə ehtiyat-lazıma əsasən namazını yenidən qılmalıdır. Əgər vaxt keçmişdirsə, qəza etməlidir.

Məsələ 795: Əgər paltarını suya çəkdikdən sonra paklığına əmin olaraq, onunla namaz qılsa və namazdan sonra pak olmamış olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 796: Əgər bədən və ya libasında qan gördükdə, o qanın nəcis olmayan qanlardan olmadığına əmin olarsa, məsələn; ağcaqanad qanı olduğuna əmin olarsa və namazdan sonra, o qanın namaz qılına bilməyən qanlardan olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 797: Əgər bədən və ya libasında olan bir qanın, namazı batil etməyən nəcis qanlardan olduğuna əmin olarsa, məsələn; çiban və ya yara qanı olduğuna əmin olsa və namazdan sonra, namazı batil edən qanlardan olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 798: Əgər bir şeyin nəcis olduğunu unudarsa və bədən və ya libası islaq olaraq, ona yetişərsə, belə ki, unutduğu halda namaz qıldıqdan sonra xatırlayarsa, namazı səhihdir. Amma əgər bədəni, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan qüsl edib namaz qılarsa, qüsl və namazı batildir. Amma əgər qüsl etməklə bədəni də pak olacaq və su nəcis olmayacaq halda olsa, məsələn, cari suda qüsl etsə, onun qüslü və namazı batil olmaz. Həmçinin əgər dəstəmaz üzvlərindən bir yeri, islaq olaraq nəcis olduğunu unutduğu bir şeyə dəyərsə və onu yumadan dəstəmaz alıb namaz qılarsa, dəstəmaz almaqla bədəni də pak olacaq su da nəcis olmayacaq halda olmasa, dəstəmazı və namazı batildir.

Məsələ 799: Təkcə bir libası olan şəxsin bədən və libası nəcis olduqda, yalnız onlardan birini yumağa yetəcək qədər suyu olarsa, ehtiyat-lazıma əsasən bədənini yumalı və nəcis libası ilə namaz qılmalıdır. Bu halda libasını yuyub, nəcis bədənlə namaz qılması icazəli deyildir. Amma libasının nəcasəti daha çox və ya daha şiddətli olduğu təqdirdə, hər hansı birini yumaq xüsusunda ixtiyar sahibidir.

Məsələ 800: Nəcis libasdan başqa bir libası olmayan şəxs, nəcis libasla namaz qılmalıdır. Belə olan təqdirdə namazı səhihdir.

Məsələ 801: İki ədəd libası olan şəxs, əgər onlardan birinin nəcis olduğunu bilirsə, lakin dəqiq şəkildə hansı birinin nəcis olduğunu bilməzsə, vaxtı vardırsa, onların hər ikisi ilə də namaz qılmalıdır. Məsələn; zöhr və əsr namazını qılmaq istəyirsə, onların hər birisi ilə bir zöhr və bir əsr namazı qılması lazımdır. Amma əgər vaxt az olsa, və onlardan heç biri ehtimalın güclü və əhəmiyyətli olması baxımından üstünlüyə malik olmasa, hər biri ilə namaz qılsa, kifayətdir.

İKİNCİ ŞƏRT

Məsələ 802: Namaz qılan şəxsin övrəteyni örtdüyü libası ehtiyat-vacibə əsasən mübah olmalıdır. Qəsbi libası geyməyin haram olduğunu bilən bir şəxs və ya məsələnin hökmünü bilməməsi öz təqsiri üzündən olan bir şəxs, qəsdən qəsbi libas ilə namaz qılarsa, ehtiyata əsasən namazı batildir. Amma təklikdə övrəti örtə bilməyən şeylərin və ya təkcə övrəti örtməsi mümkün olsa belə, namaz qılanın cibinə qoyduğu dəsmal və şal kimi, hal-hazırda geymədiyi şeylərin və həmçinin üzərində (mübah olan ayrı bir geyimi olduğu halda) namaz qılanın geymiş olduğu şeylərin qəsb olmasının namaza bir zərəri yoxdur. Amma ehtiyat budur ki, namaz qılan bunlardan da çəkinsin.
Məsələ 803: Qəsbi libası geyməyin haram olduğunu bildiyi halda, onunla namaz qılmağın hökmünü bilməyən bir şəxs, əgər qəsdən qəsbi libasla namaz qılarsa, əvvəlki məsələdə deyildiyi kimi, ehtiyata əsasən namazı batildir.

Məsələ 804: Əgər paltarının qəsbi olmasını bilməsə və ya unutsa və onunla namaz qılsa, namaz səhihdir. Amma əgər bir şəxs özü paltarı qəsb etsə və qəsb etməsini unudub onunla namaz qılsa, ehtiyata əsasən namazı batildir.

