Təbliğ
Təbliğ və onun qaydaları
Təbliğ – İslamın özünü əsas həqiqətlərini insanlara çatdırmaq, onları doğru yola yönləndirmək və dini maarifləndirmək deməkdir. Təbliğ yalnız sözlə deyil, əməllə də olmalıdır. Əsl təbliğçi öz davranışı ilə insanlara nümunə olmalıdır. İslamın əmrlərini yaşatmayan, öz əməlində göstərməyən insanların təbliği əksər hallarda faydasız olar. Çünki insanlara bir şeyin yaxşı olduğunu çatdırmaq üçün ən əsas gərək özün o şeydən istifadə edərək göstərəsən.
Qurani-Kərimdə buyurulur: “(Ya Peyğəmbər!) Rəbbinin sənə əmr etdiyini açıq-aşkar bildir”.[1]
Həzrət Peyğəmbər (s) və Əhli-Beyt (ə) təbliği öz həyatlarının əsas məqsədlərindən biri hesab edirdilər. İslamı bizə çatdıranların əməlləri, əxlaqları və təvazökarlıqları insanları bu dinə cəlb etmişdir. Bu səbəbdəndir ki, 14 əsr keçməsinə baxmayaraq hələ də buyurduqları kəlamlar insanları haqqa tərəf yönəldir və sağlam qəlblərdə təsirini qoyur. Saysız hesabsız firqələr, əqidələr yayan şəxsiyyətlər olmuşdur. Öz dövrlərindən sonraya qalan, yüzilliklər keçməsinə baxmayaraq doğru düzgün şəkildə gəlib dövrümüzə yetişən əqidə demək olar ki, yoxdur. Odur ki, təbliğ üçün əvvəl güclü elm, sonra isə əməl çox mühümdür.
Təbliğin şərtləri və qaydaları
1. Elm və maarifə sahib olmaq
Təbliğ edənin özü əvvəlcə dərin dini biliklərə malik olmalıdır. Cahilliklə edilən təbliğ insanları azdıra bilər. Bəzən insanların cahilliklərinin belə fərqində olmadan başqalarına nələrisə təbliğ etməyə çalışar. Bu elm axtarmaq üçün zəhmət çəkməkdən yayınanlar üçün keçərli sözdür. Çünki bir neçə eşidilən məlumatla nəsə bildiyini hesab edən insan, bu biliklərini dəqiqləşdirmədən, araşdırmadan insanlara yayaraq xeyir vermək məqsədilə əslində daha çox zərbə vurmuş olurlar. Amma elm əldə etmək məqsədilə oxumağa səy edənlər, elmi əsərləri oxuduqca əslində qulaqdan dolma bilgilərin əksəriyyətinin səhv və ya natamam olduğunu dərk edirlər. Odur ki, insan dəqiq bilmədən, öyrənmədən öz fikirlərini yaymaqdan çəkinməlidir. Elmi yaymaq üçün ən əsas şərt o elmə dərindən yiyələnməkdir.
• İmam Əli (ə) buyurur: “Elm olmadan danışmaq fəlakətə aparar”.[2]
2. Əxlaqlı və səmimi olmaq
Təbliğ etmək üçün mühüm olan şərtlərdən biri də xəlaqlı olmaqdır. Diqqət etsək bunu bilmək üçün xüsusi bir bilgiyə ehtiyac yoxdur. İctimaiyyətdə, əxlaqsız olaraq tanınan insanlardan kim tövsiyyə almaq istəyər? Tövsiyyəni eşitsə belə kim ona diqqət edər? Odur ki, təbliğə başlamadan öncə insan ictimai həyatda əxlaq və davranışlarına diqqət etməsi mütləqdir.
• Qurani-Kərimdə buyurulur: “İnsanları yaxşı işlərə dəvət edib özünüzü unudursunuz”?![3]
3. Mərhəmətli və səbirli olmaq
Təbliğ edən kəs insanlara sevgi və şəfqətlə yanaşmalıdır. Sərtlik və kobudluq insanları bir çox hallarda dindən uzaqlaşdırır. Təbii ki, sərt şəkildə təbliğin zəruri olduğu məqamlar da olur amma bu istisna hallardadır. Qarşındaki insanın sənin çatdırdığın bilgidən bixəbər olması, buna gözləmədiyin reaksiyanı verməsindən daha təbii bir şey yoxdur. Hər kəs öyrənməyə bir zaman başlayır. Heç kəs doğuşdan elmli gəlmir. Elə biri olsa ona təbliğ etməyin də bir ehtiyacı olmazdı. Odur ki, bir elmi məsələni izah etməyə çalışdığınız insanın, bu məqamdan xəbərsiz olması və buna qeyri adi reaksiyalar verməsinə səbirli olmaq, səbirlə izah etmək təbliğin əsas şərtlərindən biridir.
