Xümsün hökmləri

Xümsün hökmləri

Sual: Banka əmanət qoyulmuş məbləğə, hökümət tərəfindən verilmiş aylıq məvacib də üzərinə əlavə olunarsa, xüms vacib olarmı? Belə ki, bu məbləğin üzərindən bir il ötüb, amma onu bank hesabından geri çəkməyiblər. Bu hesabın gəlirlərinə, əgər hesab artmış olarsa, xüms vacib olarmı?

Cavab: Məvacibə, üzərindən bir maliyyə ili keçdikdən sonra xüms vacib olur. Gəlirə gəlincə; əgər bank, hökümət və yaxud müştərək bankdırsa bu halda, şəriət hakiminin icazəsilə ona sahib olur və onun xümsünü vermək vacibdir. Məlumdur ki, Ayətullah Sistani cənabları həmin gəlirin yarısını yoxsul dindarlara sədəqə verdikdən sonra onu əldə etməyə icazə verir.

Sual: Əgər bir şəxs ev almaq, yaxud gələcəkdə hökümət tərəfindən verilən evi təmir etmək, ya da hökümət tərəfindən verilən torpaq sahəsində ev tikmək üçün pul yığarsa, bir il tamam olduqdan sonra həmin pula xüms vacib olarmı? Əgər həmin pula xüms vacib olmasa və pul sahibi həmin puldan bir miqdar götürüb həccə getmək istəyərsə, həccə getməmişdən əvvəl bu pulun xümsünü verməlidirmi?

Cavab: Bəli, həmin pulun xümsünü vermək vacibdir.

Sual: Mən atamın verdiyi pul ilə paltar alıram və bilirəm ki, o, nə xüms, nə də zəkat verir. Mənim onun pulu ilə aldığım paltarla namaz qılmağım, həmçinin onun evində namaz qılmağım və ondan pul almağım caizdirmi?

Cavab: Bütün bunlar caizdir.

Sual: Bir şəxsin malına xüms vacib olub. Həmin şəxs, həccinin doğru olması üçün həcc məsrəflərinin xümsünü ödəyib, yerdə qalan malının xümsünü həcdən qayıtdıqdan sonra ödəyir. Bu əməl, caizdirmi?

Cavab: Xümsü gecikdirmək caiz deyil. Çünki bu, haram və qəsbdir. Əgər həmin şəxs, malının bir qısminin xümsünü verib həccə gedərsə, həcci düzgündür. Lakin yerdə qalan malının xümsünü gecikdirdiyi üçün günahkardır.

Sual: Bir şəxs xüms vermir. Lakin hər il malından yoxsullara pərakəndə şəkildə paylayır. Həmin şəxsin dəlili budur ki, xüms verilən mallar, ölkəsində yoxsullara paylanmır.

Cavab: Bununla təklif üzərindən qalxmır. Həmin şəxs, malının xümsünü hesablamalı, sonra isə sərf etmək üçün ya şəriət hakimindən, ya da nümayəndəsindən icazə almalıdır.

Sual: Torpaq, ev, maşın və bu kimi şeylər üçün yığılan pula xüms vacib olarmı?

Cavab: Bəli, il ərzində ehtiyaclar üçün xərclənməsə, vacib olar.

Sual: Hədiyyə olunmuş torpaq sahəsinə xüms vacib olarmı?

Cavab: Hədiyyəni aldıqdan sonra bir il ötsə və ehtiyaclar üçün istifadə olunmasa, hal-hazırki qiymətinin xümsünü vermək vacibdir.

Sual: Bir şəxs, qəzetdə keçirilən müsabiqədə qalib olaraq müəyyən məbləğ qazanıb. Bu məbləğə dərhal xüms vacib olarmı?

Cavab: Vacib olmaz, çünki bu məbləğ il ərzində əldə olunan qazancdır.

Sual: Sahibinin xüms vermədiyi və malı da haram olan evdə yemək yemək caizdirmi?

Cavab: Caizdir.

Sual: Ərinin, paltar, ev əşyaları və bu kimi xanımının istifadə etməsi üçün aldığı əşyalara xüms vacib olarmı? Əgər bir il istifadə edilmədiyi üçün onlar xüms vacib olarsa, xümsü kim ödəməlidir; ər yoxsa xanım?

Cavab: Əgər ər, həmin əşyaları xanımının sahib olması üçün ona verərsə, bu halda, xanım il ərzində ehtiyacdan artıq qalanın xümsünü ödəməlidir. Əgər ər, həmin əşyaları xanımına, istifadəsinə icazə vermək məqsədilə verərsə, bu zaman ər, illik ehtiyacdan artıq qalanın xümsünü verməlidir.