Məsələ 805: Paltarının qəsbi olduğunu bilməyən və ya unudan şəxs namazda ikən bunu anlayarsa, əgər başqa bir şey övrət yerini örtsə, dərhal və ya namazın muvalatı pozulmadan o paltarı çıxara bilərsə, onu çıxartmalı və namazı davam etdirməlidir. Ancaq ayrı bir şey övrətini ağlı kəsən adamdan örtməyibsə və ya dərhal qəsbi paltarı çıxara bilmirsə, namazı elə həmin paltarda davam etdirməlidir və namazı səhihdir.

Məsələ 806: Əgər bir şəxs canını qorumaq üçün qəsbi paltarla namaz qılsa, belə ki, vaxtın axırına qədər ayrı bir paltarla namaz qıla bilməsə, yaxud onu geyməyə çarəsiz olması özünün tədbirsizliyi ucbatından olmasa, məsələn, özü qəsb etməmiş olsa, namazı səhihdir. Həmçinin oğrunun qəsbi paltarı apara bilməməsi üçün onunla namaz qılsa, və vaxtın axırına qədər başqa paltarla namaz qıla bilməsə, yaxud qəsbi paltarı, ilk fürsətdə sahibinə çatdırmaq üçün geyibsə, namazı səhihdir.

Məsələ 807: Əgər xümsü verilməyən pul ilə paltar alsa, amma onun pulu ümumi halda zimməsində olsa, (necə ki, əksər müamilələr belədir) paltar onun üçün halaldır və verdiyi pulun xümsünü borclu olur. Amma əgər xümsü verilməmiş pulun özü ilə paltar alsa o paltar ilə şəriət hakiminin icazəsi olmadan namaz qılmağın hökmü, qəsbi paltarla namaz qılmağın hökmü ilə eynidir.

ÜÇÜNCÜ ŞƏRT

Məsələ 808: Namaz qılanın təklikdə övrət yerini örtən paltarı atıcı qanı olan (yəni damarı kəsildikdə qanı sıçrayan) ölmüş heyvanın üzvlərindən olmamalıdır. Bu şərt ehtiyat-vacibə əsasən, təklikdə övrəti örtməyən libasda da sabitdir. Amma ilan kimi qanı atıcı olmayan ölmüş heyvandan paltar hazırlansa, ehtiyat-müstəhəb budur ki, onunla namaz qılınmasın.

Məsələ 809: Murdarın bir üzvü, ət və dəri kimi ruhu olan bir şey namaz qılanın üstündə olarsa, namazı səhihdir.

Məsələ 810: Əgər əti halal murdarın tük və yunu kimi ruhu olmayan bir şey namaz qılanın yanında olsa, yaxud onunla hazırlanmış paltarla namaz qılsa, namazı səhihdir.

DÖRDÜNCÜ ŞƏRT

Məsələ 811: Namaz qılanın corab kimi övrəti təklikdə örtməyən şeylərdən başqa paltarı yırtıcıların üzvlərindən, hətta ehtiyat-lazıma əsasən, ümumiyyətlə əti haram olan heyvandan olmamalıdır. Həmçinin, bədən və libas o heyvanın sidiyinə, nəcisinə, tərinə, südünə və tükünə bulaşmamalıdır. Amma heyvanın bir tükü paltarın üzərində olsa heç bir eybi yoxdur. Onlardan bir şey, misal üçün, qutuya qoyub özü ilə götürsə hökm eynidir.

Məsələ 812: Əgər pişik kimi əti haram olan heyvanın ağzının, burnunun suyu, yaxud başqa rütubəti yaş halda namaz qılanın bədənində, ya paltarında olsa, namazı batildir. Əgər quru olsa və onun eyni aradan getsə, namazı səhihdir.

Məsələ 813: Əgər bir şəxsin ağız suyu, təri və ya tükü namaz qılanın bədənində və ya libasında olarsa, eybi yoxdur. Həmçinin namaz qılanın yanında mirvari, mum və bal olarsa da, eyni hökmü daşıyır.

Məsələ 814: Əgər bir şəxs libasının, əti halal və ya haram heyvandan hazırlandığı barədə şəkk edərsə, istər müsəlman ölkəsində hazırlanmış olsun, istərsə kafir ölkəsində hazırlanmış olsun, onunla namaz qılmaq caizdir.

Məsələ 815: Sədəfin, əti haram heyvanın üzvlərindən hazırlanmış olduğu məlum olmadığından, insanın onunla namaz qılması icazəlidir.

Məsələ 816: Namazda sincab dərisi geyinməyin eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, sincab dərisi ilə namaz qılınmasın.

Məsələ 817: Əgər əti haram heyvandan olduğunu bilmədiyi və ya unutduğu bir paltarla namaz qılarsa, namazı səhihdir.

BEŞİNCİ ŞƏRT

Məsələ 818: Qızıldan toxunmuş paltar geymək kişiyə haramdır və onunla namaz qılsa, batildir. Amma qadın üçün namaz və s. hallarda eybi yoxdur.

