Ühüd müharibəsi
Ühüd müharibəsi
Hicrətin 3-cü ili bu gün Ühüd müharibəsi baş verib. Bu döyüşdə Həmzə və müsəlmanlardan 69 nəfər şəhadətə çatdı.[1] Bəziləri nəql edir ki, Ühüd müharibəsi şəvval ayının 17-də baş verib.[2]
Ühüd müharibəsində müsəlmanlar 1000 nəfər idilər. Bəzilərinin yazdığına əsasən 300 nəfər yoldan qayıtdı. Müharibə etmək üçün 700 nəfər qaldı. Kafirlər isə 3000 nəfər idilər. Onların sayının 2000, 4000, 5000 nəfər olması barədə də fikirlər var. Kafirlərin verdikləri itkinin 22, 23 və ya 28 nəfər olduğu bildirilir. Müsəlman ordusundan 70 nəfər şəhid olmuşdu.[3] Bu gün Peyğəmbərin (s) dişini sındırıb, mübarək alnını əzdilər.[4]
Bu döyüşdə Həzrət Əlinin (ə) Peyğəmbəri (s) qoruması və başqa fədakarlıqları, şücaəti müqabilində çoxlu yaralandı. Peyğəmbər (s) buyurdu: «Ya Əli, səni səmada mədh etdiklərini eşidirsən?» Rizvan adlı mələk deyir: «La səyfə illa zülfiqar və la fəta illa Əli»
Əli (ə) buyurur: «Sevindiyimdən ağladım və Allaha bu nemət müqabilində həmd etdim».[5]
Bu döyüşdə əvvəlcə müsəlmanlar üstün gəldilər. Amma düşməni bir az təqib edib meydanı boş qoyaraq qayıdıb qənimətləri toplamağa başladılar. Gözətçilər Peyğəmbərin (s) göstərişinə əməl etməyib öz mövqelərini boşaltdılar və başqaları kimi başları qənimətə qarışdı.
Xalid ibn Vəlid bir dəstə kafir ordusu ilə həmin yerdən hücum etdi. Orada az sayda qalmış keşikçilər şəhid oldular. Qaçan kafirlər bunu görüb geri qayıtdılar. Peyğəmbər (s) çoxlu yaralar aldı.
Bu zaman Şeytan qışqırdı: «Məhəmməd (s) öldürüldü!»
Müsəlmanlar bunu eşidən kimi qaçdılar. Yalnız bir neçə nəfər Peyğəmbəri (s) müdafiə edib qorudu. Onlar aşağıdakılardan ibarətdir: Əli (ə), şəhid olan Əbu Dəcanə, Nəsibə adlı bir xanım, Mədinədən yenicə gəlib çatmış Ənəs ibn Nəzr.
Əbu Bəkr və Ömər Ühüd müharibəsində.
Ömər ibn Xəttab deyir: «Ühüddə Peyğəmbərlə (s) beyət bağladıq ki, heç kim müharibədən qaçmayacaq. Bizlərdən hər kim qaçsa, yolunu azmışdır, hər kim bizdən öldürülsə, şəhiddir».[6]
Əhməd ibn Hənbəl deyir: «Əbu Bəkr və Ömər bu döyüşdən qaçdı. Əmirəl-möminin (ə) qaçanları təqib etdikdə Öməri gördü. Onun göz yaşları gözlərini əhatə etmişdi».
O, Əliyə (ə) dedi: «Məni bağışlayın!»
Əli (ə) buyurdu: «Sən deyildin ki, qışqıraraq Məhəmmədin (s) öldüyünü dedin və öz əvvəlki dininə qayıtdın?»
Ömər dedi: «Bu sözü Əbu Bəkr deyib».
Burada bir ayə nazil oldu: «Innəlləzinə təvəlləu minkum yəuməl-təqəl cəm'an innəməs-təzəlləhumuş-şəytan».[7]
İmam Sadiq (ə) buyurur: «Ühüd müharibəsində Əli (ə) Peyğəmbəri (s) müdafiə edirdi. Digər səhabələr isə qaçmışdılar. Əli (ə) qəzəblənmiş şir kimi onların ardınca getdi və ilk olaraq Ömərə çatdı. Qaçanlar arasında Osman, Haris ibn Hatib və digərləri də var idi».
