Digər Hicri-qəməri: 18 Zilhiccə Miladi:

Qədir Xum bayramı

Qədir Xum bayramı

Hicrətin 10-ci ili bu gün vida həccindən sonra Qədir Xum hadisəsi baş verib. 120 min nəfər həcc ziyarətindən gələn zəvvarlar 3 gün Qədir Xumda qaldılar. Peyğəmbər (s) burada öz xütbəsində Əli ibn Əbu Talibi (ə) və onlardan sonrakı 11 İmamı Qiyamətə qədər ümmətin imamı və rəhbəri kimi təyin edib tanıtdı və hamıdan beyət aldı.

Bu gün Məhəmməd (s) ailəsinin böyük bayramı sayılır. Çünki bu gün Allahın əmrilə ümumi elan olunaraq Əli ibn Əbu Talibin (ə) vəsi olması bildirildi.[1]

Bu gün mübarək səmavi bayramdır.

Elə bir gündür ki, Allah Həzrət İbrahimə oddan nicat verdi.[2]

Elə bir gündür ki, Həzrət Adəmin (ə) tövbəsi qəbul olundu.[3]

Elə bir gündür ki, Allah Həzrət Musanı (ə) sehirbazlara qalib etdi.[4]

Elə bir gündür ki, Həzrət Musa (ə) ümmətinin hüzurunda Yuşə ibni Nuhu öz vəsisi təyin etdi.[5]

Elə bir gündür ki, Həzrət İsa (ə) Şəmunu öz canişini etdi.[6]

Elə bir gündür ki, Həzrət Süleyman (ə) öz rəiyyətinə canişini Asəf ibni Bərxiyanı şahid tutdu.[7]

Bu gün Peyğəmbərin (s) öz səhabələri arasında qardaşlıq əqdi bağladığı gündür.[8] Bu gün Peyğəmbərlər (ə) öz canişinlərini müəyyən edirdilər. Belə bir gündə Əmirəl-möminini (ə) ziyarət etmək müstəhəbdir.[9]

Hicrətin 10-ci ili zilqədə ayının sonuna 4 və ya 5 gün qalmış Peyğəmbər (s) 120 min nəfər müsəlmanla birlikdə Mədinədən çıxdı.[10] Həzrət Zəhra (ə), Əlinin bacısı, Ümmi hani Fatimə bint Həmzə (ə), Ümmi Sələmə, Peyğəmbərin (s) digər həyat yoldaşları o cümlədən Aişə və Həfsə də bu səfərdə iştirak edirdilər.[11] Həcc əməlləri yerinə yetirildikdən sonra Qədir Xum mərasimi üçün ilahi göstəriş yetişdi ki, Peyğəmbər (ə) elmini Əliyə (ə) təhvil verib onun vilayətini camaata təbliğ etsin. Peyğəmbər (s) çox ağladı, Allahdan istədi ki, onları münafiqlərin şərrindən qorusun.[12] Minada Peyğəmbər (s) iki dəfə xütbə oxudu və tam olaraq Əlinin (ə) vilayətinə işarə etdi. Xif məscidində Cəbrail (ə) nazil oldu və Allahın belə buyurduğunu çatdırdı: «Əlinin (ə) vilayətini camaata çatdır». Lakin o həzrət (ə) üçün düşmənlərin şərindən qorunmaq vədini demədi.

Cəbrail (ə) yenə nazil oldu, yenə də vilayət əmri təkid olundu, amma onu düşmənlərin şərrindən qorunacağına dəlalət edəcək ayə gəlmədi. Peyğəmbər (s) münafiqlərin məqsədini Cəbrailə (ə) dedi.

Zilhiccənin 18-ci günü onlar Qədir Xuma çatdılar. Yenə də Cəbrail (ə) nazil olub Maidə surəsinin 67-ci ayəsini gətirdi. Bu ayə Əlinin (ə) vilayətini dəlalət edən və münafiqlərin şərrindən amanda qalmasına şamil idi: «Ey Peyğəmbər (s), Allah tərəfdən (Əli (ə) barəsində) sənə nazil olan əmri camaata təbliğ et. Əgər bu işi etməsən, ilahi risaləti təbliğ etməmisən. Allah səni camaatın şərrindən hifz edir. Allah kafirləri hidayət etməz»

Peyğəmbər (s) zöhr vaxtı Qədir Xumda camaat namazından sonra iki qədim ağacın altında Salman, Miqdad, Əmmar və Əbuzərin düzəltdiyi mənbərə çıxıb Əlini də (ə) bir pillə aşağıda əyləşdirdi. Münafiqlərin bir qrupu mənbərin qarşısında idilər.

Peyğəmbər (s) Allahın kamal sifətlərini, dinin haram-halal hökmlərinin ümdə hissələrini bəyan etdikdən sonra ərəbin keçmişindən və onların əqidələrindən, həmçinin çəkdiyi zəhmətlərdən danışdı. Sonra buyurdu: «Quran və Əhlibeyt (ə) arasında ayrılmaz bağlılıq var, Qiyamətdə hovuzunun yanında mənə qovuşana kimi bir-birindən ayrılmazlar».