Məsələ 819: Sinəyə qızıl zəncir taxmaq, barmağa qızıl üzük taxmaq, qola qızıl qolbağlı saat bağlamaq kişiyə haram və onunla namaz qılmaq batildir. Amma qadın üçün namazda və qeyri vaxtlarda eybi yoxdur.

Məsələ 820: Əgər bir kişi, üzük və ya paltarının qızıldan olduğunu bilməsə və ya unudarsa, yaxud qızıldan olub-olmadığı haqda şəkk edərsə, onunla namaz qılarsa, namazı səhihdir.

ALTINCI ŞƏRT

Məsələ 821: Namaz qılan kişinin təklikdə övrətini örtə bilən paltarı, gərək xalis ipəkdən olmasın. Namazdan digər vaxtlarda da onu geyinməsi haramdır.

Məsələ 822: Əgər paltarın astarının hamısı, yaxud bir hissəsi xalis ipəkdən olsa, onun geyilməsi kişi üçün haram, onunla qılınan namaz da batildir.

Məsələ 823: Kişinin, xalis ipəkdən və ya başqa bir şeydən hazırlandığını bilmədiyi bir paltarı geyinməsi icazəlidir. Onunla namaz qılmağın da eybi yoxdur.

Məsələ 824: İpək dəsmal və bu kimi şeylər kişinin cibində olsa eybi yoxdur, namazı da batil etmir.

Məsələ 825: Qadın üçün namaz və ya başqa vaxtda xalis ipək geyməyin eybi yoxdur.

Məsələ 826: Çarəsizlik halında, xalis ipək və ya qızıldan hazırlanan libasın geyilməsinin eybi yoxdur. Həmçinin, libas geyməkdə çarəsiz qalan bir şəxsin, bundan başqa bir paltarı yoxdursa, bu paltarlarla namaz qıla bilər.

Məsələ 827: Əgər qəsbi ya xalis ipək və ya qızıldan toxunan paltardan başqa bir paltarı yoxdursa və paltar geyinməyə zərurət duymursa, gərək çılpaqlara aid göstərişə əməl etsin və namaz qılsın.

Məsələ 828: Yırtıcı heyvandan hazırlanmış paltardan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək məcburiyyətindədirsə, vaxtın axırına qədər məcburiyyət öz halında qalsa, o paltarla namaz qıla bilər. Amma əgər paltar geymək məcburiyyətində deyilsə, çılpaqlar üçün söylənən təlimat üzrə namaz qılmalıdır. Həmçinin yırtıcı olmayan, amma əti haram olan heyvandan hazırlanan libasdan başqa bir paltarı olmayan şəxs əgər paltar geymək məcburiyyətində olmazsa, ehtiyat-lazıma əsasən iki namaz qılmalıdır bir dəfə o paltarla, bir dəfə də çılpaqlar üçün deyilən göstərişə əsasən namaz qılmalıdır.

Məsələ 829: Namazda övrət yerini örtmək üçün bir şeyi olmayan şəxs, kirayə etməklə və ya satın almaqla olsa belə, bunu hazırlaması vacibdir. Amma onu hazırlamaq, əlində olan pula nisbətən çox pul tələb edirsə və ya pulu paltar üçün xərcləməsi onun halına zərər verəcəkdirsə, çılpaqlara aid olan göstərişə əsasən, namaz qıla bilər.

Məsələ 830: Paltarı olmayan şəxsə başqası paltar bağışlayarsa və ya ariyəyə verərsə, əgər bunu qəbul etmək onun üçün çətin deyilsə, qəbul etməlidir. Hətta icarə və ya hədiyyəni tələb etmək onun üçün çox çətin deyilsə, libası olan şəxsdən icarə və ya hədiyyəni tələb etməlidir.

Məsələ 831: Parçası, rəngi və ya modeli ona uyğun olmayan bir libası geymək, onun hörmətsizliyinə və xar olmasına səbəb olduğu təqdirdə, haramdır. Amma o libasla namaz qılarsa, satiri (örtüyü) təkcə o olsa belə, namazı səhihdir.

Məsələ 832: Kişinin qadın paltarı geyinməsi və qadının kişi paltarı geyinməsi, haram deyil, onunla namaz qılmaq da batil deyil. Amma ehtiyat-vacibə əsasən kişinin özünü qadın formasına, qadının da özünü kişi formasına salması icazəli deyil.

Məsələ 833: Uzanmış halda namaz qılmalı olan şəxsin yorğan ya mələfəsinin namaz qılanın libasının şərtlərinə malik olması lazım deyil. Amma ona «geyinmişdir» deyiləcək şəkildə, məsələn ona büründüyü təqdirdə onunla namaz qılmaq icazəli deyil.

Paylaş:
Baxış sayı: 13710

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.