Həzrət (ə) fəryad etdi: «Ey Camaat, beyəti sındırıb Peyğəmbəri (s) tək qoydunuz. Cəhənnəmə tərəf qaçırsız?»
Ömər ibn Xəttab deyir: «Gördüm Əli (ə) əlində ölüm yağdıran qılınc, gözləri qan çəkmiş hirsli, halda gəlir. Anladım ki, əgər bizə çatsa, bir hücumla bizi öldürəcək». Qabağa gedib dedim: «Ya Əbəl Həsən, səni Allaha and verirəm, bizdən əl çək. Ərəbin adətidir, bəzən qaçır, bəzən isə hücum edir. Hüçum etdikdə qaçmağını sığortalayır».
Əli (ə) bizdən əl çəkdi. Allaha and olsun, ondan elə bir qorxu ürəyimə düşdü ki, indiyə qədər ürəyimdən çıxmayıb.[8]
Bu döyüşdə Əmirəl-möminin (ə) Peyğəmbəri (s) müdafiə edərkən baş, sinə, əl, ayaq və qarnından 90 yara aldı. Cəbrail nazil olub dedi: «Ya Məhəmməd, Əli ibn Əbu Talibin (ə) bu əməli fəxr olunmalıdır».
Peyğəmbər (s) buyurdu: «Bu ona görədir ki, mən ondanam, o da məndəndir».
Cəbrail dedi: «Mən də sizdənəm».[9]
Nəsibə adlı xanım Ühüd müharibəsində.
Bu gün fədakarlıq göstərib müharibədən qaçanların qarşısını kəsən Kəbin qızı Nəsibə adlı bir xanım idi. Ona Ümmi Əmmarə də deyirlər. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə Ühüd müharibəsində iştirak edirdi. Nəsibə su məşkini götürüb İslam ordusunu su ilə təmin edirdi. Müsəlmanların qaçdığını gördükdə suyu bir tərəfə atıb, özünü Peyğəmbərin (s) qarşısında sipər etdi. Bu zaman o, çoxlu yara aldı. Aldığı bir yara müharibədən sonra 1 il ərzində sağalmadı.
Bu qadın qılınca əl ataraq Peyğəmbəri (s) öldürmək istəyən ibn Həmiyyəyə elə bir zərbə vurdu ki, o, qaçdı. Öz oğlu Abdullah qaçmaq istədikdə qarşısını kəsib Peyğəmbəri (s) müdafiə edib döyüşməyə həvəsləndirdi. Oğlu da bunu qəbul edib qaçmadı. Peyğəmbər (s) gördü ki, mühacirlərdən biri qalxanını belinə bağlayıb qaçır. Buyurdu: «Ey qalxan sahibi, qalxanını at və cəhənnəmə get».
Sonra Nəsibəyə buyurdu: «Onun qalxanını götür».
O, qalxanı götürərək müşriklərlə döyüşməyə başladı.
Mənbələr
[1] Şeyx Müfid - Məsaruş-şiə, səh 15, 17, Əllamə Məclisi - Biharul-ənvar, c 20, səh 18, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 27, Məhəmməd Möhsin - Əl-mosuətul-kubra fi cəzəvati-nəbiyyil-əzəm (ə), c 2, səh 110, Feyz Kaşani - Təqvimul möhsinin, səh 12
[2] Əllamə Məclisi - Biharul-ənvar, c 97, səh 168
[3] Şeyx Müfid - Məsaruş-şiə, səh 15
[4] Əllamə Məclisi - Biharul-ənvar, c 20, səh 18
[5] Əllamə Əmini - Əl-Ğədir, c 1, səh 87, İbn Əsir - Əsədul-ğabə fi mərifətis-səhabə, c 4, səh 21, Şeyx Müfid - Məsaruş-şiə, səh 16, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, səh 600
[6] Əllamə Məclisi - Biharul-ənvar, c 20, səh 53, 54
[7] Ali-İmran surəsi, 155, Məhəmməd ibn Həsən Hürr Amili - İsbatul-hudat, c 2, səh 364, 365
[8] Əllamə Məclisi - Biharul-ənvar, c 20, səh 53, 54, Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Şəvval cildi, səh 77
[9] Əllamə Məclisi - Biharul-ənvar, c 20, səh 54




