Sultan Əli ibn Məhəmməd Baqirin (ə) şəhadəti
Sultan Əli ibn Məhəmməd Baqirin (ə) şəhadəti
Hicrətin 116-cı ili bu gün İmam Baqirin (ə) oğlu Əbul Həsən Sultan Ərdəhal Kaşanda şəhadətə çatıb.[1] Kaşandan və Qırx Həsarandan bir qrup Əhlibeyt (ə) dostları İmam Baqirə (ə) məktub yazdılar. Onlar bildirirdilər ki, bizlər sizdən uzaq olduğumuz üçün bir nəfəri göndərin ki, bizə yol göstərib, təlim-tərbiyədə və əhkamı öyrənməkdə kömək etsin.
O, Həzrət (ə) öz böyük oğlunu Cənab Əli ibn Məhəmmədi (ə) göndərilənlərlə birgə Kaşana ezam etdi. O Həzrətin səfər tədarükünü qardaşı İmam Sadiq (ə) hazırladı.
Həzrət ora daxil olduqda 6 min nəfərə yaxın insan onu qarşıladı. Bir müddət Casib və Xavədə insanları hidayət etməklə məşğul oldu. Daha çox Kaşanın cümə məscidində ibadətlə məşğul olurdu (hal hazırda köhnə meydanda yerləşir). Şiələr cümə namazı qılmaq üçün onun yanına gəlirdilər və ondan çoxlu kəramətlər müşahidə edirdilər.
O Həzrət Mədinəyə atasına məktublar yazaraq özünün və şiələrin vəziyyəti barədə məlumatlar verirdi. Hicrətin 114-cü ili atasının şəhadət xəbəri ona çatdı. Atasının şəhadətindən 3 il sonra hicrətin 116-cı ilində müxaliflər onu, bir qrup dostlarını və ona bağlı olan şəxsləri şəhid etdilər.
Onun şəhadəti cəmadis-sani ayının 27-nə təsadüf edir. Hər il o Həzrətin il dönümü ilə əlaqədar olaraq bu ayın ikinci cüməsində qəbrinin kənarında əza məclisi bərpa olunur.[2]
Hal-hazırkı dövrümüzdə O Həzrətin Müqəddəs zərihinin altında, öz bədəni və təxminən 100 nəfərə yaxın şəhidlərin bədəni sağlam, çürüməmiş qalmaqdadır. Mərhum Ayətullah Seyyid Şəhabuddin Mərəşi Nəcəfi bunu müşahidə edərək görmüşdür.[3]
Mənbələr
[1] Həzrət Sultan Əli ibn Məhəmməd Baqirin (ə) həyatı, səh 62, Məhəmməd Hirzuddin - Məraqidul-məarif, c 2, səh 79-82, Rövzətul-cənnat, c 4, səh 212
[2] Məhəmməd Hirzuddin - Məraqidul-məarif, c 2, səh 80
[3] «Nuri bahər» kitabında və Ayətullah Nəcəf Mərəşi ilə birlikdə cürüməmiş bədənlərini müşahidə edən şəxslərə müraciət edə bilərsiz.




