Xanım Zəhra (s.ə.) və Həzrət Əlinin (ə) evliliyi

Xanım Zəhra (s.ə.) və Həzrət Əlinin (ə) evliliyi

Bismillahir-Rəhmanir-Rəhim

Əhli-Beyt əleyhimus-səlamdan gələn rəvayətlərin məcmuəsində Xanım Fatimənin (s.ə) Əli (ə.s) ilə evlənməsinin tarixi, Müsəlmanların Bədr döyüşündən qələbə ilə qayıtdıqdan dərhal sonra həyata keçdiyi göstərilməkdədir.

Eləcə də Həzrət Peyğəmbərin (s) hicrətin ikinci ilinin zilhiccə ayının əvvəlində Həzrət Fatiməni (s.ə) Əli (ə.s) ilə evləndirdiyi rəvayət edilmişdir. [1]

Belə ki, hicrətin ikinci ilində dünyanın iki ən uca şəxsiyyəti, həyatlarını bu izdivac vasitəsi ilə birləşdirdilər.

O zaman bir çox adamlar Peyğəmbərin (s) qızıyla evlənmək istəyirdi, Ərəb böyüklərindən bir neçə adam da, Xanım Fatiməni (s.ə) atasından istəmişdi, ancaq Xanım Fatimənin uca şəxsiyyəti digər insanlardan çox fərqli və üstün olduğu üçün bu kəslərin heç birisin qəbul etməmişdi.

Xanım Fatimə (s.ə), ancaq özü kimi uca bir iman və nümunəvi əxlaqa sahib biriylə evlənə bilərdi, belə biri də Həzrət Əlidən (ə) başqası ola bilməzdi.

Həzrət Əli (ə.s) və Xanım Zəhranın (s.ə) evliliyi səmavi bir əmr gərəyi gerçəkləşmişdir

İbn Əbil-Hədid belə deyir: “Həzrət Peyğəmbərin (s) Əlini Fatimə ilə evləndirməsi, Allahın göydə mələklərin şahidliyi əsasında, Əlini Fatimə ilə evləndirməsindən sonra gerçəkləşmişdir.” [2]

Cabir ibn Abdullahın belə dediyi rəvayət edilir:
“Allah Rəsulu (s) Fatiməni Əli ilə evləndirdiyi zaman, Allah onları Ərşinin üzərində evləndirmişdi.” [3]

İmam Muhəmməd Baqirdən (ə.s) belə rəvayət edilər:
“Allah Rəsulu (s) belə buyurmuşdur: “Mən sizin kimi bir insanam. Sizin içinizdə evlənir və sizləri evləndirirəm. Amma Fatimə (ə.s) xaric. Onun evlənməsi göydən gələn vəhylə gerçəkləşmişdir.” [4]

NİKAH ƏQDİ

Ənəsdən belə rəvayət edilir: “Allah Rəsulunun (s) yanında oturduğum zaman, ona vəhy nazil oldu və buna görə özündən getdi. Bir qədər sonra özünə gəlincə belə dedi: “Ey Ənəs! Cəbrayılın, Ərşin sahibindən mənə nə gətirdiyini bilirsənmi?”
Dedim ki: “Allah və Rəsulu daha yaxşı bilər. Atam anam-sənə fəda olsun. Cəbrayıl nə xəbər gətirdi?”
Buyurdu ki: “Allah mənə Fatiməni Əli ilə evləndirməyimi əmr etdi. Get, mühacirləri və ənsarı mənim yanıma çağır.”
Gedib mühacirləri və ənsarı çağırdım. Hər kəs oturduqdan sonra Həzrət Peyğəmbər (s) belə buyurdu: “Nemətlərindən yana həmd edilən, qüdrətindən yana ibadət edilən, səltənətindən yana itaət edilən, qatındakı nemətlərdən yana arzu edilən, əzabından yana çəkinilən, yerdə və göydə əmrləri qüvvədə olan, məxluqatı qüdrətiylə yaradan, hökmləriylə onları bir-birindən ayrı və fərqli edən, diniylə onları əziz edən, peyğəmbəri Muhəmmədlə onlara lütf edən Allaha həmd olsun. Heç şübhəsiz Allah, evlilik yoluyla reallaşan qohumluğu, nəsəbin davamının vəsiləsi və qohumluğun bir növü qərar vermişdir. Allahın əmri qəzasına uyğun reallaşar, qəzası isə qədərinə söykənər. Hər təqdirin də bir müddəti vardır. Və hər müddət də yazılmışdır: ‘Allah dilədiyini silər, dilədiyini də yerinə qoyar. Ana kitab Onun qatındadır. Xəbəriniz olsun! Allah mənə Fatiməni Əli ilə evləndirməyimi əmr etdi. Əgər Əli buna razı olsa, mənim onu dörd yüz misqal gümüş qarşılığında Fatimə ilə evləndirdiyimə şahid olun.”