Peyğəmbər (ə) Əli ibni Əbu Talibin (ə) fəzilətlərindən danışıb övladlarının vilayəti və imaməti barədə bir neçə dəfə təkid etdi və buyurdu: «Ey camaat, Allahın mənə nazil etdiyi şeyin təbliğində səhlənkarlıq etmədim və mən bu ayənin nazil olma səbəbini bəyan etdim. Cəbrail (ə) iki dəfə mənə nazil olub Allah tərəfindən mənə əmr etdi ki, burada hər bir qəbilədən olan ağ və qara dəriliyə elan edim ki, Əli ibni Əbu Talib (ə) məndən sonra vəsi, canişin və imamdır. Mən Allahdan istədim ki, məni bu əmrin təbliğində üzrlü bilsin. Çünki, möminlərin azlığını, münafiqlərin çoxluğunu və İslama istehza edənləri bilirəm. Onun vilayətindən üz döndərməyin. O, haqqa hidayət edər və ona əməl edər. Onu fəzilətli bilin ki, Allah ona fəzilət verib və onu qəbul edin ki, Allah onu seçib».

«Ey camaat! O, Allah tərəfindən imamdır. Onun vilayətini inkar edən bağışlanmayacaq və tövbəsi qəbul olunmayacaq. Məndən sonra hamıdan fəzilətli Əlidir (ə). Mənim sözümü qəbul etməyib, onunla müxalif olan kəs lənətlənmiş və ilahi qəzəbə düçar olmuş şəxsdir». Allah buyurur: «Hər kim Əli (ə) ilə düşmənçilik etsə və onu sevməsə, mənim lənətim və qəzəbim ona olsun». İlahi, sən şahid ol ki, mən risalətini əda etdim, buyurduğunu çatdırdım. Mən hər şeyi açıqladım. Agah olun! Qardaşım Əli ibn Əbu Talibdən (ə) başqa heç kəs Əmirəl-möminin deyil. Möminlərin əmirliyini məndən sonra Əli ibni Əbu Talibdən(ə) başqasına halal deyil. Bu zaman Əlinin (ə) biləyindən tutub çox yüksəyə qaldırdı və buyurdu: «Mən hər kimin mövlası və ağasıyamsa, Əli də (ə) onun mövlası və ağasıdır». Sizin yanınızda onun məqamı mənim məqamım kimidir. İlahi, onu sevəni sən də sev, onunla düşməncilik edənlə sən də düşmən ol. Qədir Xum xəbərini burada olanlar olmayanlara, atalar öz övladlarına qiyamət gününə kimi çatdırsınlar. Peyğəmbər (s) mənbərdən düşən kimi hamı uca səslə beyət etdilər.

Həzrət buyururdu: «Mənə təbrik deyin».

Sonra Əli (ə) üçün ayrıca bir çadır qurmağa göstəriş verdi və buyurdu: «Hamı gedib onunla beyət etsin». Ömər də gəlib salam verdi və dedi: «Mübarəkdir, ya Əli. Sən mənim və bütün möminlərin ağası oldun.[13] Əbu Bəkr də Ömərlə bu təbrikdə şərik idi».[14]

Beyət 3 gün davam etdi. Bu müddət ərzində müsəlmanlar zöhr və əsr namazını birlikdə qılırdılar. Namazdan sonra beyət axşama kimi davam edirdi. Sonra məğrib və işa namazlarını da birlikdə qılırdılar.

Mənbələr

[1] Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 31, Əbu Cəfər Şəhraşub - Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 37, Əllamə Məclisi - Biharul-ənvar, c 35, səh 150, c 95, səh 189, Mühəddis Qumi - Feyzul-əlam, səh 122, Şeyx Tusi - Misbahul-mutəhəccid, səh 754, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, səh 601, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 166,

[2] Şeyx Müfid - Məsaruş-şiə, səh 22, Mühəddis Qumi - Feyzul-əlam, səh 125, Əllamə Məclisi - Zadul-məad, səh 269, Feyz Kaşani - Təqvimul-möhsinin, səh 14

[3] Şeyx Müfid - Məsaruş-şiə, səh 22, Mühəddis Qumi - Feyzul-əlam, səh 125

[4] Şeyx Müfid - Məsaruş-şiə, səh 22, Mühəddis Qumi - Feyzul-əlam, səh 125

[5] Şeyx Müfid - Məsaruş-şiə, səh 22, Mühəddis Qumi - Feyzul-əlam, səh 125

[6] Şeyx Müfid - Məsaruş-şiə, səh 22, Mühəddis Qumi - Feyzul-əlam, səh 125

[7] Şeyx Müfid - Məsaruş-şiə, səh 22, Mühəddis Qumi - Feyzul-əlam, səh 125

[8] Feyz Kaşani - Təqvimul-möhsinin, səh 14, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, səh 125, Məhəmməd Rza Şəriətzadə Taliqani - Təqvimul-əimmə (ə) ya ruz şomare dini, səh 14

[9] Əllamə Məclisi - Biharul-ənvar, c 97, səh 384

[10] Şeyx Kuleyni - Əl-kafi, c 4, səh 248, İbn Səd Əba Əbdillah Bəsri – Ət-təbəqatul-kubra, c 3 , səh 235, Əhməd Qələstani - İrşadus-sari (Səhih Buxarinin şərhi), c 6, səh 429

[11] İbn Səd Əba Əbdillah Bəsri - Ət-təbəqatul-kubra, c 3 , səh 235, Əhməd Qələstani - İrşadus-sari (Səhih Buxarinin şərhi), c 6, səh 429, Əbu Cəfər Şəhraşub - Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 25

[12] Əllamə Məclisi - Biharul-ənvar, c 37, səh 127

[13] Əllamə Məclisi - Biharul-ənvar, c 38, səh 344, Mulhiqatu əhqaqil-həqq, c 6, səh 468, 469

[14] Mühəddis Qumi - Feyzul-əlam, səh 128

Teqlər