• Peyğəmbər (s) buyurur: “Siz insanlara müjdə verin, onları dindən bezdirməyin”![4]
4. Sözləri gözəl şəkildə çatdırmaq
Mümkün qədər gərək ətraflı izahla danışmaq lazımdır. Qarşındaki insana çatdırmaq istədiyin məqam, əgər onan uzaq bir haldırsa gərək izahı da verilsin. Təbliğçi aydın, hikmətli və cazibədar danışmalıdır. Quru və sıxıcı sözlər insanları cəlb etməz. Birinin uzun uzadı danışmağı qarşındaki çox bilgi verməz. Nə qədər izahlı, əsaslı və sübutlu, məntiqi izahlarla danışılsa, qarşıdakinin bu məsələləri həzm etməsi daha da rahat olar.
• Quranda buyurulur: “Rəbbinin yoluna hikmət və gözəl öyüdlərlə dəvət et”.[5]
5. İnsanların səviyyəsini nəzərə almaq
Hər kəsə onun anlayacağı dildə danışmaq lazımdır. Hər bir insanın ağıl və bilgi səviyyəsi fərqlidir. İllərini elmə həsr edən insan, kitabdan, oxumaqdan uzaq olan bir insanla öz səviyyəsində danışa bilməz. Bunun faydası çox olmaz. Əksinə, qarşındakinin həddində, onun başa düşəcəyi həddə və tərzdə danışmaq, ona maraqlı olan tərəflərdən izah etməklə təbliğ edilməlidir.
• İmam Sadiq (ə) buyurur: “İnsanlara onların anlayacağı şəkildə danışın ki, Allahı və Peyğəmbəri inkar etməsinlər.”.[6]
6. Əməllə təbliğ etmək
Təbliğ yalnız sözlə deyil, əməllə də olmalıdır. İnsanların qəlbini qazanmağın ən güclü yolu gözəl əxlaqdır. Təbliğçi dediklərinə özü əməl etməlidir. Yoxsa insanlar onun sözlərini qəbul etməzlər. İnsanlar sizi dinlərkən, danışdığınız sözlərdən daha çox əməllərinizə diqqət edərlər. Bəzən bir əməli gözəl və davamlı şəkildə etmək qarşındaki insana daha çox təsir qoya bilər nəinki onunla uzun uzadı danışmaq. Odur ki, təbliğ yolunu seçən insan, mütləq şəkildə cəmiyyət içində əməl və davranışlarına diqqət yetirməlidir. Bu davranışlar birbaşa onun təbliğinə təsir edən amillərdir.
• İmam Əli (ə) buyurur: “İnsanları sözlərinizlə deyil, əməllərinizlə dəvət edin”.[7]
7. Təkəbbürdən uzaq olmaq
• Təbliğçi özünü insanlardan üstün görməməlidir. Onlarla eyni səviyyədə olub, onları anlayaraq danışmalıdır. Əks halda qarşındaki insan bu söhbətlərdən bezər və dinləmədən sadəcə söhbətin bitməsini gözləyər. Bu da danışılan sözün o insanda heç bir təsir qoymayacağının bir göstəricisidir.
• Peyğəmbər (s) buyurur: “İnsanlarla mehriban danışın ki, sizin təbliğiniz qəbul edilsin”.[8]
Təbliğin ən təsirli yolları
1. Söhbətlər və moizələr – İnsanlarla ünsiyyətdə olaraq onlara maraqlı olan suallarına cavab vermək.
2. Kitab və məqalələr yazmaq – Dini bilikləri, insanlara faydalı ola biləcəyini düşündüyü məqamları yazılı şəkildə yaymaq.
3. Gözəl davranış və əxlaq sərgiləmək – Ən güclü təbliğ üsulu yaxşı əxlaqla insanlara nümunə olmaqdır. Yuxarıda qeyd edildiyi kimi bəzən insan danışmadan, kiməsə məsləhət vermədən, sadəcə etdiyi əməllə gözəl təbliğ etmiş ola bilər.