Sual: Mən bərbər işləyirəm. İşimlə əlaqədar olaraq, ya hər həftə, ya hər ay, ya da hər il bəzi alətlərimi təzələyirəm. Nəzərinizə çatdırım ki, bu alətlər mənim ehtiyacım sayılır. Belə olan halda həmin alətlərə xüms vermək vacibdirmi?

Cavab: Xüms vacibdir.

Sual: Aşağıda qeyd olunanlara xüms vacibdirmi;

1. Xüms günündə evdə olan pəncərə qırağına qoyulan dipçək qablarda olan təbii çiçəklərin, güllərin də xümsü hesablanmalıdırmı?

2. Xüms günündə çaynikdə, hamamın su çənində və həmçinin bağın həyətindəki hovuzda olan suların da qiyməti hesablanıb xümsü ödənməlidirmi?

3. Xüms günündə divarlardan asılan tabloların (mənzərə, şəxs rəsmləri və s.) da xümsü hesablanmalıdırmı?

4. Xüms günündə şkaflarda saxlanılan xatirə şəkillərinin də xümsü hesablanmalıdırmı? Əgər həmin şəkillərə bir il ərzində baxılmasa hökm necədir?

5. Xüms günündə evdə saxlanılan ev quşları (bülbül və ya popuqay) və ya akvariumda saxlanılan balıqların da xümsü hesablanmalıdırmı?

Cavab: Bunların heç birinə xüms vacib deyildir.

Sual: Ayətullah Sistaninin risaləsində belə bir məsələ var:

Əgər qazancından xumsu verməzdən əvvəl evi üçün əşya alarsa, mənfəət ili keçdikdən sonra ehtiyacı qalmasa, onun xumsunu vermək lazım deyildir. Həmçinin əgər ilin ortasında ehtiyacı aradan qalxsa, amma o şey qışlıq və yaylıq paltarı kimi adətən sonarkı illər üçün saxlanan bir şey olsa, bu təqdirdə, xumsu yoxdur. Bu kimi şeylərdən başqasında il boyu ona ehtiyacı aradan qalxsa, vacib ehtiyat odur ki, xumsunu versin. Qadınların zinət əşyaları da, qadının onlardan zinət kimi istifadə etməsi zamanı keçdiyi təqdirdə, xumsu yoxdur.

Düz başa düşüb-düşməməyimiz üçün soruşuruq:

1. Bu fətvadan belə başa düşülür ki, bir insan ehtiyacı olan bir şeyi alırsa və xüms ilindən sonrakı ildə ona ehtiyacı qalmırsa və onu illərlə istifadə etməsə belə, həmin əşyaya xüms düşməz. Bu, belədirmi?
2. Bu fətvaya kitab və ümumiyyətlə ərzaq, dərman, hamamda istifadə olunan sabun kimi şeylərdən başqa bütün əşyalar aiddirmi?
3. Bir insan ehtiyacı olan bir əşya alıb, lakin xüms ilindən sonrakı illər istifadə etməyib. Gələcəkdə ehtiyacı olacaq, lakin bir il keçməsinə baxmayraq ondan istifadə etməyib. Ağanın bu fətvası həmin məsələyə də aiddirmi?
4. Bir xanıma ehtiyac olduğu üçün zinət əşyaları alınmışdır. Lakin xüms ili keçdikdən sonra bir neçə il onlardan istifadə etməmişdir. Ola bilsin ki, istifadə etsin. Bu halda onların xümsü vacibdirmi?
Cavab: 1. Əgər birinci ildə ondan istifadə etsə və həmin ilin sonunadək ona olan ehtiyacı aradan qalxmasa, hərçənd ilin sonundan sonra bir neçə il ona ehtiyacı olmasa, xüms düşmür.

2. Hər bir şeyə şamildir.

3. Xüms düşür və ümumi şəkildə hər nəyi alsa və il əsnasında ondan istifadə etməsə xüms düşür.

4. Əgər birinci il boyu ona olan ehtiyacı aradan qalxmasa xüms düşmür.

Sual: Bir şəxsə eyni vaxtda həm xüms, həm də həcc vacib olub. Həmin şəxs bunlardan hansi birini irəli salmalıdır. Belə ki, əgər xümsü versə həccə gedə bilməyəcək və həccə getsə xümsü verə bilməyəcək. Həmin şəxsin vəzifəsi nədir?

Cavab: Şəxsin boynuna xüms gəlibsə hansı ki, müəyyən miqdarda pulu da var, amma xümsünü verəsi olsa, həcc üçün kifayət etməyəcək, bu halda xümsünü verməsi vacibdir və həcc ona vacib olmur. Bu məsələdə xümsün malın özünə və yaxud boynuna gəlməsində heç bir fərq yoxdur.

Paylaş:
Baxış sayı: 13362

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.