Əli orada yox idi. Allah Rəsulu (s) onu bir iş üçün bir yerə göndərmişdi. Sonra Allah Rəsulu (s) içində təzə xurma olan bir qab gətirmələrini əmr etdi. Qabı önümüzə qoydu, “Yeyin.” – dedi. Biz təzə xurmaları yeyərkən Əli (ə.s) çıxıb gəldi. Allah Rəsulu (s) ona baxıb gülümsədi, sonra belə buyurdu:

“Ey Əli! Allah mənə, Fatiməni səninlə evləndirməyimi əmr etdi. Onu, əgər qəbul etsən, dörd yüz misqal gümüş qarşılığında səninlə evləndirdim.”
Əli (ə.s) belə dedi: “Razıyam, ya Rəsulullah!” Sonra Əli bir kənara çəkilib Allah üçün şükr səcdəsi etdi və daha sonar belə dedi: “Məni, məxluqatın ən xeyirlisi Rəsulullah Muhəmmədə sevdirən Allaha həmd olsun.”
Allah Rəsulu (s) da belə buyurdu: “Allah ikinizə bərəkət versin. Sizi bərəkətli etsin və sizə xoşbəxtlik əta etsin. Sizdən çox sayda tərtəmiz, pak nəsillər dünyaya bəxş etsin.”

Ənəs deyir ki: “Allaha and içərəm ki, Allah, onlardan çox sayda tərtəmiz, pak nəsillər dünyaya gətirdi.” [5]

Çoxsaylı rəvayətlərdə gəlmişdir ki, bu ilahi əmr, Allah Rəsuluna (s) buyurulduqdan sonra O Həzrət, qızı Xanım Fatimənin (s.ə) yanına gedərək bu mövzudakı düşüncəsini soruşdu və Həzrət Fatimə (s.ə) də susaraq müsbət düşündüyünü ifadə etdi.

Beləliklə Peyğəmbərin yeganə qızı, dünya və axirət qadınlarının ən üstünü Xanım Zəhra (s.ə), Peyğəmbər (s) evindən çıxaraq, Allahın evində dünyaya gələn, fəzilət qalalarının fatehi, Əmirəl-Muminin Əli ibn Əbu Talibin evinə və həyatına qədəm qoydu.

Allahın salamı, rəhməti və bərəkəti bu uca şəxsiyyətlərin üzərinə olsun.

————

[1]- “Misbahul-Mütəhəccid”, Şeyx Tusi, s. 613.

[2]- “Şərhi-Nəhcül-Bəlağə” 9/193; Azacıq fərqlə “Zəxairul-Uqba”, s. 40-41.

[3]- “Biharul-Ənvar”, 43/142.

[4]- “Biharul-Ənvar”, 43/145.

[5]- “Kifayətut-Talib”, bab: 78, s. 298; “əl-Mənaqib”, 3/351, Həzrət Fatimənin evliliyi; “Kəşful-Ğimmə”, 1/348-349; “Zəxairul-Uqba”, s. 41.

Müəllif: SEYYİD MİRƏDDİN HAŞİMİ

isnad: etiqad.az

Paylaş:
Baxış sayı: 12603

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

sixteen + sixteen =