4. Sosial media və müasir texnologiyalardan istifadə etmək – İslamı internet və sosial şəbəkələr vasitəsilə yaymaq. Dünyada fəsadın yayılmasında ən əsas səbəblərdən biri olan sosial mediadan da gərək möminlər layiqincə istifadə edə bilsin. Çünki o yerlər nə qədər boş, mənasız , fitnə-fəsad dolu olsa da, o boşluqda gözəl kəlamlardan istifadə edərək təlimlər aparmaq, dini bilikləri yaymaq çox zəruridir.
Təbliğ barədə hədislər:
- İmam Əli (ə): “Elmi yaymaqdan çəkinməyin. Çünki elm, onu yayan şəxsdən azalmaz”.[9]
- İmam Əli (ə): “Sizin üzərinizə düşən budur ki, haqqı insanlara çatdırasınız. Haqqı qəbul etdirmək isə sizin vəzifəniz deyil”.[10]
- İmam Baqir (ə): “Həqiqətən, Allah-təala elm öyrənən və başqalarına öyrədən insanları sevir”.[11]
- İmam Sadiq (ə): “Xalqın dərk edə biləcəyi qədər danışın. Allahı və Peyğəmbəri (s) yalançı çıxarılmağa vadar etməyin!”.[12]
- İmam Sadiq (ə): “Bizim sözümüzü insanlara çatdırın. Əgər insanlar onun gözəlliyini bilsələr, mütləq bizə tərəf gələrlər”.[13]
- İmam Kazim (ə): “Alim o kəsdir ki, sözləri əməlinə uyğun olsun. Yoxsa onun elmi təbliğ deyil, sadəcə bir dildəndir”.[14]
- İmam Rza (ə): “Bizim elmimiz və sözlərimiz Allahın nuru kimidir. Kim onu qəbul etsə, Allah onu nurlandırar”.[15]
- İmam Hadi (ə): “Təbliğ edən insan əvvəlcə öz əməlləri ilə təbliğ etməlidir, sonra dili ilə”.[16]
- İmam Əskəri (ə): “İnsanlara yaxşı sözlər danışın, onları özünüzdən uzaqlaşdıracaq sözlər yox”.[17]
- İmam Mehdi (əc.f.ş.): “Bizim haqqımızı insanlara öyrədin ki, onlar da haqqı dərk etsinlər”.[18]
Nəticə olaraq, təbliğ İslamın yayılması və qorunması üçün ən vacib vasitələrdən biridir. Lakin təbliğ edənin özü elmli, əxlaqlı, səbirli və səmimi olmalıdır. Təbliğ yalnız sözlə deyil, əməllə də edilməlidir. İnsanları İslama cəlb etməyin ən təsirli yolu gözəl əxlaq və sevgi ilə yanaşmaqdır ki, bu da Əhli Beytin (ə) bizə göstərdiyi yoldur. İnsanlara Əhli Beyti (ə) tanıtmaq, onları sevdirməyə cəhd etmək bu cəmiyyətin yeganə xilas yoludur. Bu yolda dayanmaq çalışmaq, bunun üçün isə əvvəlcə elmə yiyələnmək, oxumaq və bilikləri artırmaq üçün zəhmət çəkməkdən uzaqlaşmamaq lazımdır.
“Şəriət güzgüsü” kitabından
[1] Hicr surəsi, 94
[2] Nəhcül-Bəlağə, hikmətli sözlər
[3] Bəqərə surəsi, 44
[4] Biharul-Ənvar, c.77, s.163
[5] Nəhl surəsi, 125
[6] Əl-Kafi, c.1, s.36
[7] Nəhcül-Bəlağə, hikmətli sözlər
[8] Biharul-Ənvar, c.68, s.60
[9] Nəhcül-Bəlağə, hikmətli kəlamlar, 182
[10] Ğurarul-Hikəm, 3306
[11] Əl-Kafi, c. 1, s. 35
[12] Əl-Kafi, c. 1, s. 43
[13] Vəsailuş-Şiə, c. 27, s. 92
[14] Tuhəful-Uqul, s. 409
[15] Biharul-Ənvar, c. 2, s. 30
[16] Tuhəful-Uqul, s. 483
[17] Biharul-Ənvar, c. 78, s. 377
[18] Əl-İhticac, c. 2, s. 284
